1.1. Kommunikativ prosesdə prosodiyanın rolu
İnsanın nitqini prosodik vasitələrsiz təsəvvür etmək qeyri-mümkündür, çünki hər bir sözün tələffüzünün əsasında yalnız seqmentlər deyil, prosodik vasitələr də durur. Tədqiq olunan dil vahidlərindən asılı olaraq, onların prosodik xüsusiyyətləri də dəyişkən xarakterli olur. Müəyyən bir mətn danışıq aktında istifadə olunmursa, danışanın nitqində konkretləşmirsə, belə vəziyyətdə o, prosodik vasitələrdən kənarda qalmış olur. Prosodika bilavasitə canlı danışıqla bağlı hadisədir və müxtəlif faktorların təsiri ilə variasiya olunur. Belə olan vəziyyətdə prosodikaya daxil olan vahidlərin diferensiasiyasına ehtiyac duyulur. Dünya dilləri bir-birlərindən yalnız fonoloji, qrammatik, semantik və s. xüsusiyyətlərinə görə deyil, eyni zamanda prosodik xüsusiyyətlərinə, prosodik strukturlarına görə də fərqlənir. İlk növbədə prosodika terminindən necə istifadə olunduğuna, onun mahiyyətinə aydınlıq gətirək, çünki sözün prosodik xüsusiyyəti hər bir dilin fonetikası sahəsində ən aktual və mübahisəli məsələlərdən biri olaraq qalmaqdadır. Tələffüz edilən hər bir söz akustik və artikulyator cəhətdən, prosodik əlamətlərlə (vurğu, ton, temp, intonasiya və s.) səciyyələnir və bu əlamətlərinə görə də digər vahidlərə qarşı qoyulur. Məsələn, ingilis dilində işlənən ´Perfect və per´fect sözləri eyni fonemlərin ardıcıllığından ibarət olsa da, bunlar bir-birindən danışıq aktında danışan və dinləyən tərəfindən asanlıqla fərqləndirilir. Bu fərqi diktə edən prosodik əlamətdir. Birinci və ikinci söz bir-birindən aksent xüsusiyyəti ilə fərqlənir. Sözlərin mənasının fərqləndirilməsində dominant faktor kimi vurğu çıxış edir. Fonetik-metrik terminologiyaya aid lüğətdə A.İvanov qeyd etmişdir ki, prosodikanın tədqiqat obyektinə nitqin metrik cəhətdən relevant hesab olunan elementləri kimi hecaların kvantiativ xarakteristikası daxildir [100, s.615].
“İngilis dilçiliyində prosodiyanın ritm, fasilə, temp, vurğu və melodiya kimi də qəbul edənlər olmuşdur” [166, s.167].
Vladimir Dal isə prosodikanı izah edərkən göstərmişdir ki, bu, heca vurğusudur, başqa sözlə ifadə etmiş olsaq prosodika nitqin uzun və qısa hecalarının düzgün tələffüzüdür [89, s.511]. Düzgün tələffüz də, tələffüzün reallaşmasını təmin edən prosodik vasitələrə necə əməl olunması ilə əlaqəli hadisədir. Prosodik vasitələr prosodikanın minimal vahidi olan hecadan başlayaraq, mətnə kimi olan bütün vahidləri əhatə edir.
O.C.Axmanova prosodika sözünü müxtəlif formalarda fərqləndirərək yazır: “Prosodik vahid olan prosodema prosodik fonemdir, yəni ikinci dərəcəli fonem”.
İkinci vəziyyətdə o, prosodemi dilin ən kiçik prosodik vahidləri – heca və mora bərabər tutub.
Üçüncü yanaşmada o, bu vahidə “seqmentüstü morfem və yaxud superseqment morfem” kimi baxır [65, s.367].
Deməli, prosodiya yunan sözüdür /prosodia/ vurğu və nəqarət mənalarını ifadə edir. Prosodik fərqləndirici əlamətlər fonemlərə məxsus fərqləndirici əlamətlər deyil, bu əlamətlər fonem birləşmələrinə, onların qruplarına, yəni hecalara məxsus olur. Böyük ensiklopediya lüğətində prosodiya terminin izahı üçün qeyd edilir ki, “prosodiya nitqin metrik mənalı elementləri haqqında elmdir, yəni hecalarda uzunluq – qısalıq və vurğulu – vurğusuzluq elementləri” [74].
Bu fikirdən çıxış etmiş olsaq, onda “beat” və “bit” sözlərinin fərqlənməsində uzunluq – qısalıq, “´perfeckt” və “per´fect” sözləri isə vurğu prosedemləri ilə diferensiasiya olunurlar. Deməli, danışıq aktında bu tip sözlərin temporal əlaməti və vurğusu dominant diferensial əlamətlərdir.
“Prosodiya nitqin seqmentüstü vahidlərinin ümumi göstəricisi kimi, xüsusən, tonun yüksəkliyi, uzunluğu və gücü kimi şərh olunmuşdur” [65, s.367].
Canlı danışıq aktında dinlənilən fərqləndirici əlamətlər iki qrupa bölünür:
1) fonetik fərqləndirici əlamətlər
2) prosodik əlamətlər.
L.Blumfild birinci qrupa daxil olan əlamətləri inferent və yaxud daxili əlamət adlandırır. Onun fikrincə, fonem səs deyil, səsin fərqləndirici əlamətlərinin məcmusudur. Deməli, dildə elə nitq hadisələri mövcuddur ki, onları fonematik əlamət hesab etmək olmaz. Məsələn, cümlənin sonunda tonun yüksəkliyi məna dəyişikliyi yaradır. Bu cür fonoloji xüsusiyyətləri L.Blumfild “ikinci dərəcəli fonemlər” adlandırır. N.S.Trubetskoy prosodik əlamətləri danışıq üçün vacib elementlər hesab etmişdir. Onun fikrincə, “dünya dillərinin böyük əksəriyyətində fərqləndirici prosodik əlamətlər yalnız saitlərdə olur. Buna görə hesab etmək olar ki, bu əlamətlər sait əlamətlərinə aiddir və avazlanma dərəcələri və əsas ton klasları ilə birlikdə araşdırılmalıdır. Hecaların ibarət olduğu fonemlərin bir qismi prosodik cəhətdən irrelevantdır. Adətən bu fonemlər samitlərdir. “Heca düzəltməyən” saitlər də ola bilər. Saitsiz hecalarda prosodik əlamətin daşıyıcısı kimi samit çıxış edir” [41, s.228]. Belə vəziyyətdə prosodik əlamətlər təkcə saitlərə məxsus əlamət olmayıb, hecanın müəyyən bir hissəsinin əlaməti kimi nəzərdən keçirilir. Məs., alman dilində işlənən “Staat” və “Stadt” sözləri birhecalı sözlərdir. Bu birhecalı sözlər bir-birindən prosodemlə fərqlənir. Daha doğrusu, bu leksik vahidlərdə prosodemlərin əvəz olunması onların semantik strukturlarının dəyişməsi ilə nəticələnmişdir. /ta:t/ sözündə uzun /a:/ saiti işlənmişdir, saitin kvantativ xüsusiyyəti dinləyənə həmin vahidi “dövlət” mənasında başa düşülməsinə əsas olmuşdur. İkinci halda isə qısa /a/ saiti işlənmişdir. Bu sait birincidən öz qısa tələffüzü ilə fərqlənir. Məhz bu vəziyyətdə qısalıq yeganə dominant əlamətdir ki, həmin sözü /staat/ sözündən fərqləndirir. Bu iki sözü bir – birindən fərqləndirən yeganə diferencial əlamət onların kəmiyyət parametirləridir. Prosodik vasitələrlə yanaşı heca prosodikasını təhlil edərək N.S.Trubeskoy yazmışdır: “Müəyyən bir dilin qanunlarına görə distinktiv prosodik əlamətlərin sahibi olan hecanın hissəsini heca daşıyıcısı kimi müəyyənləşdiririk. Dildən asılı olaraq heca daşıyıcısı ola bilər: a)sait; b) polifonematik sait birləşməsi; c) samit; d) sait+samitin polifonematik birləşməsi. Elə dil yoxdur ki, orada saitlər heca daşıyıcısı olmasın” [41, s.229]. O da qeyd olunmalıdır ki, elə dil də yoxdur ki, onun sait sistemi olmasın.
N.S.Trubeskoyun şərhindən bəlli olur ki, dildə prosodik əlamətlərin daşıyıcıları müxtəlif ola bilər.
Prosodikanı yazıda əlavə diakretik işarələrlə göstərilən fonetik vasitələrin sistemi kimi də şərh etmək olar. Bu sistemə də aksent, tembr, melodiya, ritm, intonasiya, intensivlik, fasilə, sədalılıq, vurğu, uzun və qısalıq daxildir. Bu fonetik vasitələrin hər birinin öz fərqli xüsusiyyətləri və funksiyası mövcuddur. Cümlədəki mövqeyi sözün prosodik strukturunda hansı vasitənin həlledici olmasına təsir göstərir.
S.V.Kodzasov aksentoloji aspektdə prosodika sahəsini düzgün müəyyənləşdirmək üçün sözün ritmləşməsinin əsas iki fərqli prinsipial üsulunu göstərir: pluralistik və unitar. Burada müəllif bu üsullarla qeyri-adi mürəkkəb və müxtəlif prosodik sxemlər əldə edir [103, s.108-112]. Əldə edilən bu sxemlərin fərqli xüsusiyyətini özündə əks etdirən göstəricilər də ifadə olunmuşdur.
Prosodiyanın dildə yerinə yetirildiyi funksiyanı və vasitələrini araşdıran Y.A.Dubovski prosodiyanı belə xarakterizə etmışdir:“Prosodiya və ya prosodika dildə vurğu və nəqarət mənalarında işlənir” [92]. Belə qənaətə gəlmək olar ki, o, dil vahidinin prosodik funksiyasını vurğu funksiyası ilə eyniləşdirir.
Müxtəlif dil vahidlərinin danışıq aktında daşıdıqları prosodik vasitələrə və onların təhlilinə aid müxtəlif dillərin materialları əsasında müəyyən tədqiqat işləri yerinə yetirilib (D.Kristal, D.Bolinjer, O.Tsaxer, T.A.Brovçenka, T.M.Nikolayeva, G.Y.Pankrats və b.).
Söz prosodikası sait və samitlərin söz daxilində struktur quruluşu ilə məşğul olur. Şübhəsiz ki, prosodika yalnız bununla kifayətlənmir, o, seqmentüstü vahidləri də öyrənir.
Prosodika danışıq prosesində nitq seqmentlərinin bütün səviyyələrində (heca, söz, söz birləşməsi, sintaqma, cümlə, mətn) yaranan və məna fərqləndirici rol oynayan fonetik vahidlərin (tonun yüksəkliyi, gücü və zamanı və s.) sistemidir. Bu sistemsiz canlı danışığı təsəvvür etmək qeyri-mümkündür. “Çox vaxt prosodikanın aşağıdakı elementləri (komponentləri) fərqləndirilir: nitqin melodiyası, vurğu, nitqin temporal və temp xüsusiyyətləri, tonal dillər üçün ritm. Bu baxımdan prosodiya çox vaxt intonasiya ilə sinonim kimi işlənir” [92]. Onu da qeyd etmək lazımdır ki, hər iki termin dilin superseqment vasitələrinin funksional sistemini əks etdirmək üçün istifadə olunur. Şübhəsiz ki, bu terminləri ayırmaq istəyənlər də var. Bunun üçün onlar intonasiyanı fraza ilə, prosodikanı isə hecadan başlamış mətnə kimi bütün nitq seqmentləri ilə əlaqəli olduğunu əsas götürmüşlər. Prosodiya və prosodika terminləri 20-ci əsrin 70-ci illərində mətn dilçiliyinə marağın artması sayəsində daha geniş yayılmışdır.
Y.A.Dubovski prosodiya və prosodika terminlərinin də işlənmə xüsusiyyətlərinə aydınlıq gətirmişdir. O, prosodikanı hecaya, prosodiyanı isə bütün seqment vahidlərə (heca, söz, sintaqm, fraza, cümlə, mətn) aid edir[92,s.80-81]. Deməli, prosodikanın işlənmə sahəsi prosodiyanın işlənmə sahəsi ilə müqayisədə məhduddur. Sözü təmsil edən hecaların zəncirvari əlaqəsi məhz prosodik vasitələrin köməkliyi ilə bütövə çevrilir. German dillərində tam mənalı sözlər aydın ritmik strukturlu olur. Sözdə hecalardan biri digərləri ilə müqayisədə prosodik göstəricilərinə görə fərqləndirilir və bu heca vurğulu hesab edilir. Sözü təşkil edən digər vurğusuz hecalar isə güc səviyyəsinə görə vurğulu hecadan aşağı səviyyədə olur. Beləliklə də nitq axını vurğulu heca ətrafında birləşən ritmik kvantlara ayrılır. Sözün prosodik strukturu danışana imkan verir ki, onu digər sözlərdən fərqləndirsin, danışıq aktında onun gerçək mənasını dəqiqləşdirsin. Q.P.Torsuyev “ingilis dilində sözləri tələffüzlə sıx bağlı olan semantik vahid kimi”xarakterizə edir [128, s.169]. Bu diferensial xüsusiyyətinə görə sözlər öz prosodik ifadələrindən çıxış edərək, hecaların və morfemlərin prosodik ifadə formalarından fərqlənirlər. Söz, morfem və heca arasındakı fərqi əks etdirmək məqsədilə Q.P.Torsuyev nümunə kimi “proposal” və “readible” sözlərindən istifadə edərək qeyd etmişdir ki, bu sözlər morfoloji struktur baxımından [prə/´poʊz/l] və [ri:d/əbl] kimi, heca strukturu baxımından isə [prə/poʊzl] və [´ri:də/bl] kimi hissələrə ayrılır. Həqiqətən də, bu və bu kimi model sözlərdə söz, morfem və heca sərhədləri aydın fərqləndirilir. Bu fərq onların prosodik strukturlarında da öz ifadəsini tapmışdır. İki və daha artıq hecalı sözlərdə hecalar bir-birlərindən prosodik vasitələrin təsiri ilə fərqlənir. Əlbəttə, ingilis dilində işlənən /´teibl/, /´peipə/, /´doktə/, /`ɔ:təm/, /ɔ:də/, /fænsı/, /´bʊlüək/, /ti:tə/ və s. kimi sözlərdə vurğulu hecanın prosodik strukturunu vurğusuz hecanın prosodik strukturu ilə eyniləşdirmək qeyri-mümkündür, çünki vurğulu hecanın saiti əsas tonun tezliyi və intensivlik parametrlərindəki yüksəlişə görə maksimum səviyyədə durmuşdur. Eyni prosodik struktur Azərbaycan dili materialının təhlilində də baş vermişdir. İstər ingilis, istərsə də Azərbaycan dilində sözün prosodik xüsusiyyətlərinin eksperimental təhlili haqqında irəlidə geniş məlumat verilir.
Dildə prosodikanın rolu məsələsi Y.S.Maslovun da diqqətini çəkmişdir. Onun fikrincə, “nitq aktında üfüqi şəkildə düzülmüş seqment vahidlərdən başqa, seqment vahidlərin üzərinə yayılaraq, yerləşən supraseqment vahidlər də mövcuddur. Supraseqment latın dilindən alınma sözdür. Supra – nəyinsə üzərinə, nəyinsə üzərində mənasını bildirir; seqmentum – hissə, nitq parçası. Sözün hərfi tərcüməsi “nitq parçasının və ya parçalarının üzərində yerləşən” kimi başa düşülür. Bunlar relativ nisbi müstəqil vahidlər kimi nəzərdən keçirilmişdir” [174,s.239]. “Bunlar funksional, fonoloji cəhətdən dil sisteminin elementləri kimi nəzərdən keçirilir və prosodik vahidləri – prosedemləri təmsil edirlər. Əsas prosodik anlayışlar kimi o, vurğu və intonasiyanı qeyd etmişdir. İrəli sürdüyü fikirlər onun tərəfindən rus və alman dillərindən gətirilən nümunələrlə əsaslandırılmışdır”[108, s.86]. Y.S.Maslovun fikrindən aydın olur ki, dildə fəaliyyətdə olan bu prosodemlər canlı danışıqda yaranan və informativlik baxımından müəyyən funksiya yerinə yetirən vahidlərdir. Bu da onu göstərir ki, prosodik vasitələr ünsiyyət prosesində bu və ya digər vahidin informativlik baxımından qabardırılmasına xidmət edir.
R.Konrad “Prosodiya” və “Prosodika” terminlərini sinonim kimi işlətmişdir və bunları fonetika və fonologiyanın sahəsi hesab etmişdir. Onun fikrincə,”bu vahidlər səs və fonemdən böyük dil vahidlərinin yaranmasında relevant səs xüsusiyyətlərinin (aksent, intonasiya, danışıq tempi, fasilə və s.) tədqiqi və təsviri ilə məşğul olur” [174,s.190]. Prosodikanın bu xüsusiyyətlərinin hər biri canlı danışıq aktının yaranması və davam etdirilməsində müəyyən funksiyanın daşıyıcısıdır.
Təhlil olunan ingilis və Azərbaycan dillərinin materiallarından məlum olur ki, dildə mövcud olan sözlər semantik qrammatik strukturlarına görə fərqləndikləri kimi prosodik strukturlarına görə də fərqlənirlər. Məs.: birhecalı sözlərin prosodik strukturunu ikihecalı sözlərin prosodik strukturları ilə eyniləşdirmək düzgün olmazdı, çünki prosodik vasitələrin dilin hansı vahidini əhatə etməsindən asılı olaraq, onların struktur və funksional xüsusiyyətləri də dəyişkən xarakterli olur.
Danışıq aktında tələffüz edilən söz dinləyicilər tərəfindən ona görə asanlıqla dərk olunur və anlaşılır ki, bu prosesdə seqment vahidlər prosodik vasitələrlə qarşılıqlı əlaqədə olur. Məsələn, “teacher” sözü ona görə asan dərk olunur ki, həmin sözü təmsil edən seqmentlər iki minimal prosodik vahiddə birləşir. Bu birləşmə prosodikanın kulminativ funksiyası nəticəsində mövcud olmuşdur. Vurğusuz heca vurğulu nüvə hecanın ətrafında birləşmişdir. Akustik cəhətdən birinci heca dominantdır. Şübhəsiz ki, nitqin tanınmasında hər bir fərd üçün xarakterik olan prosodik vasitələrin rolu da az deyil.
Kommunikativ prosesdə prosodikanın rolu danılmazdır. Məhz onun vasitəsilə ünsiyyətdə olanlar görünməsələr belə, nitqi dinləməklə onların arasında söhbətin hansı xarakterdə (səmimi, mübahisəli, kədərli, sevindirici və s.) olması aydın olur. Ona görə də E.Koseriunun “Biz nə dili, nə də danışanın xarakterini tanımırıqsa, bərkdən, ancaq ürəkdən olan söhbəti eşidiriksə, universal səviyyədə təsəvvür əldə edirik ki, orada nəsə mübahisəli məsələ gedir, halbuki, ola bilsin ki, söhbət bu dilin prosodik özəlliklərindən gedir (italyanlar alman dilində danışığı eşidəndə bu cür düşünürlər)” fikri ilə razılaşmamaq olmur. Kommunikativ prosesdə son anda danışığı müəyyən texnikaya görə tanıyırıq. Və biz nəhayət deyirik: “bu danışan Fatimədir, onda biz fərdi dil səviyyəsini tanıyırıq” [26,s.196]. Fərdi dil səviyyəsi deyərkən bu və yaxud digər dil vahidinin individuumun nitqində konkretləşməsi nəzərdə tutulur.
Nitqin konkretləşməsi deyərkən seqment və superseqment vahidlərin dilin daxili qanunları əsasında bir-birlərini tamamlayaraq lazımı fonetik vahidin yaradılması nəzərdə tutulur.
Dostları ilə paylaş: |