Gülabın hazırlanması. Gülab qızılgül ləçəklərinin su buxarı ilə distilləsindən alınan ətirli sudur. Bunun üçün yığılmış qızılgül ləçəkləri xüsusi qazana (mey qazanına və ya distilyat aparatına) tökülür, üzərinə su əlavə edilib (1 kq qızılgül ləçəklərinə 15 l su götürülür), xüsusi qayda ilə 1,5-2,0 saat ərzində qızdırılır və su buxarı vasitəsilə distillə olunaraq distilyyat təmiz balonlara və ya iri şüşə qablara yığılır.
Gülabdan Azərbaycan şərbətlərinin hazırlan-masında, eləcə də mili xörəklərdən firni, südlü sıyıq, halva və s. bu kimi şirin xörəklərin bişirilməsində istifadə olunur.
Gülqənd. Qızılgül ləçəkləri – 1 kq, toz-şəkər – 2-2,5 kq.
Qızılgül ləçəkləri ayrılır, solmuşlar və qurumuşlardan təmizlənir. Ləçəkləri toz-şəkərlə qarışdırmaq və ya az-az əlavə edib əzişdirmək şərtilə eynicinsli kütlə halına gətirilir. Əzilmiş kütlə 20-25 gün günəş altında saxlanılmaqla yetişdirilir. Hazırlanmış gülqənd dərin emallı qaba və ya mis badyaya tökülür, qabın ağzı təmiz tənziflə örtülüb bağlanır. Hər gün gülqənd olan qabı günəş şüalarının yaxşı düşdüyü yerə qoyub saxlayırlar. Yetişmə zamanı şəkər tam həll olur, tərkibindəki artıq su buxarlanır və beləliklə alınmış qatı püreyəoxşar məhsul şüşə bankalara yığılır, qapağı kip bağlanılır. Gülqənd 7 il saxlandıqdan sonra xalq təbabətində müalicəvi məqsədlə bir çox xəstəliklərə qarşı istifadə olunur. Yazbaşı 10-15 gün ərzində səhərlər 1 xörək qaşığı acqarına gülqənd yeyilməsi insanın cansağlığında özünü tezliklə göstərir. Insan gümrahlaşır, başgicəllənməsi keçir, ürək ağrıları hiss olunmur, ümumi zəiflik aradan qaldırılır.
Dostları ilə paylaş: |