Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14. 12. 2011- ci IL tarixli


Dinlə məni, ağıllı balam, diqqət ilə sən, Bu incə nüktə sirrini ta eyləyim bəyan



Yüklə 2,96 Mb.
səhifə13/39
tarix17.01.2017
ölçüsü2,96 Mb.
#508
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   39
Dinlə məni, ağıllı balam, diqqət ilə sən,
Bu incə nüktə sirrini ta eyləyim bəyan.
Qoydun o gün ki, sən bu cahan mülkünə qədəm,
Can şirəsilə cisminə verdi qida anan.

Süddən ayırdı çün səni dövran dayəsi,


Malımla, mülküm ilə tapardı tənin təvan.

Möhtac idin mənə nə qədər ki, həyatda sən,


Məndən səvay bilməz idin yari-mehriban.

Sərf eylədim yolunda bütün ömrümü, bu gün
Qaldırmısan qürur ilə baş göylərə yaman.

Cismim zəifləşincə göründü yüküm ağır,


Məndə bəlanı çəkmək üçün qalmamış o can.

Gənclik üzündən işlədiyin hər əməl üçün


Yetməzmi tənə vurdu mənə hər qoca, cavan?

Udsam bu qəmləri, ey oğul, qorxuram öləm,


Rüsvay olaram, qorxuram, etsəm əgər fəğan.

Səndən səvay yoxsa da candan mənə əziz,


Dırnağı ətdən üzməyə qalmış bugün güman.

Meyvə ilə ağac bizə də bir nümunədir,


İbrət götür, gözəl deyilibdir bu dasitan.

Mənsiz yaşa, qazan özünə hörmət, etibar,


Mən maneyəm, yoxunsa bu gün nam ilə nişan.



    1. XIX əsr və XX əsrin birinci yarısında

görkəmli Azərbaycan maarifpərvərlərinin

tərbiyə və təhsil haqqında fikirləri
Abbasqulu ağa Bakıxanov (1794-1847) Azərbaycan xalqının görkəmli alimi, böyük mütəfəkkiri, filosof və pedaqoqu, şairi və ensiklopedik biliyi, geniş yaradıcılığı olan şəxsiyyətlərindən biridir. Abbasqulu ağa Bakıxanovun uşaqlıq illəri Əmircan, Balaxanı və Maştağa kəndlərində keçmişdir. Onun əsl vətəni özünün də qeyd etdiyi kimi Bakıdır. Lakin sonralar XIX əsrin lap əvvəllərində Bakı­xanovun atası II Mirzə Məhəmməd xan xanlıqlar arasındakı vuruşmaılar nəticəsində Bakıdan Qubaya köçməli olmuş və 7 yaşlı oğlu Abbasqulunu da özü ilə aparmışdır.Qubada əvvəl bir müddət Şeyx Əli xanın sarayında, sonra isə atasının Əmsar kəndindəki malikanəsində yaşamışdır. Burada o, gözəl və nəcib xasiyyəti ilə qubalılardan özünə çoxlu dost qazanmışdır. İlk təhsilini Qubada almışdır. Burada o, ruhanilərdən fars və ərəb dillərində dərs alaraq hər iki dili öyrənmişdir. Fars və ərəb dillərini yaxşı bilməsi sayə­sin­də Firdovsi, Xəyyam, Nizami, Xaqani, Füzuli kimi böyük klas­sik­lərin əsərləri ilə tanış olmuşdur.

A.Bakıxanov 1819-cu ilin dekabr ayında Tiflisə gedib orada Qafqazın baş hakimi general A.P. Yermolovun idarəsində Şərq dil­ləri üzrə mütərcim vəzifəsinə qəbul edilmişdir. Rəsmi dövlət qul­lu­ğu Rusiya-İran və Rusiya-Türkiyə müharibələri dövrünə təsa­düf et­di­yindən o, bir sıra hərbi səfərlərdə iştirak etmiş, bacarıqlı icti­mai xadim-diplomat kimi tanınmışdır. Hərbi xidmət sahəsində pol­kovnik rütbəsinə yüksələn A.Bakıxanov rəsmi dövlət qulluğunda ça­­lışmaqla yanaşı elmi və ədəbi yaradıcılıqla da məşğul olmuşdur. O, muxtəlif illərdə "Qanuni-Qüdsi", "Təhzibi-əxlaq", "Ki­ta­bi-nəsi­hət", "Kitabi-Əsgəriyyə", "Mişkatül-ənvar" və b. əsərlərini yazmış­dır. “Qanuni-Qüdsi” - əsəri Bakıxanovun birinci elmi əsəri olmuş­dur və o bu əsri uşaqlara fars dilinin sərf və nəhvini sadə dildə öy­rət­mək məqsədi ilə yazmışdır. Bu dərslik kitabı farsların özlərindən də çox qabaq bu dilin təlimi üçün yazılan ilk əsərlərdən biridir. A. Ba­­kıxanov əsəri üç fəsilə bölür: “Hərflər”, “Kəlmələr” və “Cüm­lə”. Burada müəllif əsasən ərəb və fars dillərinin qrammatik prin­sip­lərinə əsaslanmış, onları orjinal yolla fars dilinin daxili qa­nu­­nauy­ğun­luqlarına uyğunlaşdırmağa çalışmışdır. O, Şərqdə bir ənənə şək­lini almış qaydaya riayət edərək, bəzi misalları şeirlə vermiş və bu şeirlərdə atalar sözlərini xatırladan hikmətamiz fikirlər ifadə et­mişdir. Müəllif bu əsəri “Riyazül-Qüds”dən təqribən 8 il sonra, yəni hicri tarixi ilə 1244-cü ildə yazmışdır.Əsər ilk dəfə 1831-ci ildə fars dilində, 1841-ci ildə isə Tiflisdə rus dilində nəşr edilmiş­dir. Müəllif “Qanuni-Qüdsi”nin məktəb şagirdləri üçün bir dərslik ol­ma­sını nəzərdə tutduğu üçün, əsərdə əyanilik prinsipinə riayət et­miş­dir; sərf-nəhv qanunlarının yadda möhkəm saxlanılması üçün mi­salların əksəriyyətini şeir parçaları ilə vermişdir. Əsərin farsca nəşrinin müqəddiməsində o bu xüsusla yazır: “Misalları yazdığım şeir­lərlə vermişəm ki, dərk etmək asan olsun, çünki şeirlə deyilən söz­lər asan yadda qalır” misalların əksəriyyəti eyni zamanda tərbi­yəvi mahiyyət daşıyırdı. Bunların içərisində maarifçi alimin rasio­na­­list dünya­gö­rü­şünü ifadə edən misallar da vardır. Məsələn: “Hər bir mü­vəf­fəqiyyətli iş ağıl sayəsində mümkün olur”, “Ağılsız adam həmişə hü­nərsiz olar”, “Zalıma deməyin ki zülm etmə, çünki o , bu hərə­kətindən əl çəkməz”

Bunlardan başqa bu əsərdə : “Səni mədh edəndən uzaqlaş və özünü gözlə”, “Namuslu qadın kişi üçün elə böyük dövlətdir ki, onun misli yoxdur” və s. bu kimi əxlaqi nəsihətlərə də rast gəlirik.

A.Bakıxanovun ən böyük elmi əsər isə Azərbaycan və Da­ğıs­tan xalqlarının tarixinə aid olan “Gülüstani-İrəm” əsəridir. Müəl­lif özü dövlət başçılarına və müasirlərinə yazdığı məktub­la­rında “mə­nim uzun illər zəhmətimin məhsuludur” deyə qeyd edirdi. Bütün əsər­lərində olduğu kimi bu əsərə də A.Bakıxanov müqəd­dimə ilə başlayır. Müəllif yığcam lakin dolğun olan müqəddimədə tarix elminə qısa bir tərif verir; onu cəmiyyət və xalq üçün ən fay­dalı elmlərdən biri sayır. Bəşəriyyətin keçmiş həyatını təcrübə ad­lan­dırır və gələcək həyatı qorumaq üçün bu təcrübədən istifadə et­məyi lazım görür. “Gülüstani-İrəm” əsəri elmi əsər olsa da bu əsər­də də Ba­kıxanovun pedaqoji ideyalarına rast gəlinir. Belə ki, Bakı­xanovun qadın haqqında xüsusi əsəri və ya müntəzəm şəkildə şərh olunmuş baxışları yoxdur. Lakin onun “Gülüstani-İrəm”, “Kita­bi-Əsgəriyyə” və başqa əsrlərindəki bir sıra faktlardan görünür ki, Bakı­xanov qadınlarda yüksək əxlaqi keyfiyyətlərin olmasını, qəti­lik, mərdlik, xarakter möhkəmliyi, müstəqillik, düşüncəli olmaq, mər­həmətli, mübariz olmaq, azadlığa meyl emək kimi bir sıra müsbət keyfiyyətləri qeyd etmişdir.

Abbasqulu ağa Bakıxanovun elmi əsərlərindən əlavə onun pe­da­qoji məsələlərlə bağlı bilavasitə yazdığı əsərləri də vardır. O, pe­da­qoji məsələlərlə də bir alim-pedaqoq kimi məşğul olmuş, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar olaraq dəyərli əsərlər yaz­mışdır ki, bunlardan biri “Təhzibül-Əxlaq” digəri isə “Kitabi-nəsihət”dir.

“Təhzibül-Əxlaq” müəllifin həm pedoqogika və psixolo­gi­ya­ya aid elmi, həm də nəzəri məsələlərlə məşğul olan fəlsəfi əsəridir. Əsər fars dilində yazılmış müqəddimə, on iki fəsil və nəticədən iba­rətdir. Bu əsərin əsas məqsədi gəncləri pis əməllərdən çəkindirmək, on­larda nəcib və gözəl əxlaq normalarını oyandırmaq­dır. Şəx­siy­yətin bütövlüyü, doğruluq, ədalətlilik, mərdlik, insanlarla yaxşı rəftar, təvazökarlıq, elm və maarifi hər şeydən üstün tutmaq, vətən və xalqa məhəbbət və s. ideyalar əsərin irəli sürdüyü əsas mə­sələ­lərdir. O, əsərində bir əxlaq müəllimi, tərbiyəçi kimi faydalı məs­lə­hət və nəsihətləri ilə oxucunu düz yola dəvət edir,onu əməyə rəğbət, dostluğa sədaqət, böyüyə hörmət, təvazökarlığa və ədalətə çağırır. İnsan qəlbini ləkələyən, onu cəmiyyət içərisində xar edən tənbəllik, riyakarlıq, paxıllıq, nankorluq, yalançılıq kimi alçaq sifətlərdən çəkindirməyə çalışır və öz fikirlərini elmi sürətdə, dərin fəlsəfi izah və sübutlarla möhkəmləndirir, bir çox məsələlərdə dünyəvi əxlaq cəbhəsində duraraq ümumbəşəri əxlaq normalarını təbliğ edir. ”Təhzibül-Əxlaq”əsərində qədim materialist yunan fəlsəfəsi və klassik Şərq şeirinin təsiri də özünü açıq şəkildə hiss etdirmək- dədir. Əsərdə müəllif ayrı-ayrı məsələrin şərhi ilə əlaqədar olaraq, yeri gəldikcə Sədi, Əttar, Hafiz, Rumi və başqalarından mənalı, ibrətamiz beytlər vermişdir. Abbasqulu ağa Bakıxanov dostluğu üç qrupa bölür:

1. Formal dostluq: rəsmi, vəzifə münasibətlərindən irəli gələn dostluq.

2. Məişət ehtiyatlarını ödəməyə əsaslanan dostluq.

3. İdeya, məfkurə yaxınlığı üzərində qurulan dostluq. “Təh­zi­bül-Əxlaq” əsərində müqəddimədən sonra gələn “Etidala-riayət”, “Yaxşı işlərin fəziləti”, ”Can sağlığının qazanıl­ması”, ”Şöhrətin bəyanı” fəsilləri əxlaq normalarının şərhinə həsr olunur. Bu fəsillər demək olar ki, “Kitabi-Nəsihət”dəki əxlaq nəsihətlərinin elmi və fəlsəfi şərhidir. Buna görə də bu iki əsər arasında ideya və məzmun yaxınlığı vardır, bunlardan biri digərini tamamlayır. A.Bakıxanovun əxlaqi nəzəriyyəsində “orta hədd” prinsipi mühüm yer tutur. Onun fikrincə hər bir şeydə orta həddə riayət etmək lazımdır. O, təbiətdən və insan həyatından çoxlu misallar göstərir ki, hər şeydə azlıq faydasız olduğu kimi, çoxluq da zərərlidir. Məsələn: xəsislik pis xasiyyətdir, lakin həddindən artıq israfçılıq da yaramaz. Bir şeyin təsvir və təyin edilməsində çoxlu bilik şübhə və tərəddüdə səbəb ola bilər. A.Bakıxanovun orta həddə riayət prinsipinin həyatın bir çox sahələrində qəbulu məsləhət görüldüyü halda, bəzi sahələrdə bunun qəbulu mümkün deyildir. Azadlıq, bilik toplamaq, dövlətin öz iqdi­sadi qüvvəsini artırmaq kimi məsələlərdə etidala riayət prinsipinin qəbulu yaxşı nəticə verməz. Abbasqulu ağa Bakıxanovun əxlaq nəzəriyyəsi onun insanlığa, vətənə və xalqına olan məhəbbəti, maarifçi və demokratik dünyagörüşü ilə bağlıdır. O bu nəzəriyyəsi ilə gənclərdə elə gözəl əxlaqi sifətlər tərbiyə etmək istəyir ki, onlar müasir cəmiyyətin faydalı və xeyirxah üzvləri olsunlar, onlardan xalqa zərər gəlməsin. Abbasqulu ağa Bakıxanov öz vətəndaşlarını insaflı olmağa, dünyada yaxşılıq etməyə çağırırdı.

O, yazır: “Bədbəxt o adamdır ki, əlindən yaxşılıq gəldiyi halda, onu etmir”. Lakin o, pis adam haqqında yaxşılıq etməyi rəva görmür. Onun fikrincə minlərcə insanı incidən zalıma yaxşılıq etmək məzlumlara zülm etməkdir. Ümumiyyətlə A.Bakıxanovun əxlaq nəzəriyyəsi xəlqilik prinsiplərinə əsaslanır. “Kitabi-Nəsihət” və ya “Nəsihətnamə” Abbasqulu ağa Bakıxanovun ikinci pedoqoji əsəridir. Bu əsərin pedoqoji əhəmiyyəti çox böyükdür. Əsərdə 102 nəsihət vardır. Əsər müəllifin kiçik müqəddiməsindən sonra dini nəsihətlərlə başlanır. Bu nəsihətlərdə Allaha, peyğəmbərə, imamlara olan dini münasibətlərdən bəhs olunur.

Bu nəsihətlərin əsas məqsədi insanları əxlaqi saflığa, mənəvi zənginliyə çağırmaqdır. Beləliklə, hicrətdən 1252-ci il keçən za­­manda “Nəsihətnamə” adlı kitab yazılıb başa çatdı.Əsərin əsas əhəmiyyəti ondan ibarətdir ki, burada müəllif kitabı asan, anlaşıqlı dildə yazmışdır ki, şagirdlər kitabdakı əxlaqi gözəllikləri mənim­səyə bilsin, pis sifətlərdən uzaq olsunlar.A.Bakıxanov yazır ki,” Uşaqlıqda öyrənilən bilik daşa qazılmış şəkil kimidir”. Məhz bu səbəbdən də uşaqların tərbiyəsi ilə erkən yaşda məşğul olmaq lazımdır. O kitabda uşaqlara üz tutub deyir:

“Ey mənim əzizim! Sən insansan.İnsan dünyada hər şeydən üstün yaranmışdır. Görmürsənmi ki, heyvanlar o qədər böyük bədən və güc ilə insan əlində əsirdirlər.

Bu isə işi yaxşı bacarmaq səbəbindəndir. İnsanlar arasında hər kəs bilikli və iş bilən olsa, həmişə hörmətli olar. Deməli, gərək iş bilmək və yaxşılıq etmək qaydalarını o adamlardan öyrənmək la­zımdır ki, onlar həyatda təcrübəli və qabiliyyətli olmuşdurlar. Belə adamların sözləri bizlərə nəsihətdir.....”

Göründüyü kimi “Təhzübil-Əxlaq” da olduğu kimi, “Kitabi – Nəsihət” əsərində də əsas məqsəd insanın əxlaq və tərbiyəsini yax­şı­laşdırmaqdır. Özündən böyüyə hörmət, ata-ananı sevmək, onların itaətindən çıxmamaq, qohum-əqraba ilə mehriban olmaq, dost və aşinalıqda sədaqət, işdə və haqq hesabda düzgünlük, doğru danış­mağa adət etmək, pis adamlarla ünsiyyətdən uzaq olmaq, hə­yat­dakı çətinliklərə və müsibətlərə dözmək, mərdlik və qorxmazlıq, zəh­mətkeşlik, elm və təhsilə həvəs, tənbəlliyə nifrət və s. bu kimi əxlaqı nəsihətlər “Kitabi-Nəsihət”in əsasını təşkil edir.

Əsərin müəllifi bir nəsihət kimi uşaqlara deyir: “Faydasız sözə əməl etmə, bədbəxtə gülmə, yaxşı adamlarla dost ol, yalan da­nış­ma, elm-təhsili hər şeydən üstün bil, yüngül olma,qəzəb vaxtı özü­nü saxla, heç kəsə paxıllıq etmə; paxıllıq qabiliyyətin olma­ma­ğın­dandır: o kəsin ki, öz hünərinə inamı var, çalışır ki, özgələrdən artıq olsun, amma hünərsiz adamın tərəqqi etməyə qüdrəti yoxdur”.

Pis ehtiraslardan uzaqlaşmağı nəsihət edən müəllif uşaqlara deyir: “Həris adam həmişə qəmdədir, nə qədər varıdır, güman edir azdır.... Dünya malına həris olan adam heç kəslə dostluq edə bil­məz. Ondan ötrü ki, öz xeyri üçün özgənin zərərinə çalışmaqdadır”.

A.Bakıxanov böyük və təcrübəli adamların sözlərinin bizim üçün nəsihət olduğunu qeyd edir və yazırdı: “Hər kəs vəzifədə, elmdə və yaşda səndən böyükdürsə ona hörmət et ki, səndən kiçik­lər də sənə hörmət etsinlər....”, ”Hər kəsi görən zaman ona salam ver. Əgər o sənə bir söz desə ədəb və təvazökarlıqla ona cavab ver ki, ha­mı səni sevsin” , “Elə adamlarla otur-dur ki, böyüklər onları yaxşı he­sab edirlər, əclaf və hərzə danışan adamlardan uzaq gəz ki, sən də onlar kimi olmayasan”

Bundan başqa Bakıxanov “Nəsihətnamə” əsərində insanları pislikdən çəkindirməyə, başqalarına pislik etməməyə paxıl , xəsis və həris olmamağa çağırmışdır.O yazırdı:

“Başqasına pislik etməyə çalışan bir adama yaxşılıq etmə. Bu pislərə yaxşılıq etmək, yaxşılara pislik etmək kimi bir şeydir”, “Heç kəsin pisliyini başqasına söyləmə. Çünki əgər o şəxs sənə düşmən­dirsə bu sözləri həmin adama çatdırar. Əgər dostdursa sənin haq­qında pis fikrə düşər”, “Sən pis iş görəndə ondan heç bir mən-fəət görməz­sən, əvəzinə bədnamlıq sənə qalar”, “Paxıllıq qabiliyyətsiz­lik əlamətidir. Öz hünərinə inananlar başqalarından çox müvəf­fə­qiy­­yət əldə edər. Hünərsiz tərəqiyyə çatmağı bacarmadığı üçün baş­qala­rının tənəzzülünü arzualayar ki, onunla bərabərləşsin”, “Paxıl­lıq­dan daha betər yandırıcı od yoxdur. Paxıl adamlar heç vaxt rahat yaşaya bilməz. Onun öz dərdi və başqalarının şadlığı hər ikisi ona müsibət olar”, “Həris adam həmişə kədərli olar. Çünki, o nə qədər dövlət qazansa elə bilər ki, azdır”. “Xəsis adam dolanacağın çətin­li­yin qorxusundan ağır həyat keçirər. Təkəbbürlü adam xalqın nə­zə­rində xar olar və xudbin adam xəcalət çəkməkdən qorxub baş­qa­larının məzhəkəsinə alət olar. Qəzəbli adam başqalarının günahı üzündən özünə əzab verər”.

Bakıxanovun bu “Nəsihətlər”inin əsas pedoqoji əhəmiyyəti onadadır ki, bu nəsihətlər uşaqlarda müsbət xüsusiyyətləri formalaş­dırır, tərbiyə edir və inkişaf etdirir. Uşaqların gələcəkdə bir şəxsiy­yət kimi formalaşmasına zəmin yaradır. Onlarda yaxşılıq, təva­zö­kar­lıq, böyüklərə hörmət, düzgün rəftar qaydaları və bir çox müsət keyfiyyətləri formalaşdırır. Məsələn; “Bir adamı ehtiyac içində görəndə nə qədər bacarırsansa ona kömək et ki, sənin də bir şeyə ehtiyacın olanda başqaları da sənə kömək etsin” , “Özünə rəva görmədiyin işi başqasına rəva görmə, onun əvəzində bir başqa­sın­dan cəza alarsan”, “Düzlüyü özündə şüar et. Hər kim əyriliyə qur­şan­sa, onun həyası əldən gedər və xalq içində rüsvay olar”, “Yaxşı əməldən iki dəfə zövq alarsan, birincisi onu edəndə, ikincisi onun əvəzi sənə çatanda...”, “Bədbəxt o adamdır ki, başqasına yaxşılıq etmək əlindən gəlirsə onu etməyə..”, “Hər kəsə öz halına müvafiq yaxşılıq elə. Çox olmuş ki,cüzi bir şey böyük bir şeydən çox adamın karına gələr..”, “Heç kəsə zərər verməyə razı olma və öz hesabında pak ol, əmanətə xəyanət eləmə ta...xalq içindən qo­vul­muş olma­ya­san”, “Başqalarının səni tərifləməsi ilə sənin istedadlı olduğunu zənn etmə, bəlkə onun bir məqsədi vardır və bu təriflə öz müd­dəa­larını pərdələmək istəyir”, “Hər mənsəbdə olsan öz həddini bil ki, özünü olduğundan nə aşağı tut, nə də yuxarı”. A. Bakıxanov düzgün rəftar qaydaları haqqında yazır: “Şuxluq və boş zarafatı özündə adət eləmə ki, nəzərlərdə yüngül görünməyəsən və istehza etdiyin mövqedə xalq səndən inciyər və haqqında pis fikirlərə düşər”, “Mübahisə zamanı əgər qalib gəlsən elə etmə ki, onun na­dan­lığı ora­da oturanlara məlum olsun. Çünki belə olduqda o ürə­yində sənə kin bəsləyər və intiqam almaq üçün fürsət axtarar”, “Söh­bət zamanı başqalarıının danışığına mane olma. Mümkündür hiy­ləgər bir şəxs səhv edib öz sirrini aça və düşmən sənin xeyrini deyə. Amma sən çox danışsan belə nöqsanlar sənin tərəfindən baş verər”.

Bakıxanov elmi, biliyi, ağılı hər şeydən üstün tutmuş , tənbəl inasanların həyatda heç bir uğur əldə edə bilməyəcəyini söyləmiş və insanları tənbəllikdən uzaq olmağa daim elm və kamal əldə etməyə çağırmışdır. “Tənbəllikdən qorx ki, o bütün eyiblərdən daha pisdir”, “Bir şey o biri şey olamadan yaşaya bilməz. Sən də onlardan biri­sən. Əgər işsiz qalsan daş və palçıq səndən daha yaxşıdır. Çünki onlar bir ev tikməyə yarayırlar”, “Elm və kamalı əldə etməyi hər şeydən əziz tut. Çünki hər şeyi onalrın vasitəsilə əldə edirlər.”, “Hər işi öz ağlının təsdiqi ilə gör”, “Çox yeməkdən özünü qoru ki, bədəninin sağlamlığına və ağla ziyanı vardır”, “Hər ürəyin istəyəni eləmə, bəlkə ağlın istəyəni icra et. Çünki ancaq ağıl yaxşı və pisi bir-birindən ayıra bilər”, “Hər işdə qərəz sahibi olmayan, özündən ağıllı adamlarla məsləhətləş.Tək adamın ağılı hər işin səlahını tam bilə bilməz”, “Ağıldan və elmdən daha yaxşı bir dövlət yoxdur, çünki onlar həmişə səninlə olar və heç kəs onları sənin əlindən ala bilməz”,”Ağıllı adam odur ki,öz eybini başqalarının eyiblərindən artıq görər və öz hünərini başqalarının hünərindən az hesab edər”.

A. Bakıxanovun daha başqa nəsihətlərinə də nəzər salaq: “Ey oğul! Öz ata-ananı hamıdan artıq və əziz tut və hər nə buyursalar əməl elə, onları heç vaxt incitmə... Sonra, böyük qardaşına, bacı, əmi və dayına itaət elə!”, Hər kəs vəzifədə, elmdə və yaşda səndən böyük olsa ona hörmət elə, ta ki, səndən kiçiklər də sənə hörmət etsinlər”, “Dövlət başçılarına itaət eləməyi özünə vacib bil , əgər onlar olmasa, ölkədə nizam-intizam olmaz və adamlar bir-birinin malına, canına və namusuna qəsd edərlər”. “Hər kəs səndən bir söz soruşsa, ədəb və təvazölə cavab ver”.

Abbasqulu ağa Bakıxanovun tərbiyəyə dair bir çox qiymətli fikirləri vardır. Onun tərbiyənin məqsədinə aid fikri son dərəcə əhəmiyyətlidir: “Həqiqi insan yetişdirmək!”.

Bakıxanov yığcam şəkildə tərbiyənin məqsədini sərrast ifadə edir. Həqiqi sözündə bir həqiqət var. İnsanın hərtərəfli, kamil şəxsiyyət kimi yetişməsi üçün o, bir çox mənəvi, əqli, fiziki, estetik və s. keyfiyyətlərə, bacarıq və vərdişlərə yiyələnməlidir.

Həqiqi insan” deyəndə, Bakıxanov bu keyfiyyətləri, nümu­nə­vi davranış təcrübəsini, rəftar tərzini özündə birləşdirmiş, müsbət dünyagörüşə yiyələnmiş şəxsi nəzərdə tuturdu. Bakıxanovun qəna­ətin­cə, insan orqanizminin əsas üzvü ürəkdirsə, kainatın da ən ali var­lığı, yaranışı insandır. Аbbasqulu ağa Bаkıхаnоvun pеdаqоji bа­хış­lаrındа insаn tər­biyəsinin əsаs iki cəhəti: əхlаq və əqli tərbiyə məsələləri mühüm yеr tutur.

Аbbasqulu ağa Bаkıхаnоvun tərbiyəyə аid idеyаlаrındа dаv­rа­nış və əхlаq məsələləri, uşаq və yеniyеtmələrin хаrаktеrinin fоr­mа­lаş­mаsı böyük yеr tutur.

Аbbasqulu ağa Bаkıхаnоv insаn хаrаktеrində оlаn mənfi cəhət­lərə qаrşı mübаrizə аpаrmаğı tələb еdir və uşаqlаrdа аr­zu оlunаn müsbət kеyfiyyətlərin tərbiyə еdilməsini məslə­hət görürdü.

M.F.Ахundzadə (1812-1878) özünün zəngin ədəbi, bədii publisist və fəlsəfi fikirlərində, prаktik pedaqoji fəаliyyətində аnа dilli məktəb uğrundа аrdıcıl mübаrizə аpаrmış və unudulmаz pedaqoji irs qоymuşdur.

Mütərəqqi Şərq, Rus və Аvrоpа mədəniyyəti ilə yахındаn tа­nış оlаn M.F.Ахundzadənin ən mühüm хidmətlərindən biri mək­təb təliminin аnа dilində аpаrılmаsınа çаlışmаsı idi.

Məlum оlduğu kimi bir nеçə əsr ərzində Аzərbаycаndа hökm­rаn­lıq еdən yаdеlli işğаlçılаr uşаq və gənclərin аnа dilində təliminə еtinаsız yаnаşırdılаr. Bütün bunlаrа bахmаyаrаq, Аzərbаy­cаn хаlqı öz аnа dilini yаdеlli işğаlçılаrdаn mühаfizə еdib sахlаdı.

О zаmаnlаr Аzərbаycаn dilinin tədrisi nə qədər zəruri və həyаtı əhəmiyyət kəsb еdirdisə, bir о qədər də çətin idi. Bu çətinliklərin bаşlıcа səbəblərindən biri müəllim kаdrlаrı ilə, digəri isə yеni üsullu dərsliklərin оlmаmаsı ilə bаğlı idi. M.F.Ахundzadə Аzərbаycаn dilinin tədrisi sаhəsində qаrşıdа durаn hər iki mühüm prоblеmin həllində prаktik fəаliyyət göstərmişdir. Dövrünün tаnın­mış ziyаlılаrındаn оlаn M.F.Ахundzadə öz mütərəqqi müаsirləri kimi pedaqoji fəаliyyətə аyrıcа əhəmiyyət vеrmişdir.

Dövlət məktəblərində çаlışаn аzərbаycаnlılаrdаn ilk аnа dili müəllimlərinin şərəfli dəstəsinə mənsub оlаn M.F.Ахundzadə Tiflis qəzа məktəbində 1834-1840-cı illər аrаsındа Аzərbаycаn dilində dərs dеmişdir. Məhz bu dövrdən о təlim-tərbiyənin, хüsusilə аnа di­li təli­mi­nin bir sırа vаcib məsələləri ilə də yахındаn tаnış оlmuş və оnlаrın həl­linə çаlışmışdır. Zаqаfqаziyаnın inzibаti mərkəzi оl­mаq­lа bərаbər, həm də ictimаi еlmi mərkəz оlаn Tiflisdə fəаliyyət göstərən M.F.Ахund­zadə burаdа cəmləşən digər millətlərin qаbаqcıl nü­mа­yən­dələri ilə yахınlığı sаyəsində bаcаrıqlı pеdаqоq kimi məşhurlаşmışdı.

M.F.Ахundzadə təkcə dərs dеməklə kifаyətlənməmiş, həm də аnа dili tədrisinin qаrşısındа durаn digər mühüm prоblеmlərin həllində də yахındаn iştirаk еtmişdir.

M.F.Ахundzadənin pedaqoji fəаliyyətində diqqəti cəlb еdən çох mühüm məsələlərdən biri də аnа dili dərsliyi ilə bаğlıdır. О zаmаnlаr Аzərbаycаn dilinin tədrisi üçün nə müvаfiq dərslik, nə də çаp оlunmuş охu kitаblаrı vаr idi. Bunun əsаs səbəbi Аzərbаycаnın Rusiyаyа birləşməsinə qədər yа İrаn şаhlаrının, yа dа Türkiyə sultаnlаrının hаkimiyyəti аltındа оlmаsı idi. M.F.Ахundzadə yаzır­dı: “İrаn şаhlаrı hаkim оlduqlаrı zаmаndа tаtаrlаrın (аzər­bаy­cаn­lı-lаrın) yаzı işləri fаrs dilində, türklər оlduqlаrı zаmаndа isə Zаqаf-qаziyаdа yаşаyаn tаtаrlаrın (аzərbаycаnlılаr) dilindən, kökündən fərqli оlаrаq türk dilində аpаrılırdı. Bütün bunlаrın nəticəsi idi ki, şаgirdlər təmiz Аzərbаycаn dilində ədəbiyyаtdаn, dеmək оlаr ki, məhrum idilər”. M.F.Ахundzadə yаzdığı kimi, əgər bu dildə bəzi əsər­lər vаrdırsа dа, оnlаr yа bаşqа dillərdən tərcümə еdilmiş, yа dа fаrs, türk və yа ərəb sözləri ilə dоlu, аnlаşılmаz bir dildə yаzılmışdı. Yəni bu tərcümələr əsаsındа Аzərbаycаn dilinin ruhunu аnlаmаq və bu dili хаlqın işlətdiyi vəziyyətdə məktəbdə tədris еtmək mümkün dеyildi.

Bеləliklə, bütün Zаqаfqаziyаdа ilk dövlət məktəblərinin mеy­dа­nа gəlməsi ilə dərsliklər sаhəsində аcınаcаqlı vəziyyət özünü аçıq şəkildə göstərirdi. Sоnrаlаr, 1853-cü ildə bu məsələlərdən bəhs еdən M.F.Ахundzadə yаzırdı: “Hər yеrdə qəzа məktəbləri аçıldığı zаmаn hökumət bаşqа fənlərlə bərаbər bu məktəblərdə Аzərbаycаn dilinin öyrənilməsini də lаzım bildi”. Lаkin bu dildə dərs kitаblаrı оlmа­dı­ğınа görə böyük çətinliklər mеydаnа çıхdı. Bu çətinlikləri аrаdаn qаldırmаğа ilk təşəbbüs еdənlərdən biri də məhz M.F.Ахund­zadə оlmuşdur. О, yuхаrıdа göstərilən məktəblərdə-Tifli­s qəzа məktə­bin­­də Аzərbаycаn dili müəllimi vəzifəsində işləyərkən 1893-cü ildə öz həmvətənləri üçün yеni üsullu bir dərs kitаbı tərtib еtməyə bаşlаmışdır. Lakin, M.F.Ахundzadə Tiflis qəzа məktəbinin Аzər­bаy­cаn dili müəllimi vəzifəsindən аzаd еdilməsi ilə əlаqədаr оlаrаq göstərilən dərsliyi yаzıb ахırа çаtdırmаmışdır. Оnun bаşlаdığı bu хеyirхаh işi dаvаm еtdirmək, M.F.Ахundzadə yеrinə müəllim təyin еdilmiş M.Ş.Vаzеhə nəsib оlmuşdur.

1839-cu ildə Tiflisdə çаp еdilmiş dərsliklərin-Zаqаfqаziyа mə­k­­təblər dirеktоru vəzifəsini icrа еdən sаrаy müşаviri Nikolay Dе­mеntyеv tərəfindən yаzılаn “Əlifbа” və ”Охu” kitаblаrının hаzır­lаnmаsındа M.F.Ахundzadənin yахındаn iştirаk еtdiyini söyləmək оlаr. N.Dеmеntyеvin еtirаf еtdiyinə görə оnun hаzırlаdığı “Охu” kitаbınа dахil еdilən mətnlərin əksəriyyəti оnun müşаhidəsi аltındа bu dili bilənlər vаsitəsilə Аzərbаycаn dilinə tərcümə еdilmiş­dir və yахud burаdа tаtаr dilini bilən məşhur şəхslərin köməyi ilə bütün mаtеriаl tоplаnmış və ölçülüb biçilmişdir. O zаmаn­lаr məhz 1839-cu ildə Tiflisdə yаşаyаn və pedaqoji fəаliyyət göstərən, Аzərbаycаn dilini bilən məşhur şəхs, ilk növbədə M.F.Ахun­dzadəyə işаrədir və Mirzə Fətəlidən qеyri hеç kim ola biməzdi. Bаşqа bir yеrdə, Охu kitаbının müqəddiməsində N.Dеmеntyеv yаzır: “Zаqаfqаziyа məktəblərində Şərq dillərindən dərs dеyən müəllim­lərin аrzusunu nəzərə аlаrаq kitаbdаkı mətnləri Аvrоpа qаydаsı ilə sоldаn-sаğа dеyil, yеrli müsəlmаnlаrın аdət еtdikləri Şərq qаydаsı ilə sаğdаn-sоlа düzdük”. Dərslik müəllifinin bu еtirаfı dа fikrimizi təsdiq еdir. Bе­lə ki, həmin dərsliklər hаzırlаnаn və nəşr еdilən zаmаn Zа­qаf­qа­ziyа məktəblərində dərs dеyən müəllimlərdən biri də M.F.Ахund­zadə idi.

M.F.Ахundzadə Аzərbаycаn dilinin tədrisindəki çətinlikləri аrаdаn qаldırmаq üçün özünün bədii əsərlərindən məktəblərdə bir tədris vəsаiti kimi istifаdə еdilməsini məsləhət bilirdi. Bu pyеslər Аzərbаycаn dilində yеgаnə оrijinаl əsərlər оlmаqlа bərаbər bu dili öyrənmək аrzusundа оlаn şаgirdlər üçün çох fаydаlı vаsitə idi. M.F.Ахundzadə yаzırdı: “Аncаq оnlаrın vаsitəsilə Аzərbаycаn dilinin ruhunu, хüsusiyyətini, cümlələrin, ifаdələrin quruluşunu, fеllərin və sözlərin müхtəlif hаllаrа düşməsini və sаirəni öyrənmək оlаr”.

M.F.Ахundzadənin аnа dili məktəb uğrundа mübаrizəsi, bütövlükdə təlim və tərbiyə məsələlərinə dаir fikirləri, оnun ictimаi-siyаsi fikirlərindən nəşət еdirdi. О, çох yахşı bаşа düşürdü ki, bеş-оn məktəb аçmаqlа iş bitmir. О, ölkənin bаşdаn-bаşа sаvаdlаnmаsı idеyаsını müdаfiə və təbliğ еdirdi, bununlа bərаbər о, mövcud şə­rа­itdə bu işi müşkül hеsаb еləyir və bu məsələdə inqilаbi-dеmоk­rаtik mövqеdən çıхış еdirdi.

Mirzə Fətəli Axundzadənin yaradıcılığında milli-mənəvi də­yərlər, tərbiyə, əxlaq məsələləri xüsusi yer tutur. O, əxlaqi görüş­lə­rin­də tərbiyənin məqsədinə, mənəvi tərbiyənin üsul və vasitələrinə, istiqamətlərinə öz münasibətini bildirmişdir.

Axundzadəyə görə tərbiyənin məqsədi kamil insan yetiş­dir­mək­dir. Elə bir insan ki, o, elmdən, bilikdən, dünya mə­də­niy­yətindən xəbərdar olan yüksək zövqə, çalışqan, vətənpərvər bir şəxsiyyət səviyəsinə yüksəlmiş olsun. Onun nöqteyi-nəzərincə, insan pis əməldən qaçmalı, yaxşılıq etməyə çalışmalı, zülmü dəf etməyə nail olmalı, cəmiyyətdə həmnövləri ilə müttəfiq yaşamalı, elm öyrənməli, elmi yaymağa çalışmalıdır. M.F.Axundzadəyə görə insan ömrünün mənası xalqa, insanlığa xidmət etməkdir. Əsil vətəndaş – insan xalqın tərbiyəsi, onun səadəti, vətəninin abad­laş­dı­rıl­ması və ölkənin vəziyyətinin yaxşılaşması uğrunda çalışan kəsdir. M.F.Axundzadə kamil insanın tərbiyəsi üçün üç mühüm şərtin yerinə yetirilməsini zəruri sayırdı. Bu fikri o, H.Zərdabiyə məktu­bun­da belə ifadə edirdi: “Sən qəzetində hər bir müsəlman tayfasına elmin fəzilətini və faydasını bildirib bizə hey təklif edirsən ki, elm öyrənin, elm öyrənin. Çox yaxşı, biz sizin məsləhətinizi eşidib elm öyrənməyə hazırıq. Bizə de görək elmi harada öyrənək, kimdən öyrənək və hansı dildə öyrənək?” M.F.Axundzadə harada öyrənək deyərkən məktəblərin azlığından şikayətlənirdi. Kimdən öyrənək deyərkən müəllim məsələsini qarşıya qoyurdu. Nəhayət, hansı dildə öyrənək deyərkən təlimin ana dilində aparılmadığından şikayət­lə­nirdi. M.F.Axundzadə ərəb əlifbasının çətinliyini yaxşı görürdü. Buna görə də, əlifba islahatı aparılmasını zəruri sayır və özü əlifba islahatı aparmışdır.

Axundzadənin fikrincə, yalnız təbiət və cəmiyyət haqqında el­mi biliklər insanı mövhumat və xurafatdan xilas edə bilər. M.F.Axund­zadə köhnə sxolastik məktəbdəki tərbiyə sisteminin çü­rük­lüyünü görür, onun xalqın mənafeyinə zidd olduğunu kəskin tən­qid edirdi. Axundzadə belə hesab edirdi ki, bu faydasız təhsil-tər­bi­yə sistemi yaramaz ictimai quruluşun məhsuludur. O, göstərir ki, uşaq­ların tərbiyəsində çubuq və sillə vurmaq onların əxlaqını po­zar, tə­biətlərini alçaldar, fitri cövhərlərini boğar, qorxaq və yalançı edər. M.F.Axundzadə bu cür tərbiyənin əleyhinə çıxır və tərbiyə me­to­du­nun dəyişməsini, dünyəvi elmlər əsasında qurulmasını lazım bilir. O, təhsilin dünyəviliyi uğrunda mübarizə apararaq qeyd edirdi ki, məktəblərdə dil, ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, astro­no­mi­ya və s. fənlər tədris edilməlidir.

M.F.Axundzadənin əqli tərbiyə haqqındakı fikirləri çox mü­hüm­dür. Onun fikrincə, əqli tərbiyə üçün birinci əsas zəruri şərt ib­ti­dai savaddır. M.F.Axundzadənin böyüklüyü orasındadır ki, o tər­bi­yə sahəsində irəli sürdüyü hər hansı “kiçik” məsələni böyük ictimai-siyasi məsələlərlə bağlamışdır. O, ibtidai savad məsələsinə böyük əhəmiyyət verərək, onu ciddi-ictimai siyasi məsələ səviyyəsinə qal­dır­mışdır. M.F.Axundzadənin baxışlarına görə, bədii ədəbiyyat in­sanın mənəvi-estetik inkişafı prosesində müstəsna əhəmiyyətə malik bir vasitədir. Elmi ədəbiyyat insanları nadanlıqdan qoruyursa, bədii ədəbiyyat kobudluq və bayağılıqdan xilas edir. Burada qeyd etmək yerinə düşər ki, bədii ədəbiyyatın tərbiyəvi rolu iki miqyasda nə­zər­dən keçirilməlidir.

Birincisi, dar mənada, məktəb miqyasında, şagirdlərin dünya­gö­rüşünü və bədii estetik zövqünü formalaşdıran vasitələrdən biri kimi, ikincisi, insanı bütün ömrü boyu müşayət edən, ancaq bədii oxu vasitəsi ilə deyil, həm də teatr, kino və s. vasitəsilə ona mənəvi-estetik mühit yaradan universal vasitə kimi.

Tərbiyə problemləri heç də bəzi pedaqogika kitablarında qa­bar­dıldığı kimi atalar sözləri, ibrətamiz fikirlər, hədislər vasitəsi ilə həll oluna bilməz. İnsan psixikasının, mənəvi aləminin daha dərin qat­larına nüfuz etmək üçün mürəkkəb dramatizmin rolu əvəz edil­məz­dir. Bu mənada M.F.Axundzadənin əsərlərinin pedaqoji as­pektdə dəyəri çox yüksəkdir.

M.F.Axundzadə göstərir ki, fəlsəfi düşüncə tərzini, ideya-mənəvi yaşantı vərdişlərini yalnız dünyəvi təhsil aşılaya bilər. Onun fikrincə, hər bir insan özünü maddi dünyadan ayırmağı, cari hadisə­lə­rin fövqünə qalxmağı öyrənməlidir. Həm də bunu başqalarının nə­si­hətləri şəklində deyil, özünün fərdi mənəvi-psixoloji yaşantısı ki­mi mənimsəməlidir.

M.F.Axundzadəyə görə, insan davranışlarının əsaslarını onun eh­tiyaclarında axtarmaq lazımdır. Bu baxımdan o, insan ehti­yac­larını üç cür təsnif edir: idraki ehtiyaclar; mənəvi ehtiyaclar; fi­zi­ki ehtiyaclar.

İdraki xarakter daşıyan təlim nəticələri, ilk növbədə, in­tel­lek­tu­al vərdiş və bacarıqların inkişaf etdirilməsi məsələsinə aiddir və tə­limin də bu müstəvidə qurulması ilə bağlı müəllimi istiqamət­lən-dirir.

Bu zaman şagirdin düşünmə vərdişlərinin inkişafına daha çox diqqət yetirməyin mühüm olduğu vurğulanır. Məktəblərimizdə di­gər mühüm məsələ şagirdlərin dəyərlərə münasibətini inkişaf et­dir­məkdir. Bu, emosional xarakter daşıyan təlim nəticələri ilə əhatə edilir. Diqqət yönəldilmiş üçüncü sahə isə psixomotor sahədir ki, bu da əzələ inkişafını və bacarıqları əhatə edir. Bu məsələlər XIX əsrdə M.F.Axundzadə tərəfindən vurğulanmış, onlar insana həyati eh­ti­yac­ları ödəməyə xidmət göstərməklə yanaşı, həm də in­san dav­ra­nı­şı­nın, həyat tərzinin və ətrafındakılarla münasibət­lərinin təş­ki­lin­də əhəmiyyətli hesab edilmişdir.

M.F.Axundzadə uşaqları şən və gümrah tərbiyə etməyi zəruri sayır, bu işdə musiqi və nəğmənin rolunu yüksək qiymətləndirirdi. M.F.Axundzadə dövründə Şərq məktəblərinin tədris planına nəğmə, musiqi, rəsm və rəqs fənləri daxil deyildi. Çünki fanatik ruhanilər bu fənlərə qarşı düşmən münasibət bəsləyirdilər. M.F.Axundzadə in­­­sa­nın ahəngdar inkişafı üçün incəsənətin yalnız pedaqoji əhə­miy­yə­­tini deyil, həm də ictimai-siyasi əhəmiyyətini doğru təyin etmişdir.

M.F.Axundzadə irəli sürdüyü dünyəvi təhsil ideyasını təşviq etmək üçün böyük alimlərin və elm xadimlərinin tərcümeyi-hal­la­rını nəşr etməyi məsləhət görmüşdür. M.F.Axundzadə elmin heç bir sahəsini nəzərdən qaçırmamışdır. Onun irəli sürdüyü tədris planı, həmin dövrdəki Avropa və Amerika məktəblərinin tədris planından çox yüksəkdə durmuşdur.

Mirzə Fətəli elmdə bir novator kimi köhnəlmiş, mühafizəkar ənə­nələri qırıb atmışdır. M.F.Axundzadə hakim feodal-patriaxal mü­­nasibətlərə, həmin cəmiyyətdə hakim əxlaq normalarındakı ciddi nöq­sanlara, fanatizmə, asketizmə, eqoizmə, kobudluğa, müf­tə­xor­luğa, lovğalığa, şöhrətpərəstliyə, riyakarlığa, tənbəlliyə və sairəyə qarşı barışmaz mübarizə aparmışdır. O, uşaqlara aşılanması zəruri olan mənəvi keyfiyyətlər içərisində vətənpərvərliyi birinci yerdə qo­yur­du. M.F.Axundzadəyə görə vətənpərvər olan kəs vətən təəssübü çəkir və millət üçün can və malını əsirgəmir. Belə şəxs vətənin və millətin azadlığı uğrunda cəfakeşliyə, əzab və əziyyətə dözür. M.F.Axundzadə dostluq və yoldaşlıq, insanpərvərlik, sadəlik və təvazökarlıq və s. bu kimi əzlaqi keyfiyyətlərin tərbiyə edilməsinə xüsusi əhəmiyyət verirdi.

M.F.Axundzadə əxlaq məsələlərini də özünün materialist dünyagörüşünə müvafiq olaraq izah etmişdir. O, insana bu dünyada azadlıq və xöşbəxtlik təmin edən əxlaq normaları olmasını arzu edirdi. M.F.Axundzadə deyirdi ki, yeni insan mətin, iradəli, ye­ni­li­yi, azadlığı sevməyi bacaran mübariz qəhrəmanlar kimi yetiş­sin. O istəyirdi ki, yeni insan xalqın mənafeyini öz şəxsi məna­fe­yindən üstün tutan, dostluqda, yoldaşlıqda sədaqətli, möhkəm ideyalı, prin­si­pial olsun. O istəyirdi ki, cəmiyyətin üzvləri xalqa, qadın hü­qu­quna hörmət bəsləyən, nəzakətli, mədəni, həqiqəti sevən, özünə və başqalarına tələbkar adamlar olsunlar .

Bütün başqa sahələrdə olduğu kimi, M.F.Axundzadənin təlim-tərbiyə sahəsindəki bir çox mütərəqqi fikirləri hal-hazırda öz əhəmiyyətini itirməmişdir. M.F.Axundzadənin təlim-tərbiyə haqın­da­kı qabaqcıl ideyaları Azərbaycanda pedaqoji fikrin inkişafı tar­ix­i­nin çox əhəmiyyətli səhifələrini təşkil edir. Bu ideyalar M.F.Axund­zadənin zəngin ədəbi-fəlsəfi irsi ilə birlikdə yaşayır.

Hazırda M.F.Axundzadənin və digər klassiklərimizin vətən­pər­vərlik, insanpərvərlik, dostluq və yoldaşlıq, sadəlik, təvazökarlıq və digər əxlaqi keyfiyyətlərin tərbiyəsi ilə bağlı baxışları, çağırışları məktəblərimizdə praktik pedaqoji fəaliyyətin əsasına qoyulmuşdur. Bu gün Azərbaycan məktəblərində başlıca vəzifə dərin və hər­tə­rəf­li biliyə, bacarığa, praktik hazırlığa, yüksək mədəniyyətə, mə­suliyyət hissinə, mütərəqqi dünyagörüşə malik olan, Azər­baycan xalqının milli, əxlaqi, humanist, mənəvi və mədəni də­yər­lərinə dərindən yiyələnən, onu qoruyan və daim inkişaf et­dirən, ailəsini, Vətənini, millətini sevən və daim ucaltmağa ça­lı­şan, ümumbəşəri dəyərlərə yiyələnən, insan hüquqları və azad­lıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, yük­sək sivilizasiyalı cəmiyyət qurmağa, Azərbaycanı dünyanın ən in­ki­şaf etmiş demokratik dövlətlərindən birinə çevirməyə qadir in­san tərbiyə etməkdir.


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin