Təlimdə hipoteza psixo-pedaqoji kateqoriyadır. Müəllimə bu, şagirdlərin əqli fəaliyyətinin idarə olunması vasitəsi, şagirdə təlim probleminin həlli prinsipi kimi xidmət edir. Hipoteza problemli öyrənmənin məntiqinin ayrılmaz elementidir, çünki o, şagirdin əqli fəaliyyətinin istiqamətini müəyyən edir. Hipotezanın qurulması yalnız hadisələrin, faktların hərtərəfli öyrənilməsi (həmin məsələ üzrə) əsasında mümkündür. Təlim prosesində hipotezanın qurulmasının deduktiv və induktiv üsullarından istifadə olunur. D.V.Vilkeyev hesab edir ki, hipotezanın inkişafı deduktiv üsuldan başqa iki yolla gedir: köçürmə və analogiya. Vuğulayaq ki, şagirdlər təlim materialında başlıcanı və ikinci dərəcəni ayırmağı bacarmalıdır.
İsbat irəli sürülmüş hipotezanın doğruluğunu yoxlamaq, təlim materialından əsas fakt və priyomu tapmaq bacarığı problemin evristik yolla müvəffəqiyyətli həllinin vacib şərtidir. Hipoteza irəli sürmək, faktları təhlil etmək və onları isbat etmək üzrə şagirdlərin fəaliyyətinin sistematik olaraq təşkil yolu ilə bu bacarıqları formalaşdırmaq zəruridir.
Burada müəllimin rəhbər rolu xüsusi qeyd olunmalıdır. Hipotezanın isbatı gedişində bu rol ondan ibarətdir ki, müəllim: a) analiz və mühakimə üçün zəruri faktlar haqqında şagirdlərə məlumat verir; b) onların fikrini təhlilə, müqayisəyə və nəticəyə yönəldir; c) düzgün mühakimələrə, hipotezanın əsaslandırılmasına və faktların tədqiqinə doğru şagirdləri aparır.
Hər bir şagird geriyə baxmağı, problemlərin daha aydın formulə olunmasını, həllin rasional variantını müəyyənləşdirməyi bacarmalıdır. Xüsusilə səhvləri təhlil etmək, fikrin bütün gedişi (inkişafı) prosesini tədqiq etmək faydalıdır. Unutmaq olmaz ki, sonuncu biliyin həqiqətə yönələn formalaşmış yolunun təyini deməkdir. Bunun sonrakı fəaliyyət mərhələsi, daha ümumi bilik və fəaliyyət üsullarının mənimsənilməsi üçün əhəmiyyəti danılmazdır.
Dostları ilə paylaş: |