1.2. Söz fonologiyası və söz prosodikası
Hər bir dildə sözün fonem strukturu onun fonologiyasının əsasını təşkil edir. Sözün prosodik strukturu isə onun prosodik xüsusiyyətlərini əhatə edir. Prosodik xüsusiyyətlərə isə prosodik vasitələr daxildir. Prosodik vasitələri öyrənmədən sözün prosodik strukturu haqqında ətraflı məlumat əldə etmək qeyri-mümkündür.
Müxtəlif dillərdə sözlərin fonem strukturları fərqli olduğundan, bununla əlaqəli olanı sözlərin prosodik strukturları fərqli olur. “Məlumdur ki, kommunikativ prosesdə fikir, əsasən, cümlələr vasitəsi ilə ötürülür. Cümlələr isə yalnız sözlərin vasitəsilə bu funksiyanı yerinə yetirməyə qadirdir. Sözsüz cümlə təsəvvür etmək qeyri-mümkündür. Deməli, sözlər cümlələrin tərkib elementləri kimi müxtəlif situasiyalarda çıxış etməklə konkret məna kəsb edirlər. Şübhəsiz ki, hər bir söz danışıq aktında digər sözlərlə sintaqmatik və assosiativ əlaqəyə girir” [112, s.43]. İstər ingilis, istərsə də Azərbaycan dilində sözlər heç də dəyişməz vahidlər deyil, onlar müxtəlif qrammatik formalar qəbul etməklə müxtəlif qrammatik mənalar ifadə edir. O.Musayev bununla bağlı fikrini belə şərh etmişdir: “Sözün qrammatik (morfoloji) forması ya sintetik (tables, boys və s.), ya da analitik (is working, has worked, shall work) ola bilər” [36, s.11]. Dilçilikdə söz vahidinə və onun müxtəlif xüsusiyyətlərinə (semantik, qrammatik və s.) həsr edilmiş çoxlu tədqiqat işləri yerinə yetirilmişdir [52; 41; 60; 67; 75; 78; 90; 92; 144; 147; 155; 182; 186 və s.]. Bütün bunlarla bərabər təhlillərdən məlum olur ki, problemlə bağlı mübahisəli məqamlar bu gün də mövcuddur. Problemin mübahisəli olduğu R.Konrad tərəfindən qeyd olunmuşdur[174, s.273]. Söz –linqvistik termin kimi birmənalı tərifi olmayan vahiddir. Bu da ondan irəli gəlir ki, tədqiqatçılar bu vahidin tədqiqinə müxtəlif aspektlərdən yanaşmışlar. “Dildə mövcud olan sözlərin hər birinin özünəməxsus fonem tərkibi mövcuddur. Şübhəsiz ki, hər bir dildə sözün fonem strukturunun müəyyənləşdirilməsi üçün, ilk növbədə, bu dil vahidinin statusu müəyyənləşdirilməlidir” [32, s.126].İngilis dilində sözü morfemdən fərqləndirərək İ.P.İvanova, V.V.Burlakova, Q.Q.Poçepstov yazmışlar ki, söz morfologiyasının ən kiçik vahidi morfemdir [99, s.5]. H.Paul isə “sözü hərflərlə ifadə olunan müəyyən sayda seqmentlərin mexaniki birləşməsi kimi hesab edilməsi“ fikrinin düzgün olmadığını qeyd etmişdir [115, s.71]. Onun fikrincə, “sözün əsasını qeyri-məhdud sayda səslərin fasiləsiz sırası təşkil edir. Hərflər bu sıranın bütövlükdə deyil, müəyyən məqamlarını əks etdirir. Hərflə göstərilməyənlər isə müəyyən nöqtələrlə göstərilir”. Yəqin ki, H.Paul şifahi nitqlə bağlı baş verən orfoepik dəyişiklikləri, prosodik xüsusiyyətləri diakretik işarələrlə ifadə olunduğunu nəzərdə tutmuşdur.
Sözə verilmiş təriflərin müxtəlifliyi “Dilçilik ensikolopediyası”nda da qeyd olunmuşdur: “Sözə verilən təriflər saysız-hesabsızdır. Sözün ən çox yayılmış tərifi bunlardır:
a) fonetik-fonoloji səviyyədə. Ən kiçik vurğu və sərhəd siqnalları (knaklaut, fasilə və s.) ilə ayrılıb-götürülə bilən, yazıda isə boş yerdən boş yerə qədər məsafə tutan, tam formalaşmış dil vahididir;
b) morfoloji səviyyədə qrammatik paradiqmatik funksiyalarla təchiz edilmiş və morfoloji cəhətdən fərqlənən söz formalarına malik (məs.: /gəlir/, /gəldik/ /go/, /going/və s.) ən mühüm vahid;
c) leksik-semantik səviyyədə söz. Ən kiçik nisbətən müstəqil məna daşıyıcısıdır;
ç) sintaktik aspektdə ən kiçik, cümlədə yerini dəyişə və əvəz oluna bilən vahiddir.
Analitik, semantik eyniliyi, morfoloji stabilliyi və sintaktik mobilliyinə görə son vaxtlar morfem, leksem və formativ məfhumları sözə üstün gəlir” [20,s.239].
K.L.Levkovskaya söz nəzəriyyəsi və onun yaranma prinsiplərini araşdırarkən sözü belə səciyyələndirmişdir: “Özündə səslənməni və mənanı birləşdirən əsas dil vahidi” [106, s.12]. Onun fikrincə, “hər bir söz özündə ifadə və məna tərəflərini birləşdirir”.
Əksər dilçilər sözün tərifinin müəyyənləşdirilməsinin çətin olduğunu qeyd etmiş və sözə tərif verməkdən çəkinmişlər [64, s.27]. Çətinlik onunla izah olunur ki, söz səslənmə ilə mənanı özündə birləşdirir və bunun linqvistik fəlsəfi və psixoloji problem olduğu göstərilir. Söz nədir? sualına cavab olaraq Azərbaycan dilinin tanınmış tədqiqatçısı A.Axundov yazmışdır ki, “ilk baxışda cavabı çox aydın görünən bu sualın dilçilik elmində hələ də tam, elmi cavabının verilmədiyini desək, mübaliğə olmaz” [6, s.158]. Daha sonra o qeyd etmişdir ki, “söz, hər şeydən əvvəl, müəyyən bir səs kompleksindən ibarətdir, başqa sözlə, o, müəyyən fonetik struktura malikdir. Sözün mənası geniş anlayış olub, məfhumları, emosional vəziyyətləri və s. əhatə edir. Hər bir söz özündə ən azı üç cəhəti: səs kompleksi, məna və məna mənbəyi kimi cəhətləri birləşdirir. Məhz bu üç cəhətin vəhdəti söz əmələ gətirir” [6, s.159].
Dilin əsas vahidlərindən biri kimi söz leksikologiya ilə yanaşı, dilçiliyin digər sahələrinin (fonetika-fonologiya, qrammatika və s.) tədqiqat obyekti kimi də çıxış edə bilir. Sözün dildə işlənmə xüsusiyyətini araşdıran S.Cəfərov yazmışdır: “Söz lüğət tərkibinin əsas vahidi kimi, öz təbiətinin dolğunluğunu və həqiqi mənasını ə laqəli nitq daxilində büruzə verir” [13, s.12]. Bu hal çoxmənalı sözlərin işlənməsində daha aydın görünür, çünki bu sözlərin mənası kontekslə bağlı olur.
Söz, hər şeydən əvvəl, fonetik cəhətdən formalaşmış vahiddir. Dildə sözlər ən azı bir fonemdən ibarət olur və onlar hər dilin öz daxili qanunları əsasında formalaşır. Məs.: “o” sözü Azərbaycan dilində, “I” sözü isə ingilis dilində 1 fonemdən ibarətdir.
Bəzi mənbələrdə “söz “intuitiv verilən və adi danışıqda işlənən əsas dil vahidi” kimi qeyd olunmuşdur” [18, s.239]. Biz burada sözlərin yaranma tarixindən, onların etimoloji xüsusiyyətləri haqqında geniş məlumat verməyə ehtiyac duymuruq, çünki bu tədqiqat işində bizi mövcud sözlərin ifadəsində prosodik vasitələr və onların xüsusiyyətləri maraqlandırır. Söz, qeyd edildiyi kimi, müəyyən bir səs kompleksindən ibarətdir, başqa sözlə o, müəyyən fonetik tərkibə malikdir. Əslində, fonetik tərkibə malik olmayan söz yoxdur. Fonetik tərkib deyərkən sözün həm seqment, həm də prosodik strukturu nəzərdə tutulmuşdur. Sözün fonetik tərkibi ilə onun ifadə etdiyi əşyanın məzmunu ilə heç bir əlaqəsi yoxdur, çünki eyni məzmunu ifadə etmək üçün müxtəlif dillərdə müxtəlif fonetik tərkibli sözlərdən istifadə olunur.
Şübhəsiz ki, sözün fonologiyasını öyrənmək üçün ilk növbədə fonemin necə bir vahid olduğuna aydınlıq gətirilməlidir, çünki hər bir söz fonem və fonem birləşmələrini ehtiva edir.
Dilçilikdə fonemlə bağlı müxtəlif nəzəriyyələr və bu nəzəriyyələri işləyib hazırlayan dilçilik məktəbləri (Moskva dilçilik məktəbi, Sankt-Peterburq dilçilik məktəbi, Praqa dilçilik məktəbi, Amerika dilçilik məktəbi və s.) mövcuddur. Aparılmış təhlillərdən məlum olmuşdur ki, fonemlə bağlı onların fikirləri heç də həmişə eyni olmamışdır. Əsas fərq fonemin müəyyənləşdirilməsi ilə bağlı olmuşdur. Onlar arasında universal olan əsas xüsusiyyət fonemin abstrakt dil vahidi kimi qəbul olunmasıdır. Hər bir dilin abstrakt vahidlərini – fonemlərini özündə ehtiva edən fonem sistemi mövcuddur. Məs.: İngilis dilinin fonem sisteminin 20 sait (12 monoftonq + 8 diftonq) və 24 samit (22 sadə + 2 afrikat) fonemdən ibarət olduğu A.S.Gimson tərəfindən qeyd olunmuşdur [156]. İngilis dilinin fonem sisteminin başqa dillərin fonem sistemlərindən fərqləndiyini qeyd etmiş F.Y.Veysəlli yazmışdır ki, “ingilis dilinin fonem sisteminə 42 fonem daxildir [46, s.90]”. İngilis dilinin sait fonemlərinin xüsusiyyətlərindən bəhs edən S.E.Poladova bunun üçün D.Counzun, V.Levisin, A.Gimsonun, D.Aberkrombinin, Kenen/Knotun, P.Leydfoqedin fikirlərini tənqidi təhlil etmiş və onlar arasında fikir müxtəlifliyinin olduğunu göstərmişdir [118, s.7]. Bizim məqsədimiz heç də fonemin fonemliyini təhlil etmək deyil; biz burada ingilis dilinin fonem sistemindən çıxış edərək, ingilis dilində sözlərin fonem strukturunun xüsusiyyətlərini müəyyənləşdirməyə çalışmışıq.
Azərbaycan dilinin fonem sisteminin tərkibi ilə bağlı mövcud fikirlər arasında ziddiyyətli məqamlar vardır. Bəzi müəlliflər Azərbaycan dilində 33 fonemin (9+24) olduğunu qeyd etdikləri halda [18], müasir Azərbaycan dilinin fonem sistemini tədqiq edən A.Axundov Azərbaycan dilində 40 fonemin olduğunu göstərmişdir [6, s.17]. F.Y.Veysəlli isə “müasir Azərbaycan dilində 32 fonemin olması fikrini irəli sürmüşdür [46, s.90]. Hər bir dil özünün fonem tərkibinə və fonem sisteminin kəmiyyət göstəricilərinə görə digərlərindən fərqlənir.
Alman dilində 40 fonemin (17+23) [52, s.233], rus dilində 43 fonemin olduğu qeyd olunmuşdur [46, s.157]. Fərq onunla bağlıdır ki, mövcud ədəbiyyatın təhlili zamanı nəinki müxtəlif sistemli dillərin, eləcə də eyni bir dilin fonem tərkibinin müəyyənləşdirilməsində fərqli prinsiplərin tətbiqi müşahidə olunmuşdur. Dildə fonemlərin müəyyənləşdirilməsində fərq həmin vahidə verilmiş təriflərdə də aşkarlanmışdır. Fonemə hansı aspektdən yanaşılmasından asılı olaraq (funksional, semantik, psixoloji, linqvistik), verilmiş təriflər müxtəlif olmuşdur.
Boduen de Kurtenenin və D.Counzun fonemlə bağlı fikirlərini təhlil etmiş N.S.Trubetskoy onların fikirləri ilə razılaşmamış və özünün problemə münasibətini belə izah etmişdir: “Fonemə nə psixoloji təbiətinə, nə də fonetik variantlara münasibətinə görə verilən tərif bizi razı sala bilir. Biz fonemə yalnız və yalnız dil sistemindəki funksiyasından çıxış etməklə tərif verməliyik. İstər onu ən kiçik distinktiv vahid kimi (L.Blumfild) və ya sözün fonetik cildində səs nişanəsi kimi (K.Büller) götürək,bütün bunların hamısı bir şeylə bağlıdır: o da bir dilin distinktiv (“fonoloji”) oppozisiyalardan ibarət olmasıdır və fonem belə qarşılaşmanın özündən daha kiçik hissələrə bölünməyən üzvüdür. Bu, çox aydın və birmənalı tərifdə heç nəyi dəyişdirməyə ehtiyac yoxdur”[41, s.53]. Fikrinin real olduğunu qeyd edən N.S.Trubetskoy fonemin əlamətlərini relevant (differensial) və irrelevant (inteqral) olmaqla iki qrupa bölür.
A.B.de Qrotun fonemə verdiyi tərif də N.S.Trubetskoyun diqqətindən kənarda qalmamışdır, o, A.B. de Qrotun fonemə verdiyi təriflə razılaşmamışdır: “Deməli, fonem müstəqil funksiyası olan fonoloji rəmzi əlamətdir. Fonemin mühüm dəyəri olan sözləri və söz hissələrinin tanınmasını və eyniləşdirilməsini təmin edir və ya asanlaşdırır. Fonemlərə bu funksiyanı yerinə yetirən səs sıralarının ən kiçik hissələri kimi tərif vermək olar” [41, s.57]. Buradan aydın olur ki, A.B. de Qrot fonemlə bağlı tərifində distinktiv əlamətin rolunu qeyd etməmişdir və nəticədə tənqidə məruz qalmışdır.
Fonemin elmi cəhətdən əsaslandırılmış izahını Sankt-Peterburq dilçilik məktəbinin nümayəndələri vermişdir. Bu izahat F.Y.Veysəllinin fonemə verdiyi tərifdə öz ifadəsini tapıb: “Biz fonem deyəndə stabil, dəyişməz, relevant əlamətlərlə səciyyələnən, dil sistemində özü kimi başqa vahidlərə qarşı qoyulan, dildə sözləri, söz formalarını, istənilən dil ifadəsini fərqləndirməyə xidmət edən, struktur baxımdan bölünən, ancaq xətti baxımdan özündən kiçik hissələrə bölünə bilinməyən, maddi varlığı səsdən ibarət olan ən xırda dil vahidini fonem kimi başa düşürük” [46, s.105].
Bu tərifdən fərqli olaraq Y.S.Maslov fonemi başqa formada şərh etmişdir. Əvvəlcə fonemin dildəki funksiyasını və onun təbiətini öyrənən alim sonradan bu vahid haqqında qeyd etmişdir: “Fonem dilin ən kiçik səs vahididir və o, dildə söz və morfemləri şərtləndirən yeganə eksponentdir” [108, s.63]. Şübhəsiz ki, ən kiçik səs vahidi deməklə Y.S.Maslov fonemin bölünməzliyini nəzərdə tutmuşdur.
Moskva fonoloji məktəbinin nümayəndələri isə fonemin müəyyənləşdirilməsində onun morfemin tərkib hissəsi olmasını əsas götürürlər.
İngilis fonetistləri isə bu vahidin müəyyənləşdirilməsində əsas faktor kimi fiziki uyğunluğu və əlavə distribusiyanı götürürlər [168]. Amerikan fonoloqlarının fonemlə bağlı fikirlərini təhlil edən F.Yadigar qeyd etmişdir ki, onlar L.Blumfilddən başlayaraq, fonem sisteminin təsnifini aşağıdakı kimi təsvir edirlər:“Onlar birinci (primary: sadə simvollarla göstərilir) və mürəkkəb birinci fonemlər (compound primary – simvollar birləşməsi verilir), diftonqlar və ya uzun saitlər adı altında dilin fonemlərini təsnif edirlər. Məs.: buy /baı/, see /si/ və s. Sonra bunlara 2-ci fonemləri də əlavə edirlər ki, bura da vurğu, heca düzəldən samitlər və cümlə intonasiyası aiddir” [52,s.247]. Amerikan dilçiləri ritmə, heca variasiyasına, uzunluğa fərqləndirmə bucağından yanaşmışlar. Yaranmış müxtəliflik dilçilərin tədqiq olunan obyekti müxtəlif fərqli metodlardan çıxış edərək müəyyənləşdirdiklərindən irəli gəlmişdir.
“Dillər, o cümlədən ingilis və Azərbaycan dilləri söz daxilində fonemlərin kombinator və distributiv xüsusiyyətlərinə görə də fərqlənirlər” [41, s.111-113].
“Söz fonologiyası söz səviyyəsində fonemlərin sistem və funksional xüsusiyyətlərini araşdırır” [46, s.103]. Söz fonologiyasından fərqli olaraq söz prosodikası sözə daxil olan bütün vahidləri (fonem, heca, morfem) əhatə edir və ilk növbədə onları bütöv şəklində birləşdirir. Sözün bütövlüyü məhz prosodik vasitələrlə, xüsusən də, vurğu ilə reallaşır. Canlı danışıq aktında ünsiyyət məqsədilə istifadə olunan sözlər həm semantik, həm funksional, həm qrammatik, həm də fonem tərkiblərinə görə fərqlənir. Sözlərin fonem tərkiblərinə görə fərqli olduğunun reallığa nə dərəcədə uyğun olduğunu göstərmək üçün dil materiallarına müraciət edək.
Dil materiallarının təhlili göstərir ki, söz daxilində sait və samit fonemlərinin işlənmə xüsusiyyətləri də fərqlidir. Elə sözlər var ki, onlar bir və yaxud iki və daha artıq fonemdən ibarət olur. Bu müxtəlifliyi göstərmək üçün biz sözə daxil olan saitləri V ilə, samitləri isə K ilə işarə edərək söz daxilində fonemlərin tərkibini əks etdirmişik.
Dostları ilə paylaş: |