Fındığın müalicəvi xassələri. Fındığın tərkibindəki yağ qurumayan yağlar qrupuna aiddir. Fındıq zülalı əvəzedilməz aminturşular ilə zəngindir. Fındığın yağı ayrıldıqdan sonra yerdə qalan jmıxdan halva hazırlanır. Fındıq qovrulmuş halda daha da ətirli və dadlı olur. Ondan qənnadı sənayesində şokolad, konfet, tort, pirojna və müxtəlif şərq şirniyyatı hazırlanır.
Xalq təbabətində fındıqdan sidik kisəsi daşları xəstəliyində istifadə olunur. Balla fındıqdan revmatizm, qanazlığı və orqanizmin möhkəmləndirilməsi vasitəsi kimi də istifadə olunur. Məişət təbabətində fındıq yağı yumurta ağı ilə qarışdırılıb yanıqların müalicəsində tətbiq olunur. Saçların möhkəmlənməsi üçün onlara fındıq yağı çəkilir. Fındıqdan qurdqovucu (askarid) kimi, eləcə də südverən anaların südünün daha çox olması məqsədilə yeyilir. Azərbaycanda yandırılmış fındıqdan qaşın və kirpiklərin boyanmasında istifadə olunur.
Təbabətdə fındığın yarpaqlarından və ağac qabığından istifadə olunur. Yarpaqlarında 200 mq% C vitamini, efir yağı, qlükozid mirisitrozid vardır ki, bu da damardaraltma təsirinə malikdir. Ağacının qabığında efir yağı, aşı və boya maddəsi, liqnoseril spirti və betulin vardır. Fındığın yarpaqlarından və qabığından hazırlanmış tinkturadan varikoz damar genişlənməsi, flebit və periflebitdə, ayaqların trofik yaralarında və kapillyar hemorragiyada gündə 3-4 dəfə 1/3–1/4 stəkan içmək məsləhət görülür. Yarpaqlarından hazırlanmış həlimi mədəaltı vəzinin hipertrofiyasında qəbul etmək olar.
Meşə fındığının quru distilləsindən «L-2 Meşə» preparatı alınır. Bu, iki fraksiyadan ibarətdir: sulu və qatranlı. Həkim təcrübəsində bu preparatdan neyrodermit, ekzema, epidermofit və dərinin üzvi streptokokk zədələnməsi zamanı istifadə olunur.
Dostları ilə paylaş: |