Narınginin müalicəvi xassələri. Dadlı və zərif ətliyi olan narıngi təzə halda yeyilir. Ondan kompot, mürəbbə, marmelad, konfet və karamel üçün içlik və digər məhsullar hazırlanır. Kulinariyada müxtəlif meyvə içkilərinin hazırlanmasında və likör-araq istehsalında istifadə olunur. Qurudulub üyüdülmüş narıngi qabığı vitaminli və ətirli məhsul kimi kökə və piroqlara qatılır.
Narıngi qüvvətli bakterisid xassəyə malik olduğu üçün xroniki mədə-bağırsaq, böyrək xəstəliklərində, mədə pozuntularında, xüsusən ishala qarşı müalicəvi məqsədlə istifadə olunur. Narınginin meyvəsi və qabığı da iştahaartırıcı, köpün qarşısını alan və sidik yollarını dezinfeksiyaedici təsirə malikdir.
Narıngi şirəsi təravətləndirici olmaqla, həm də pəhrizi içkidir. Narınginin tərkibində olan fitonsidlər mikroblara qarşı təsir göstərdiyindən, bağırsaqların peristaltikasını zəiflədir. Narıngidə olan fitonsidlər, hətta dəri xəstəliyi törədən bəzi göbələkləri məhv etmək qabiliyyətinə malikdir. Tibbdə narıngi qabığından alınan acı nastoyka digər dərmanlarla birlikdə iştahaartırıçı və həzmedici vasitə kimi tətbiq olunur. Belə dərmanlardan yeməkdən əvvəl 15-30 damcı içmək məsləhətdir. Xalq təbabətində narınginin qabığından hazırlanmış tinkturadan (2 xörək qaşığı xırdalanmış quru narıngi qabığı 250 ml suda) həmin dozada istifadə edilir. Belə nastoyka və narıngi qabığından 1:10 nisbətində hazırlanmış həlimdən öskürəyi yumşaltmaq, bəlğəmgətirici kimi traxeit və bronxitdə istifadə edilir. Əczaçılıq təcrübəsində dərmanların dadını yaxşılaşdırmaq üçün istifadə olunan narınc meyvəsinin qabığı bəzən narıngi qabığı ilə əvəz olunur.
Dostları ilə paylaş: |