Ətirşah – Герань – Geranium L. Ətirşah (Geraniaceae) fəsiləsindən zəngin qol-budağa malik 1 m-ə qədər hündürlükdə yarımkol bitkidir. Tərkibində daha çox efir yağı olan çəhrayı ətirşah (Pellargonium roscum Willd) daha çox xalq təsərrüfatı əhəmiyyətinə malikdir. Tərkibində 0,09-0,16% efir yağı vardır.
Yarpaqları tünd yaşıl rəngdə, kənarları dilimli olub 5 hissədən ibarətdir. Çiçəkləri çəhrayı-bənövşəyi rəngdədir. Yerüstü gövdəsinin aşağı hissələri odunlaşmışdır.
Şimal yarımkürəsində bitən 400-dək növündən Azərbaycanda 23 növü yayılmışdır. Bu növlərdən sənaye əhəmiyyəti olan qızılgül ətirşahıdır.
Ətirşah bitkisi Cənubi Afrikada çox geniş yayılmışdır. Ona görə də ətirşahın əsil vətənini Afrika hesab edirlər. Qiymətli efir yağlı bitki olduğu üçün bir çox ölkələrdə o cümlədən Gürcüstanın qərb rayonlarında və Abxaziyada becərilir. Ətirşah respublikamızda da müvəffəqiyyətlə becərilir.
Yetişdiyi torpaq-iqlim şəraitindən asılı olaraq efir yağının miqdarı 0,1-0,2%, o cümlədən yarpaqlarında 0,35-0,40%, zoğlarında 0,01% təşkil edir. Efir yağının çıxarı orta hesabla 0,09%-dən 0,16%-ə qədər təşkil edir. Bu yağ, əsasən geraniol (20-25%) və sitronelloldan (65-70%) ibarət olduğu üçün qızılgül yağının iyini verir. Ümumiyyətlə, ətirşah efir yağında 40-dan çox ətirli komponent vardır. Bəzi növlərinin yarpaqlarında C vitamini və karotin də var.
Ətirşah çox məhsuldar efir yağlı bitkidir. Onu yayda 3-4 dəfə toplayıb istifadə etmək olar. Ətirşah efir yağı ətriyyat sənayesində ətirlərin, sabunların və üz məlhəmlərinin əsas tərkib hissəsi kimi tətbiq edilir. Yeyinti sənayesində isə spirtsiz və spirtli içkilərin, eləcə də qənnadı məmulatının ətirləndirilməsi üçün istifadə olunur. Bir sıra dərmanların hazırlanmasında da ətirşah yağı tətbiq edilir.
Dərman məqsədilə ətirşahın ən çox çiçəklənən baş hissələrindən istifadə olunur. Odur ki, bitkinin yerüstü hissəsini yay fəslində 3-4 dəfə toplayır və efir yağı zavoduna göndərirlər. Burada bitkinin yerüstü hissələrindən su buxarı üsulu ilə efir yağı alınır ki, bu yağ maye halında olub, xoşagələn ətirli iyi vardır. Ətirşahın tərkibində 2%-ə qədər efir yağı olur.
Azərbaycann subtropik iqlimli rayonlarında ətirşah bitkisinin qızılgül bitkisi kimi sənaye əhəmiyyətli plantasiyasının salınması son dərəcə perspektivlidir.
Dostları ilə paylaş: |