Ağ tutun müalicəvi xassələri. Xalq təbabətində kal tut meyvəsindən hazırlanan sulu tinkturadan və şərbətdən ishala qarşı istifadə olunur. Əksinə, yetişmiş meyvələri zəif yumşaldıcı xassəyə malikdir. Ağ tutun şirəsi və nastoyundan bəlğəmgətirici, tərlədici və sidikqovucu vasitə kimi istifadə edilir. Ağ tut ürəyin miokardio- distrofiyasında və ürək qüsurlarında tətbiq olunur. Xəstələrə gündə 4-5 dəfə yeməkdən sonra 200-250 q yetişmiş tut verilir. 3-4 həftəlik müalicədən sonra xəstələrin ürəyindəki ağrılar keçir, ürəyin fəaliyyəti yaxşılaşır, təngnəfəslik azalır və iş qabiliyyəti bərpa edilir.
Xalq təbabətində tut ağacının budaqlarının qabığından hazırlanan tozvarı məhsuldan 1:30 nisbətində bitki yağında məlhəm (maz) hazırlanıb yaraların, kəsiklərin və dəri sıyrıntılarının müalicəsində istifadə olunur. Bəzən tut ağacının qabığından hazırlanan həlimdən hipertoniya və ürək-damar xəstəliklərində istifadə olunur.
Çin xalq təbabətində tut qabığı diabet xəstəliyinin müalicəsi üçün nəzərdə tutulan yığımın tərkibinə daxildir. Belə yığımlardan hazırlanan çay, ilk dövrdə qanda şəkərin miqdarını azaldır, lakin diabetin tam müalicəsində etibarlı deyildir. Qərbi Avropada və Balkanlarda tut meyvəsindən şəkərli diabetə qarşı istifadə edilir. Tut yarpaqlarından hazırlanmış həlim qanda şəkərin miqdarını azaldır və xəstənin əhvalını yaxşılaşdırır. Tutun antibiotik xassəsi onun tərkibində olan B2 vitamini ilə əlaqədardır, çünki bu vitamin toxumalardakı qlükozanı fiksasiya etməyə qadirdir. Lakin tutun antibiotik xassələrindən əlavə müalicə vasitəsi kimi də istifadə etmək lazımdır.
Tut yarpaqlarından alınan xüsusi biostimulyator fomidol revmatizmdə, dəri vərəmində, ekzemada və digər xəstəliklərdə istifadə olunur. Yaponiyada tut ağacının çiçəklərindən xüsusi emalla hazırlanmış kosmetik kremdən üzdəki çillərin, ləkələrin və dəridəki sızanaqların müalicəsində istifadə edirlər.
Ağ tut qurusu olduqca qidalıdır. Tutdan bəkməz (doşab), riçal, sirkə hazırlanır və bir çox yerlərdə tut arağı çəkilir. Ağ tut qarın xəstəliklərində, ümumi zəifliyə və ürək xəstəliklərinə qarşı müalicəvi vasitədir.
Tutun xalq təsərrüfatında əhəmiyyəti, əsasən ondan ibarətdir ki, onun yarpaqları ilə bəslənilən baramadan yüksəkkeyfiyyətli ipək lif alınır və bu da toxuculuq sənayesi üçün qiymətli xammal hesab edilir.
Dostları ilə paylaş: |