ALLAHDAN NUR ALMIŞ İNSAN
Şəhid Əbdülhüseyn Burunsinin yaxınlarının və döyüş yoldaşlarının xatirələri
Qələmə alan: Səid Akif
Bu kitab indiyə qədər müxtəlif dillərdə 207 dəfə çap olunmuşdur.
Kitаbın аdı:..........Allahdan nur almış insan
Müәllif:........................ Behnaz Zərrabizadə
Tәrcümә еdәn:................Zəhra Hüseynzadə
Çаp tаriхi:...............................................2018
Çаp növbәsi:.......................................Birinci
Tirаj:.......................................................1000
Издательство «Свет»
Типография «Махаон», 2018
ISBN 7-18-000520-4
«Artıq bir neçə ildir müharibə qəhrəmanları haqda kitablar yazılır. Mən də bu kitablara müştəriyəm, alıb oxuyuram. Bu insanların bəzisini özüm yaxından tanıyırdım; barələrində yazılanlar doğru və çox təsirlidir. Bu böyük şəxsiyyətlərin bəzisi hətta fəhləlikdən cəbhəyə getmiş adamlardır. Usta Əbdülhüseyn Burunsi inqilabdan qabaq bir bənna idi, bəndənizlə əlaqəsi də vardı. Onun həyatını yazmışlar. Mən tövsiyə edirəm və həqiqətən, çox istəyirəm ki, onu oxuyasınız. Kitabın adı “Kuşkun yumşaq torpağı”dır, həm də gözəl yazılıb.»
Böyük Rəhbər Ayətullah Seyid Əli Xamenei
Rejissor və prodüsserlərlə görüşdə çıxışından, 16.06.2006
Allahdan nur almış insana mələklər, əlbəttə, səcdə edərlər!
Şəhid Burunsi bir neçə gün öncədən Bədr əməliyyatında şəhid olacağını dəfələrlə demişdi. Bəzən çox əminliklə danışır, «bu əməliyyatda şəhid olmasam, müsəlmanlığıma şübhə edin» deyirdi. Hətta bəzi yoldaşlarına şəhid olacağı yeri və zamanı da söyləmişdi. Bir neçə gündən sonra elə də oldu.
Şəhid Burunsinin həyatında belə heyrətamiz məqamlar çoxdur. Bizi bu böyük insanın həyatını yazmağa vadar edən də onun müxtəlif sahələrdə belə böyük uğurlarıdır.
O, sadə bir bənna idi. İnqilabdan öncə İslam yolunda çoxlu zəhmətlər çəkmiş, işgəncələr görmüşdür. İnqilabdan sonra isə inkişafına şərait yaranır, elə ləyaqətlə çıxış edir ki, adı dillər əzbəri olur, imperialist dairələri narahat edir, küfr öndərləri onun başına mükafat təyin edirlər.
Bir bənnanın belə müvəffəqiyyətinin səbəbi isə Haqq-Taala qarşısında qeyd-şərtsiz bəndəliyidir.
İmam Mehdinin (ə) müqəddəs vücuduna mütləq təslimçiliyi, ixlaslı və sədaqətli itaətkarlığı o həzrətin və məsum Əhli-beytin (ə) lütfünü cəlb edir və nəticədə bəlli möhtəşəmliklər ərsəyə gəlir.
Küfr və nifaq cəbhəsi anlamayıb, hələ də anlamır ki, müqəddəs İslam Respublikası quruluşu tükənməz qüdrət tərəfindən sığortalanıb, düşmənlərin bütün hiylə və planları bunun sayəsində iflasa uğrayıb.
Bu kitab rəşadətli İslam sərkərdəsi Şəhid Hacı Əbdülhüseyn Burunsinin qəhrəmanlıq dolu həyatını qələmə almaqla yanaşı, həm də bu vacib mesajı ötürür:
Dünyanın müxtəlif yerlərində həqiqi Əhli-beyt (ə) davamçıları var olduqca, dini və mənəviyyatı məhv etmək ideyası iflasa məhkum bir düşüncə olaraq qalacaqdır!
Bir gün Əhvazda ordunun 92-ci diviziyasında Şəhid Əbdülhüseyn Burunsinin şəklini gördüm. Onunla tanışlığım belə başlandı. Canlı şəkil idi, sanki adamla danışırdı, üzündə mənəviyyat və əbədilik cizgiləri vardı. Əlbəttə, hər şəkil belə olmur. Şəklin altından iri hərflərlə yazılmışdı: «İslam ordusunun qəhrəman sərkərdəsi, İmam Cavad (ə) briqadasının komandiri Şəhid Hacı Əbdülhüseyn Burunsi». Elə oradaca döyüşçü dostlarımın biri Şəhid Burunsinin bənna olduğunu, həzrət Fatimeyi-Zəhranın (ə) şəhid olacağı yeri və zamanı ona bildirdiyini söylədi. Şəhid Burunsinin məsum Əhli-beyt (ə) yanındakı məqamını, məsumlara sonsuz sevgi və hörmətini biləndən sonra məndə onun həyatını qələmə almağa maraq yarandı. Allahın köməyi ilə əvvəlcə «Alov içində rəqs» romanını, sonra isə «Kuşkun yumşaq torpağı» (Allahdan nur almış insana) kitabını qələmə aldım və beləliklə, müqəddəs müdafiə dövrünün sirlərini araşdırmağa başladım.
Səid Akif
Həyatı
1942-ci ildə Heydəriyyə türbəsi rayonunun Gülbu kəndində dünyaya göz açdı. Qəşəng adı sanki «Mən sizin Rəbbiniz deyiləmmi?!» sualına səmimi və sədaqətli cavabından irəli gəlirdi: Əbdülhüseyn.
Küfr və tağuta qarşı mübarizə həvəsi elə uşaqlığından canına hopur. Dördüncü sinifdə oxuyarkən şah tərəfdarı olan müəllimin əməllərindən və məktəbin qeyri-münasib şəraitindən bezib təhsili buraxır. 1962-ci ildə hərbi xidmətə çağırılır, dini inanclara əməl etdiyinə görə elə əvvəldən tağut rejiminin zabitləri tərəfindən təhqir və təzyiqlərə məruz qalır.
1968-ci il onun evlənmə tarixidir. O, bu mühüm işdən ötrü dindar və ruhani bir ailəni seçir və bu, onun ölkəyə hakim olan tağut sisteminə qarşı yorulmaz mübarizəsi üçün yeni başlanğıc olur. Həmin il Pəhləvi rejiminin torpaq islahatları kimi bəzi siyasətlərinə etirazları pik həddə çatır, ailəsi ilə birgə müqəddəs Məşhəd şəhərinə köçür. Bu şəhərdə onun həyatının yeni dönəmi başlayır.
Bir müddətdən sonra müqəddəs məqsədlə ağır bənnalıq işinə başlayır, eyni zamanda hövzə dərslərini də oxuyur. Sonralar tağut əleyhinə mübarizə güclənir, dəfələrlə həbs edilir, SAVAK tərəfindən vəhşicəsinə işgəncələrə məruz qalır, sonra möhtəşəm İslam inqilabı qələbə çalır və o, Sepaha – İslam İnqilabının Keşikçilər Korpusuna qoşulmaqla dini təhsildən qalır.
Məcburi müharibənin başladığı ilk günlərdə cəbhəyə yollanır. Bu dövr onun həyatında başqa bir qızıl dönəmə çevrilir.
Göstərdiyi xidmət və qəhrəmanlıqlara görə ona müxtəlif vəzifələr verilir. Xeybər əməliyyatından öncə İmam Cavad (ə) briqadasının komandiri təyin olunur və bu onun sonuncu vəzifəsi olur.
Bədr əməliyyatında böyük fədakarlıqdan sonra şəhadət şərbətini içir.
Bu qəhrəman komandirin şəhadət tarixi 14 yanvar 1985-ci ildir. Özünün də arzuladığı kimi, pak cənazəsi itkin düşür və 29.04.1985 tarixində müqəddəs Məşhəd şəhərində simvolik olaraq dəfn edilir.
Dostları ilə paylaş: |