Q.Tatarova
MÜQƏDDİMƏ
müəllimlər üçün
Hörmətli həmkar! Kitabda tələbələrə sosiologiyada məlumatların analizinin metodologiyasının öyrədilməsinə olan müəllif yanaşması şərh olunmuşdur. Kitab əsasən gələcəkdə sosioloq olacaq tələbələrin bu problematika ilə ilk tanışlığı üçün nəzərdə tutulmuşdur. Müəllifin qarşısında qoyduğu əsas məqsədlər tədqiqat prosesinin məntiqi cəhətdən bütövlükdə qavrayışı formalaşdırmaqdan, empirik materialla iş zamanı tələbədə elmi refleksiyanı yaratmaqdan, materialın «ortabab» tələbə tərəfindən tam dərk edilməsindən ibarətdir.
Sosiologiya sahəsində ixtisaslaşan tələbələr riyaziyyatla bağlı ədəbiyyatı sevmirlər. Formullara, qrafiklərə və s. qarşı allergiya sindromu da müşahidə olunur. Bununla belə, onlara aydındır ki, sosioloq hətta necə deyərlər, ən keyfiyyətli metodologiya və texnika ilə işləyən zaman belə riyazi formalizmsiz və kompyutersiz keçinə bilməz. Müəllif bu situasiyanı nəzərə alaraq və həm sosioloji, həm də digər fakültələrdə oxuduğu mühazirələrin təcrübəsinə istinad edərək, bu kitabı təklif edir ki, onun mənimsənilməsindən sonra tələbə «Riyazi statistika», «Sosioloji tədqiqatların metodologiyası», «Sosiologiyada ölçmə nəzəriyyəsi», «Sosioloji məlumatların çoxölçülü analizi», «Sosiologiyada riyazi modelləşdirmə» kimi kursların qavrayışına hazır olacaqdır. Bu həm də «Ehtimal nəzəriyyəsi və riyazi statistika» kursunu dinləyən tələbələr üçün də faydalı olacaqdır. Çünki mənim təcrübəmə görə humanitar fakültənin tələbələri nəinki belə kursu çətinliklə mənimsəyirlər, onlar həm də kursu öz professional məsələləri ilə çox nadir hallarda əlaqələndirə bilirlər.
Kitab empirik sosiologiyanın öyrənilməsi ilə əlaqədar olan müxtəlif problemlərin nəzərdən keçirilməsi kontekstində analiz metodologiyasının əsas anlayışlarına giriş ilə başlanır. «Obyektlərin xüsusiyyətləri» anlayışı tətbiq edilir, müxtəlif xüsusiyyət növlərinin öyrənilməsi (keyfiyyət səviyyəsində) modelləri və onların əsasında elə onların öyrənilməsi üçün zəruri olan informasiya tipləri nəzərdən keçirilir. Daha sonra bu tiplərin təsviri və müqayisəsi keçirilir. İnformasiyanın beş tipi seçilib göstərilir: «Dövlət statistikası» tipinin məlumatları; «sadə» strukturlu sorğu vərəqələrinin yardımı ilə toplanmış məlumatlar; «mürəkkəb» strukturlu sorğu vərəqələrinin yardımı iə toplanmış məlumatlar; vaxt büdcəsi haqqında məlumatlar; mətn məlumatları. Tiplər informasiya mənbələrinə, informasiyanın mövcudluq formalarına, istifadəçi üçün əhəmiyyətli olması və çatışmamazlıqları nöqteyi-nəzərindən və s. fərqləndirilir. Bu kontekstdə ölçmə bir problematika kimi həm məlumatların yığımı mərhələsində, həm də empirik məlumatların analizi mərhələsində meydana çıxır.
Daha sonra ölçmə prosedurasının özü məlumatların analizi metodologiyasının tərkib hissəsi kimi şərh olunur. Buna görə də ikinci fəslin strukturu kifayət qədər spesifikdir. Bu fəsildə birölçülü şkalalama və ranjirləmə prosedurasının spesifik üsulları, proyektiv metodlar nəzərdən keçirilir.
Empirik sosiologiyada analiz problemlərinə keçid məlumatların analizinin yüksələn strategiyası və məlumatların analizinin alçalan strategiyası kimi bir cüt anlayışın tətbiqi və nəzərdən keçirilməsi vasitəsilə həyata keçirilir. Məlumatların analizinin «dilinə» xüsusi diqqət verilir. İlkin analiz üsulları və ya empiriyanın ilkin emal edilməsi şərh olunur – bunlar analiz strategiyasının seçilməsindən asılı olmayaraq zəruridirlər. Əlamətlər arasındakı əlaqənin başa düşülməsinə keçid təbii şəraitdə həyata keçirilir. Bu aşağıdakı haçalanan anlayış cütlərinin dərk edilməsinə istinad edir: funksional-korreksion, qlobal-lokal, saxta-həqiqi, vasitəsiz-vasitəli, statistik asılılıq-müstəqillik və s.
Kitab analiz «dilinin» elə bir hissəsi ilə sona yetir ki, onu analizin metametodikaları adlandırmaq olar. Onlardan birinin tipoloji analiz prosedurası müvafiq anlayış aparatı ilə nümunə kimi göstərilir.
Materialın mənimsənilməsi üçün riyazi fənlər üzrə xüsusi bir hazırlığa ehtiyac yoxdur. Təklif olunan dərs vəsaitinin məntiqi empirik sosiologiyada tədqiqat prosesinin məntiqinə əsaslanır. Seminar məşğələlərinin mövzularına xüsusi diqqətin verilməsi xahiş olunur, çünki mənim müşahidələrimə görə materialın mənimsənilməsinin çox hissəsi seminarlarda baş verir, burada tələbə eyni zamanda müxtəlif rollarda: müxtəlif sosial fenomenlərin sosioloji analizinin respondenti, eksperti, tədqiqatçı-sosoloqu, sifarişçisi kimi çıxış edir.
Müəllimin rolu bir növ oyun təşkilatçısı kimi çox spesifikdir və fərdi tapşırıqların yerinə yetirilməsinin nəticələrini metodiki səhvlərin analizi ilə daim müqayisə etməyə yönəldilən böyük səylər tələb edir.
Mənim adıma REA sosiologiya İnstitutuna göndərilən bütün rəylərə görə çox şad olaram.
Dostları ilə paylaş: |