Dimitrinin dustaq edilməsi 1 Yüz yetmiş ikinci ildə padşah Dimitri
qoşunlarını toplayıb Midiyaya yollandı ki,
Trifonla müharibədə özünə yardım alsın.
2 Lakin Fars və Midiya padşahı Arşak
Dimitrinin onun ərazisinə daxil olduğunu
eşidərək qoşun başçılarından birini
göndərdi ki, onu diri tutsun. 3 O da yola
düşüb Dimitrinin qoşununu məğlub etdi və
Dimitrini tutub Arşakın yanına gətirdi.
Arşak da Dimitrini zindana saldı.
Şimonun tərifi 4 Şimonun bütün hakimiyyəti dövründə
Yəhuda torpağında əmin-amanlıq oldu,
O, millətinin rifahına çalışdı.
Hamı onun hakimiyyətini və izzətini bütün
dövrü boyu təqdir edirdi.
5 O, bütün şöhrətindən əlavə,
Yafonu da ələ keçirib liman etdi,
Dənizdəki adalara qapı açdı.
6 Öz millətinin sərhədlərini genişləndirdi,
Ölkəni nəzarət altına aldı.
7 O, çoxlu əsir topladı,
Qazarada, Bet-Surda və içqalada
hökmranlıq etdi,
İçqaladan natəmiz şeyləri kənar etdi,
Ona qarşı çıxan olmadı.
8 Xalq sülh içində öz torpağını əkib-
becərdi,
Torpaq öz məhsulunu verdi,
Düzənlikdəki ağaclar bəhrəsini gətirdi.
9 Yaşlılar meydanlarda oturaraq,
Hamılıqla rifah barədə söhbət etdilər.
Cavanlar dəbdəbəli geyinib hərbi libas
daşıdılar.
10 Şimon şəhərləri ərzaq ehtiyatı ilə təmin
etdi,
Onlarda istehkam qurğuları yerləşdirdi,
O vaxta qədər ki, onun izzətli adı dünyanın
o biri ucuna qədər məşhur oldu.
11 O, yer üzündə sülh yaratdı,
İsrail böyük fərəhlə sevindi.
12 Hər kəs öz tənəyinin, öz əncir ağacının
altında oturdu,
Onları qorxudan olmadı.
13 Yer üzündə onlara qarşı döyüşən bir kəs
qalmadı,
O günlərdə padşahlar darmadağın edildilər.
14 O, xalqının aşağı təbəqədən olanlarının
hamısını təmin etdi,
Qanuna əməl olunmasına səy göstərdi,
82
Qanuna dönük çıxanların və pis adamların
hamısını kənar etdi.
15 Məbədə görkəm verdi,
Müqəddəs əşyaların sayını artırdı.