Nanə – Мята – Menta Piperita L. Dodaqçiçəklilər (Labiatae) fəsiləsindən çoxillik bitkidir. Hündürlüyü yarım metrə çatan qol-budaqlı çoxillik bitki olub, qarşı-qarşıya düzülmüş, tünd yaşıl rəngli yarpaqları vardır. Nəzəri cəlb edən qırmızı-bənövşəyi rəngli xırda çiçəkləri gövdəsinin zirvəsində dəstə-dəstə yerləşmişdir. Nanənin bütün hissələri, xüsusən yerüstü hissəsi xoşagələn ətirli iyə malikdir.
Respublikamızın bütün rayonlarında becərilir. Nanə mədəni bitki olub, orta əsrlərin axırlarında ingilis botanikləri tərəfindən iki növ yabanı halda yayılan yarpız nanəsinin bir-birinə peyvənd etməklə yetişdirilmişdir. O vaxtdan etibarən bu bitki «əkilən nanə» adını almış və xoşətirli iyinə görə dünyanın bir çox ölkələrində becərilməyə başlanmışdır. Əkilən nanənin 2 növü: qara nanə və ağ nanə daha çox yayılmışdır.
Qara nanənin gövdəsi və yarpaqlarının damarcıqları qırmızı-bənövşəyi rəngdə olur. Ağ nanənin isə gövdəsi və yarpaqları açıq yaşıl rəngdə olur. Buna baxmayaraq, hər iki nanə xoşagələn zərif ətirli iyə və eyni kimyəvi tərkibli efir yağına malikdir. Göstərdiyimiz qara və ağ nanə ancaq peyvənd və ya çoxalma üsulu ilə yetişdirilir. Bu, iki səbəbdən irəli gəlir: birinci, hər iki nanə çox vaxt toxum yetişdirmir; ikincisi, toxumlarından yetişən nanə isə öz əslinə xas olan ətirli iyə malik olmur. Bu, çox qəribə olsa da, həqiqətdir. Aparılan çoxlü təcrübələr göstərmişdir ki, toxumlardan bitən hər iki nanə öz cinsinə xas olan ətirli iyi vermir.
Nanənin təzə və qurudulmuş yarpaqları yeyinti sənayesinin müxtəlif sahələrində və kulinariyada istifadə edilir. Nanədən alınan efir yağı müxtəlif içkilərin ətirləndirilməsində, qənnadı, likör-araq sənayesində, balıq sənayesində, tütünün souslaşdırılmasında işlədilir. Qənnadı sənayesində nanəli karamel istehsalında daha çox istifadə edilir. Nanə yağı ətriyyat sənayesində diş pastası və diş tozu hazırlamaq üçün sərf edilir. Nanə efir yağının əsas tərkib hissəsi olan mentoldan təbabətdə istifadə olunur. Nanənin yarpaqlarında və çiçək tumurcuqlarında 0,8-3,5% efir yağı (yarpaqlarında 2,4-2,7%, hamaş çiçəyində 4-6%, zoğlarında isə 0,1-0,3%) vardır. Ən çox yağ bitkinin çiçəkləməyə başladığı dövrdə olur. Bu zaman efir yağının miqdarı 8,6%-ə çatır və su buxarı ilə qovduqda əsas miqdarı ayrılır. Efir yağının əsas komponentləri mentol (41-70%) və mentondur (16-18%), həmçinin, tərkibində -pinen, -fellandren, mentol-asetat və pulogen vardır. Təzə yarpaqlarında 12 mq% karotin və P vitamini var. Odur ki, nanədən kulinariyada istifadə etmək fizioloji cəhətdən faydalıdır.
Qeyd etmək lazımdır ki, Abşeronda peyvənd üsulu ilə yetişdirilən hər iki növ nanənin zərif, xoşagələn ətirli iyi vardır. Əkilən nanənin süfrəmizdə və xörəklərimizin tərkibində ədviyyat tərəvəzi kimi geniş istifadə olunmasının çox mühüm müalicə əhəmiyyəti vardır.
Dostları ilə paylaş: |