1-3-cü qaydalarda irəli sürülən tələblərə cavab verən səslər qanunu verilmiş dilin bütün sistemindən hasil olursa, onda birləşməni sadə fonem hesab etmək olar.
Əgər dildə potensial monofonematik səs birləşməsinin bir hissəsi hər hansı bir fonemin kombinator variantı kimi götürülə bilməzsə, onda səs birləşməsi bütovlükdə bir fonemin təzahürü kimi dəyərləndirilməlidir” [41,s.71].
6-cı qaydadan belə qənaətə gəlmək olar ki, potensial monofonematik səs birləşməsi o zaman bir fonemin təzahürü kimi götürülə bilər ki, o bir dildə yeganə fonem birləşməsi kimi görülsün və 1-3-cü qaydalara uyğun gəlməyən başqa səs birləşməsi kimi çıxış etsin.
Dildə sözün fonoloji strukturunun onun prosodik strukturu ilə əlaqədə olması heç kəsdə şübhə doğurmur. Söz səviyyəsində prosodik struktura, onun formalaşmasını təmin edən prosodik vasitələrə aydınlıq gətirmək üçün prosodik vahidlərin dilin digər vahidlərindən fərqli xüsusiyyətlərinə aydınlıq gətirilməsi məqsədəuyğundur, çünki bunlar qarşılıqlı əlaqədə olan vahidlərdir.
Bu sahədə dilçilərin fikirləri eyni səslənir. Prosodika və onun xüsusiyyətləri təhlil olunan hər bir dil vahidi ilə əlaqəlidir. Sözün prosodik xüsusiyyətlərionu təmsil edən dil vahidlərinin (heca, morfem) prosodik xüsusiyyətləri əsasında müəyyənləşir. Söz daxilində prosodik vasitələr, sözü əmələ gətirən heca və morfemlər üzrə elə bölgü əsasında yerləşdirilir ki, məhz buna əsaslanaraq ünsiyyət iştirakçıları bir-birlərini çətinlik çəkmədən başa düşürlər, çünki söz formaları həmin vasitələrlə digər formalara qarşı oppozisiyada olur. “Prosodik vasitələrin təsiri sayəsində sözdə olan hecalar, onların struktur xüsusiyyətləri, hecaların sərhədləri, sözdə hecanın mövqeyi variasiyaya uğrayır. Məs.: “black” və “blackbird” sözlərinin prosodik xüsusiyyətlərinin təhlilindən aydın olur ki, “black” sözünün ayrılıqda tələffüzündən əldə edilən prosodik xüsusiyyəti, həmin sözün “blackbird” sözü daxilində daşıdığı prosodik xüsusiyyətlərdən fərqlənir. Bu fərq ondan irəli gəlir ki, “black” sözü birinci halda birhecalı olub, 4 fonemin vəhdətindən formalaşmışdır. İkinci halda isə “black” sözü ikihecalı “blackbird” mürəkkəb sözünün birinci komponenti kimi çıxış etmişdir. Bu sözlərin prosodik strukturlarının müqayisəsi deyilənlərin real olduğunu sübuta yetirmişdir. Sözün fonetik strukturunun aspektləri onun quruluşundan və cümlədəki yerindən asılı olaraq dəyişikliyə məruz qalmışdır” [187, s.75-76].
Prosodikanın əsas vahidi kimi “prosodem, prosodik fonem, ikinci dərəcəli fonem” kimi göstərilmişdir [65, s.367].
Söz səviyyəsində prosodik vasitələr xaotik deyil, çünki onlar dilin qanunları ilə idarə olunur. Dildə norma olan hər hansı bir hadisə (vahid), nitqdə də norma kimi özünü göstərir, lakin nitqdə norma ilə yanaşı, əlavə danışıqla bağlı çalar da özünü göstərir.
Ancaq unutmaq olmaz ki,hər bir danışıq aktı normadan yayınmalarla müşayiət olunur. Məsələn, ingilis dilində söz tərkibində [ə] səsi vurğusuz hecalarda əksər hallarda tələffüz edilmir, reduksiya olunur (/teibl/).
“Söz formaları və sözlərin fonoloji xarakteristikası yalnız onların fonem tərkiblərinin təsvirini deyil, sözün prosodik strukturunun təsvirini də öyrənir (söz formalarının eksponentlərində heca aksenti, söz vurğusu kimi prosodemləri yaradan melodik, dinamik, temporal komponentlər). Söz formalarının sinfi kimi çıxış edən söz, aksent dillərdə qonşu hecalarla kontrastda söz vurğusunun işlənməsi ilə səciyyələnir. Bu kontrastın hansı fonetik korrelyatla yerinə yetirildiyindən asılı olaraq, vurğunun melodik, dinamik və temporal kimi müxtəlif növləri göstərilir” [125, s.208]. Deməli, heç də bütün dillərdə fonetik korrelyatlar eyni formada reallaşmır. Məlumdur ki, “dünya dillərində fonetik cəhətdən müxtəlif vurğu növləri vardır. Məsələn, melodik vurğu; tonik vurğu; xromatik vurğu terminləri ilə adlandırılan musiqili vurğu; musiqili nəfəsli (qarışıq vurğu) monotonik (təktonlu), politonik (çoxtonlu vurğular) kvantitativ, uzunluq vurğuları terminləri ilə izah edilən kəmiyyət vurğusu, ağır vurğu, yüksələn, enən vurğular, cützirvəli vurğu və s. Müxtəlif vurğu növləri mövcuddur” [6, s.275].
Kontrast tonun yüksəkliyi ilə nəzərə çarpdırıldıqda melodik vurğu, intensivlik və ya gücün qüvvətliliyi ilə nəzərə çarpdırıldıqda dinamik vurğu, temporal parametrlə nəzərə çarpdırıldıqda isə temporal vurğu nəzərdə tutulur.
Dostları ilə paylaş: |