Bu təsirləri hansı fiziki kəmiyyət xarakterizə edir?
Cisimlərin bir-birinə təsirini xarakterizə edən fiziki kəmiyyət qüvvə adlanır. Qüvvə vektorial kəmiyyət olub F→ hərfi ilə işarə edilir. Qüvvə vektoru tətbiq nöqtəsi, ədədi qiyməti və istiqaməti ilə göstərilir.
Qüvvə vektoru istiqamətlənmiş düz xətt olub başlanğıcı qüvvənin tətbiq olunduğu nöqtədə yerləşir, uzunluğu qüvvənin ədədi qiymətinə, istiqaməti qüvvənin təsir istiqamətinə uyğun olur ( c ).
BS-də qüvvənin vahidi nyutondur (N). O, ingilis alimi İsaak Nyutonun şərəfinə adlandırılmışdır: [F]=1N. Qüvvə dinamometr adlanan cihazla ölçülür
Cisim eyni zamanda neçə qüvvənin təsirinə məruz qalır? Cisim çox nadir halda bir qüvvənin təsiri altında olur. O, bir qayda olaraq, eyni zamanda bir neçə qüvvənin təsirinə məruz qalır. Cismə tətbiq olunan belə mürəkkəb təsirləri qiymətləndirmək üçün bütün qüvvələrin bir qüvvə ilə əvəzlənməsi qaydasından istifadə etmək əlverişlidir.
Cismə eyni zamanda tətbiq olunan bir neçə qüvvənin təsiri qədər təsir göstərən bir qüvvə əvəzləyici qüvvə (F→) adlanır. Qayda 1. Bir düz xətt üzrə eyni istiqamətdə təsir edən qüvvələrin əvəzləyicisinin modulu (ədədi qiyməti) bu qüvvələrin modulları cəminə bərabərdir, istiqaməti isə həmin qüvvələr istiqamətindədir.
Qayda 2. Bir düz xətt üzrə əks istiqamətlərə təsir edən qüvvələrin əvəzləyicisinin modulu bu qüvvələrin modulları fərqinə bərabərdir, istiqaməti isə modulu böyük olan qüvvə istiqamətindədir.
Təcrübə: Növbəti dərsin izahına keçməzdən əvvəl Nyutonun birinci qanunu ilə bağlı olan ətalət anlayışının nə olduğunu şagirdlərə aşılamaq üçün təcrübədən istifadə olunur.
Təcrübə zamanı içi su dolu qab götürülür. Qabı ilk öncə sağ tərəfə,daha sonra sol tərəfə itələyirik. Təcrübə yekunlaşandan sonra uşaqlara sualla müraciət olunur:
Sual: Qabın iki ayrı istiqaməti zamanı nə müşahidə etdiniz?
Şagirdlərdən biri cavab verir:
Cavab:
Qabı sağ tərəfə itələyən zaman içindəki su sol tərəfə,qabı sol tərəfə itələyərkən isə su sağ tərəfə töküldü.
Cavab alındıqdan sonra nəticə şagirdlərə izah edilir
Nəticə:
Cisim sürətini ani dəyişə bilmir, o, sükunətdədirsə, öz sükunət halını saxlamağa “çalışır”. Məsələn, maye (şorba) qabda sükunətdədir. Qab dartılaraq irəli hərəkətə başladıqda maye sükunət halını saxlamağa “çalışır”, bu səbəbdən o, qabın arxa kənarına doğru axaraq tökülür. Oxşar hadisə hərəkət edən qabı qəfil saxladıqda da baş verir, maye hərəkətini davam etdirir və qabın hərəkət istiqamətindəki kənara axaraq tökülür. Bu hadisəni araşdırmada da müşahidə etdiniz. Beləliklə, cismə qüvvə təsir etdikdə o öz sükunət halını və ya sürətini qəfil dəyişmir, onu saxlamağa “çalışır”. Onun halını dəyişməsi üçün həmişə müəyyən zaman lazımdır. Cismin bu xassəsi ətalətlilik adlanır. Ətalət latın sözü “inertis” olub fəaliyyətsizlik, tənbəllik mənasında işlənir.
Ətalətlilik o deməkdir ki, cismə sürətini dəyişməsi üçün həmişə müəyyən zaman lazımdır. Cismə qüvvə təsir etmədikdə onun öz sükunət halını və ya sürətinin qiymət və istiqamətini saxlaması ətalətlilikdir.
Beləliklə, çoxsaylı araşdırmalardan ətalət qanunu formalaşdırılmışdır.
NYUTONUN I QANUNU.
Elə hesablama sistemləri vardır ki, bu sistemlərdə cismə qüvvə təsir etmədikdə və ya əvəzləyici qüvvə sıfıra bərabər olarsa, o, öz sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını saxlayır. Bu qanunu ingilis alimi İsaak Nyuton müəyyən etdiyinə görə o, Nyutonun I qanunu da adlandırılır.