Əkinçinin naşiri (Həsənbəy Zərdabi)



Yüklə 54,03 Kb.
səhifə2/3
tarix07.01.2022
ölçüsü54,03 Kb.
#86634
1   2   3
Həyat və Yaradıcılığı

Həsənbəy Səlim bəy oğlu Məlikov 1842-ci il iyun ayının 28-də Göyçay qəzasının Zərdab kəndində yoxsullaşmış bəy ailəsində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada alan Həsənbəy 1854-cü ildə dörd sinifli Şamaxı məktəbi nəzdində yenicə təşkil olunmuş pansionun ikinci sinfinə qəbul olunmuş və oranı əla qiymətlərlə bitirmişdir. 1858-ci ildə Tiflis Qəza Gimnaziyasına daxil olur, 1860-cı ildə gimnaziyanı müvəffəqiyyətlə bitirir. 1861-65-ci illərdə Moskva Universitetinin Fizika-riyaziyyat fakültəsinin təbiətşünaslıq şöbəsində oxumuşdur. Universitetin Elmi Soveti nümunəvi əxlaqına və əla müvəffəqiyyətinə görə ona namizədlik dərəcəsi verilmişdir.

Zərdabi təhsildən qayıtdıqdan sonra Azərbaycanda maarifçilik fəaliyyətinə başlayır. O, əvvəllər Tiflisdə çalşır, sonra Qubada məhkəmə katibi vəzifəsində işləyir. Bu vəzifədə işləyərkən hakim dairələrin özbaşlanılığının şahidi olmuş, yoxsulların müdafiəçisi kimi çıxış etmişdir. Təbiəti etibari ilə cəsur və qorxmaz olan Zərdabi dövlət xidmətində olarkən öz iradəsinin əksinə hərəkət etməyə və özündən yüksək məmurların əmrlərini yerinə yetirməyə məcbur olduğundan bu vəzifələrdə çox qala bilmir.

1869-cu ildə Qafqaz məktəb dairəsinin müdirinin əmri ilə Bakı Realnı Gimnaziyasına “Təbiyyat tarixi” müəllimi təyin edilir. Zərdabi bu illərdə yalnız müəllimliklə kifayətlənmir, həm də azərbaycanlıları məktəbə cəlb etmək, bu işdə onlara kömək üçün cəmiyyəti-xeyriyyə təşkil edir və başqa maarifçilik işləri ilə məşğul olur.

Həsənbəy xalqın tərəqqisi üçün teatrı təsirli vasitələrdən hesab edilirdi. Zərdabi gimnaziya tələbələri Nəcəf bəy Vəzirov, Əsgər ağa Adıgözəlov və başqalarının köməyi ilə 1873-cü ildə M.F.Axundovun ‘’Hacı-Qara’’ (Mərdi-xəsis) “Lənkəran xanın vəziri’’ pyeslərini ilk dəfə Azərbaycan dilində tamaşaya qoydular və bununla da Azərbaycan teatrının binası qoyulur. Bu Azərbaycanda fövqəladə hadisə idi.

Öz xalqına sədaqətlə xidmət etmək, xalqı maarifləndirmək, onların ictimai şüurunu tərbiyə etmək, vətənpərvərlik hissini qüvvətləndirmək, azadlıq hərəkatını canlandırmaq məqsədi ilə Həsənbəy Azərbaycanda qəzet yaratmaq fikrinə düşür.

Xalqını dərin məhəbbətlə sevən və yaşamağın mənasını xalqa xidmət etməkdə görən Zərdabi qəzet nəşr edib, onun vasitəsi ilə öz fikrini xalqa çatdırmaq istəyirdi. Zərdabi qəzet nəşr edib onun vasitəsi ilə fikrini xalqa çatdırmaq istəyirdi. Zərdabi bilirdi ki, qəzet xalqın gözünü açar, maarif və mədəniyyətinin artmasına kömək edər, dünyada baş verən hadisələri qəzet vasitəsi ilə öyrənərlər.

Zərdabi qəzetin əhəmiyyətini və ictimai inkişaf tarixindəki rolunu düzgün dərk edirdi.

O, bu yolda ciddi çətinliklərə rast gəlir, ancaq 1875-ci il iyul ayının 22-də Rusiyada Azərbaycan dilində ilk qəzet- “Əkinçi” qəzetini nəşr etməyə müvəffəq olur. Həsənbəy qəzetin adını “Əkinçi” qoymaqla qabaqcadan qəzetin əsas vəzifəsini müəyyənləşdirmişdir. Qəzet xalqa yol göstərir, kəndlilərə aqrobiologiya, maldarlığı inkişaf etdirmək, torpağı münbitləşdirmək sahələrində məsləhətlər verirdi.

Qəzetin elə bir sayı yox idi ki, Həsənbəy zəhmətkeşlərə səmərəli elmi təcrübi məsləhət verməsin. Yoxsul kəndlilərin təsərrüfat dərdləri- torpaq su becərmə, məhsuldarlıq, istehsal aləti, heyvandarlıq, ipəkçilikdə olan çətinliklərin izahı “Əkinçinin’’ başlıca mövzusu idi.

“Əkinçi’’nin səhifələrində yeni tipli mədəniyyət yaradılması-bədii ədəbiyyat, incəsənət, dil, pedaqogika, kitab nəşri, kitabxana haqqında mövzular da geniş yer almışdır. “’Əkinçi’’ qəzetində Həsənbəyin, N.Vəzirovun, Ə.Adıgözəlovun məqalələri, S.Ə.Şirvaninin şeirləri və M.F.Axundovun məqalələri dərc olunurdu. Ancaq qəzetin əsas fəslində Həsənbəy günün mühüm məsələlərini işıqlandırırdı. Zərdabi və onunla birlikdə qəzetdə çalışan bir sıra maarifpərvər, demokratik ziyalılar Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görürdülər. Onlar öz fikirlərini qəzet vasitəsi ilə xalqa çatdıra bilirdilər.

Qəzet ayda 2 dəfə 300-400 nüsxə ilə nəşr olunurdu. Qəzetin cəmi 56 sayı işıq üzü görmüşdü. Qəzet zəhmətkeş kütlələrin ayılmasına, ictimai şüurun formalaşmasına səbəb olurdu, bu da çar üsul-idarəsi üçün təhlükə yaradırdı. Qəzet siyasi cəhətdən etibarsız sayıldığından 1877-ci il sentyabr ayında bağlanmışdır. Əkinçi qəzeti bağlandıqdan sonra Zərdabinin qarşısında ya ölkədən çıxıb getmək, ya da dövlət qulluğundan əl çəkmək tələbi qoyulmuşdur.

Zərdabi həyatını xalqdan ayrı mənasız hesab edirdi, ona görə də dövlət qulluğundan əl çəkmişdir. İki il işsiz qaldıqdan sonra doğma kəndi Zərdaba köçmüş və 16 il orada yaşamışdır.

Əkinçi bağlansa da alovlu vətənpərvər ruhdan düşməmiş, maarifçilik fəaliyyətini əzmlə davam etdirmişdir. 1896-cı ildə Bakıya qayıtmış və ömrünün axırınadək Kaspi qəzətində əməkdaşlıq etmişdir.

Zərdabi jurnalistlik fəaliyyətində də ana dili məsələsinə diqqət vermişdir. Əkinçi qəzetinin məramnaməsində də dil məsələsi əsas yer tuturdu. Azərbaycan dilini ərəb fars sözləri ilə dolduranlara qarşı Zərdabi və onun həmfikirləri amansız mübarizə aparmışdılar. Zərdabi Azərbaycanda milli dilin əsasını qoymaqla özündən əvvəlki dil qarşılığına zərbə vurmuşdur. Zərdabi dilimizi yad sözlərdən təmizləyib inkişaf etdirmək üçün bütün mütərəqqi ziyalıların qarşısına bir vəzifə qoyaraq yazırdı ki, əgər istəyirsiniz Azərbaycan milləti yaşasın, elmi mədəniyyəti olsun, inkişaf eləsin ona öz dilini verin.

Zərdabinin bu fikri onun ana dilinə müstəsna əhəmiyyət verdiyini, Azərbaycan xalqının varlığı üçün ana dilini böyük bir amil hesab etdiyini aydın göstərirdi. Həsənbəy yaxın dostu M.F.Axundovla birlikdə Azərbaycan dilinin qorunub saxlanması, saflığı uğrunda daim mübarizə aparmışdır.

Həsənbəy Azərbaycan qadınlarının maariflənməsinə də xüsusi diqqət vermişdir. 1901-ci ildə Həsənbəyin təşəbbüsü Z.Tağıyevin sərmayəsi hesabına Bakıda ilk müsəlman qız məktəbi açılmışdır. Həsənbəyin ömür-gün yoldaşı Hənifə xanım məktəbin direktoru olmuşdur.

Həsənbəyin yaxından köməyi ilə 1906-cı ildə Bakıda Azərbaycan müəllimlərinin I qurultayı çağrılır. Qurultayın sədri Həsənbəy olmuşdur. Gərgin elmi fəaliyyət ilə məşğul olan Həsənbəy həddən artıq özünü yorduğu üçün 1907-ci il noyabr ayının 28-də iflic xəstəliyindən vəfat etmiş, Bibiheybət məscidinin yaxınlığında dəfn olunmuşdur. Həmin ərazi 1937-ci ildə dağıdılmış mərhumun nəşi bir neçə il ailəsinin evində qalmışdır. 1957-ci ildə Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən onun nəşi Fəxri Xiyabanda dəfn olunmuşdur. Həsənbəyin vəfatı Azərbaycan xalqını hədsiz kədərləndirmiş, onun vəfatı Bakıda ümumxalq matəminə çevrilmişdir, çünki Azərbaycan xalqı onun simasında öz müdafiəçisini sevimli oğlunu itirmişdir.

Həsənbəy ömrünün sonuna qədər Vətənini xalqını dərin məhəbbət ilə sevmişdir. Ölüm yatağında olarkən yenə də xalqı unutmamışdır. Ömrünün son günlərində demişdir: “Məni sadə dəfn edin, təntənəli mərasim düzəltməyin. Həmişə xalqın maariflənməsinə kömək edin.”

Həsənbəy öz düşüncəli həyatını xalqın maarif və mədəniyyətə çatması uğrunda mübarizəyə həsr etmişdir. Onun həyat və fəaliyyəti Azərbaycan ziyalıları üçün ibrət nümunəsidir. Azərbaycan xalqı Həsənbəyin adını əziz tutur və öz qəlbində iftixar hissi ilə yaşadır. Xalq onun xatirəsini əbədiləşdirmiş, adına Bakıda Təbiət Tarixi Muzeyi yaradılmış, Zərdab şəhərində park salınmış, ev-muzeyi yaradılmış, 1943-cü ildən fəaliyyət göstərən Gəncə Dövlət Pedaqoji İnstitutu onun adını daşıyır. Bakıda regionlarda onun adına küçələr var. XX 90-cı illərində Əkinçi Mətbuat Cəmiyyətinin təşəbbüsü ilə adına diplom və medal təsis edilmişdir. 2003-cü ildə Nizami Xudiyevin ssenarisi əsasında V.Məmmədzadənin rejissorluğu ilə qısametrajlı bədii-sənədli televiziya filmi çəkilmişdir.

2010-cu ildə Milli Mətbuatın 135 illiyinə həsr olunmuş üz tərəfində Həsənbəyin əksi təsvir olunmuş gümüşdən xatirə sikkəsi hazırlanmışdır. Əkinçi qəzeti tez bağlansa da mədəniyyət salnaməsində böyük bir ad qoydu. Qəzetin milli mətbuat tarixində açdığı yol, yaratdığı ənənələr çox uğurlu uzunömürlü oldu.

Zərdabinin milli mədəniyyətimizin xəzinəsinə dəyərli hədiyyə olan ideya irsi bu gün də öz təravətini itirməmişdir.




Yüklə 54,03 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin