II FƏSİL
PROSODİK VASİTƏLƏR VƏ ONLARIN XÜSUSİYYƏTLƏRİ
Kommunikativ proses yalnız o vaxt müvəffəqiyyətlə nəticələnir ki, o prosesdə prosodik vasitələrdən dilin daxili qaydalarına uyğun istifadə edilmiş olunsun. Prosodik vasitələrin hamısı eyni məqsədə xidmət etsələr də, onlar təbiətləri baxımından fərqlənirlər. Prosodik vasitələr danışıq aktında bütün səviyyələr üzrə danışıq seqmentlərinə – heca, söz, söz birləşməsi, sintaqm, cümlə, mətn kimi vahidlərə aid olur.
Bəzən də bu termin intonasiya termininə sinonim kimi işlədilir. Hər iki termin dilin superseqment vasitələrinin funksional sistemini göstərmək məqsədilə istifadə olunur. Bu terminlərin işlənmə və funksional xüsusiyyətlərini təhlil etdikdə aydın olur ki, bunlar heç də həmişə sinonim kimi işlənmir. Prosodik vasitələr dilin heca strukturundan başlayaraq mətnə kimi olan bütün vahidlərlə bağlı olduğu halda, intonasiya sintaqm və cümlə səviyyəsində işlənir. Prosodik vasitələr danışıq aktının formalaşmasına xidmət edir və bu prosesdə nitq axınının hissələrə ayrılmasını və yaxud əksinə, ayrı-ayrı hissələrin bütöv halında birləşməsini təmin edir. Prosodik vasitələri dilçilik ədəbiyyatında superseqment və ya supraseqmental vasitələr adlandırmışlar. Müxtəlif adlarla adlandırılmasından asılı olmayaraq, bunların hamısı eyni məqsədə xidmət edir və sinonim sözlərdir. Məhz bu vasitələrin köməkliyi ilə eyni seqment ardıcıllığından ibarət olan vahidlər fərqləndirilir. Məs., a blackbird sözündə vurğu birinci komponentin üzərinə düşdükdə həmin söz özündən sonra işlənən komponenti öz ətrafında birləşdirərək yeni bir leksik vahidin yaranmasına səbəb olur /ə´blæk´bʒ:d/ (bax: qr 40). Deməli, vurğu burada hecalar daxilində seqmentləri, həm də mürəkkəb sözün komponentlərini birləşdirib. Digər halda isə /a´blæk´bʒ:d/ - black bird hər iki komponent vurğu ilə fərqləndirilmişdir. Burada vurğunun distinktiv funksiyası müşahidə olunmuşdur. Ancaq o da qeyd olunmalıdır ki, ingilis dilində söz və söz birləşmələrinin vurğuya görə fərqləndirilməsi asan olmur.
İngilis dilində bir sinsemantik sözün avtosemantik sözlə birləşməsini adətən fonetik söz adlandırırlar. Məs.: “On the table” /anðə´teıbl/. Dildə yaranan bu vahidlər bölünməz vahid kimi bir vurğu altında tələffüz olunmuşlar. Sinsemantik sözün avtosemantik sözlə müqayisədə hansı mövqedə işlənməsindən asılı olaraq, onların prosodik xüsusiyyətlərində fərqli cəhətlər yaranmışdır. Avtosemantik sözlərdən əvvəl işlənən sinsemantik sözlər proklitik, avtosemantik sözdən sonra işlənib, onunla birlikdə tələffüz edilən vurğusuz sinsemantik sözlər isə enklitik adlanır. Eyni fonetik dəyişiklik alman və rus dillərinin materiallarında da baş vermişdir. Məsələn: “auf dem Tisch” /´aofdem´tı/, “настоле” /nastole/. Bu fonetik sözlərdə əvvəldə işlənən sinsemantik söz vurğusuz olduğundan, özlərindən sonra işlənən vurğulu avtosemantik sözlərə birləşərək onlarla birlikdə tələffüz olunur. Alman dilindəki bu fonetik sözdə “auf söz önü və “dem” artikli vurğusuz sinsemantik sözlərdir və özlərindən sonra işlənən /tı/ avtosemantik sözünə proklitikdir. Azərbaycan dilində isə bu fərqli strukturla ifadə olunur,yəni /stolun üstündə/ söz birləşməsi kimi.
“İngilis dilində qoşulmanın xüsusi bir növü var, buna junktur deyirlər” [46, s.145]. Yəni deyiliş məqamlarından asılı olaraq, qoşulma sərhədi müxtəlif ola bilər. Məsələn,
/æn eım/ - an aim (amal)
/æ neım/ (ad)
“İngilis dilində /ki:pstıkıŋ/, “keepssticking” və /ki:pstıkıŋ/ “keeps ticking” qarşılaşdırmaları isə qoşulma sərhədindən başqa həm də ikinci tərəfdə /t/ samitinin nəfəsli tələffüzü ilə fərqlənir: /th/” [46, s.144]. Deməli, sait və samit ardıcıllığı tam eyni olsa da, fərqlənməni qoşulma sərhədi və ya prosodik struktur öz üzərinə götürür. Ancaq bu xaotik olmur. Burada da dilin daxili qanunlarına əməl olunması tələb olunur. Məs.: “/at all/ sözünü bir neçə cür /ətɔ:l/ - “a tall” kimi deyə bilmərik, halbuki ingilislərin əksəriyyəti bu ifadəni bir söz kimi tələffüz edir” [46, s.144]. Alman dilində işlənən “die kranken Schwestern” və “die Krankenschwestern” vahidlərinin tələffüzündən məlum olur ki, birincidə “kranken” sözü “Schwestern” sözünün atributudur və semantik, sintaktik və prosodik xüsusiyyətlərinə görə həmin sözə bağlıdır. Bu vahidin tələffüzündə hər iki söz vurğuludur. İkinci halda, yəni /´kraŋkənvɛstæ/ sözünün tələffüzündə birinci komponent /´kraŋkən/ əsas vurğu daşıyır, mürəkkəb sözün ikinci hissəsi “schwestern” sözü isə zəif vurğu daşıyır və bu vurğu ilə də o özündən əvvəlki söz birləşməsindən (die kranken Schwestern) fərqlənir. Təhlildən məlum olur ki, bu vahidlərin bir-birindən fərqlənməsi prosodik vasitələrin iştirakı ilə yerinə yetirilmişdir və onların fərqləndirilməsində vurğu və fasilə əsas distinktiv vasitələrdir. Doğrudan da, bu vahidlər homoqraf olmasalar da, homofondurlar. Lakin müxtəlif dillərdə elə vahidlərə də rast gəlinir ki, onlar həm homoqraf, həm də homofondurlar. Belə vahidlərin fərqləndirilməsində əsas struktur vasitə kimi prosodik vasitə çıxış edir. Məs.:
İngilis dilində: ´perfect - per´feckt
Azərbaycan dilində: ´alma - al´ma (Bax:qr.37)
Təhlil göstərir ki, bu sözləri omonim sözlər kimi nəzərdən keçirmək düzgün olmazdı, çünki bu sözlər yazılışca eyni olsalar da, tələffüz baxımından prosodik vasitələrin köməkliyi ilə fərqlənirlər. Bu mənada bu model sözlərin ingilis dilindəki /pen/ (qələm) və /pen/ (məbləğ) sinonim sözləri ilə eyniləşdirilməsi qeyri-mümkündür. Eyni xüsusiyyət Azərbaycan dilində işlənən /´alma/ və /al´ma/ sözlərinə də aiddir, çünki bu sözlərin fərqlənməsində əsas distinktiv əlamət kimi vurğu çıxış edir. Elə bu baxımdan da, Azərbaycan dilindəki bu tip sözlər /top/ (silah) və /top/ (oyun üçün istifadə olunan top) kimi sözlərdən həm semantik, həm sintaktik həm də prosodik strukturlarına görə fərqlənirlər. Bunları yazı səviyyəsində yaranmış qrafik omonim kimi, yəni homoqraflar kimi nəzərdən keçirmək olar. Azərbaycan dilində işlənən /´alma/ və /al´ma/ homoqrafları müxtəlif morfem tərkiblidirlər:
1.“alma” – meyvə, bir morfemdən ibarət sözdür.
2. /al+ma/ iki morfemdən ibarətdir (“almaq” feilin II şəxsdə inkarı)
Bir morfemdən ibarət oduqda isimi iki morfem kimi işləndikdə isə feili təmsil edir. Bu fərq onların prosodiyasında da öz əksini tapmışdır. Hər bir dilin söz prosodikasının əsasını təşkil edən vasitələr kimi aşağıdakıları göstərə bilərik. Bu göstəricilərin xüsusiyyətlərinə görə dildə sözlər fərqləndirilir:
–vurğu-aksent, relativ səs gücü. İntensivlik
–heca səviyyəsində özünü göstərən nisbi ton tezliyi
–temporal vasitə, dil vahidlərinin tələffüzü ilə bağlı kvantitativ xüsusiyyət.
–tembr, ritm və fasilə kimi xüsusiyyətlər.
Bu vasitələrlə müşayiət olunmayan seqment ardıcıllığını canlı dil kimi ünsiyyət üçün yararlı hesab etmək olmaz. Belə dil bir növ maşınla əldə edilmiş, süni dili xatırladır və bu dildə öz ahənginə görə canlı dildən fərqlənir.
Müxtəlif dillərdə bu vasitələrdən heç də hamısı eyni relevant xüsusiyyətdə olmur. Məs., ingilis və alman dillərində kvantitativlik fonematik əlamət kimi qəbul edildiyi halda, Azərbaycan dilində bu irrelevant əlamət kimi qəbul olunmuşdur.
Məs.: shot /ɒt/ - short /ɔ:t/ (qısa)
Bed /be:t/ (lək)
Bed /bεt/ (yataq)
Azərbaycan dilində bəzi əcnəbi mənşəli sözlərdə oxşar nümunələrə rast gəlmək olur. Məs.:
Mədəni – (neft hasil edilən ərazi),
Mədəni – irs, davranış, bəşəri tələblərə cavab vermə
Dil faktları belə bir fikir söyləməyə əsas verir ki, seqment vahidlər (saitlər, samitlər) kimi, prosodik vahidlər də fonoloji distinktivlik kriteriyasına görə kontekstual şərtə əsasən təhlil olunmalıdır.
Müxtəlif dillərdə prosodik vasitələrin fonetik xüsusiyyətləri ilə yanaşı, onların fonoloji xüsusiyyətləri də mövcuddur. Fonetik uzunluğu fonoloji kvantitativliklə və yaxud fonetik ton yüksəkliyini fonoloji ton dəyişikliyi ilə eyniləşdirmək düzgün hesab olunmur. Bunlar funksional baxımdan fərqli hadisələrdir. Fonoloji dəyişiklik dillə bağlı, fonetik dəyişiklik isə danışıqla bağlıdır. Eyni zamanda fonetik kvantiativ, dinamik xüsusiyyətlə onların fonoloji qarşılıqları arasında fərq mövcuddur. Məhz bu fərqli xüsusiyyət də relevant əlamət hesab olunur, yəni tələffüz edilən vahidlərdən birini digərindən fərqləndirməyə əsas verir. (shot-short; mə:-dəni – mədəni). Bu diferansial xüsusiyyət ingilis və alman dilləri üçün xarakterik olduğu halda, əsl Azərbaycan dili sözləri üçün bu yaddır.
Dostları ilə paylaş: |