SİTRUS, SUBTROPİK VƏ TROPİK MEYVƏLƏR
Subtropik və tropik meyvələr bir sıra bioloji xüsusiyyətlərə malikdir və xüsusi becərilmə tələb etdiyindən, heç də bunların hamısı respublikamızda əkilib-becərilmir. Ona görə də bu qrupa aid olan tropik meyvələrin əksəriyyəti ölkəmizə xaricdən gətirilir. Lakin Azərbaycanın torpaq-iqlim şəraiti burada bir çox sitrus və subtropik meyvələrin əkilib-becərilməsinə imkan verir.
Bu meyvələr zəngin tərkibə malik olduğundan müxtəlif məqsədlər üçün istifadə olunur. Bu meyvələrin tərkibində insan orqanizmi üçün vacib olan vitaminlər və bioloji fəal maddələr olduğundan, əsasən təzə halda və şirə kimi istifadə olunur. Bəzi subtropik və tropik meyvələr qurudulmuş halda (xurma, əncir) daha uzun müddət saxlanıla bilir və ilin bütün vaxtlarında istehlak edilir. Subtropik və tropik meyvələrin tərkibində vitaminlərlə yanaşı nisbətən çox miqdarda üzvi turşular, efir yağları, qlükozidlər, fitonsidlər, alkaloidlər və s. maddələr də vardır.
Bu meyvələr pəhriz-müalicəvi qidalanmada geniş istifadə olunur. Lakin bu bitkilərin becərildiyi ölkələrdə onun meyvəsindən müalicəvi məqsədlə az istifadə olunur. Onlar subtropik və tropik bitkilərin yarpaqlarını, qabığını və digər orqanlarını tədarük edir və müalicəvi məqsədlə istifadə edirlər. Bəzi sitrus və subtropik meyvələr əczaçılıq təcrübəsində geniş tətbiq olunur.
Sitrus meyvələrinə limon, narıngi, portağal, qreypfurt, kumkvat, kivi aiddir.
Subtropik meyvələrə nar, əncir, xurma, zeytun, feyxoa, innab, iydə, tut aiddir.
Tropik meyvələrə isə banan, ananas, Iran xurması, manqo, avakado, liçi, papayya, çörək ağacı və s. aiddir. Biz bu bitkilərin izahını əlifba sırası ilə veririk.
Dostları ilə paylaş: |