Ənginar – Артишок – Cynara – Mürəkkəb-çiçəklilər (Compositae) fəsiləsindən bitki cinsidir. Azərbaycanda iki növü əkilir: əkin ənginarı və Ispaniya ənginarı.
Xarici görünüşünə görə ənginar qanqala yaxındır. Onun iri lələyəoxşar yarpaqları və göyümtül rəngli iri başlıqlı hamaşçiçəyi vardır. Qanqalda isə hamaşçiçək bənövşəyi çalarlı qırmızı rəngdədir. Hər iki bitki mürəkkəbçiçəklilər fəsiləsinə aiddir. Ənginar ikinci il çiçəkləyir.
Qədim Romada və Yunanıstanda ənginarı qida məhsulu kimi istifadə edirdilər. XV-XVI əsrlərdə ənginar ikinci dəfə bostanlarda yenidən əkilib-becərilməyə başlandı. Italiyadan ənginar digər ölkələrə yayıldı. Təəssüflər olsun ki, Azərbaycanda bu qiymətli bitkiyə fikir verilmir. Lakin ənginar uşaqlar və yaşlılar üçün çox xeyirli bitkidir. Qidaya bitkinin hamaşçiçəyinin başlıqları istifadə olunur.
Ənginarın tərkibində 15,5% karbohidratlar, 3,26% azotlu maddələr, 0,22% yağ, aşı maddəsi, provitamin A, C və B qrupu vitaminləri vardır. Yarpaqlarının şirəli saplağında və hamaşçiçəyin dibində olan ətirli maddələr ona xoşagələn dad verir və iştahanın yaxşılaşmasına kömək edir. Ənginarın tərkibində sinarin qlükozidi, aşı maddələri, piyli və qatranlı maddələr, üzvi turşular və s. vardır.
Dostları ilə paylaş: |