Gavalının müalicəvi xassələri. Gavalı təzə və emaledilmiş halda istifadə olunur. Gavalıdan kompot, mürəbbə, povidlo, nalivka, qənnadı məmulatı hazırlanır və qurudulur.
Gavalı qurusu bağırsağın zəifliyində əhəmiyyətlidir. Bu məqsədlə qara gavalı qurusu məşhur müalicəvi məhsul kimi istifadə olunur və bağırsağın fəaliyyətini yaxşılaşdırır. Qurutmaq üçün gavalının macar sortlarından istifadə edilir. Kompot və gavalı tinkturasından zəif yumşaldıcı kimi qəbizliyə qarşı tətbiq olunur. Hər gün yatmazdan qabaq 10-20 ədəd qara gavalı yemək yaxşıdır. Təsdiq olunmuşdur ki, qara gavalı orqanizmdən xolesterinin çıxarılmasına kömək edir və aterosklerozda, öd kisəsi xəstəliklərində məsləhət görülür. Qara gavalı qurusu hipertoniyada, böyrək xəstəliklərində faydalıdır, onun tərkibindəki kalium duzları orqanizmdən suyun və xörək duzunun çıxarılmasına səbəb olur. Qara gavalının qidalılıq dəyəri təzə gavalıdan 4-6 dəfə çoxdur. Lakin kökəlmədə və şəkər xəstəliyində qara gavalı yemək məsləhət deyil.
Quru gavalı ağzı bağlı bankalarda və paketlərdə quru və qaranlıq yerdə saxlanılır. Gavalının ətlikli şirəsi pəhriz qidası hesab olunur. Belə şirədə təzə gavalının tərkibindəki bütün qidalı maddələr qalır. Gavalı şirəsi iştahanı və qidanın həzmini yaxşılaşdırır. Qış aylarında orqanizmi vitaminlə təmin edir. Mədə şirəsinin turşuluğu az olan xəstələrə turş gavalı sortlarından hazırlanan şirə içmək məsləhətdir.
Xalq təbabətində gavalıdan mədə-bağırsaq, böyrək, revmatizm və podaqra xəstəliklərinin müalicəsində istifadə olunur. Sirkədə gavalı yarpaqlarından hazırlanmış həlimdən köhnəlmiş və irinli yaraların daha tez sağalmasında istifadə edilir. Bəzən yaraların və yarıqların üzərinə buxara verilmiş gavalı yarpaqları qoyulur.
Gavalının yerli sortlarından alınan gavalı qurusundan, xüsusən albuxaradan milli xörəklərimizin hazırlanmasında istifadə olunur.
Dostları ilə paylaş: |