Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova


Teatr tamaşaları, musiqili komediya, operetta, milli xalq oyunlarının adları



Yüklə 0,99 Mb.
səhifə53/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   49   50   51   52   53   54   55   56   ...   103
Teatr tamaşaları, musiqili komediya, operetta, milli xalq oyunlarının adları. Azərbaycan teatrının əsası 1873-cü ilin mart ayında Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası ilə qoyulmuşdur. Ədib öncə əsəri “Hekayəti-vəziri-xan Sərab” adlandırıbmış. Ancaq əsərdə dəniz qırağında olan şəhərdən söhbət getdiyindən və İranın Sərab şəhəri də dəniz qırağında yerləşmədiyindən dramaturq sonradan Sərab adını Lənkəran adı ilə əvəzləmişdir. Əsərin mövzüsu Azərbaycanda xanlıqlar dövründən alınmışdır. Komediyada gülüş hədəfi Lənkəran xanı və onun vəziri Mirzə Həbib olduğundan əsər də bu cür adlanıb. Ümumiyyətlə, XIX əsrdən başlayaraq teatr sahəsi sürətlə inkişaf etməyə başladı. Bir çox ədiblərimizin əsərləri tamaşaya qoyuldu. Teatrimizin formalaşmağında M.F.Axundovun, C.Məmmədquluzadənin, N. B. Vəzirovun, S.Rəhmanın, C. Cabbarlının, H.Cavidin, İ. Əfəndiyevin, B.Vahabzadənin və başqalarının əsərləri mühüm rol oynadı.

Milli mədəniyyətimizin və dünyagörüşümüzün dərindən öyrənilməsi üçün milli oyunların toplanması və araşdırılması vacib məsələlərdəndir. Son dövrlərdə aparılan etnoqrafik, linqvistik və tarixi araşdırmalar nəticəsində yüzlərlə oyun, onların icra xüsusiyyətləri, yayılma arealı, sanamalar və s. üzə çıxarılmış və icra məkanı qismən dəqiqləşdirilmişdir. Onu da qeyd edək ki, oyunlar, ümumiyyətlə, bütün bölgələr üçün bu və ya digər fərqlərlə xarakterik olsalar da, icra mexanizmi təxminən eynidir [100, s.172]. Milli xalq oyunlarının adları da onomastikada ideonimlər başlığı altında öyrənilir. Məsələn, “Kosa-kosa”, “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş”, “Hadı, hudu ”, “Şah oyunu”, “Kilimarası”, “Şah Səlim”, “Hacə gəldi”, “Keçəl pəhlivan”, “Kosa gəlin”, “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş”, “Xəsis”, “Xıdır Nəbi”, “Bir nökər”,“Aşna”, “Yalançı pəhləvan” , “Ortaoyunu” və s.

Xalq oyunlarından biri Ortaoyunudur. Xalq içərisində “Ortaoyunu” oynalılan zaman meydanda tamaşaçılara məxsus çadırlar qurulurdu. Camaat ortaya toplaşırdı, oyun çadırın ortasında boş qalan yerdə göstərilirdi. Bir tərəfdə zurna, qaval və züydən ibarət musiqi üçlüyü çalırdı. Peşəkar “Ortaoyun”nun da əsas ağırlığı bir nəfərin üzərinə düşürdü. Onun vəzifəsi həm oyunu, həm də oyunçuları idarə etməkdən ibarət idi. O hamıdan əvvəl meydana girər, oyunu açardı. Ortaya çıxan bütün oyunçular gəlib onunla görüşər, o da hər birinə lazımı cavablar verər, oyunun başlamasını, gedişini və sonunu təmin edərdi [69, s. 65].

Uşaqlar arasında ən çox sevilən oyunlardan biri Gizlənpaçdır. Oyunun mahiyyəti ondan ibarətdir ki, bir nəfər gözlərini yumur, müəyyən həddə qədər sayır, digər oyunçular qaçıb gizlənirlər. Sonra gözlərini yuman şəxs gözlərini açır və bir-bir gizlənən uşaqları tapır. Fikrət Xalıqov bu oyun haqda yazır: //Gizdinpaç //Gizdirinpaç //Gizdinqaç //Gizdilinqoç //Gizlənqaç //Gizdənqaç//Gizdirinqaç formalarda qeydə alınan uşaq oyunu daha geniş yayılmışdır. Oyunun yuxarıdakı sadalanan variantları içərisində Gizlənpaç adınının daha məntiqə uyğun olduğunu göstərir və bu cür izah edir. “Gizlən” və “paç” hissələrindən ibarət leksik vahidin ikinci tərəfi heç bir məna vermir. Onu da qeyd edək ki, həmin oyunun adı Şəki dialektində Yeşinbaci, Yeşinbobaş formalarında ifadə edilir. Göstərilən dialektdə yeşinmək sözü “gizlənmək” mənasında işlək leksik vahiddir. Sözün ikinci tərəfi olan bac//paç hissəciyi dialekt xüsusiyyəti əsasında tələffüz formasıdır. Belə olan halda, paç//paçi//baci hissəciyinin vaxtilə işlək leksik vahid olduğunu güman etmək olar. İstər dialektoloji, istərsə də türk dillərinin digər tarixi lüğətlərində hissəciyin əlamətlərinə rast gəlinmir [64, s.173]. Fikrimizcə, oyunun əsl adı “Gizlənqaç”dır. Çünki, oyunun tarixi çox da qədimə gedib çıxmır. Ona görə də sözün ikinci komponentinin başqa variantlardan dəyişərək paç formasına düşməsi ağlabatan deyil və eyni zamanda fikir dolaşıqlığına gətirib çıxarır. Oyunun adında onun mahiyyəti öz əksini tapır.

Qədim xalq oyunlarımızdan biri də “Kilimarası”dır. Kilimarası Azərbaycanda kukla tamaşasının adıdır. “Kilimarası” oyununu idarə edən şəxs eyni vaxtda dörd kuklanı barmaqları və dizləri ilə idarə edirdi. Həmin şəxs kilim arasına uzanırdı, onun iki nəfər köməkçisi isə kilimin yan tərəfindən tutub tarım saxlayırdılar. Kilimin həmin hissəsi tamaşaçının ifaçını görməsinə mane olurdu. Elə buna görə də – ifaçının kilim arasında uzanıb kukla oynatdığına və kuklaların kilim arasından çıxdığına görə-bu oyuna “Kilimarası“deyərdilər [69, s. 55].


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin