141
MİLLİ DİNLƏR
iddia edənlər vardır. Lakin elm dünyasında Zərdüşt peyğəmbərin Cənubi
Azərbaycanda anadan olduğunu bildirən tədqiqatçılar da az deyildir.
Rəvayətlərə görə, Zərdüşt kahin ailəsində dünyaya gəlmişdir. Onun
atasının adı Poruşasp, anasının adı isə Duqdova olmuşdur. Atası kahin olduğu
üçün o, yeddi yaşından etibarən bu vəzifəyə hazırlanmışdır. Bunun üçün Zərdüşt
müxtəlif dini mətnləri əzbərləmiş və ayinlərin yerinə yetirilmə qaydalarını
öyrənmiş, on beş yaşında kahinliyə təyin olunmuş, iyirmi yaşına çatdıqda isə
valideynlərindən ayrılaraq, özünü dərk etmək və
həqiqəti tapmaq məqsədilə
səyahətə çıxmışdır. Səyahət zamanı Zərdüşt müdriklərlə görüşərək biliklərini
artırmışdır.
Həmçinin rəvayətlərdə qeyd
olunur ki, o, 30 yaşında Daitiya çayı
kənarında xeyir tanrısı Ahura Mazda (avesta dilində “Müdrik Tanrı” deməkdir.-
Red.) və ya Hörmüzdən (Ahura Mazda adının sadələşdirilmiş forması. – Red.)
vəhy almışdır. Bu hadisə “Avesta”da belə təsvir edilmişdir:
“Bahar bayramında
iştirak edən Zərdüşt dan söküləndə yemək hazırlamaq üçün su dalınca çaya
yollandı. O, axının ortasından su doldurub sahilə qayıdanda elə bu zaman yaz
səhərinin təmiz havasında onun qarşısında bir xəyal görünüb onu işıq saçan
Ahura Mazdanın və başqa beş zatın yanına gətirdi. Bu zaman bu yeddi tanrı
(ilahə) ona vəhy verdi”
.
Vəhy aldıqdan sonra o, yeni dini təlimi təbliğ etməyə başlamış, insanları
tanrı Ahura Mazdanın yolu ilə getməyə və xeyirxahlığa dəvət etmişdir. Lakin
çoxallahlığa etiqad bəsləyən soydaşları onun təlimini rədd etmişlər. O, on il boyu
diyar-diyar gəzib dolaşaraq öz təlimini təbliğ etmiş, lakin təhqir və təzyiqlərlə
üzləşmişdir. Dövrün kahinləri onun əleyhinə çıxaraq yeni dinin yayılmasına
mane olmağa çalışmışlar. Bu on il ərzində Zərdüşt peyğəmbər yaxın qohumu
Madiomanhdan başqa, özünə tərəfdar qazana bilməmişdir.
“Avesta”dan belə məlum olur ki, uzun illər təzyiqlərə məruz qalan Zərdüşt
Kavi Viştaspa adlı hökmdarın simasında özünə himayədar tapmışdır. Onun adı
“Qat”larda dörd dəfə çəkilir. Bu hökmdarın yaşadığı yer və idarə etdiyi dövlət
barədə dəqiq məlumat olmasa da, tədqiqatçılar onun bir tarixi şəxsiyyət olduğunu
inkar etmirlər.
Rəvayətlərə görə, Kavi Viştaspa Zərdüştün dinini qəbul etdikdən sonra
təkcə öz ölkəsində deyil, habelə digər məmləkətlərdə də yaymağa başlamışdır.
Hesab olunur ki, Zərdüşt Kavi Viştaspanın sarayında yeni dinin əsaslarını
MULTİKULTURALİZMƏ GİRİŞ
142
formalaşdırdı, dini ayinləri və dua mətnlərini sistemləşdirdi. O, ömrünün
sonunadək Kavi Viştaspanın sarayında yaşadı, 70 və ya 77 yaşında ikən qətlə
yetirildi. Belə ki, köhnə inancların tərəfdarı olan bir kahin dua edən Zərdüştün
kürəyinə xəncər saplayaraq onu öldürdü.
Zərdüşt üç dəfə ailə həyatı qurmuşdur. Bu evliliklərdən Urvatat-nara,
Hvara-çitra, İsad-vastra adlı
üç oğlu və Freni, Triti, Poruçista adlı üç qızı
dünyaya gəlmişdir. Onun ölümündən sonra Zərdüştilik təlimi Yaxın və Orta
Şərqdə, o cümlədən Azərbaycan, İran, Orta Asiya, Əfqanıstanda geniş intişar
tapdı, Əhəmənilər dövləti (e.ə. 550 – e.ə. 330) və Sasanilər imperiyasında (224
– 651) dövlət dini səviyyəsinə yüksəldi.
Onu da qeyd edək ki, zərdüştiliyə məxsus ilk yazılı abidələr Əhəmənilər
dövləti dövründə yaranmışdır. Sasanilər imperiyası vaxtı isə mərkəzləşdirilmiş
zərdüşti dini təşkilatın formalaşdırılması məqsədilə tədbirlər görülmüş,
habelə Adurbad Mahraspandananın rəhbərliyi altında “Avesta” kitabı
sistemləşdirilmişdir.
İslamın gəlişindən sonra Zərdüştilik əvvəlki
hakim mövqeyini itirmiş
və tənəzzülə uğramışdır. Hazırda azsaylı zərdüşti icmalar İran və Hindistanda
mövcudluğunu qoruyur. Bununla yanaşı, Əfqanıstan, Tacikistan, Pakistan,
habelə ABŞ və bir sıra Avropa dövlətlərində zərdüştiliyin mənsublarının
yaşadığı məlumdur. Lakin müasir dövrdə dünyada yaşayan zərdüştilərin ümumi
sayı dəqiq bilinmir. Ehtimal olunur ki, dünya üzrə bu dinin mənsublarının sayı
125-300 min nəfər təşkil edir.
Dostları ilə paylaş: