Müəlliflik hüququ qorunur və kitabın
icazəsiz nəşr olunması qadağandır
© Əhməd-Cabir - 2014
Ö N S Ö Z
Bitki mənşəli məhsullar insanların gündəlik qidasında istifadə olunan əvəzsiz ərzaq məhsullarıdır. Bəzi ölkələrdə əhali əsasən bitki mənşəli məhsullarla qidalanır. Meyvə-tərəvəzlər və digər bitki mənşəli məhsullar insan orqanizminin mineral maddələr və vitaminlərlə təmin olunmasında mühüm yer tutur. Lakin bitki mənşəli məhsullardan səmərəli istifadə edildikdə onlar orqanizmi karbohidrat, yağ və aminturşular ilə zəngin olan zülallarla da təmin edə bilər. Əlbəttə, yalnız bitki mənşəli zülallarla orqanizmi balanslaşdırılmış zülal və yağla təmin etmək üçün bir qədər çox meyvə-tərəvəz yeyilməlidir. Bu isə bəzən gündəlik qidalanmada çətinlik yaradır. Lakin biz əsas məqamı qeyd etməliyik ki, gündəlik qidalanmada daha çox bitki mənşəli məhsullardan istifadə edənlər daha az xəstələnir və uzun ömür sürürlər.
Bitki mənşəli məhsulların tərkibində orqanizmdə asan mənimsənilən karbohidratlar, o cümlədən şəkərlər və nişasta vardır. Üzvi maddələrdən üzvi turşular, aşı və boya maddələri, pektin maddələri, ətirli maddələr və digər bioloji fəal maddələr vardır. Bitki mənşəli məhsulların kimyəvi tərkibi bitkinin növündən və sortundan, yetişmə dərəcəsindən və yığılma müddətindən, torpaq-iqlim şəraitindən, emalından, saxlanılma üsullarından və müddətindən çox asılıdır.
Bitki mənşəli məhsulların istehsalının mövsümi xarakter daşımasına baxmayaraq, bunlar ilboyu gündəlik qidanın tərkibinə daxil olmalıdır. Odur ki, ilin bütün mövsümlərində lazımi qədər meyvə-tərəvəz istifadə edə bilmək üçün onlar müxtəlif üsullarla konservləşdirilir.
Yeyilən bitkilərin müalicəvi xassələri qədimdən məlumdur. Elmin inkişafı ilə bu məlumatlar, bitkilərin elmi metodlarla tədqiq olunması ilə daha da dəqiqləşdirilmişdir. Bitkilərin kimyəvi tərkibinin öyrənilməsi bu məhsullardan sağlamlığın qorunması və müalicəsində daha geniş istifadə edilməsinə səbəb olmuşdur. Eyni zamanda, bitkilərin meyvəsindən qida kimi istifadə edilməklə yanaşı, digər orqanlarından da (çiçəyi, yarpağı, qabığı, kökü) da müalicəvi məqsədlərlə istifadə etməyin üsulları öyrənilmişdir.
Bu kitab gündəlik qidamızda istifadə etdiyimiz mədəni və yabanı bitkilərin müalicəvi və pəhrizi xassələrinin izahına həsr olunmuşdur. Kitabda yeyilən bitkilərin kimyəvi tərkibi ətraflı izah edilir. Ayrı-ayrı kimyəvi maddələrin insan orqanizminə təsiri, pəhrizi və müalicəvi əhəmiyyətindən danışılır. Eyni zamanda, bitki mənşəli məhsullardan ev şəraitində müxtəlif müalicəvi preparatların hazırlanması üsulları qısa və anlaşılan dildə izah olunur.
Müasir dövrdə bitki mənşəli məhsulların kimyəvi tərkibinə və keyfiyyətinə ekoloji amillər də təsir göstərir. Odur ki, bu məhsullardan istifadə edərkən onların zərərsizlik göstəriciləri mütləq nəzərə alınmalıdır və bunlar sağlamlığın qorunmasında mühüm əhəmiyyət kəsb edir. Bitki mənşəli məhsullarda olan ağır (toksiki) metalların, pestisidlərin, radionuklidlərin, digər zərərli maddələrin miqdarının müəyyən edilməsi və onların mikrobioloji göstəricilərinin tibbi-bioloji təlimata (TBT) uyğun olması daim nəzarət altında saxlanılmalıdır.
Kitabda yeyilən bitkilərin tərkibi, pəhrizi və müalicəvi xüsusiyyətləri təsnifat formasında və hər qrup daxilində əlifba sırası ilə verilmişdir. Burada dənli və paxlalı bitkilərin, meyvə və giləmeyvələrin, qozmeyvəlilərin, sitrus, subtropik və tropik meyvələrin, tərəvəzlərin, ətirli-ədviyyəli bitkilərin və tonusqaldırıcı bitkilərin ayrı-ayrılıqda xüsusiyyətləri izah edilmişdir.
Kitabdan istifadəni asanlaşdırmaq məqsədilə sonda yeyilən bitkilərin əlifba-ad göstəricisi tərtib edilmişdir.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabın yazılmasında mövcud ədəbiyyatlardan və müəllifin özünün tədqiqat işlərinin nəticələrindən istifadə edilərək 200-dən çox yeyilən bitki məhsullarının xarakteristikası, o cümlədən botaniki adı, mənşəyi, vətəni, kimyəvi tərkibi, müalicəvi və pəhriz qidası kimi istifadə qaydaları haqqında ətraflı məlumat verilir.
Kitabın əlyazmasının nəşrə hazırlanmasında etdikləri köməyə görə müəllif «Ərzaq malları əmtəəşünaslığı və ekspertizası» kafedrasının əməkdaşlarına və xüsusən kafedranın laborantı Namazova Afaq Vəlixan qızına qabaqcadan öz minnətdarlığını bildirir.
Kitab haqqında rəy və təkliflərinizi ADIU-nun «Ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası» kafedrasına göndərməyiniz xahiş olunur.
Dostları ilə paylaş: |