Dini polemika



Yüklə 62,08 Kb.
tarix21.10.2017
ölçüsü62,08 Kb.
#7262

Dini polemika!

Təkamül nəzəriyyəsi və din. Həqiqətin qətl günü. Sentyabrın üçü humanist alim, teoloq, yazar Turan Dursunun qətl edildiyi gündür. Turan Dursun qələmindən seçmələr


Fəxrəddin Hacıbəyli

Təkamül nəzəriyyəsi və din

Din və elm münasibətləri yenidən qızğın bir şəkildə gündəmdədir. Çarlz Darvinin anadan olmasının 200 illiyi onun yaratmış olduğu nəzəriyyəni bir daha diqqət mərkəzinə çəkib. Demək olar ki, bütün elm dünyasının nəzərləri yenidən, indiyədək insan təfəkkürünün yarada bildiyi ən yetkin və ən dolğun nəzəriyyəyə - Təkamül nəzəriyyəsinə yönəlib. Bu da təbii olaraq “Din, yoxsa Təkamül nəzəriyyəsi?” sualını yenidən alovlandırıb, din və elm arasında yeni müzakirələrin açılmasına təkan verib.


Təkamül nəzəriyyəsi rəqəmlərlə

Təkamül nəzəriyyəsinə sivil dünyada inananların faiz göstəricilərinin sayına nəzər salmaqla, bu nəzəriyyənin son illər heç də sarsılmadığına, əksinə, daha da möhkəmləndiyinə əmin olmaq olar. Almaniyanın nüfuzlu “Focus” jurnalının 1 dekabr 2008-ci il tarixli sayında Darvin nəzəriyyəsinə həsr edilmiş yazıda maraqlı statistika verilib. Həmin statistikaya görə, Avropa ölkələri vətəndaşlarının ən azı 55 faizi təkamül nəzəriyyəsinə inanır. Bu siyahıda təkamül nəzəriyyəsini dəstəkləyənlərin sayına görə İslandiya 85 faizlə ilk yerdə, Polşa isə 57 faizlə sonuncu yerdədir. Ölkələrin faiz göstəricilərinə görə bu statistika belə sıralanır: Fransada 80, Darvinin vətəni Böyük Britaniyada 73, Almaniyada 71, İspaniyada 71, Hollandiyada 66, Çexiyada 64, İsveçdə isə 60 faiz təkamül nəzəriyyəsi tərəfdarıdır. Siyahıda inkişaf etmiş bir Şərq ölkəsinin - Yaponiyanın da (77 faizlə) adı var. Maraqlıdır ki, ABŞ-ın adının altında bu sözlər yazılıb: “ABŞ-da təkamül biologiyası süquta uğrayıb". Çünki orada varlığın elmi izahına inananların sayı 40 faizdir! Gözlənildiyi kimi, Osmanlı ümmətçiliyinin təsirindən hələ də uzaqlaşa bilməyən və təbiətə qeyri-elmi yanaşmanın insanların bilincaltına (şüuraltına) oturduğu Türkiyə isə 26 faizlə sonuncu yerdə gəlir.

Təkamül nəzəriyyəsinə münasibət

Təbii ki, bu göstəricilərlə son illər guya SSRİ dağıldıqdan sonra Darvin nəzəriyyəsinin tamamilə süquta uğradığı və hətta “Darvinçilər özləri bu nəzəriyyədən imtina ediblər” kimi uydurmaların cəfəngiyyat olduğu üzə çıxır. Guya təkamül nəzəriyyəsinin dəstəkləndiyi yeganə ölkə Sovetlər İttifaqı olub, onlar bu nəzəriyyəyə əsaslanaraq öz yeni təlimlərinə bəraət qazandırmağa çalışıblar və Sovet sisteminin dağılmasıyla da bu nəzəriyyə ortadan qalxıb. Bu, tamamilə cəfəngiyyatdır və cəmiyyətə ötürülən dezinformasiyadır. Bəlkə də Darvin nəzəriyyəsinin ən pis təqdim edildiyi ölkə elə Sovetlər birliyinin özü idi. Çünki keçmiş sistemdə bu nəzəriyyə marksizmin tələblərinə uyğunlaşdırılmış şəkildə natamam və deformativ təqdim edilirdi. Bir halda ki, darvinistlər özləri marksizmi zərərli sayırlarsa, demək bu nəzəriyyənin sosial nəzəriyyə ilə “əlaqəsi”nin gerçək tərəfi üzə çıxır.

Amma digər tərəfdən, bu iddialarda müəyyən mənada həqiqət də var. Belə ki, təkamül nəzəriyyəsindən bəzi yerlərdə həqiqətən də imtina edilib. Ancaq harada, hansı sistemlərdə? Bax, bu maraq doğuran məsələdir. Ölkə adlarına nəzər salaq: İran, İraq, Əfqanıstan, Pakistan, Suriya, Livan, Ərəb ölkələri və bu qəbildən olan rejimlər. Məsələ aydındır! Bu nəzəriyyə harada tədris edilmir və ondan imtina edilir? Dinin şiddətli təzyiqinin hökm sürdüyü Şərq ölkələrində, bu nəzəriyyə olmadan da, Şərqlə Qərbin aydın görsənən fərqlərindən biri də budur: uydurma yaxud elm, nağıl ya gerçəklik, rasionalizm yoxsa irrasionalizm, idrak ya iman? Bu yöndən yanaşdıqda nədən yuxarıda adları göstərilən statistikada adları çəkilən Şərq ölkələrinin birinin də adının olmaması başadüşüləndir. Məncə söhbət uydurma nağıllara sözsüz iman gətirməkdən getsəydi, o zaman həmin siyahıda yəqin ki, heç bir Avropa ölkəsinin adı olmayacaqdı. Bu da ortada olan aydın bir məsələdi, elə İranın elmi nəzəriyyələrə dəxli olmadığı qədər “Darvin”, yaxud da ana dilimizdə “təkamül” yazıb internetdə axtarış vermək və nəticələri nəzərdən keçirmək kifayətdir ki, son illər Azərbaycanın bu iki sivilizasiyadan hansının yoluyla getdiyini, kimləri izlədiyini görəsən. Təəssüf doğuran mənzərədir. “Darvinizm süqut etdi”, “təkamül nəzəriyyəsindən imtina edildi”, “Darvin özü meymuna bənzəyirdi” və s. bu kimi səfsəfələr, hər ifadənin də altında təmtəraqlı adlar və titullar. “Doktor filankəs”, “professor bəhmənkəs”... Deyəsən, qabaqcıl dünyanın ən doğru saydığı bu elmə yas tutan elə başda Azərbaycan olmaqla Şərq elmidir.

“Təkamül nəzəriyyəsi çökdü” deyib haray təpənlərin əsaslandıqları ən tutarlı dəlil guya bu nəzəriyyənin kosmik ilkin başlanğıcın və kamilləşmə prosesinə startverici qüvvənin izahını verə bilmədiyini göstərirlər. Bir də, nə qədər maraqlı olsa da, Darvinin adını çəkmək kifayətdir ki, “İndi siz deyirsiniz ki, bizim atalarımız meymun olub?!” kimi reaksiyalarla üzləşəsən. Təbii ki, buraya “Bəs elə isə, niyə kimsə meymunun çevrilib insan olduğunu görməyib?”, yaxud “Təkamül varsa, bəs meymunlar niyə qalıb?” kimi banal yanaşmaları da əlavə etsək, Darvini dəfn edənlərin ağıl dərəcəsini müşahidə etmək mümkündür.

Həyat təkamüllə yaranıb

Əvvəla, təkamül nəzəriyyəsinin doğru olub-olmaması elm dünyası üçün daha çəkişmə mövzusu deyil. Yaradılış fikrinə gəldikdə isə, elm bu sualı soruşmur. Buna qalsa, dinin də bu məsələyə yanaşması, izahı sübutsuz və ağlauyuşmaz metafizikadır. Odur ki, elm özünün araşdırma predmeti kimi var olanların hansı şəkildə, necə və hansı təsirlərlə meydana gəldiyini götürür. Elmin yaradılışla bağlı irəli sürdüyü hipotez bundan ibarətdir: kainatın bütün enerjisi 15-20 milyard il bundan qabaq öz-özünə bir yerə toplanaraq, güclü bir partlayışa səbəb olub və bu partlayışdan sonra temperaturun tədricən düşməsi nəticəsində yığılmış enerji tədricən materiyaya çevrilməyə başlayaraq, qalaktikaların yaranmasına və günəşin, eləcə də günəş sistemindəki planetlərin yaranmasına səbəb olub. Yaşı 5 milyard il hesablanan Yer kürəsinin günəşlə arasında olan məsafəsi yer kürəsində həyatın yaranmasına şərait yaradıb. Elmi baxışlara görə, yer kürəsində ilk həyat, Yer səthinin təhlükələrindən çox uzaq olan bir yerdə, Yerin təkində yaranıb, çünki Yerin komet yağışına məruz qalması və ultrabənövşəyi şüalardan qoruyan atmosferin hələ var olmaması, Yer kürəsinin səthində həyatın yaranması üçün əlverişli deyildi. Yerin çox dərinliklərində olan bakteriyalar günəş şüalarından asılı olmalarına baxmayaraq, fotosintezli orqanik maddələrdən ibarət idilər.

Yerin çox dərinliklərində orqanik mühitdə yaranan bu bakteriyalar, okeanların dərinliklərində ultrabənövşəyi şüalardan qorunaraq xlorofil daşıyan fotosintezli yaşıl bakteriyaların yaranmasına səbəb oldular. Yaşıl bakteriyalar da öz növbəsində 2 milyard il bundan əvvəl stomatolitlərin əmələ gəlməsinə başlanğıc verdi. Atmosferin tərkib hissəsi olan oksigenin yaranmasına səbəb məhz bu fotosintezli bakteriyalar olublar. İlk oksigenli mühitə uyğunlaşan və digər hüceyrələrin plazmasında yaşamağa uyğunlaşan bakteriyalar, uyğunlaşdıqları qoruyucu mühitdə yaşayıb, öz hüceyrələrini enerji ilə təmin edərək, çoxhüceyrəli orqanizmlərin inkişafına başlanğıc verdilər. Çoxhüceyrəli orqanizmlərin hüceyrələrinin qrup şəklində bəzi prosesləri yerinə yetirərək təkmilləşməsi, onların təkamül prosesində nailiyyət əldə edərək gələcəkdə daha çoxformalı və çoxhüceyrəli həyatın başlanğıcına təkan verdi və bu da gələcəkdə onurğalı heyvanların yaranmasına səbəb oldu ki, insanlar da onurğalı heyvanlar sinfinə aid edilir. Qısa bir nəzərlə təkamülün baş verdiyi inkişafı izlədik, amma bu nəzəriyyəni anlamaq üçün mütləq vaxt, zaman anlayışını nəzərdən qaçırmamaq lazımdır. Söhbət milyard illərdən gedir. Və bu inkişaf, təkamül min, yüz min, milyon deyil, yüz milyon, milyard illərin ortaya qoyduğu nəticədir!

Beləliklə, elm yalnız əldə olanlar əsasında analiz edərək ortaya nəticələr çıxarmağa çalışır və gəldiyi nəticəni hər zaman təhlilə, araşdırmalara açıq tutur. “Gəlinən nəticə son olmaya bilər, o yalnız hələlik ən optimal olanıdır, konkret zaman üçün doğru sayılır. Bu nəzəriyyə bir hipotez olaraq bu gün üçün sübut olunub və nə qədər ki, daha optimal və daha inandırıcı nəzəriyyə irəli sürülməyib, deməli, elmi baxımdan doğru olan budur. Ancaq o, sabah elmin özü tərəfindən təkzib oluna və daha optimal bir nəzəriyyəyə üz tutula bilər”. Yəni giriş və çıxış qapısı olan bir ev təsəvvür etsək, elmi həmin bu evə bənzədə bilərik. Sən qapını açıb içəri girə, orada olanlara baxa, götür-qoy edərək ya razılaşıb orada qala bilərsən, ya da ki, daha yaxşısını müşahidə edə bilmək üçün çıxış qapısından həmin yeri tərk edə bilərsən. Həmçinin sən anlamaq istəməkdə, dərk etmək istəməkdə, eləcə də səndə yaranmış suala “bu, nədən belədir, nə oldu bu belə oldu və bu necə baş verdi?” deyərək sual verməkdə, əgər sualına ağlabatan cavab yoxdursa onu tərk etməkdə azadsan. Təkamülün hansı şəkildə baş verdiyini düşünərkən, hökmən zaman axını və onun ağlasığmaz dərəcədə geniş olduğunu unutmamaq lazımdır. O geniş zaman ki, biz onun yalnız çox kiçik bir axınında iştirakçı olmaq imkanındayıq, ancaq o, bizim anlaya bildiyimizdən çox-çox genişdir.

Biz müşahidə aparsaq, bir çox növlərin indi mövcud olmadığını, yaxud indi mövcud olanlara daha öncələr təsadüf edilmədiyini görərik. Bu, təkamülün bizim müşahidə edə biləcəyimiz görüntüsüdür. Yaxud müxtəlif növlərin qarşılaşdırılaraq yeni növlərin yaradılması da buna misaldır. Tutaq ki, iki müxtəlif növ it cinsindən yeni bir cins meydana gəlir ki, əldə olunan nəticə, yaxud yeni cinsin hər iki əcdadından aldığı qabiliyyət və özəlliyi bir sonrakı nəslə ötürə bilir, yeni irsi dəyişkənlik baş verir və o, irsən ötürülür. Nəticədə, lokal təkamül baş verir. Yaxud bakteriyalarla mübarizədə istifadə edilən antibiotiklər müəyyən zaman keçdikdən sonra təsiretmə gücündə olmur. Nədən? Çünki bakteriyalar da təkamül edir, onlar da yaşamaq uğrunda mübarizədə onlara qarşı istifadə olunan antibiotiklərə müqavimət qabiliyyəti qazanır və beləliklə, təkamülə uğrayır.

Ətraf mühit dəyişir, bu daimi dəyişiklik bəzi növlərin məhv olmasına, digərlərinin isə dəyişən şəraitə uyğunlaşaraq, yaşaya bilmə özəlliyi əldə etməsi təkamülün bizim müşahidə edə bildiyimiz təzahürləridir.

Təhsilimizdə dini dərslər

Son dövrlər təhsil sistemindən qeyri-dini elmlərin çıxarılıb, əvəzində dini fənnlərin salınmasıyla bağlı təkliflər daha cəsarətlə səsləndirilməyə başlanıb. Bu, baş verərsə hansı fənnlərin (xüsusi halda nəzəriyyələrin; çünki dini dünyagörüşə zidd fənnlər deyildikdə əslində konkret olaraq darvinizm nəzərdə tutulur) güdaza gedəcəyini təsəvvür etmək çətin deyil. Gəlin, unutmayaq ki, müasir tibb, genetika təkamül nəzəriyyəsinə əsaslanır. Orta məktəblərimizdə tədris olunan tarix, coğrafiya, biologiya və hətta ictimai fənnlər də bir sıra hallarda Darvin hipotezinə söykənir. Prinsipcə darvinizmin təhsildən qaldırılmasının nələrə yol açacağını elə təhsildən qaldırılan fənnlərin yuxarıdakı sırasına nəzər salmaqla görmək olar. Bunların yerinə nələr gələcək? Təsəvvür edin, dindarların təklifi reallaşıb, siz də biologiya ya da tarix dərsindəsiniz. “Müəllim” deyir: “Allah yeri-göyü bir “ol” əmri ilə yoxdan, olmayan yerdən var etdi. Adəmi gildən yaradıb, sonra onun cütünü Həvvanı Adəmin qabırğasından yaratdı. Onları danışan, şeylərin adlarını bilən, bir sözlə, ən gözəl və kamil (özünə oxşar) şəkildə yaratdı. Bu yaranmış varlıqlardan yeniləri meydana gəldi, hər dəfə doğulan əkizlərin sonra doğulan əkizlərlə (yəni bacı qardaşlar bir-birləri ilə) cinsi əlaqədə olmasından yeniləri meydana gəldi və beləliklə, kamil insan var oldu. Bu yeni varlıqlar çox uzun ömür yaşayırdılar, o vaxtadək ki, Adəmlə Həvvanın iki oğlu Qabil və Habil biri digərini öldürənədək. Yalnız bundan sonra Adəm oğluna müəyyən ömür qərar verildi, o, öləri oldu”. Bu da gözlənən təhsilimiz, tədrisimizin təxmini gələcək görüntüsü! Yaradılışa dinin verdiyi izah. İndi buradan suallar doğacaq, görək ona din necə cavab verir, hansı “təkzibedilməz dəlillər”lə sübuta yetirir?

Doğan suallar

Əcəba, bir halda ki, allah bütün varlığı yoxdan xəlq etdi, bəs o, nədən Adəmi gildən yaratdı? Yəni bu boyda kainatın yaradılmasında bir materiala gərək olmadı, o yoxdan yaradıla bildi, bu böyüklükdə xilqəti var edən güc sahibi bir materiala ehtiyac duymadı, ancaq Adəmin yaradılması üçün materiala - gilə, torpağa ehtiyac duydu? Onu da yoxdan bir əmrlə yarada, var edə bilməzdimi? Canlı varlığın gildən yaranmasında bir hikmət vardırsa, bəs nədən Həvvanı da öncəki üsulla gildən yaratmadı? Niyə onu yaratmaq, var etmək üçün yenə də bir materiala ehtiyac duydu, bu dəfə isə onu nə gildən, nə torpaqdan, Adəmin qabırğa sümüyündən yaratdı? Nədən onların ikisini də eyni əmrlə “Var ol!” deyə xəlq etmədi? Öncə birini, sonra isə digərini xəlq etdi? Bəlkə onların çoxalmasına görə iki cinsdən ibarət olaraq xəlq etdi, yəni erkək və dişidən ibarət olaraq? Elə isə “çoxala bilmək” qabiliyyətini elə bir fərdin özündə cəmləşdirə bilməzdimi? Necə ki, biz bunu başqa növlərdə görürük. Məsələn, bitkilərin çiçəklərində tozlanma üçün gərəkli erkəkciklər və dişiciklər elə bir çiçəyin özündə var olub. O, özü-özündə var olan erkək və dişicik tozlarıyla tozlanaraq, daha bir başqasının iştirakı olmadan döllənə və yaşamını davam etdirə bilir. Elə insan da bir cinsdən ibarət olub da erkəklik və dişilik qabiliyyəti bir fərddə mövcud ola bilməzdimi? Yaxud da bu qabiliyyət iki cins arasında bölüşdürülməliydisə, nədən onlar tək-tək, öncə biri, sonra isə digəri yaradıldı? Bu rəngarəngliyi, ikicinsliliyi doğuran zərurət nədən ibarətdir? İnsanın meymunla eyni növdən yaranması təhqir sayılırsa, bu insanın şəninə yaraşmayan bir səbəbdirsə bəs elə isə Adəmlə Həvvanın övladlarının bir-biriylə, yəni qardaşlarla bacıların cütləşməsini, cinsi münasibətə girməsini insan şəninə necə sığışdırmaq olar? Meymun keçmişindən utanmaq ağlıyla yanaşsaq onda düşünmək olmazmı ki, insana belə ayıb keçmişi rəva bilməyən qüdrət sahibi gərək o zaman yaratdığı ali varlığı bir deyil iki cütdən ibarət xəlq edəydi ki, onlar da meymundan yaranmaqdan daha ayıb olan bir işə qol qoyaraq, heç də insana yaraşmayan ayıb, yer üzünün əşrəfinə utancverici bir üsulla çoxalmağa məcbur olmayaydılar?

Din iddia edir ki, hər şeyin arxasında kamil bir ağıl sahibi durur, hər şey nizamlı bir şəkildə var olub, əksiklik mövcud deyil, hər şeydə bir nizam var. Əgər elədirsə, niyə bir çox növlər yox olub, mövcudluğunu dayandırıb, onların yerinə qədim dövrlərdə təsadüf olunmayan yüzlərlə növlər yaranıb? Onların yox olmasında yaxud bir zamanlar olmayanların sonradan vücuda gəlməsində hansı nizam var? Bəşəriyyətin əlində çarəsiz qaldığı dürlü-dürlü xəstəliklər hansı ağılın zəruri etdiyi nizamdır? Nəyə görə dəvə səhrada yaşamağa və əlacsızlıqdan tikan yeməyə, susuzluqdan uzun müddətli su ehtiyatı yığmağa məcbur edilib? Qütb ayısı isə Şimalın soyuğunda, buzların üstündə yaşamağa məcbur edilib? Qüdrət sahibi bu iki varlığın yerlərini dəyişdirib dəvəni Şimal qütbündə, qütb ayısını isə Ərəbistan səhrasında yaşada bilərmi, bu, anidən bir əmrlə mümkün ola bilərmi? Təbii ki, yox, bunun üçün həmin varlıqlar gərək yenə də milyard illərin təkamülü yolunu keçsinlər ki, fərqli şəraitdə yaşamaq üçün gərəkli qabiliyyətləri əldə etsinlər. Hər şeyə ağıl və məntiq gözüylə baxmaq kifayətdir ki, heç bir nizam olmadığını, hər şeydə bir xaotika mövcud olduğunu müşahidə edə biləsən.

Yuxarıda səslənən suallar yəqin ki, meydana gələcək, amma dinin buna hansı şəkildə cavab verəcəyini öncədən demək imkansızdır. Yəqin ki, yeni nağıllar axtarışına baş vurmaq lazım gələcək…



Həqiqətin qətl günü

Sentyabrın üçü humanist alim, teoloq, yazar Turan Dursunun qətl edildiyi gündür

Bu günün anısına nəsə yazmaq istəyərkən sinirsiz keçinmək, daxilən sakit qalmaq mümkün deyil.

Turan Dursun haqqında oxuyarkən, onun haqqında nəsə eşidərkən təsəvvürümdə qaranlıq bir otaqda yanan, zəif işıgıyla zülmət qaranlığı yaran şam, onun titrək şöləsi canlanır. Qaranlıq nə qədər qatı, vahiməli olsa da kiçicik bir işıq onu parçalayıb aydınlatmaq gücündədir. Zülmət, qaranlıq bir dilim işığın ziyasıyla aydınlana bilir.

Qaranlıq işıqsızlıqdır.

Qaranlığı söndürmək mümkün deyil.

Qaranlığı yarmaq, işığa təslim etmək mümkündür.

Bir dilim şölə zülməti aydınlatmaq gücündə olsa da, qorunmasa bir zəif yelə, bir üfürümə sönə bilir. Nurun zülmət, aydınlığın qaranlıq qarşısındakı zəifliyi bax bundadır. Sönmüş nurun yerini qaranlıq tutar, zülmət boğar.

Sabir demişkən; “Gər ağzı küləkli kişilər püfləməsəydi

Bir şəm ki, həqdən yanır, həm də yanardı”.

Turan Dursun öldürüldü. Xurafat, din zülmətini aydınlatmağa çalışan daha bir şölə söndürüldü. 1400 il "dünyaya, dünya elminə meydan oxuyan", yerin altından da, üstündən də xəbər verdiyi iddia olunan, aydan-ulduzdan, kainatın dərinliklərindən "xəbərdar olan", haqqında cild-cild, yığın-yığın təfsirlər, şərhlər, məallar yazılan “Quran”, islam elmi, bir alimlə baş apara bilmədi, çıxış yolu onun susdurulmasında, söndürülməsində görüldü. Bu qədər qüdrətli elmə sahib islam dünyası, milyard yarımlıq insanı əhatə edən və 1400 il zamana bac vermədən ayaqda qalan İslam bir alimlə ölüm diliylə, qətl fərmanıyla danışdı. “Quran” elmiylə, İslamın ilahi məntiqiylə silahlanmış bir alim meydana çıxıb iddiaları ağılla, məntiqlə cavablandırmadı. Belə hallarda atədən seçilən 1400 illik ənənəvi həll yolu seçildi - qətlə yetirmək, susdurmaq. Bununla xilas oldumu İslam? Ona yönəlik yarğılara birdəfəlik aydınlıq gətirildimi? Bütün suallar, ittihamlar ağıl gözüylə saf-çürük edilib, məntiqlə rədd edildimi? Hərgah qorxu yaratmaq, güc və təhdid qarşısında susmağa məcbur etməkdən başqa arxasında nə buraxdı Turan Dursuna sıxılan güllə və bu kimi qətllər? Daha heçmi yoxdur boynunda qətl fərmanı, ölüm fitvası gəzdirən düşünür insanlar? Var! Olublar! Və yenə də olacaqlar! Gözləri qapamaq və yaxud işığı söndürüb ətrafı zülmətə qərq etməklə nəyəsə baxmamağa, görməməyə məcbur etmək olar, amma düşüncələrə hakim kəsilmək, onu yönləndirmək mümkün deyil. Danışan dili susdurmaq mümkündür, amma düşünən beyni durdurmaq imkansızdır.

Zülmətin məhvi bir dilim şölənin işartısındadır.

Turan Dursun haqqında deyilən çox sevdiyim bir deyim var: Onun ömrünü sərf etdiyi İslamdan uzaqlaşmasının əsas səbəbi ağlının imanına güc gəlməsi olmuşdur.

Ömrünü İslamla iç-içə keçirən bir insanın bunu bacara bilməsinin heç də asan olmadığını təxmin etmək çətin deyil. Onu belə böyük edən bəlkə də ən önəmli nədən budur.

Turan Dursun 1934-cü ildə Sivasda doğulub.

Təhsilinə dinə bağlı ailəsinin, xüsusən də köylərdə imamlıq edən atasının istəyi ilə mədrəsədə “Quran”, din tarixi öyrənməklə başlayır, bir çox adlı-sanlı din bilicilərindən dərs alır. Atasının arzusu övladını "Bəsrədə və Kufədə bulunmayacaq" din xadimi görmək idi. Olur da. Atasının bəlirlədiyi amaca sürətlə çata bilmək, ona arzusunun gerçəkləşdiyini görmək zövqü yaşatmaq üçün çalışır. Bir neçə ilə öyrənilməsi mümkün olanı bir neçə aya öyrənir, yetənəkli bir tələbə kimi özünü tanıdır. Hətta sırf dini elmlərdə daha mükəmməl təhsil ala bilmək üçün kürd öyrədicilərdən dərs ala bilmək məqsədiylə az vaxt ərzində kürd dilini, çərkəz dilini, eləcə də İslamın yarandığı dövr və 11-12-ci əsr ərəbcəsini mükəmməl öyrənir. Bir müddət "hocalıq" və sonra müftilik səviyyəsinədək yüksəlir. Müftilik illərində din xadimi gürəvindən daha artığını edir, məscid deyil xəstəxana tikilməsinə təşəbbüs göstərir. Boş cənnət ümidləri vermək deyil, el-el, ilçə-ilçə dolaşıb insanların güzəranı ilə maraqlanır, sosial yaşamlarını yaxşılaşdırmaq üçün əmək sərf edir. Bu arada "kommunist müfti" adıyla yarğılanır, "Atatürkçü düşüncəsi və şəriətin qatı hökmlərinə qarşı çıxdığı" yarğısıyla İslamçı çevrələrdə yarğılanır. Özünün dediyi kimi, islama olan inancını itirdikdən sonra müftiliyi buraxır. Bir müddət sonra tanrı inancının da gerçəkliyi əks etdirmədiyi qənaətinə gəlir.

Bir dostunun təklifi ilə TRT-də prodüsserlik imtahanlarına qatılır, uğur qazanır və dini yayınlara prodüserlik etməyə başlayır.

İnancındakı sarsıntı və düşündüyünü ifadə etmək cəsarəti səbəbindən dinə qarşı fikirlərini açıq şəkildə bəyan edir, “Quran”, hədislər və dinlər tarixinin rasional təhlilinə başlayır. 1987-ci ildə Pərincəklə tanış olur və onun təklifi ilə "2000-ə doğru" dərgisində yazmağa başlayır. Bir çox kitabları türk dilinə çevirir, dünyada ilk dəfə “Quran” ensiklopediyasını hazırlayır, həmçinin öz kitablarını çapa hazırlayır.

1990-cı il sentyabrın 4-də səhər işə gedərkən evinin önündə qətlə yetirilir.

4 il sonra "İslami Hərəkat Örgütü" adlı təşkilatın qətlin törədicisi olduğu bəyan edilir. Ələ keçən cinayətkarlar qətli "dini və peyğəmbəri təhqir etməsi, müqəddəs kitabı alçaltması"na görə törətdiklərini bildirirlər.

Turan Dursun qələmindən seçmələr

Bir neçə həftə öncədən başlayaraq Türkiyəli din alimi Turan Dursunun yazılarını çap edirik. Dini fikirləri ilə, yazdığı kitablarla, sübutları ilə Türkiyədə fikir tarixinə öz adını ölümü ilə yazdıran Turan Dursunun sizə təqdim etdiyimiz növbəti elmi məqaləsini sona qədər izləməyinizi xahiş edirik. Ötən saylarımızı buraxan oxucularımız üçün qeyd edək ki, Turan Dursun uzun zaman axundulq edib. Ancaq öz yazdığına görə, səmavi kitabların hamısını oxuduqdan sonra düşüncələri dəyişib. Həqiqət carçısı 1990-cı il 4 sentyabr tarixində yaşadığı evin qarşısında dini qruplar tərəfindən silahla qətlə yetirilib.

Quranın orjinal olması mümkün deyil

• Quranın ilk orijinalı kiçik daşlar, dəri, ağac parçası, sümük kimi müxtəlif obyektlərə yazılı idi. Yandırıldı.

• Quranın ikinci orijinalı: Əbubəkr dövründə edilən yığmadır və yandırılıb.

• Quranın üçüncü orijinalı: Osman dövründə yaradılan "əlyazmalar". Bunlardan da dünyanın heç bir yerində yoxdur.

Araşdırmalar göstərir ki, "Quran"ın nə "eyni ilə nə də "hamısı" əlimizdəki Qurandadır. Xəlifə Mərvan öz səbəbini belə açıqlayır:

"Onda yazılı olanlar, Osman tərəfindən yazdırılan Müqəddəs kitablara keçib. Artıq ona gərək qalmayıb. Yandırılıb yox edilməsəydi, zamanla şübhələrə yol açıla bilər, ordan bəhrələnərək yazılan Müqəddəs kitablar ətrafındakı şübhələr qarşısı alınmaz ola bilərdi. Bundan qorxdum, o səbəblə yandırtdım. "(Kaynak: ıb Əbi Davud, Leiden 1937, yay., s. 243-Suphi əs-Saleh Mebahis Fi ulum-el Quran).

Quran necə yığıldı?

Quran ayələri bu günki forması ilə yazılı bir kitabda deyildi. Hədislərdə göstərilir ki, peyğəmbərə vəhy olan ayələr müxtəlif obyektlər üzərinə yazılı və dağınıq vəziyyətdə idi. Ayələr "Lihaf" (kiçik daşlar), "Rıka" (dəri ağac yarpağı, bir növ kağız), "Ektaf" (dəvə və qoyun sümükləri), "Usub" (agaç parçası) kimi obyektlərə yazılmışdı. İtib getməsin deyə, bütününü bir araya gətirməyə ilk dəfə xəlifə Əbubəkr dövründə ehtiyac duyuldu və bu səylər reallaşdırıldı. Bir köçürmə də, "bunların hamısının peyğəmbərin evində, bir yerdə olduğu və dağınıqkən bir araya gətirib, içindən azalan olmasın deyə ortasından iplə bağlanmış olduğu" da açıqlanır.

Buxarinin yer verdiyi bir hadisə görə: "Dindən dönmə" (ridde) olayları və bu olaylar səbəbiylə döyüşlər olurdu. Quranı əzbər bilən hafizlərin bir qismi ölmüşdü. Ölənlərin sayı arta bilərdi, bunların hamısı ölüb getmədən Quranın orda-burda yazılı olan ayələri yığılmalı, bütün bir kitab halına gətirilməli idi. Xəttaboğlu Ömər vəziyyəti və mövzunun əhəmiyyətini Xəlifə Əbubəkrə izah etdi. Ayələrin yığılmasını təklif etdi. Xəlifə başlanğıcda bu fikirlə elə də razı deyildi.

"Peyğəmbərin etmədiyi şeyi etmək necə doğru ola bilərdi," deyə düşünürdü. Ömər müqavimət göstərdi və təklifini qəbul etdirdi. İşin reallaşması üçün də Zeyd İbn Sabitə tapşırıq verildi. Əbubəkr mənə (Zeyd ibn Sabitə - red.) “Sən ağıllı bir gəncsən. Peyğəmbərə vəhylərini yazdığın üçün bunu da bacaracağına güvənirəm. Araşdır və Quran ayələrini yığ” dedi. Allaha and içərək söyləyərəm ki, dağlardan bir dağı yükləyib daşımağı təklif etsəydi, verdiyi tapşırıq qədər çətin olmazdı. Yəni Quranı yığmaq qədər", deyir. Amma sonda tapşırığını qəbul etdiyini söyləyir və işi necə etdiyini bu cür nəql edir:

"Quran ayələrini yığmağa başladım. Xurma budaqlarından, kiçik daşlardan və Hafizlərin əzbərlərindən izləyib yığdım. İşin sonunda, Tövbə (Bəraət) surəsinin sonunu, Əbu Huzeymetul-Ənsari də tapdım. Başqasında tapa bilməmişdim bu hissəni”. Zeyd, bu parçanın Tövbə Surəsinin sonundakı ayələri (128 və 129-cu ayələri) meydana gətirdiyini açıqlayırdı. Beləcə Zeyd, Quran ayələrini yığma işini edərkən iki qaynağa müraciət etməkdə idi: ayələrin yazılı olduğu obyektlər (ağaclar, daşlar) və əzbər bilənlərin yaddaşları.

Əbubəkr dövründə yazılan Quran üçün müraciət edilən əzbərçilərin başqa deyimlə hafizlərin sayı müsəlmanlar arasında mübahisəlidir. O dövrə bağlı qaynaqlardan Buxarinin "es-sahihi"ndə yer alan üç hədisdən aydın olduğu qədəriylə Quranın bütününü əzbərləyənlərin ən yaxşı halda 7 adam olduğu qəbul edilə bilər. Eyni zamanda, peyğəmbər dövründəki "hafiz"lərin, yəni Quranı tamamilə əzbərləmiş olanların sayı çox az idi. Buxarinin "es-sahih"ində keçən hədis belədir:

Birinci hədis. Əmr İbnul-Ass izah edir: peyğəmbərin "Quranı dörd adamdan alın, Abdullah İbn Məsuddan, Salamdan, Muazdan və Übeyy İbn Kəbdən" dediyini eşitdim. (Buxari, “Fadailul-Kuran” 8-ci bölnə)

İkinci hədis. Ənəs izah edir: "Peyğəmbər öləndə, dörd adamdan başqa Quranı tamamilə əzbərləmiş olan yox idi. Ebul-Derda, Muaz İbn Cəbəl, Zeyd İbn Sabit və Əbu Zeyd." (Buxari)

Üçüncü hədis. “Malik oğlu Ənəsə, peyğəmbər dövründə, Quranı tamamilə əzbərləyənlər kimlərdir”, deyə soruşdum. Bu cavabı verdi: “Dörd adam. Hamısı Mədinəli olan, Übeyy İbn Kəb, Muaz İbn Cəbəl, Zeyd İbn Sabit və Əbu Zeyd.” (Buxari eyni yer, Müslim 2465-ci hədis.)

Bu hədislərdə adları yazılı olanları yığdığımız zaman peyğəmbər dövründə Quranı tamamilə əzbərləmiş olanların sayı 7 idi demək lazımdır: İbn Məsud (Birinci hədisdə), Salam (birinci hədisdə), Muaz İbn Cebel (birinci, ikinci və üçüncü hədisdə.) İslam alimləri bu hədislərdəki şərhlərin "dinsizlərin işinə yaradığını" irəli sürürlər. Süyuti, Əl İtkan, Misir 1978, cild. 1, səhifə. 94, sətir 13.) Əl İtkandan başqalarının da Quranı əzbərləmiş olması həmin adamarın adları ilə açıqlanır. Amma bu adları sayılanlardan bəzilərini, Quranı bütün əzbərləmə işini peyğəmbərin ölümündən sonra bitirdiklərini açıqlamaqdadır. (Əl İtkan, 95-96.)

Zeyd İbn Sabit, hər hansı bir hissəni Qurana salmaq üçün "iki şahid" şərti qoymuşdu. Ancaq bir şahidlə Qurana salmağı vacib bildiyi və keçirdiyi hissələr də var. Məsələn, Ube Huzeymədə tapdığı və Tövbə Surəsinin son iki ayəsini meydana gətirən hissə belə idi.

Quranı yığma və yazma işi bir il davam edir. Bu işə girişəndə Ömər ilə Zeyd, məscidin qapısında oturub, hər kəsin peyğəmbərdən ayə olaraq əldə etdiyi nə varsa gətirməsini istəmişdilər. Bacarılan iş, qaynaqlarda belə bildirilir: Quran ayələrinin, surələrinin olduğu iki qapaqlı bir kitab. Yığılıb yazılan səhifələr, ölənə qədər Əbubəkrin yanında qaldı, sonra Ömərin (xəlifə) yanında saxlanıldı. O da ölüncə, qızı Həfsəyə verildi.

Quran ikinci dəfə yığılır:

Buxari də iştirak edən bir hədisdə deyilir: Ərməniyyə və Azərbaycanı ələ keçirmək üçün döyüş gedirdi. Huzeyfə, İbnu'l-Yeman, Xəlifə Osmanın yanına gəldilər. Müsəlmanların oxuduqlarının Quranlardakılarla bir-birinə uyğun gəlməməsindən şikayətləndilər. "Əmirəl-möminin! Bu ümmət, özündən əvvəlki yəhudi və xristianların dinlərində olduğu kimi ziddiyyətlə rastlaşıb”! Bundan sonra Osman, başqa Quran nüsxələri yazıb gətirmək üçün adam göndərdi və özündə olan səhifələri (yəni Əbubəkr dövründə yazılan kitabı) göndərməsini də istədi. "İş bitincə sənə geri göndərərəm" dedi. Hafsə də o səhifələri Osmana göndərdi. Osman dərhal Zeyd İbn Sabitə, Abdullah İbn Zübeyrə, Sad Ibnulasa və Hişam oğlu Əbdürrəhmana göstərişini verdi. Onlar da Hafsadan gətiriləndən götürüb, Quran nüsxələrini meydana gətirdilər. Osman heyətdəki üç adama bunları söylədi:

Zeyd ilə, Qurandan hər hansı bir hissədə anlaşılmazlıq olan zaman, mübahisəli olan parçanı Qureyş dili ilə yazın. Çünki Quran yalnız Qureyş dili ilə nazil olub."

Onlar da bu tapşırığı yerinə yetirdilər. Sonda səhifələrdən Quran nüsxələri meydana gətirib işi bitirəndə Osman, bəhs olunan səhifələri (Hafsadan gətirilənləri) geri göndərdi. Yeni nüsxələrin də hər bir yerə göndərilməsi göstərişini verdi. Bunların xaricində qalan hər bir Quran səhifəsini ya da Müqəddəs kitabı buyurub yandırtdı. (Baxın. Buxari, əs- Səhih, Kitabı Fedailil-Quran/3.) Buxarinin özünə izah edilən vəziyyətlərdən və "Qureyşli olanlarla olmayanlar arasında" meydana çıxacaq anlaşılmazlığın həlli yollarından aydın olur ki, Quran nüsxələri yığılarkən Hafsadakı Müqəddəs kitabdan istifadə etmək nəzərdə tutulmayıb. Bu qədər sübutlardan sonra düşünmək sizə qalır.

(ardı var)

Türkcədən uyğunlaşdıran:

Tural Qurbanlı

http://almaqezeti.com/index.php?mod=view&id=5983






Yüklə 62,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin