12.7. Uşaq şəxsiyyətinin formalaşmasında
ailədaxili münasibətlərin rolu
Yeniləşmə və qloballaşma şəraitində informasiyaların sürətli inkişafı, kütləvi kommunikasiya və təbliğatın genişlənməsi, cəmiyyətdə özünü göstərən bu və ya digər proseslər ailədaxili məsələlərə də təsir göstərir. Bu kontekstdə ailədaxili və şəxsiyyətlərarası münasibətlər məsələsi də müasir pedaqogika və psixologiyanın aktual problemlərindən birinə çevrilmişdir.
Ailədaxili münasibətlərin sağlam peadqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir. Ailədaxili münasibətlər əsasən ata və ananın ailədəki rolu və münasibəti ilə şərtlənir. Bu münasibətlər həm ailənin möhkəmliyinə, həm də uşaqların tərbiyəsinə xüsusi təsir göstərir.
V.A.Suxomlinski qeyd edirdi ki, “Uşaqların əsas tərbiyə məktəbi ər və arvad, ata və ana arasındakı qarşılıqlı münasibətdir”. Odur ki, ailədə tərəflərin əsas, başlıca rolu bir-birini qavramaq və anlamaqdır. Bu anlama və münasibət ailənin gələcək planlarını qurmaqda vacibdir.
Ailə münasibətlərinin əsasını ər və arvad münasibətləri təşkil edir. Onlar ailənin qoşa qanadlarıdır.
Ailədaxili münasibətlər kontekstində valideynlərin uşaqları ilə münasibəti də önəmli əhəmiyyət kəsb edir. Bu məsələ hələ lap kiçik yaşlarından, məktəbəqədər dövrdən başlayır. Uşaqların şəxsiyyətinin formalaşmasında, psixi inkişafında, ətrafdakılarla rəftar və davranışında, idrak fəallığının inkişafında valideyn-övlad münasibətləri mühüm rol oynayır. Bu münasibətlər uşağın öz yerini, ailədəki rolunu müəyyənləşdirməkdə və özünü dərk etməsində, qabiliyyət və bacarıqlarını inkişaf etdirməkdə önəmlidir.
Ailədaxili münasibətlər kontekstində valideyn-uşaq münasibətləri tarixən milli xüsusiyyətlərin tələblərinə uyğun olaraq, eyni zamanda valideynlərin özlərinin düçüncə tərzinə, fərdi xüsusiyyətlərinə uyğun əsaslar üzərində qurulur. Uşaqların şəxsiyyətinin formalaşmasında və psixi inkişafında aparıcı rol oynayan ünsiyyət tələbatı da məhz bu münasibətlərin gedişində bu və ya digər dərəcədə ödənilir. Qeyd etdiyimiz kimi sağlam, düzgün münasibət sağlam, formalaşmış gələcəyə yol açır. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi vaxtlarda ailədaxili münasibətlərin (ər-arvad) nizamsızlığı uşaqların taleyində neqativ izlər buraxır.
Uşaqlarla rəftar və davranış zamanı valideynlər bəzi vaxtlarda birtərəfli iştirak edirlər. Valideynlərdən birinin uşağı çox əzizlə-məsi, yaxud tez-tez onun üçün “havadarlıq” etməsi, “hələ uşaqdır düzələr” və s. bu kimi mühafizəkar mövqeləri uşaqların tərbiyəsində birtərəfli ölçülərə gətirib çıxarır. Çünki ailənin tərbiyə imkanları valideynlərin və uşaqların qarşılıqlı əlaqəsi ilə müəyyən olunur.
Bu kontekstdə ailədə intizam tərbiyəsi vacibdir. Qeyd etdiyimiz kimi ailələrdə çox vaxt uşaqların həddindən artıq əzizlənməsi buna mane olur. Uşağını kor-koranə sevən ata, yaxud ana onun bütün tələblərini yerinə yetirməyə çalışır. Hətta kiçik yaşlı uşaqlar söyüş söyəndə belə valideyn onu müdafiə edir. Azərbaycanın böyük satirik şairi M.Ə.Sabirin “Uşaqdır” satirası bu xüsusda şeiri diqqəti cəlb edir.
“Ay başı daşdı kişi, dinmə uşaqdır, uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, uşaqdır, uşağım!
... Bir söyüşdən ötəri etmə əziyyət balama,
Göyərib coşma, utan, qonşuları yığma dama,
Sənə söydükləri getsin başı batmış atama,
Qışqırıb bağrını da yarma, uşaqdır, uşağım!
Nə ədəb vaxtıdır, qoy söysün, uşaqdır, uşağım!”
Ailədə uşaqların tərbiyəsində kökə bağlılıq, keçmişin yaxşı xüsusiyyətlərinin təcəssümü üçün pedaqoj, psixoloji materiallar önəmlidir. Xalqımızın qədim, ulu dastanı olan “Kitabi-Dədə Qorqud”da əksini tapan etnik-psixoloji xüsusiyyətlər ailədaxili münasibətlərin formalaşması və bu zəmində uşaqların tərbiyəsində zəngin xəzinədir.
Mütəffəkirlərin yaradıcılığına nəzər saldıqda görünür ki, onlar tərbiyə və tərəqqi işində ailə münasibətlərinə xüsusi diqqət yetirmişlər.
Mütəfəkkirlər ailənin möhkəmləndirilməsini cəmiyyətin sağlam əsaslar, mütərəqqi qaydalar üzrə inkişafı üçün zəruri hesab etmişlər. F.Köçərli bu xüsusda yazırdı: “Ər və övrət (arvad)... bir bədənin iki şaqqası və müvafiq hissəsi olduqlarına görə, bunların arasında olan yekdillik, ülfət, məhəbbət və mənəvi rəqabət gərəkdir”.
Doğrudan da, ailədə ata-ana əsas sima olduqları üçün onların arasında yaranmış münasibət uşaqların bu günü və gələcəyi üçün istiqamətləndiricidir. Xüsusən də, Azərbaycan ailəsində bu münasibətlər daha çox diqqəti cəlb edir. Özünəməxsus spesifik çalarları ilə xarakterizə olunan Azərbaycan ailəsi kökə, nəslə, uşağa bağlı olduğu üçün həmişə bütövlüyündə, ülviliyində seçimli olub.
Ər və arvad arasındakı münasibətin məzmununu qarşılıqlı hörmət və qayğı, səmimiyyət və mehribanlıq təşkil edir. Odur ki, bir-birinin nüfuzunu saxlamaq, uşaqların tərbiyəsində vahid tələbləri gözləmək ailədaxili münasibətlərdə əsas faktordur.
İnsan anadan olduğu gündən ömrünün sonuna kimi tərbiyəvi təsirlərin əhatəsində yaşayır. Bunun üçün valideynlərin ilk gündən bu məsələlərə məsuliyyətlə yanaşmaları zəruridir. Çağanın dünyaya gəlişi onun vasitəsiz-emosional ünsiyyəti ilə xarakterizə olunur ki, bunun əsasında da valideyn-ana durur.
Uşaqlar doğulduqları gündən özünəməxsus sosial-psixoloji ailə mühitinə düşür... Müəyyən edilmişdir ki, dilsiz-ağızsız çağa üç aylıq olanda mədəniyyət onun bütün həyatına nüfuz edir. Bu kontektdə, uşaqların psixi inkişafında, tərbiyə və təlimində valideynlərin xüsusilə də, ananın rolu önəmlidir.
M.T.Sidqi bu xüsusda yazırdı ki, “Uşağın əvvəlinci müəllimi təbii ki, validəsidir. Burada ananın öhdəsinə daha çox məsuliyyət düşür. Çünki uşağa birinci tərbiyə və təlim verən anadır”.
Pedaqoji və psixoloji tədqiqatlardan aydın olmuşdur ki, uşağın sağlam psixoloji inkişafa malik olması üçün onun ana ilə ünsiyyəti (emosional ünsiyyət), xüsusən də, ilk üç ildə əhəmiyyət kəsb edir. Uşağın psixoloji ehtiyacını sevgi, məhəbbət, qayğı, ülvi hisslərin məcmusu kimi qiymətləndirmək mümkündür. Bu dövrlərdə əmək və oyun fəaliyyətinin inkişafı da uşaqların psixikasına müsbət təsir göstərir.
Ailədaxili münasibətlərdə ana ilə bərabər atanın da rolu önəmlidir. Onları ailə tərbiyəsinin qoşa qanadları adlandırırlar. Azərbaycan ailəsində həm ata, həm də ana uşaqlar üçün yaşayır. Deyimlərimizdəki “Dörd göz uşaq üçündür”, “Anasız uşaq evdə xar olar, atasız uşaq çöldə” və s. bu kimi kəlmələrin fəlsəfi, psixoloji kökləri aydındır.
Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, valideynlər uşaqların ayrı-ayrı yaş dövrlərinin qanunauyğunluqlarını bilməli və onların rəftar və davranışlarında cinsi tərbiyənin xüsusiyyətlərinə xüsusi diqqət yetirməlidirlər.
Hər yaş dövrünün özünəməxsus xüsusiyyətləri vardır. Prob-lemlə bağlı xüsusilə böhranlı yaş dövrlərində bir sıra cəhətlər üzə çıxır. Bunlar tərbiyə işi üçün çox vacibdir. Digər tərəfdən Azərbaycan ailəsi üçün xüsusi aktuallıq kəsb edən cinsi tərbiyə və cinsi fərqlərin psixologiyasının nəzərə alınması şəxsiyyətin formalaşmasında vacib məsələdir.
Cinsi tərbiyənin psixoloji aspektlərini geniş təhlil edən pedaqoq və psixoloqlar bu məsələlərin kökünü lap uşaqlıqdan başlanmasını vurğulayırlar. Oğlan, yaxud qız uşaqları ilə ünsiyyət, rəftar və davranış onların gələcəkdə kişi, yaxud qadınlıq etalonlarına necə yiyələnmələrinə zəmin yaradır. Uşaq adlanan varlıq doğulduğu ilk gündən etibarən yüksək hissiyyata malik olur. Bu hissiyyat onların ilk anlarındakı davranışından görünür.
Ailədə uşaqların mənəvi-psixoloji inkişafının əsas göstəricilərindən biri də onların idrak fəallığının inkişafıdır ki, bu da zamanının tələbidir. Artan informasiyalar, siyasi və sosial-iqtisadi həyatdakı irəliləyişlər uşaqların istedad və zehin qabiliyyətlərinin genişlənməsi məqsədini qarşıya qoyur.
Zehni, intellektual inkişaf psixoloji prosesdir. Bu prosesin anadangəlmə və irsiyyətlə bağlılığı fikri ilə yanaşı alimlər qeyd edirlər ki, sağlam psixoloji mühit və şəraitin yaradılmasıdır. Bu mənada müasir dövrdə valideynlərin pedaqoji savadı və mədəniyyətinin yüksəldilməsi vacibdir.
Xüsusilə də, anaların savadlı olması övlad tərbiyəsində və ailədaxili münasibətlərin düzgün qurulmasında zəruridir. Ailədaxili münasibətlər, ailənin psixoloji iqlimi, “ər-arvad”, “valideyn-uşaq” və “uşaq-uşaq” münasibətləri ailə tərbiyəsinin əsaslarıdır. Çünki ailədaxili və onun ətrafdakı psixoloji iqlim şəxsiyyətin formalaşmasında mühüm əhəmiyyət kəsb edir və şəxsiyyətlərarası münasibətlərin özünəməxsus sahəsini təşkil edir.
12.8. Məktəblə ailənin birgə işinin təşkili formaları
Uşaqlara, onların tərbiyəsinə qayğı göstərmək ümumxalq işdir. Bütün cəmiyyət bu iş üçün cavabdehdir. Çünki uşaqlar cəmiyyətin, xalqın gələcəyidir, yaşlı nəslin davamçılarıdır. Ulularımızın kəlamları ilə desək: “Uşaq valideynin mabədidir”, “Son beşik- yurda keşik”.
Odur ki, davamçıların gələcəyini xoşbəxt görmək, yurdu, vətəni etibarlı adamlara vermək istəyən hər kəs gənc nəslin təlim-tərbiyəsi ilə ciddi məşğul olmalı, onun hərtərəfli və ahəngdar inki- şafı üçün əlverişli şərait yaratmalı, hər bir uşağın ictimai cəhətdən fəallığının, meyl və bacarığının inkişaf etməsini təmin etməlidir. Bu vəzifəni isə daha yaxşı şəkildə ailənin, məktəbin, ictimaiyyətin və əmək kollektivlərinin birgə işi zəminində yerinə yetirmək olar.
Birincisi, uşaq (şagird) daim bu qüvvələrin əhatəsində olur. Uşağın (şagirdin) xarakterinin, dünyabaxışının, həyata, əməyə, ideya-mənəvi və mədəni sərvətlərə münasibətinin əsasları həmin qüvvələrin reallığında təşəkkül tapıb formalaşır.
İkincisi, uşağı (şagirdi) tərbiyə etməkdə ailə, məktəb də, ictimaiyyət də eyni məqsəd güdür, xalq qarşısında eyni dərəcədə məsuliyyət daşıyır. Ailənin, məktəbin, ictimaiyyətin və əmək kollektivlərinin qarşılıqlı fəaliyyətində yekdillik olmasa, uşaqların (şagirdlərin) tərbiyə işində xoşagəlməz hallar baş verə bilər. Müxtəlif xarakterli cinayətlər törətdiyinə görə həbsxanaya düşmüş minlərlə yeniyetmələr və gənclər üzərində aparılan tədqiqatlardan aydın olur ki, onların pis əməllərə qurşanmasına əsas səbəb əksər hallarda: ya ailədə, ya məktəbdə, ya da əmək kollektivlərində özünü qabarıq şəkildə göstərən nöqsanlardır.
Məlum olduğu kimi, uşaq cəmiyyətin ilkin özəyi olan ailədə dünyaya gəlir. Ailə cəmiyyətin ilkin özəyi, onun sosial quruluşunun ünsürlərindən biridir. Ailə sosial qurum olub, nigah və yaxın qohumluqla qarşılıqlı mənəvi münasibətlərlə səciyyələnir. İnsanların nəsli davam etdirməyə olan təbii tələbatı nigah və ailə vasitələri ilə nizama salınır.
Beləliklə, ailə qarşılıqlı məhəbbət, inam, etibar və hörmətə əsaslanan birlikdir. Ailənin 2 mühüm vəzifəsi vardır:
1. Nəslin davam etdirilməsi;
2. Yeni nəslin, yeni insanın tərbiyəsi.
Bu iki vəzifə bir-biri ilə sıx bağlıdır. İnsan öz nəslini artır- mırsa, öz nəslinə tərbiyə verməsə, cəmiyyət məhv olar. Birinci vəzifənin əhəmiyyətli olmasına baxmayaraq, ikinci vəzifə daha məsuliyyətlidir. Çünki burada təkcə təbiətin bəxş etdiyi xüsusiyyətlər deyil, həm də mədəniyyətin, cəmiyyətin əlavə etdiyi xüsusiyyətlər təzahür edir.
Ailə insani münasibətlərin ilk tərbiyə məktəbidir. Ailədə ilk əxlaqi təcrübə, fəzilət təşəkkül tapır. Ailə özlüyündə kiçik hər bir dövləti xatırladır. Ailədə uşaqlar yalnız tərbiyə almırlar, həm də onlar böyüdükcə övladlıq borclarını dərk edir, qocalmış valideyn-lərinə qayğı göstərməyin zəruriliyini anlayırlar. Bütün ailələrdə uşaqların tərbiyəsinə böyük qayğı göstərilir. Ailədə tərbiyə prosesinin başlanğıcı və sonu yoxdur. Uşaqlar üçün onların valideynləri idealdır. Müəllimlər müxtəlif tip ailələrlə iş aparmağa, valideynlərlə əlaqə saxlamağa, onlara müəyyən pedaqoji biliklər verməyə məcbur olurlar.
Müasir ailələr uşaqların sayından asılı olaraq çoxuşaqlı, azuşaqlı, biruşaqlı və uşaqsız olurlar. Tərkibinə görə bu ailələr bir nəsilli (ancaq ər-arvad), iki nəsilli (valideynlər və uşaqlar), nəsillərarası (uşaqlar, valideynlər, nənə və baba) olur. Əgər ailədə valideynlərdən yalnız biri varsa, belə ailələr natamam ailə hesab edilir.
Pedaqogikada ailələr təkcə tərkibinə görə deyil, həm də qarşılıqlı münasibətlərin xarakterinə görə təsnif olunurlar:
İdeal ailələr, orta ailələr, neqativ (qalmaqallı, əsəbi) ailələr. Ailə tərbiyəsinin məqsədi şəxsiyyətdə elə keyfiyyətlər formalaşdırmaqdır ki, onlar çətinlikləri və maneələri aradan qaldırmağa kömək etmiş olsun.
Uşağın (yeniyetmə və gənclərin) intellektual və yaradıcı qabiliyyətlərinin, idraki qüvvələrinin inkişafı, habelə ilkin əmək fəaliyyətində qazandığı təcrübə, emosinal mədəniyyəti və fiziki sağlamlığı ailədən və valideynlərdən asılıdır. Bütün bunlar ailə tərbiyəsinin başlıca məqsədini təşkil edir.
Ailənin uşağa göstərdiyi tərbiyəvi təsir bütün digər tərbiyəvi təsirlərdən güclüdür. Uşaq böyüdükcə həmin təsir zəifləyir, bəzən də tamamilə yox olur. Burada elə keyfiyyətlər inkişaf etdirilir ki, onları ailədən kənarda formalaşdırmaq çətin olur. Ailə şəxsiyyətin sosiallaşması prosesini həyata keçirir. Bu uşağın (şagirdin) fiziki, əxlaqi və əmək tərbiyəsi üzrə ailənin səylərinin ümumiləşmiş ifa-dəsidir. Cəmiyyətin üzvləri ailədən çıxır; ailə necədirsə, cəmiyyət də elədir. Ailə ənənələrin varisliyini təmin edir. Vətənpərvər vətəndaş, gələcək ailə başçısı, qanuna tabe olan cəmiyyət üzvi tərbiyə etmək ailənin mühüm sosial funksiyasıdır. Ailə uşağın peşə seçiminə əhəmiyyətli təsir göstərir. Müasir ailələrin əksəriyyəti vaxtının çox hissəsini uşaqlarının mənəvi cəhətdən inkişafına deyil, onların maddi təminatına sərf edirlər.
Ailədə uşaqların tərbiyəsinə mənfi təsir göstərən səbəblər aşağıdakılardır:
-
Zəhmətkeş ailələrin əksəriyyətinin iqtisadi səviyyəsinin aşağı olması;
-
İctimai həyatın mədəni səviyyəsinin aşağı olması;
-
Ailədə qadının iki qat yüklənməsi: onun həm ailədə, həm də cəmiyyətin ictimai həyatında iştirak etməsi;
-
Boşanma hallarının artması;
-
Nəsillər arasında münaqişələrin yaranması;
-
Ailə və məktəb arasında əlaqələrin zəifləməsi və s.
Uşaqların ailədə tərbiyəsi zamanı, ilk növbədə, onların dav- ranış və rəftarında mənfi keyfiyyətlərin yaranmasının qarşını al- maq, bu cür keyfiyyətlərin yaranması imkanlarını aradan qaldırmaq lazımdır. Nə qədər ailə varsa, o qədər də tərbiyə xüsusiyyətləri vardır. Bu müxtəlifliyə baxmayaraq, ailədə böyüklərlə uşaqlar ara- sındakı qarşılıqlı münasibətlərdə tipik modelləri fərqləndirmək olar.
Ailə tiplərini sxemi:
Uşaqları sevən ailələrdə valideynlər uşaqları nə maraqlandırdığını və narahat etdiyini bilir, onların rəyinə, fikrinə, hiss və həyəcanına hörmət edir, onlara kömək etməyə çalışırlar.
Həssas, qayğıkeş ailələrdə yaşlılarla uşaqlar arasında münasibətlər normal olsa da, onların münasibətlərində müəyyən məsafə mövcud olur. Bu münasibəti heç bir tərəf pozmağa çalışmır. Belə ailədə uşaqlar öz mövqelərini bilir, valideynlərinə qulaq asırlar. Bu ailənin uşaqları sözəbaxan olsalar da, kifayət qədər təşəbbüskar olmurlar.
Maddi oriyentasiyalı ailələrdə başlıca diqqət ailənin maddi təminatına verilir. Valideyn uşaqlarını kiçik yaşlardan həyata praqmatik yanaşmağa, hər şeydə xeyir görməyə, fayda axtarmağa alışdırırlar. Onları yaxşı oxumağa məcbur edirlər, yeganə məqsəd ali məktəbə qəbul olunmaqdır. Belə ailələrdə valideynlərin və uşaqların mənəvi aləmi yoxsuldur.
Düşmən ailələrdə uşaqlar özlərini pis hiss edirlər. Onlara hörmət edilmir, etimad göstərilmir, habelə uşaqlara etibar edilmir, onlara daim nəzarət olunur. Heç bir əsas olmadan uşaqlar böyüklər tərəfindən cəzalandırılırlar. Belə ailələrdə uşaqlar öz niyyət və arzularını gizli saxlayır, bir-birinə qarşı mehriban olmur, valideynlərinə pis baxır, yoldaşları ilə yola getmir, məktəbi sevmirlər.
Antisosial ailələrə, əslində, ailə demək olmaz. Onlar daha çox uşaqlar üçün müvəqqəti sığınacaqdır. Burada valideynlər uşaqları sevmir, onların dünyaya gəlməsini arzulamır, onları bir övlad kimi qəbul etmirlər.
Adətən, belə ailələrdə valideynlər yanlış həyat tərzi keçirir, böyüklər bir-biri ilə yola getməyib münaqişələrə girir, uşaqlara hədə-qorxu gəlirlər. Odur ki, belə ailələrdə tərbiyə alan uşaqlar evdən tədricən uzaqlaşırlar.
Pedaqogikada ailə tərbiyəsi dedikdə, valideynlərlə uşaqların qarşılıqlı münasibətlərinin idarə olunması sistemi başa düşülür. Bu münasibət həmişə tərbiyəedici xarakter daşıyır. Bu zaman onlar aşağıdakı şərtləri nəzərə almalıdırlar:
Məktəblə ailə arasında uşağın tərbiyəsinə xidmət edən vahid tələblərin yerinə yetirilməsinə ciddi nəzarət edilməlidir:
-
Valideynləri öz ətrafında birləşdirməyə və onların böyük tərbiyə imkanlarından istifadə etməyə ruhlandırmalıdır;
-
Valideynlərin pedaqoji biliklərə yiyələnməsinə və onların pedaqoji mədəniyyətinin yüksəldilməsinə xüsusi qayğı göstərilməli, valideynlərlə aparılan maarifləndirmə işlərinə diqqət yetirilməlidir.
-
Məktəb və ailə ictimai tərbiyənin həyata keçirilməsində aparıcı rol oynayır.
Məktəb uşaqların tərbiyəsində ailə və ictimaiyyətin fəaliyyətinin əlaqələndirilməsi üçün öz işini aşağıdakı kimi həyata keçirir:
Məktəb pedaqoji kollektivin, valideyn komitəsinin, yaşayış yerlərində ictimai şuraların, klubların, kitabxanaların, stadionların, səhiyyə orqanlarının tərbiyəvi iş planlarını əlaqələndirir, tərbiyə prosesinin iştirakçılarının hər birinin funksiyalarını dəqiq bölüşdürür;
-
Məktəb öz gücü ilə valideynlərə və ictimaiyyətin nümayəndələrinə uşaqlarla iş aparmağın ən effektli üsullarını sistematik surətdə öyrədir;
-
Məktəb tərbiyə işinin gedişini və nəticələrini diqqətlə öyrənir və müzakirə edir, nöqsanların səbəblərini aşkar edir və onları aradan qaldırmaq üçün birgə tədbirlər həyata keçirirlər.
-
Məktəbdə valideynlərlə iş valideyn birlikləri vasitəsi ilə aparılır. Bu birliklər aşağıdakılardır: valideyn komitələri, şuraları, konqreslər, yardım cəmiyyətləri, rəyasət heyətləri, komissiyalar və s.
Məktəb və ailə tərbiyəsi arasında sıx inteqrasiyaya keçilən yerlərdə “məktəb-ailə” kompleksi yaradılır. Belə komplekslərin başlıca tələbi məktəbin fəaliyyətinin bütün istiqamətləri üzərində valideyn nəzarətini təmin etməkdən ibarətdir. Valideyn birliklərinin başlıca vəzifələrindən biri pedaqoji bilikləri yaymaqdır. Valideyn universitetləri, dəyirmi masalar, konfranslar, pedaqoji maarifin müntəzəm fəaliyyət göstərən bir çox cari və birdəfəlik formaları valideynlərə kömək edir. Ümumi etik, iradi, intellektual dəyərləri öyrənmək üçün valideynlər məktəbi yaradılır.
Ailələdə uşaqların tərbiyəsini düzgün təşkil etmək üçün valideynlər məktəblə sıx əlaqə saxlamalı, ondan vaxtında lazımi məsləhətlər almalıdır. Məktəb ictimai-dövlət təşkilatıdır, ictimai və sosial tərbiyənin müvəkkilidir. Burada uşağın təlim-tərbiyəsi səriştəli adamlar-mütəxəssislər tərəfindən aparılır. Məktəbdə aparılan tərbiyə işi prosesində müəllimlərin vəzifəsi, ilk növbədə, ondan ibarətdir ki, şagirdlərdə aşılayacaqları əxlaq prinsiplərinə dərin şəxsi inam hissi və vərdişlər qazandıra bilsinlər. Şagirdlərlə aparılan tərbiyəvi iş hər gün və hər saat: dərslərdə, tənəffüslərdə, küçədə, oyun prose-sində və s. həyata keçirilir. Şagirdlərlə aparılan tərbiyəvi iş məktəbin bütün fəaliyyəti prosesində həyata keçirilir ki, bu da şagirdləri ümumbəşəri əxlaqın mühüm keyfiyyətlərinə yiyələndirməyə istiqamətləndirir.
Məktəb, eyni zamanda, valideynləri də unutmur. O, təlim-tərbiyənin forma və üsullarını uşaqların yaş, fərdi və cins xüsusiy-yətlərinə əsasən müəyyənləşdirməkdə valideynlərə yardım göstərir, əhali arasında pedaqoji bilikləri yayır, uşaqların həyatını düzgün təşkil etməyin metodlarını ailəyə öyrədir, övladlarının tərbiyəsində yaxşı nəticələr əldə edən ailələrin iş təcrübəsini ümumiləşdirib geniş kütləyə çatdırır. Məktəb təlim-tərbiyə sahəsində mütəxəssislərin çalışdığı mühüm mərkəz olmaq etibari ilə özünün fəaliyyət dairəsini daim genişləndirir, ailələrə də hər cəhətdən kömək göstərir.
Məktəb gənc ailələrin köməyinə çatmalı, uşağın asudə vaxtını səmərəli təşkil etməyin yollarını valideynlərə izah etməlidir: ailədə boş vaxtlarda müxtəlif növ oyunlar keçirmək, oyuncaqlar almaqla uşağı mədəni əyləncəyə alışdırmaq, onu yaşına uyğun texniki yaradıcılıq işinə cəlb etmək, müxtəlif bədii kitabların, qəzet və jurnallardakı maraqlı məqalələrin ailədə oxunuşunu keçirmək, uşaqlar üçün nəzərdə tutulan radio və televiziya verilişləri haqqında fikir mübadiləsini təşkil etmək, uşağa şəkil çəkdirmək, şeir, mahnı oxumaq, tapmaca tapdırmaq, uşaqla birlikdə parka gəzintiyə çıxmaq, ailənin məişət və təsərrüfat işlərində fəal iştirakını təmin etmək və s. belə yollardandır. Məktəb ailələrlə həmişə səmimi təmasda olmalıdır.
Məktəbin ailə ilə digər əlaqə formalarına: müəllimlərin ailəyə getməsi, valideynlərin ailəyə dəvət edilməsi, məktəbdə keçirilən valideyn günü, ailə tərbiyəsinə həsr edilmiş konfranslar, valideyn universitetləri və s. daxildir. Məktəbdə təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində məktəbin ictimai təşkilatlarla da əlaqəsinin böyük əhəmiyyəti vardır. İctimai təşkilatlar məktəblə əlaqə formasını sinif rəhbəri və məktəb valideyn komitəsi vasitəsi ilə həyata keçirirlər. Bu isə məktəbdə tərbiyə işinin yüksəldilməsinə böyük təsir göstərir.
12.9. Valideynlərlə yeniyetmələr arasında
meydana çıxan ziddiyyətlərin aradan qaldırılması yolları
Bəzən ailədə valideynlər yeniyetmələrin arzu və istəklərinə mane olurlar. Belə hallarda yeniyetmələr geri çəkilməyə, valideynlərinə tabe olmağa məcbur olur və böyüklərdən incik olduqlarını gizlədirlər. Bəzi valideynlər yeniyetməyə güzəştə gedir, öz gücsüzlüklərini göstərirlər. Burada hər iki model qüsurludur. Belə situasiyalarda düzgün qərarların axtarışı xüsusi metodikanın köməyi ilə əldə olunur. Belə metodika “Altı addım” adlanır.
“Altı addım” metodikasını nəzərdən keçirək:
Birinci addım problemin müəyyənləşdirilməsidir. Burada uşağın, yaxud yaşlının xoşagəlməz davranışının səbəbləri müəyyənləşdirilməli və izah edilməlidir. Bu məqsədlə yeniyetmə və gəncə diqqətlə qulaq asmaq, sonra ona tələblər, hisslər haqqında məlumat vermək lazımdır. Burada “Mən danışıram, söyləyirəm” tipli variantdan istifadə etmək zəruridir. Birinci addım problemin müəyyənləşməsi ilə başa çatmalıdır.
İkinci addım məsələnin mümkün variantlarının həllinin axtarışıdır. Onları birgə axtarmaq lazımdır. Əvvəl çox sərfəli olar ki, beynə gələn bütün variantları bir-bir nəzərdən keçirəsən, hətta onlar ilk baxışda gərəksiz olsalar da belə, bunu etmək mütləq lazımdır. Burada “beyin hücumu” zamanı bütün ağla gələn ideyalar təklif olunur və onlardan heç biri tənqid edilmir.
Üçüncü addım təklif olunmuş variantların müzakirəsi və dəyərləndirilməsidir. Burada çıxış nöqtəsi birdir. Hər iki tərəfin tələbləri – həm uşağın, həm də böyüyün tələbləri mütləq yerinə yetirilməlidir.
Dördüncü addım məsələnin ən yaxşı həlli yollarını axtarıb tapmaqdır. Burada bir-birinə suallar vermək daha yaxşıdır: “Əgər biz bu ideyadan istifadə etsək, necə olar? Hamı razı qalarmı? Belə variantın həllində səhv nədən ibarətdir?” Qəbul edilmiş qərar yazılı şəkildə qeyd oluna bilər ki, hər iki tərəf onun altında “müqavilə” sözünü yaza bilər.
Beşinci addım qərarı necə yerinə yetirməyi müəyyənləşdirməkdən ibarətdir. Burada bu və ya digər qərarın müqavilə bəndinə kimin cavabdehliyini müəyyənləşdirmək lazımdır.
Dostları ilə paylaş: |