Dəniz kələmi – Морская капуста – Laminaria saccharina Lamour. Dəniz kələmi Laminariya (Laminariaceae) fəsiləsinə mənsub boz rəngli, suda bitən, uzunluğu 1-dən 12 m-dək olan lentşəkilli təbəqəli lövhələr kimi kökləri ilə dənizin dibinə möhkəm bitişmiş olur.
Dəniz kələminin ən çox ehtiyatı Qara dənizdə, Şimal və Uzaq Şərq dənizlərindədir. Dəniz kələmini qayıqlarla 4-6 m dərinlikdən xüsusi avar kürəklərinə oxşar taxtalarla tədarük edirlər.
Dəniz kələminin tərkibində 6% zülal, 40%-ə qədər polişəkər laminarin və manit, 7% sellüloza və alqinatlar (alqin turşusunun duzları) vardır. Dəniz kələminin tərkibində çoxlu yod var. 1 kq qurudulmuş dəniz kələmində 250 mq yod, bəzi növlərində 0,75%-ə qədər yod vardır. Dəniz kələmində A, B1, B2, B6, B12, D və 470 mq/kq C vitamini var. Minerallı maddələrdən brom, kalium, mis, arsen, fosfor və s. daha çoxdur.
Yaponiyada dəniz kələmindən müxtəlif məhsullar hazırlanır. Yarpaqşəkilli dəniz kələmini zəif sirkədə islatdıqda yumşalır və xüsusi ətir kəsb edir. Dəniz kələmi quruduqdan sonra iti bıçaqla nazik doğranır, üzərinə şəkər əlavə edilib lavaş formalı məhsul və şirniyyat hazırlanır. Aşpazlıqda dəniz kələmini ət və balıqla birlikdə bişirib qarnir kimi süfrəyə verirlər. Qurudulmuş dəniz kələmindən çay kimi içki də hazırlanır.
İndoneziyada dəniz kələmini şirin su ilə yuduqdan sonra təzə çiy halda yeyirlər. Bəzi Uzaq Şərq dəniz kələmi növlərindən şorba, tərəvəz püresi bişirilir, ondan konserv və konfet hazırlanır. Dəniz kələmindən yod, brom, kalium və digər maddələr alınır.
Dostları ilə paylaş: |