Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Savoy kələmi – Савойская капуста –



Yüklə 2,02 Mb.
səhifə23/32
tarix06.06.2018
ölçüsü2,02 Mb.
#52864
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

Savoy kələmi – Савойская капуста – B. sabauda L. Xaççiçəklilər (Cruciferae) fəsiləsindəndir. Kələm başının boş və yarpaqlarının qırışıq olması ilə fərqlənir.

Savoy kələminin tərkibində 3-6% şəkər, 2,0-2,8% azotlu maddə, 1,1-1,3% sellüloza, 0,8% mineral maddə, 31-58 mq% C vitamini vardır. Əsasən aşpazlıqda müxtəlif 1-ci və 2-ci xörəklərin hazırlanmasında istifadə edilir. Turşutmaq və qurutmaq üçün yararsızdır. Tezyetişən Vyana, Yubiley, Vertyu və s. sortları geniş yayılmışdır. Savoy kələmi öz tərkibinə görə ağbaş kələmdən geri qalmır. Savoy kələmində də C və U vitamini, mineral duzlar, fermentlər və digər faydalı maddələr olduğundan pəhriz qidasında və müalicəvi məqsədlə istifadə olunur.



Şalğam – Репа, турнепс Brassica rapa. Xaççiçəklilər (Cruciferae) fəsiləsindən olan ikiillik tərəvəz bitkisidir (Brassica rapa). Şalğam birinci il kök və şaxəli yarpaq, ikinci il isə çiçəkləyir və toxum verir. Şalğamın tərkibində 8,5-16,9% quru maddə vardır ki, bunun da yarısını şəkərlər təşkil edir. Şimal zonasında yetişən şalğamda 4-73 mq%, orta zonada yetişəndə isə 22-50 mq% C vitamini vardır. 1,23-2% zülali maddə, B1, B2 vitamini və karotin (provitamin A) vardır. Şalğamın spesifik iyi tərkibindəki xardal yağının miqdarından asılıdır. Təzə, qiymələnmiş, bişirilmiş və qızardılmış halda qidaya sərf olunur.

Şalğamın müalicəvi xassələri. Qidalılıq və vitaminlik də­yərinə görə şimal və yüksək dağlıq rayonların əhalisi üçün daha çox lazımdır. Müalicəvi qidalanmada şalğam, əsasən qəbiz­likdə istifadə olunur. Lakin kəskin mədə-bağırsaq sətəl­cə­mində şalğam əks-təsirə malikdir.

Xalq təbabətində şalğam şirəsinin şəkərlə bişirilməsində alınan məhsul sinqanın müalicəsində istifadə olunur. Şalğam həlimini sidikqovucu və bəlğəmgətirici vasitə kimi qəbul edir­lər. Bişirilmiş şalğam əzintisindən oynaqlardakı podaqra ağrı­larına qarşı təpitmə qoyulur, duru həlimlərlə vanna qəbul edilir. Əvvəllər şalğamdan zəif sakitləşdirici vasitə kimi də istifadə etmişlər. Axşam yatmazdan qabaq 1 stəkan şalğam həlimi iç­mək məsləhət görülür. Təzə şalğam əzintisi ilə qaz yağından (2:1) məlhəm hazırlanır və donmuş yerləri müalicə edirlər.

Şalğam kökündən alınan həlim və şirədən kəskin soyuqdəymə nəticəsində öskürəkdə, xroniki bronxitdə, bronxial astmada məsləhət görülür. Həlimi 2 xörək qaşığı xırda doğranmış şalğamla bir stəkan suda hazırlayır, gündə 4 dəfə 1/4 stəkan içirlər.

Şüyüd Укроп – Anethum graveolens. Çətirçiçəklilər (Umberilitaceae) fəsiləsindən olan birillik bitkidir (Anethum graveolens). Vətəni Cənubi Avropa, Misir və Kiçik Asiyadır. Qərbi və Şimali Avropada XVI əsrdən məlumdur. Bütün rayonlarda mədəni dirrik bitkisi kimi becərilir. Rusiyada və Zaqafqaziyada ən çox yayılmış ətirli tərəvəzdir.

Şüyüdün yaşıl yarpaqlarından xörəklərin dad və ətrini yaxşılaşdırmaq üçün bir ədviyyə kimi istifadə edilir. Əgər şüyüdü çiçəklədikdən sonra tədarük edirlərsə, onu əsasən xiyar, pomidor, kələm və başqa məhsulların duza və turşuya qoyul­masında istifadə edirlər. Şüyüd toxumları bir çox qənnadı və çörək məmulatının hazırlanmasında işlədilir. Şüyüddən, həmçinin, təbabətdə də istifadə edirlər. Şüyüd yağı sabun bişirmədə yardımçı və ətirverici xammal kimi işlədilir.

Şüyüd toxumlarının tərkibində 2,5-4%-ə qədər efir yağı vardır. Ən çox efir yağı tam yetişmiş, lakin qurumamış toxum­lardan əldə edilir. Şüyüdün yaşıl yarpaqlarında quru maddəyə görə 0,56-1,5% efir yağı vardır. Toxumun tərkibində, həmçinin, 15-18% piyəbənzər yağ və 14-15% zülali maddə vardır. Yağın tərkibində 25,35% petrozelin, 65,46% olein, 3,05% palmitin və 6,13% linol turşusu vardır. Yaşıl yarpaqlarında C vitamini, karotin, həmçinin, flavanoidlərdən – kversetin kempferol vardır.

Şüyüdün tərkibində 135 mq% C vitamini, göyərtisində 0,8-1,2%-ə qədər efir yağı olduğundan müxtəlif xörəklərdə tamlı qatma kimi istifadə olunur. Qidanı vitaminləşdirir və ona xüsusi dad verir. Təzə şüyüd salat, vineqred, ət, balıq və tərəvəz xörəklərinə qatılır. Bir qayda olaraq, hazır xörəyə və ya bişməyə 5 dəq qalmış şüyüd əlavə edilir. Uzun müddət saxla­maq və qış mövsümündə istifadə etmək üçün şüyüd qurudulur. Şüyüd efir yağından qənnadı, konserv, likör-araq məmulatı istehsalında və ətriyyatda istifadə olunur.



Şüyüdün müalicəvi xassələri. Xalq təbabətində şüyüd bağırsaqlardakı kəskin qıcqırmaya qarşı məsləhət görülür. Qida həzmini yaxşılaşdırmaq və qazqovucu vasitə kimi şüyüd toxumlarından hazırlanan tozvari məhsul və ya ondan hazır­lanmış tinkturadan istifadə etmək məsləhət görülür. Tozvarı məhsula bir qədər şəkər əlavə edilir və yeməkdən yarım saat əvvəl 1/2-1 çay qaşığı qəbul edilir. Tinktura 1 xörək qaşığı xırdalanmış toxumla bir stəkan qaynanmış suda hazırlanır və yeməkdən qabaq 1/3-1/2 stəkan içilir. Belə tinktura sidik­qovucu və bəlğəmgətirici vasitə kimi, eləcə də əmzikli qadın­larda süd əmələ gəlməsini artırmaq məqsədilə təyin olunur. Eyni zamanda, müxtəlif xəstəliklərdə ağrıkəsici və sakit­ləş­dirici vasitə kimi, əsəb gərginliyi və səksəkəli yuxuya qarşı axşamlar 1 stəkan içilir.

Eksperimentlər nəticəsində şüyüd tinkturasını damar daxilinə yeritdikdə heyvanlarda arterial təzyiq aşağı düşür, damarlar genişlənir, ürəyin fəaliyyəti yaxşılaşır, bağırsaqlar boşalır, sidik ifrazı artır. Ətirli şüyüddən mülayim spazmatik təsirə malik anetin preparatı alınmışdır. Anetin ürəyin xroniki tac damarlarının çatışmazlığında, sinə astması ağrılarının profi­lak­tikasında, həmçinin, qarın boşluğu orqanlarının spazmasına qarşı təyin olunur. Xəstəyə gündə 3-5 dəfə bir həb (0,1 q) hə­min preparatdan qəbul etmək məsləhət görülür. Müalicə kursu 5-8 həftə davam edir.



Topinambur, yeralması (yerarmudu) – Топинамбур, земляная груша – Helianthustuberosus L. Yeralması Mürəkkəbçiçəklilər (Compositae) fəsiləsinə aid çoxillik bitki olub, kökyumrusu 50-60 q-dır. Yeralmasının vətəni Şimali Ame­rika hesab edilir. Avropa qitəsində XVII əsrdən əkilməyə baş­lanmışdır. Tərkibində 13-20% inulin, 6% şəkər, 5% protein və 2% mineral maddə vardır. Tərkibində 28 fruktoza qalığından ibarət inulin polişəkəri olduğundan, ondan sənayedə fruktoza alın­masında istifadə olunur. Ona görə də topinamburdan səna­yedə fruktoza və spirt istehsal edilir. Bişirilmiş və qızardılmış halda yeyilir. Quraqlığa və şaxtaya davamlıdır. Yem bitkisi kimi də əhəmiyyətlidir. Ilk dəfə 1925-ci ildə yeralmasındakı inulindən fruktozanın alınma texnologiyası işlənib hazırlan­mış­dır. Ondan şəkər xəstəliyinin müalicəsində və profilaktikasında istifadə olunur.

Turşəng (quzuqulağı) – Щавель, кисличник – Rumex acetosa L. Turşəng Qarabaşaq (Fagopurumaceae) fəsiləsindən yabanı halda bitən çoxillik ot bitkisidir. Vətəni Qərbi Avropadır. XIV əsrdə Fransada turşəngdən şorba, sous və digər xörəklər hazırlanırdı. Onun tərkibində çoxlu miqdarda dəmir, kalium və kalsium vardır. 70 mq% C vitamini, 2,9 mq% karotin, 2,6% azotlu maddə, 2,2% şəkər, 1,6% sellüloza və 0,6% turşu vardır. Turşunun əsasını turşəng turşusu təşkil edir. Turşəngdə turşəng turşusunun K duzu olur və orqanizmdə Ca duzuna çevrilir və mənimsənilir. Turşəngin geniş yayılmış sortlarından Altay, Belvil, Odessa, Maykop və Enliyarpağı göstərmək olar.

Turşəngin müalicəvi xassələri. Turşəngdən qida məq­sədilə yanaşı, müalicəvi vasitə kimi də istifadə edirdilər. Tur­şəngdən işlətmə dərmanı, qurda qarşı, qida həzminə kömək edən vasitə kimi istifadə qədim dövrdən məlumdur.

Turşəng yarpaqlarını xörəkləri vitaminləşdirmək üçün əla­və edirlər. Ən əhəmiyyətlisi yazbaşı tədarük edilən tezye­tişən sortlardır. Bunların tərkibində olan C vitamini yazbaşı insanların vitaminə tələbatını ödəyir. Tərkibində turşəng tur­şu­su çox olduğundan uzun müddət turşəng göyərtisi yemək olmaz. Çünki bir neçə həftə və ya ay turşəng yedikdə sidikdə şəkər və turşəng turşusunun kalsium duzu ola bilər. Ona görə də duz mübadiləsi pozulduqda və onunla əlaqədar xəstəliklərdə turşəng məsləhət deyil.

Qədimdən turşəng qida həzmini yaxşılaşdıran, çürüdücü qıcqırmanı azaldan və sinqa əleyhinə ən yaxşı vasitə hesab olu­nur. Qafqazda turşəng yarpaqları ishala qarşı, ödqovucu vasitə kimi turşəng qaraciyər və sarılıq xəstəliklərində tətbiq edilir. Belə hallarda gündə 2-3 dəfə 1-2 çay qaşığı turşəng yar­paqlarından sıxılmış şirəni 1/2-1 stəkan su ilə qarışdırıb içmək məsləhət görülür. Xalq təbabətində qanlı bəlğəm, qanlı babasil və digər qanaxmalarda qankəsici vasitə kimi yarpaqlardan (1:20) hazırlanmış həlimdən gündə 3-4 dəfə yeməkdən əvvəl 1/4-1/3 stəkan içmək məsləhət görülür.

Xalq təbabətində tərkibində turşəng və xrizofan turşusu, qatran, nişasta, sellüloza olan turşəngin köklərindən də istifadə olunur. Kökləri yazbaşı və yaxud payızda toplayır, təmizləyir, yuyur və qurudurlar. Turşəng kökündən hazırlanmış həlimdən orqanizmi möhkəmləndirən, qidanın həzmini və maddələr mü­ba­­diləsini yaxşılaşdıran vasitə kimi istifadə edilir. Həmin həlim həm də ishala qarşı büzüşdürücü vasitə hesab olunur. Həlimi 20 q turşəng kökündən 1 stəkan suda hazırlayır və gündə 3-4 dəfə yeməkdən əvvəl 2 xörək qəbul edilir. Turşəng kökün­dən ha­zır­lanmış tinktura və həlimdən bəzi dəri xəstəlik­lərində yuyunmaq üçün istifadə edilir.



ƏTİRLİ ƏDVİYYƏLİ BİTKİLƏR

Qidanın dadının, tamının, ətrinin və ümumiyyətlə, key­fiy­yətinin yaxşılaşdırılmasında, eləcə də yeyilən qidanın insan orqanizmində yaxşı həzm olunub mənimsənilməsində ətirli ədviyyəli bitkilərin mühüm fizioloji əhəmiyyəti vardır.

Ətirli ədviyyəli bitkilər dərman bitkisi kimi hələ era­mız­dan 4000 il əvvəl Hindistan, Çin, Orta və Yaxın Şərqdə məlum olmuşdur. Efir yağı və ədviyyə istehsalı sonralar bu ölkələrdən dünyanın hər yerinə yayılmışdır.

Ətirli ədviyyəli bitkiləri yetişdiyi iqlim şəraitinə görə 4 qrupa bölürlər: tropik, subtropik, mülayim iqlim şəraitində və hər yerdə yetişən ətirli-ədviyyəli bitkilər. Ətirli ədviyyəli bit­kilər 30-dan çox botaniki fəsiləyə aid olan 159-dan artıq bitki növünü əhatə edir. Həmin bitkilərdən təbabətdə, yeyinti səna­ye­sinin müxtəlif sahələrində, texnikada, ətriyyat-kosmetika sə­na­yesində və kulinariyada istifadə olunur. Ətirli ədviyyəli bit­kilərin tərkibində efir yağları, qlükozidlər, alkaloidlər, boya maddələri, fitonsidlər və s. maddələr vardır.

Azərbaycan ətirli ədviyyəli bitkilərin becərildiyi və ye­tişdiyi areala, eləcə də onların müxtəlifliyinə görə xüsusi yer tutur. Respublikamızın ərazisində 170-dən çox ətirli ədviyyəli bitki yetişir. Bunların çoxu yabanı halda bitir, bir neçəsi isə sə­naye əhəmiyyətinə malik olduğundan xüsusi təsərrüfatlarda becərilir.

Sənaye əhəmiyyətli ətirli ədviyyə bitkilərindən zəfəran, qızılgül, nəcib dəfnə, nanə və digərlərini göstərmək olar. Bun­lar­dan başqa, ətirli ədviyyə bitkilərindən bədrənc, boymadərən, qara­qınıq, qırmızı istiot, qıtıqotu, dağ nanəsi, ətirşah, zirə, yar­pız, keşniş, kəklikotu, kərəviz, mərzə, pərpərən, razyana, rey­han, rozmarin, sarımsaq, soğan, tərxun, xardal, qara xaş-xaş, çö­dükotu, cəfəri, cırhavuc, cirə, cökə, şalğam, şüyüd və s. müxtəlif sənaye sahələrində, kulinariyada və təbabətdə geniş istifadə olunur.

Respublikaya xarici ölkələrdən də müxtəlif çeşiddə əd­viyyat gətirilir. Tarixən Ipək Yolu hələ qədimdən Azərbaycan ərazisindən keçdiyi üçün Şərq ölkələrindən Qərbi Avropaya gedən mal karvanları bu ərazidən keçmiş və şübhəsiz ki, tacirlər tərəfindən mübadilə və satış üçün aparılan bir çox əd­viyyələr, o cümlədən qara və ətirli istiot, muskat cövüzü, hil, mixək, darçın, zəncəfil, sarıkök və başqa ədviyyələr azər­bay­canlıların məişətinə daxil olmuşdur. Tropik ölkələrdə 100-dən çox ətirli ədviyyə bitkisindən ədviyyə alınır, lakin bunların 10-12 çeşidi respublikaya gətirilir.

Ətirli ədviyyəli bitkilər müxtəlif ədəbiyyatlarda, onların əsas təsiredici maddəsinə, təyinatına, coğrafi mənşəyinə və di­gər əlamətlərə görə təsnifləşdirilir. Əmtəəlik məhsul kimi ətirli ədviyyəli bitkilər onların bitkinin hansı hissəsindən alınmasına görə 6 qrupa bölünür:



  1. Bitkinin toxumundan alınan ədviyyələr – xardal, mus­kat cövüzü.

  2. Bitkinin meyvəsindən alınan ədviyyələr – cirə, zirə, razyana, keşniş toxumu, qırmızı istiot, badyan (ulduzvarı cirə və ya hind razyanası), vanil, hil, ətirli istiot, ağ və qara istiot, muskat çiçəyi.

  3. Bitkinin çiçəyindən və onun hissələrindən alınan ədviyyələr – zəfəran, mixək.

  4. Bitkinin yarpağından alınan ədviyyələr – dəfnə yar­pağı, reyhan, mərzə, cəfəri, şüyüd, nanə, tərxun, dağnanəsi, kəklikotu, kərəviz, yarpız, dağkeşnişi və s.

  5. Bitkinin qabığından alınan ədviyyələr – darçın.

  6. Bitkinin kökündən alınan ədviyyələr – qıtıqotu, koluriya, zəncəfil, sarıkök.

Coğrafi mənşəyinə görə ədviyyələr 2 qrupa bölünür:

  1. Vətənimizdə bitən ədviyyələr. Bu qrupa xardal, cirə, razyana, keşniş, qırmızı istiot, zirə, şüyüd, zəfəran, reyhan, dəfnə yarpağı, mərzə, cəfəri, tərxun, dağnanəsi, kəklikotu, qıtıqotu, koluriya və s. aiddir.

  2. Tropik ölkələrdə bitən və vətənimizə gətirilən əd­viy­yələr. Bu qrupa muskat cövüzü, badyan (ulduzvarı cirə və ya hind razyanası), vanil, hil, ətirli istiot, ağ və qara istiot, mus­kat çiçəyi, mixək, darçın, zəncəfil və sarıkök aiddir. Bunların çeşidi xaricdə daha çoxdur, lakin biz yalnız idxal olunan ədviyyələrin adını çəkirik.

Becərilən ətirli ədviyyəli bitkilərdən qırmızı istiot, xar­dal, cəfəri, kərəviz, şüyüd, reyhan, cirə, keşniş, razyana və di­gərləri daha çox əhəmiyyət kəsb edir. Bəzi ətirli ədviyyəli bit­kilər göyərti tərəvəzi kimi də kulinariyada geniş tətbiq olunur.

Emalından asılı olaraq ətirli ədviyyəli bitkilər təzə, qurudulmuş, konservləşdirilmiş və qurudulub üyüdülmüş halda istifadə olunur.

Ətirli ədviyyəli bitkilər qidanın həzminə və mənim­sə­nilməsinə təsir etdiyindən, tərkiblərində ətirli, bakterisid və digər bioloji fəal maddələr olduğuna görə müxtəlif ölkələrin xalq təbabətində qədimdən istifadə olunur. Lakin həkimlər tibbi məqsədlər üçün ətirli ədviyyəli bitkilərdən öz təcrübələrində bir qədər gec tətbiq etmişlər. Lakin müasir təbabətdə ətirli əd­viy­yəli bitkilərdən səmərəli müalicə məqsədilə istifadə olunması geniş vüsət almışdır.

Biz ətirli ədviyyə bitkilərinin kimyəvi tərkibini, təyinatını və müalicəvi xassələrini onların adlarına görə əlifba sırası ilə izah edirik.



Adi zirə – Тмин обыкновенный Carum Carvi L. Çətirçiçəklilər (Umbelliferae) fəsiləsinə mənsub olan birillik və ya ikiillik ot bitkisinin (Carum Carvi L.) ikitoxumlu mey­vəsidir. 30 növündən Azərbaycanda 3 növünə təsadüf edilir. Əsasən Ukraynada, Qafqazda, Belorusda, Şərqi və Qərbi Sibirdə, Uzaq Şərqdə və Orta Asiyada becərilir. Azərbaycanda sənaye əhəmiyyətli plantasiyaları yoxdur, lakin yetişir və xalq arasında ədviyyə bitkisi kimi istifadə edilir.

Meyvəsi tam yetişdikdən sonra yerə töküldüyündən, əsasən tam yetişməmiş halda yığılır. Bitki biçilir, qurudulur və döyülür. Meyvəsinin uzunluğu 3-6 mm, eni isə 1-2 mm-dir.

Hündürlüyü 30-80 sm-ə çatan ikiillik bitkidir. Göv­də­sinin üzərində sıra ilə düzülmüş uzunsov lələkvarı yarpaqları vardır. Yerüstü gövdəsinin başında ağ rəngli xırda çiçəkləri çətir şəklində düzülmüşdür. Meyvəsi bir-birinə yapışıq halda iki dənədən ibarətdir. Meyvəsinin xoş iyi və dadı vardır. Zirə meşə zonalarında yabanı halda bitir. Azərbaycanın subalt çə­mən­lərində dağ zirəsinə daha çox təsadüf olunur. Zirə xoşa­gələn ətirli bir bitki kimi Abşeron kəndlərində çoxdan bəri be­cərilir və dərman məqsədilə istifadə olunur. Meyvələrini ye­tişən dövrdə toplayır, quru binalarda və ya günəş altında qurudub tədarük məntəqəsinə təhvil verirlər.

Meyvəsinin tərkibində 3-7% efir yağı, 22% piyli yağ və 25%-ə qədər zülal maddəsi vardır. Efir yağının tərkibinin 50-60%-ni karvon adlanan ətirli maddə təşkil edir.

Meyvənin rəngi boz-sarımtıl, dadı kəskin yandırıcı acı ədviyyəlidir. Nəmliyi 12%, zibil qatışığı 2%, zədələnmiş və yetişməmiş meyvələri 12%-dən çox olmamalıdır. Zirə kisələrdə və tarasız daşınır.

Zirədən çörəkçilikdə, qənnadı sənayesində, pendir isteh­salında, kələmin turşudulmasında, likör-araq sənayesində isti­fadə olunur. Zirədən alınan efir yağı likör-araq, ətriyyat və tütün­çülük sənayesində, həmçinin, təbabətdə işlədilir. Efir yağı­nın antibakterial xassələri vardır. Dərmanların ətirləndiril­mə­sində də istifadə edilir. Balverən bitkidir.



Zirənin müalicəvi xassələri. Elmi təbabətdə zirə mey­və­lərindən bir sıra mürəkkəb dərmanların tərkibində ətirli maddə kimi və eyni zamanda, mədə-bağırsaq xəstəliklərində mədənin həzm prosesini yaxşılaşdıran və zəif köpmə zamanı geniş istifadə edilir.

Xalq təbabətində mədə-bağırsaq xəstəliyində zirədən dəmləmə kimi istifadə edilir. Bu məqsədlə meyvəsini əvvəlcə xırdalayıb toz halına salır, sonra ondan iki çay qaşığı bir stəkan qaynar suda dəmləyib yeməkdən əvvəl gündə 3 dəfə 1/3-1/2 stəkan içirlər. Zirə mədə-bağırsaq xəstəliklərinin çox şəfalı dərmanı hesab olunur. Meyvələrindən, eyni zamanda qənnadı, çörək və digər yeyinti məhsullarının tərkibində xoş ətirverici maddə kimi də işlədirlər.

Zirə Avropa və Amerikada rəsmi müalicə vasitəsi hesab edilir. Zirə yaşlılara, uşaqlara, eləcə də qida həzmi pozuntuları və meteorizm (qarın köpü) zamanı tətbiq olunur. Zəif qəbiz­likdə, köpmə olduqda, mədədəki ağrıları sakitləşdirici kimi zirə tinkturası içmək məsləhət görülür. Belə tinktura hazırlamaq üçün 1 xörək qaşığı xırdalanmış toxum 1 stəkan qaynayan suda ağzı bağlı saxlanılır, soyudulur və süzülür, yeməkdən əvvəl 2-3 xörək qaşığı qəbul edilir. Uşaqlara gündə 5-6 dəfə yeməkdən əvvəl 1 çay qaşığı verilir. Uşaq tinkturasını şəkər və ya şərbətlə də şirinləşdirmək olar.

Zirə tinkturasından həm də iştahartırmaq üçün istifadə edilir. Bakı kəndlərində yaşlı insanlar yeməkdən əvvəl bir neçə tikə çörəyi zirəyə batırıb yeyir, bununla da həm iştaha artır və həm də yeyilən əsas qida daha yaxşı həzm olunur.

Südverən qadınlar südün yaranmasını artırmaq məqsədilə zirədən aşağıdakı qaydada istifadə edirlər. 1 xörək qaşığı xırdalanmış zirə 2 stəkan qaynar suda 3-5 dəq. qaynadılır, soyudulur və yeməkdən əvvəl gündə 3-4 dəfə, 1/3-1/2 stəkan içilir. Südverən qadınlara zirə əlavəsi ilə bişirilmiş çörək yemək də məsləhət görülür. Zirə həm də ödqovucu kimi də xeyirlidir. Bəzi cəhətlərinə görə zirə süpürgəgülündən və dovşan­qu­lağın­dan üstündür. Məhz, bu səbəbdən zirə öz təsirinə görə bitki mənşəli müxtəlif çay yığımlarının – əczaxana, büzüşdürücü (mədə üçün), yumşaldıcı, yelqovucu, sakitləşdirici – tərkibinə daxil edilir.

Ağ istiot Белый перец Piper alba. İstiot (Pipe­raceae) fəsiləsindən çoxillik, sarmaşan tropik bitkisinin tam yetişmiş meyvələrindən alınır. Yetişmiş meyvələr dərilir, dəniz suyunda və ya əhəng suyunda isladılır, yaxud da fer­ment­ləşdirilir və meyvə qişasından təmizlənib qurudulur. Ağ istiotun dənləri uzunsov yumru, diametri 4,5 mm-ə qədər olur. Ağ istiotun ən məşhur sortları Muntak (Indoneziyada becərilir), Saravak, Batoviya istiotlarıdır. 100 ədəd dənin kütləsi 3,23q-dan 5,27 q-a qədər olur.

Dənləri sarımtıl-boz rəngli və üzərində çiçəkliyindən saplağına doğru uzanan zərif zolaqlar görünür. Ağ istiotun dadı və ətri qara şstiot kimi kəskin ətirli və çox yandırıcı deyil. Bu istiotun meyvə qişası ayrıldığı üçün nisbətən azyandırıcı və zərif ətirli olur. Ağ istiotun kimyəvi tərkibi faizlə aşağıdakı kimidir: su – 11,4-15,0; azotlu maddələr – 11,6-13,3; efir yağları – 1,4-3,2; yağ – 6,4-8,6; karbohidratlar – 51,3-61,6; sellüloza – 4,9-9,5; kül – 0,7-3,5; qatran – 0,2-0,4; piperin – 6,1-9,4; piperidin – 0,2-0,4.

Standart üzrə nəmliyi 12%-ə qədər, efir yağı 0,8%-ə qədər, ümumi külü 5%-dən çox olmamalıdır. Dənəvər və üyü­dülmüş halda satışa verilir.

istiotun müalicəvi xassələri qara və ətirli istiotun təsiri kimidir.

At əvəliyi, əvəlik Шавель конскийRumex con­fertus Willd. Əvəlikçiçəklilər fəsiləsindən olub gövdəsinin uzunluğu 1,5 m-ə çatan çoxillik ot bitkisidir. Atəvəliyi dünyada 150-yə qədər, Azərbaycanda isə 17 növü yayılmışdır. Əvəlik növ­lərinin bir çoxu qida əhəmiyyətli, aşı maddəsi tərkibli, bo­yaq bitkisi kimi istifadə olunur. Atəvəliyi Azərbaycanda Böyük Qafqazın meşə ətəyi bölgələrində, yuxarı dağlıq zonalarında, dağ çəmənliklərində rast gəlinir. Respublikamızın bir çox bölgələrində bunun bol ehtiyatı var.

Uzun saplaqlı yarpaqları üçkünc-yumurtavarı, kənarları dalğalı, uzunluğu 30 sm-ə, eni 15 sm-ə qədər olur. Gövdəsinin yuxarı hissəsində yarpaqlar xırda və ensizdir. Sünbül şəklində yerləşmiş xırda yaşılımtıl çiçəkləri iki cərgə düzülmüş 6 bölgülü çiçəkyanlığından ibarət olur. Bitki may-iyul aylarında çiçəkləməyə başlayır. Bu bitkiyə meşə talasında, sulu çəmən­liklərdə, çay və göl kənarlarında yabanı halda təsadüf olunur.

Azərbaycanın bir çox rayonlarında əvəlik ehtiyatı çoxdur. Son illər bitkinin kökündən dərman məqsədilə istifadə olunur. Kökündə 4% antraxinon törəmələri (xrizofan turşusu, emodin), 8-15% aşı maddəsi (pirokatexinpiroqallol qrupu), kofein turşusu, nepodin flavonoidi, turşəng turşusunun kalsium duzu, K vitamini, yarpaqlarında 60,5 mq%, çiçəklərində isə 68,4 mq% C vitamini, rutin, qiperazid, efir yağı, dəmir birləş­mələri, qatranlar vardır.

Əvəlik bitkisinin ədviyyat və qida əhəmiyyətli növlərinin yaşıl hissəsində 2,93% azotlu maddə, 0,4-1,41% şəkər, 19-30%-ə qədər zülali maddə, 1,43% mineral maddə, 10%-ə qədər qu­zu­qulağı turşusu, C, A, B1, B2, PP vitaminləri, rutin, fla­vo­noid birləşmələri, kalium, dəmir və s. vardır. 1 kq yaşıl yar­pa­ğın­da 245 kalori vardır. Əvəliyin yaşıl hissəsində 2 mq% də­mir, 0,6 mq% mis, 0,13 mq% ftor, 9 mq% manqan, 1,5 mq% sink, 0,19 mq% molibden, 0,62 mq% nikel, 0,02 mq% arsen, 10 mq% stronsium, 140 mq% natrium, 579 mq% kalium, 35 mq% maqnezium vardır.

Əvəlik aprel-iyun aylarında toplanır və saç kimi hörü­lərək qurudulur. Quru əvəlikdən müxtəlif xörəklər hazırlanır. Əvəlikli aş, əvəlikli umac, əvəlikli sıyıq, əvəlikli piti, əvəlikli bozbaş, yarmalı aş və s. müalicəvi məqsədlə istifadə olunur. Əvəlik həm də dovğaya, qutaba və müxtəlif şorbalara ədviyyat kimi də əlavə edilir.

Əvəliyin müalicəvi xassələri. Əvəliyin tərkibində 2-3% antrasenin törəməsi, 8-13% aşı maddəsi və K vitamini oldu­ğun­dan, onun kökündən və meyvəsindən alınan həlimdən (10:200) və tozundan qanlı ishala və bağırsaq xəstəliklərinə qarşı istifadə olunur. O həm də qankəsici və büzüşdürücü xassəyə malik olduğu üçün ağızı və boğazı qarqara etmək məqsədilə tətbiq edilir. Əvəliyin digər növləri də, məsələn, qumral əvəlik – Rumex crispus L., ispanaq əvəliyi – Rumex patientia L., kütyarpaqlı əvəlik – Rumex abtusif alius L. eyni xassəyə malikdir.

Elmi təbabətdə atəvəliyi, ravənd kökünün əvəzedicisi kimi kiçik dozalarda büzücü, böyük dozalarda isə işlətmə dər­manı kimi istifadə olunur. Bitki antibakterial xassəyə malikdir.

Azərbaycanda yayılmış əvəlik bitkilərindən qıvrım başcıqlı əvəlik əhali tərəfindən daha çox istifadə olunur. Quru­dulmuş əvəlik xırdalanır və ondan «əvəlikli aş» bişirib mədə-bağırsaq pozuntusu zamanı xəstələrə verilir.

Əvəliyin başqa növlərindən isə sarı və qırmızı boya maddəsi almaq məqsədilə istifadə olunur.



Bədrənc, (Ballınanə, Limonotu) Мелисса лекар­ственная, (Лимонная мята, Медовка)Melissa officinalis L. Bədrənc dodaqçiçəklilər (Labiatae) fəsiləsindən olub göv­də­sinin uzunluğu 50-125 sm-ə çatan çoxillik xoş limon ətirli ot bitkisidir. Yarpaqları yumurtavarı və kənarları mişarşəkilli olub, uzunluğu 6 sm, eni 3 sm-ə qədər olur. Iyun ayından av­qust ayına qədər çiçəkləyir. Çiçəkləri sarımtıl, ağ, çəhrayı və ya bənövşəyidir. Meyvəsi quru, dörd çılpaq yumurtavarı formada, tünd boz və ya qara parıltılı toxumdur. Qafqazda, Rusiyanın Avropa hissəsində, Orta Asiyada, Cənubi Avropada, Şimali Afrikada, Şimali Amerikada yabanı halda rast gəlinir. Əsasən yarpaqları və yuxarı zoğları çiçəkləyən vaxt toplanır, qurudulur və istifadə olunur.

Tərkibində kəskin limon iyi verən 0,33%-ə qədər efir yağı vardır. Efir yağının tərkibində sitral, sitronellol, mirsengeraniol vardır. Eyni zamanda, yarpaqlarında 150 mq% C vitamini, toxumunda 20%-ə qədər yağ, yarpaqlarında qatran, 9%-ə qədər aşı maddəsi, qəhvə, olean və ursol turşusu vardır.

Bədrənc ətirli, dərman və balverən bitki kimi qədimdən məşhurdur. Bədrənc təzə və ya qurudulmuş halda tamlı qatqı kimi salatlara, ət, balıq və göbələk xörəklərinə əlavə edilir. Çay, sirkə, şərab və likörlərin ətirləndirilməsində istifadə olunur. Ədviyyə qatışıqları hazırladıqda qara və ətirli istiotu əvəz edə bilər. Bədrənc təbabətdə, ətriyyat, yeyinti və likör-araq səna­yesində – «Şartrez» və «Benediktin» likörləri və məşhur rus içkisi «Yerofiç» (nastoyka) istehsalında istifadə olunur. Qiy­mətli bal verən bitkidir. Bir hektar sahədən arılar 150 kq bal hasil edirlər.


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin