Xardal – Горчица – Brassica. Xaççiçəklilər (Cruciferae) fəsiləsindən birillik ot bitkisidir. Xardalın 3 növü vardır: sarept xardalı, qara və ağ xardal. Hər üç növ xardal 0,5-1,0 m hündürlükdə yerüstü gövdəyə malikdir. Yarpaqları lansetşəkilli, çiçəkləri xırda, sarı və dörd ölçülüdür. Meyvəsinin içərisində 4-6 toxum olur. Toxumları növündən asılı olaraq qaratəhər solğun, tutqun-qonur və ya sarı-qonurdur.
Qara xardal (Brassica nigra Koch) - həqiqi və ya fransız xardalı adlanır. Əsasən Cənubi Avropada (Fransa, Italiya) becərilir. Quraqlığa davamlı olduğundan ancaq Qərbi Avropanın cənub hissəsində, Belorusda yetişdirilir. Rusiyada çox az yayılmışdır. Qara xardalın ətri daha çox hiss edilir. Ondan ən yaxşı aşxana xardalı hazırlanır ki, bu da kulinariyada geniş miqyasda istifadə olunur.