Əkinçinin naşiri (Həsənbəy Zərdabi)


Yubiley tədbirlərinin keçirilməsi



Yüklə 54,03 Kb.
səhifə3/3
tarix07.01.2022
ölçüsü54,03 Kb.
#86634
1   2   3
Yubiley tədbirlərinin keçirilməsi

Zərdabi XIX əsr Azərbaycanda materialist təbiətşünaslığın əsasını qoyan mükəmməl təhsil və biliyə malik olan bir mütəfəkkirdir. Azərbaycanda birinci darvinist olan Zərdabi xalq kütləsinin sxolastik, mistik, dini əfsanələrdən azad olmasında elmə, xüsusən təbiətşünaslığa bir vasitə kimi baxmış və xüsusi əhəmiyyət vermişdir. Zərdabiyə görə elm xalqa öz xoşbəxt və azad həyatını qurmaqda kömək etməlidir. Zərdabi təbiətşünaslıq sahəsində Azərbaycan dilində “Bədəni səlamət saxlamaq düsturülməli”, “Torpaq, su və hava”, “Barama qurdunun saxlanılması” kimi dəyərli əsərlərini yazmışdır. Təbiət elmlərinə aid yazdığı əsərlərin bir dəyəri də onda idi ki, bu əsərlər öz dövrünə görə səlis və aydın ifadələrlə xalq kütlələrinin başa düşəcəyi bir dildə yazılmışdır. Zərdabi biologiya elmini yaxşı bildiyindən düzgün elmi məsləhətlər vermiş, həm də əməli surətdə yeni bitki növləri, heyvan cinsləri yetişdirməyə çalışmışdır.

XIX əsrdə Azərbaycanda feodal münasibətləri patriarxal qalıqlar qalmaqda idi, həm də çarizmin müstəmləkə siyasəti ölkəmizin iqtisadi-siyasi və mədəni inkişafı yolunda ciddi çətinliklər yaradırdı. Çarizm Azərbaycan maarifçilərinin başqa mütərəqqi təşəbbüsləri kimi mətbuat yaratmaq cəhdini də boğurdu. O dövrün maarifpərvər tərəqqipərvər ziyalıları müxtəlif vasitələrlə ictimai və mədəni tərəqqi naminə çalışırdılar. Azərbaycan xalqı bu illərdə bötük mütəfəkkir M.F.Axundovun bir sıra ləyaqətli mübariz xələfini yetirib ərsəyə gəlirdi ki, onların sırasında birinci anadilli qəzetin banisi və naşiri Həsənbəyin də adı vardır. Həsənbəy xalqa fayda verəcək işlər yolunda mübarizəyə başlamışdır. Bu mübarizədə qarşıya çox böyük çətinliklər çıxsa da tərəqqipərvər ziyalılar heç vaxt amallarından əl çəkməmişdilər. O zamanlar əhəmiyyətli olan işlərdən biri də mətbuatın yaranması idi. Azərbaycanlılar XIX əsrin sonlarına qədər dünya xəbərlərini əlyazma səyahətnamələrindən, uzaq ellərdən gələn qasidlərdən, şahların, hökmdarların fərmanlarından, kənd və şəhərdəki carçılardan alırdılar.

Öz dövri mətbuatını Avropa XVI əsrdə, Rusiya XVIII əsrin ilk illərində yaratdığı halda Azərbaycan buna 1875-ci ilin iyul ayının 22-də nail olmuşdur. Qəzetin nəşrində çox böyük çətinliklər yaranmışdır. Hakim dairələr, mühafizəkar din xadimləri, mürtəce ziyalıların təqibləri qəzetin nəşrinə maneələr yaradırdılar. Bütün çətinliklərə Zərdabi mətanətlə dözürdü. Vətəninə, xalqına olan məhəbbət ən çətin anlarda belə onun iradəsini bərkidirdi. O zaman Bakıya gəlmiş Fransız jurnalisti Zərdabiyə demişdir: “Doğrusu siz əlil qəhrəmansınız! Bizim Fransada belə bir yoxsul qəzet üçün işləmək istəyən tapmaq olmaz. Sizin qüvvənizə heyranam. Belə məlum olur ki, siz öz xalqınızı şox sevirsiniz!” Həsənbəy ictimai xadim olmaqla bərabər, eyni zamanda zəhmətkeş istedadlı müəllim olmuşdur. 1869-cu ildən ömrünün sonuna qədər həyatı daim məktəblə bağlı olmuşdur.

Həsənbəy məktəbi maarif təbliğatı aparan mühüm vasitələrdən biri hesab edirdi. Gənc nəslin savadlanması üçün məktəblərin sayının çoxalması uğrunda yorulmadan mübarizə aparmışdır. Həsənbəy xalqın başına gələn fəlakətlərin səbəbini avamlıqda, savadsızlıqda görürdü. Həsənbəy ziyalıların, həqiqi vətənpərvərlərin əsas vəzifəsini elmi, maarifi xalq arasında yaymaqda görürdü. Azərbaycanlı müəllimlərə yazdığı Açıq məktubla elmin, maarifin geniş yayılmasının zəruriliyini qeyd edərək yazırdı. “Elm bütün dərdlərin açarıdır”.

O, gənclərə müraciət edərək onları vətənin xalqın səadəti uğrunda, xalqın maariflənməsi uğrunda mübarizə aparmağa və bu işdə qorxmamağa, çətinliklərə sinə gərməyə çağırırdı. Həsənbəy alovlu vətənpərvər olmuşdur. Vətənpərvərlik ideyaları onun əsərlərinin Ana xəttini təşkil etmişdir. Həsənbəyin Vətənpərvərliyi əməli işlə bağlı olan vətənpərvərlikdir. Onun Vətənpərvərliyi özünü Azərbaycanın milli mədəniyyətinə, tarixi ənənələrinə, ana dilinə, bərəkətli torpağına, mahnılarına olan tükənməz məhəbbət hisslərində əks etdirmişdir. “Bizim nəğmələrimiz” adlı məqaləsində Zərdabi Azərbaycanın təbiətini cənnətə bənzədərək, xalqının şeirə, nəğməyə böyük həvəskar olduğundan iftixar və vüqarla bəhs etmişdir.

Zərdabi Azərbaycanı, onun şəhər və kəndlərini küləklər və qumlar şəhəri Bakını gülüstana çevirməyi, bərəkətli torpağını münbitləşdirməyi, yollarını abadlaşdırmağı, kənd və şəhərləri sağlamlıq ocaqlarına çevirməyi arzu etmiş və bu yolda əməli mübarizə aparmışdır. Zərdabinin görüşlərində humanizm ideyaları da mühüm yer tutur. İnsana qayğı, onun əməllərinə, ləyaqət və şərəfinə hörmət, bacarığına inam, zülm və ədalətsizliyə qarşı mübarizə Zərdabinin əsas ideyası, amalı olmuşdur. İnsanın xoşbəxtliyi, fiziki və əqli inkişafının hərtərəfli təmin edilməsi, sağlamlığı məsələləri Zərdabini həmişə düşündürmüşdür. O insanı bütün xilqətlərin alisi kimi qiymətləndirmişdir.

Belə bir sənətkarın müasir dövrdə yeni nəslə tanıdılması əsas vəzifələrdən biridir. Belə bir şərəfli işdə kitabxanalarda keçirilən tədbirlərin rolu böyükdür. Keçirilən maraqlı tədbirlərdən biri icmallardır. Həsənbəyin naşirliyi ilə yaranan “Əkinçi” qəzetinin tam mətni kitab halında nəşr olunmuşdur. Həmin kitabın icmalının keçirilməsi oxucular üçün maraqlı olur.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunmuş və ölkə kitabxanalarına hədiyyə olunan kitabın nəşri 2005-ci ildə “Avrasiya Press” tərəfindən həyata keçirilmişdir. “Əkinçi” kitabında cəmi 56 nömrəsi çıxan qəzetin tam mətni verilmişdir.

Qəzetin tam mətni verilmiş kitabda siyasət, iqtisadiyyat, mədəniyyət, sosiologiya, biologiya və nəbatat haqqında olan fikir və tövsiyələr verilmişdir. Xalqın mədəni səviyyəsini yüksəltmək, xalqı maarifləndirmək, asudə vaxtını səmərəli etmək məqsədi ilə “Əkinçi” real təklif və tövsiyyələr verirdi. Qəzetdə milli adət-ənənələr, ailə və nikah, məişət mədəniyyəti, kənd təsərrüfatı alətləri, mərasim və ayinlər haqqında olan yazılar “Əkinçi” oxucuları üçün maarifləndirici əhəmiyyətə malik olurdu.

Öz yüksək amalını həyata keçirmək yolunda mübarizədə Zərdabi dövrünün görkəmli ziyalıları- M.F.Axundov, S.Ə.Şirvani, N.Vəzirov, Əsgərağa Adıgözəlov (Gorani) Ələkbər Heydəri və başqalarının köməyinə, qüvvəsinə arxalanırdı. Belə tərəqqipərvər müəlliflər heyətinin köməyi sayəsində “Əkinçi” zəmanəsinin mühüm elmi, texniki, kənd təsərrüfatı, mədəni yenilikləri, naliyyətləri haqqında müntəzəm məlumat verirdi.

“Əkinçi” iqtisadiyyatda, ictimai münasibətdə, maarifdə, ədəbiyyatda, məişətdə, əxlaqda, geyimdə-hər sahədə, hər işdə yenilik, tərəqqi, təzələmə tərəfdarı idi. Zərdabinin ideya irsi ilə oxucuları yaxından tanış etmək üçün kitab sərgisinin təşkil edilməsi də məqsədəuyğundur. Sərgidə maarif xadiminin şəkli, kitabları Həsənbəy haqqında olan kitablar məqalələr göstərə bilər.

Sərgini- “Maarifin yorulmaz carçısı”, “Azərbaycan ziyalılarının müəllimi”, “Milli mətbuatın banisi”, “Əkinçinin naşiri”, “Təbiətşünas alim” kimi adlar altında təşkil etmək olar. Maarif xadimini oxuculara tanıtmaq üçün sual-cavab gecəsi də təşkil etmək olar.

1.Həsənbəy Zərdabi kimdir?

2.Həsənbəy neçənci ildə və harada anadan olmuşdur?

3.Həsənbəy ilk təhsilini harada almışdır?

4.Həsənbəy ali təhsilini nə vaxt və harada almışdır?

5.Həsənbəy nə vaxtdan müəllim kimi fəaliyyətə başlayıb?

6.Xeyriyyə cəmiyyətini nə üçün yaratmışdır?

7.Həsənbəy Azərbaycan teatrının əsasını nə vaxtdan qurmuşdur?

8.Əkinçi qəzeti neçənci ildə nəşr olunurdu?

9.Qəzetin nəşri nəyə görə dayandırıldı?

10.Həsənbəy nə zaman və harada dünyasını dəyişdi?

Kitabxanalarda oxucular arasında onların Həsənbəy haqqında fikirlərini öyrənmək üçün anket sorğular təşkil etmək olar.

1.Həsənbəyi tanıyırsınızmı?

2.Həsənbəyin həyatı haqqında nə bilirsiniz?

3.Həsənbəy ilk dəfə kimin hansı komediyasını tamaşaya qoymuşdur?

4.Əkinçi qəzeti hansı illərdə nəşr olunmuşdur?

5.Qəzetin neçə sayı nəşr olundu?

6.Qəzetdə əsas mövzular nə haqqında yazılırdı?

7.Həsənbəy təbiətşünaslıq sahəsində hansı əsərlərini yazmışdır?

8.Həsənbəyin ictimai fəaliyyəti haqqında nə bilirsiniz?

Əbədi-bədii gecə təşkil edilməsi də oxucuların marağına səbəb olar. Bədii gecənin ssenarisini sizə təqdim edirik.

1.Aparıcı: Aparıcı qonaqları salamladı, tədbirin səbəbini bildirdi.

2.Aparıcı: Aparıcı qeyd etdi ki, görkəmli maarif xadiminin anadan olmasının 175 illiyidir. Bu münasibət ilə keçirilən tədbiri açıq elan etdi.

1.Aparıcı: Həsənbəy 1837-ci ildə Bakı Quberniyasının Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində anadan olmuşdur. İlk təhsilini mollaxanada alan Həsənbəy 1854-cü ildə Şamaxı məktəbi nəzdində təşkil olunmuş pansionun 2-ci sinfinə qəbul olunmuş və oranı əla qiymətlərlə bitirmişdir.

2.Aparıcı: 1858-ci ildə Tiflis Qəza Gimnaziyasına daxil olur və 1860-cı ildə Gimnaziyanı müvəffəqiyyətlə bitirmişdir. 1861-65-ci illərdə Moskva Universitetinin Fizika-riyaziyyat fakültəsinin Təbiyyat şöbəsində təhsil almışdır. Nümunəvi əxlaqına, əla müvəffəqiyyətinə görə Universitetin Elmi Soveti ona namizədlik dərəcəsi vermişdir.

1.Aparıcı: Həsənbəy qayıtdıqdan sonra Azərbaycanda maarifçilik fəaliyyətinə başlayır. 1869-cu ildən ömrünün sonuna qədər həyatı məktəblə bağlı olmuşdur. Məktəbi maarif təbliğatı aparan mühüm vasitələrdən hesab edirdi. Gənc nəslin savadlanması üçün məktəblərin sayının çoxalması uğrunda yorulmadan mübarizə aparmışdır.

2.Aparıcı: Həsənbəy xalqın tərəqqisi üçün teatrı təsirli vasitələrdən hesab edirdi. 1873-cü ildə Həsənbəy N.Vəzirov və Ə.Adıgözəlovla birlikdə görkəmli dramaturq M.F.Axundzadənin “Hacı Komediyasını” tamaşaya qoydular. Bununla da Milli teatrın əsası qoyuldu.

1.Aparıcı:Həsənbəy xalqına daha yaxından kömək göstərmək, maarifləndirmək, ictimai şüurunu tərbiyə etmək, vətənpərvərlik hissini qüvvətləndirmək, azadlıq hərəkatını canlandırmaq məqsədi ilə Azərbaycan dilində qəzet nəşr etmək fikrinə düşdü.

2.Aparıcı: Doğma xalqını dərin məhəbbət ilə sevən, yaşamağın mənasını vətənə, xalqına xidmət etməkdə görən Həsənbəy qəzet vasitəsi ilə kütlə ilə danışmaq, xalqı təhsilə cəlb etmək, öz fikrini xalqa çatdırmaq üçün qəzet nəşr etmək qərarına gəldi.

1.Aparıcı:1875-ci ildə Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzeti nəşr olunur və bununla da Milli mətbuatın əsası qoyulur.

2.Aparıcı: Yoxsul kəndlilərin təsərrüfat dərdləri- torpaq, su, becərmə, məhsuldarlıq, istehsal alətləri, heyvandarlıq kimi məsələlər ilə əlaqədar olan dərdlər qəzetin əsas mövzusu idi. Bütün maneələrə baxmayaraq məhsuldarlığın yüksəlməsi üçün zəruri üsullar öyrənib təbliğ etmək qəzetin əsas məqsədi idi.

1.Aparıcı: Əkinçinin səhifələrində yeni tipli mədəniyyət-bədii ədəbiyyat, incəsənət, dil, pedaqogika, dərslik, tərcümə, kitab nəşri, kitabxana haqqında yazılar da nəşr olunurdu. “Əkinçi” maarifçi ideyalarını yaydığı üçün 1877-ci ildə çar senzurası tərəfindən bağlanmışdır.

2.Aparıcı: “Əkinçi” bağlandıqdan sonra Həsənbəy jurnalistlik fəaliyyətini davam etdirmiş, bir müddət “Kaspi” qəzetinin redaktoru olmuşdur. O, həmçinin başqa qəzet və jurnallarda məktəb tərbiyə təhsil haqqında maarifləndirici məqalələr nəşr etdirmişdir.

1.Aparıcı: Həsənbəy 1901-ci ildə Bakıda ilk qız məktəbinin açılmasının təçəbbüskarçısı olmuşdur. 1906-cı ildə görkəmli ictimai-siyasi xadim N.Nərimanov və başqa mütəfəkkirlərlə birlikdə Azərbaycan müəllimlərinin I qurultayının çağrılmasına köməklik göstərmiş və qurultayın sədri olmuşdur.

2.Aparıcı: Həsənbəy 1907-ci ildə Bakı şəhərində iflic xəstəliyindən vəfat etmiş, Bibiheybət məscidi yaxınlığında dəfn olunmuşdur. 1937-ci ildə həmin ərazi dağılmış və onun nəşi bir neçə il ailəsinin evində qalmışdır. 1957-ci ildə Həsənbəyin 50 illiyi qeyd olunarkən onun nəşi Fəxri Xiyabanda dəfn olunmuşdur.

1.Aparıcı: Həsənbəyin adını xalqımız həmişə uca tutmuş, xatirəsini əbədiləşdirmişdir. Onun adına 1930-cu ildə təbiət tarixi muzeyi Zərdab şəhərində ev muzeyi, yaradılmış park salınmış, 1943-cü ildən Zərdabi adına Gəncə Dövlət Universiteti fəaliyyətə başlamışdır. Bakıda, regionlarımızda onun adını daşıyan küçələr var.

2.Aparıcı: XX əsrin 90-cı illərində Əkinçi Mətbuat Cəmiyyətinin təşəbbüsü ilə Zərdabi adına Fəxri diplom və medal təsis edilmişdir. 2003-cü ildə N.Xudiyevin ssenarisi əsasında V.Məmmədzadənin rejissorluğu ilə qısametrajlı bədii-sənədli televiziya filmi çəkilmişdir. 2010-cu ildə Milli Mətbuatın 135 illiyinə həsr edilmiş gümüşdən xatirə sikkəsi hazırlanmışdır.

2012-ci ildə Bakı Slavyan Universitetində H.Zərdabi adına auditoriya yaradılmışdır. Tədbirlər sırasında görüşlərin təşkil edilməsi də oxucular üçün maraqlı olur. Belə görüşlərə şairlərin, yazıçıların, ədəbiyyatşünasların dəvət edilməsi tədbirin daha maraqlı keçməsinə səbəb olur.

Vəsaitin məzmunlu olması üçün aşağıdakı ədəbiyyat siyshısından istifadə olunmuşdur.

1.Z.Məmmədov. “Həsənbəy Zərdabi” Azər.Uşaq və Gənc.Ədəb.Nəş.1957-ci il

2.”Əkinçi”-Tam mətni “Avrasiya Press”, Bakı-2005

3.Təqvim-2017.



Hazırladı: Metodika-biblioqrfiya şöbəsinin müdiri S.Nuriyeva, İnformasiya-resurs şöbəsinin müdiri Z.Nəcəfova və sistem inzibatçısı Əhmədova Sahibə.
Yüklə 54,03 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin