Gülxətmi – Шток-роза, алтей розовый – Althaea afficinalis L. Əməköməci (Malvaceae) fəsiləsindən olan çoxillik ot bitkisidir. 1-1,5 m hündürlükdə qol-budaqlı gövdəsi vardır. Gövdənin üzərində yerləşən yarpaqları saplaqlıdır. Yuxarı hissədəki yarpaqları yumurtavarı, aşağı və orta hissədəkilər isə ürəkşəkillidir. Solğun çəhrayı rəngli çiçəkləri yarpaqların qoltuğunda, gövdə və budaqların üzərində yerləşir.
Gülxətmi iyun ayından çiçək açmağa başlayır, sentyabra qədər çiçəkləyir. Yabanı halda Orta və Cənubi Avropada, Zaqafqaziyada, Krımda, Orta Asiyada yayılmışdır. Azərbaycanın bir çox rayonlarında aptek gülxətminə təsadüf olunur. Belə ki, nəmli çəmənliklərdə, çay kənarında və kolluq yerlərdə gülxətmi daha çox yayılmışdır. Dərman məqsədilə bitkinin yaz və payız aylarında köklərini tamam çıxarır, sonra odunlaşmış özək kökü kəsib atır, cavan yumşaq kökləri isə ayırır, soyuq su ilə tez yuduqdan sonra açıq havada qurudub aptek anbarına təhvil verirlər. Qurudulmuş gülxətmi kökü ağ rəngli, zəif qoxulu, şirintəhər dadlı olur.
Gülxətmi kökündə 35%-ə qədər selikli maddə vardır. Bu parçalandıqda qalaktoza, qlükoza, arabinoza, ramnoza alınır. Kökündə 37%-ə qədər nişasta, 10,2% şəkər, yağ, 2% asparagin, 4% betain, 1,7% yağ, o cümlədən lesitin, fitosterin, 11-16% pektinli maddə və vitaminlər vardır. Çiçəklərində pişikotunun ətrini xatırladan turşular olan efir yağı vardır. Yarpaqlarında selikli maddə, karotin, askorbin turşusu və efir yağının izi vardır.
Dostları ilə paylaş: |