Natan
1 Bundan sonra Natan ortaya çıxdı,
Davudun dövründə peyğəmbərliyə çatdı.
Davud
195
2 Ünsiyyət təqdimindən ayrılan piy kimi
Davud da İsraillilər arasından seçilmişdir.
3 Oğlaqlarla oynayan kimi, aslanlarla
oynayardı,
Sürüdəki quzularla oynayan kimi, ayılarla
oynayardı.
4 Cavanlığında nəhəngi öldürmədimi?
Xalqını məzəmmətdən qurtarmadımı?
O vaxt sapand daşı olan əlini qaldırmışdı,
Qolyatın qüruruna son qoymuşdu.
5 Çünki o, Uca Olanı – Rəbbi çağırmışdı,
Rəbb də onun sağ əlinə qüvvət vermişdi ki,
Döyüşdə güclü olan adamı öldürsün,
Öz xalqının qüdrətini ucaltsın.
6 Bu səbəbdən çoxlu düşmənə qalib gələn
kimi
Davudu izzətləndirdilər.
Rəbbin verdiyi xeyir-dualardan ötrü onu
alqışladılar,
Ona izzət tacı təklif etdilər.
7 Belə ki, o, ətrafdakı düşmənləri məhv
etdi,
Əleyhdarları olan Filiştlilərə həqarət etdi,
Onların qüdrətini qırdı,
İndiyə qədər də bu vəziyyətdədirlər.
8 O, bütün əməlləri zamanı izzət sözləri ilə
Müqəddəs Olana, Uca Olana şükür edirdi.
Bütün qəlbi ilə ilahi oxuyurdu,
Öz Yaradanını sevirdi.
9 O, qurbangahın qarşısına məzmur
oxuyanlar qoydu ki,
Onların səsi ilə musiqi ahəngi gözəlləşsin.
10 O, bayramları təntənə ilə qeyd etdi,
Onları il ərzində vaxtında keçirdi.
Ta ki xalq Rəbbin müqəddəs adına şükür
etsin,
Səhər erkəndən məbəddə səs ucalsın.
11 Rəbb onun günahlarını götürdü,
Qüdrətini əbədi olaraq ucaltdı.
Ona padşahlıq əhdi bəxş etdi,
İsraildə izzət taxtı verdi.
Süleyman
12 Bundan sonra onun müdrik oğlu taxta
çıxdı,
O, atasının sayəsində rahatlıqda yaşadı.
13 Süleyman sülh dövründə padşahlıq etdi,
Allah hər tərəfdən ona rahatlıq verdi ki,
Rəbbin adına bir məbəd tiksin,
Əbədi qalmaq üçün müqəddəs yer
hazırlasın.
14 Ey Süleyman, cavanlığında sən necə də
müdrik idin,
Bir çay kimi dərrakə ilə dolu idin!
15 Sənin nüfuzun yer üzünü bürümüşdü,
Dünyanı dərin mənalı məsəllərlə
doldurmuşdun.
16 Adın uzaq adalara qədər yayılmışdı,
Ölkə sülh içində olduğuna görə sevilirdin.
17 İlahilərinə, kəlamlarına, məsəllərinə,
təfsirlərinə görə
Dünya sənə heyran qaldı.
18 İsrailin Allahı adlanan Rəbb Allahın adı
ilə
Qalay qədər qızıl topladın,
Qurğuşun qədər gümüş yığdın.
19 Amma eyni zamanda vücudunu
qadınlara sərf etdin,
Bədən ehtirasına tabe oldun.
20 İzzətinə ləkə gətirdin,
Nəslini elə murdarladın ki,
Övladların üzərinə qəzəb gətirdin,
Öz ağılsızlığınla onlara dərd gətirdin.
21 Hakimiyyət iki yerə bölündü,
Efrayimdən tabe olmayan bir padşahlıq
meydana gəldi.
22 Lakin Rəbb Öz mərhəmətindən əsla əl
çəkməz,
Verdiyi heç bir sözü ləğv etməz.
Öz seçilmişinin nəsillərini heç vaxt yox
etməz,
Onu sevənin toxumunu əsla kökündən
çıxarmaz.
O, Yaqubun nəslindən sağ qalan bir xalq,
Davuda ondan gələn bir kök bəxş etdi.
196
|