3.3. Azərbaycan dilində sözün prosodik strukturunun özəlliyi və onun eksperimental təhlili
Azərbaycan dili materialı üzrə sözün formalaşmasında istifadə olunan prosodik vasitələrin təhlili aşağıda öz sistemli izahını tapmışdır. Əvvəldə qeyd olunduğu kimi Azərbaycan dilində sözlər müxtəlif fonem tərkibində olurlar. Bu da onların prosodik strukturuna təsir göstərən faktorlardandır.
Azərbaycan dilində 3-cü şəxsin təkini bildirmək üçün /o/ sözündən istifadə olunur. Bu söz, həm hecadır, həm də müstəqil sait fonemdir. Bir fonemdən ibarət olan bu sözü diktorlar yüksək ton və intensivliklə başlamış və pik səviyyəsinə yüksələndən sonra sona doğru göstərilən parametrlər tədricən zəifləmişdir. Burada /o/-dan sonra, hər hansı bir samit işlənmədiyindən tələffüz zamanı səsin son fazası kəsilmir və o, sonadək fonasiya sönənədək davam etmişdir. Bu da həmin hecanın tam sədalı tələffüz edildiyini və saf heca olduğunu göstərir.
/o heç bir söz demədi// cümləsində işlənən /o/ sözünün tələffüzündə 0,09 saniyə vaxtdan, 291 hs ƏTT-dən və 79 db intensivlikdən istifadə olunmuşdur. Başqa bir cümlədə (/O, quş ovladı//) həmin sözün tələffüzünə 0,4 saniyə vaxt, 296 hs ƏTT, 73 db intensivlik sərf olunmuşdur. Əldə edilən faktlar onu göstərir ki, Azərbaycan dilində bir saitdən ibarət olan sözün tələffüzündə də prosodik vasitələrdən fərqli şəkildə istifadə olunmuşdur. Sözün fərqli tələffüzü onun digər mövqelərdəki variantlarda qarşılaşmasında daha aydın görünür (Bax: Qr 45).
Sait+samit modelli sözlərin tələffüzündə saitin son fazası növbəti samitin ön fazası ilə kəsilmiş və səslərarası keçid faza yaranmışdır.
Bu məqsədlə “ad”, “at”, “az”, “as” və s. kimi model sözlərin prosodik strukturları nəzərdən keçirilmiş və təhlil olunmuşdur. Bu sözlərdə heca özəyini təşkil edən eyni /a/ saiti onların prosodik strukturlarının əsasını təşkil etmişdir. Coda hissəsinin elementləri /d/, /t/, /z/, /s/ müxtəlif olmuşdur. Bu samit müxtəlifliyi onlardan əvvəl işləmiş, /a/ saitinin prosodik strukturuna təsir göstərmişdir. Bütün hallarda həmin sözlərin ossilloqramları əsasında alınmış əsas tonun tezliyini və intensivliyi əks etdirən qrafiklərdə izomorfluq əks olunsa da, onları bir-birindən fərqləndirən xüsusiyyətlər də olmuşdur. Bu fərqlər prosodik vasitələrin təsiri ilə yaranmışdır. Ona görə də həmin sözlərdə prosodik vasitələrin əsas daşıyıcısı kimi çıxış edən saitləri göstərilmiş ardıcıllıqla nömrələməklə baş vermiş dəyişiklikləri parametrlər üzrə aşağıdakı kimi əks etdirə bilərik:
a1 a2 a3 a4
t (san) 0,3 0,27 0,26 0,29
ƏTT (hs) 234 224 223 230
İ (db) 77 75 76 75
Bu sözlərdə heca özəyini yaradan /a/ saitinin ossilloqramlarında prosodik dəyiişiklik baş versə də, hamısı üçün xarakterik olan invariant prosodik xüsusiyyət özünü qoruyub saxlamışdır.
Həmin sözlərin ümumilikdə prosodik göstəriciləri isə aşağıdakı kimi olmuşdur:
ad at az as
t (san) 0,7 0,5 0,56 0,6
ƏTT (hs) 241 224 223 230
İ (db) 74 72 74 72
Həmin sözlərdəki prosodik dəyişiklikəri qrafiklərdə də görmək mümkündür (Bax: qr 17-19).
/ad / sözünün ossilloqramı və onun əsasında hesablanmış akustik parametrlərin göstəricilərini ( ƏTT , İ və T) əks etdirən qrafiklər
/at / sözünün ossilloqramı və onun əsasında hesablanmış akustik parametrlərin göstəricilərini ( ƏTT , İ və T) əks etdirən qrafiklər
/az/ sözünün ossilloqramı və onun əsasında hesablanmış akustik parametrlərin göstəricilərini ( ƏTT , İ və T) əks etdirən qrafiklər
\
/ as / sözünün ossilloqramı və onun əsasında hesablanmış akustik parametrlərin göstəricilərini ( ƏTT , İ və T) əks etdirən qrafiklər
Təhlil göstərir ki, /ad/ sözü akustik parametrlərin göstəricilərinə görə qeyd olunmuş digər sözlərdən üstün xüsusiyyəti ilə fərqlənir.
/a/ saitindən sonra kar və ya cingiltili, kipləşən və ya novlu samitin tələffüz olunması onun son fazasının nisbətən fərqli tələffüzünə səbəb olmuşdur. Qonşu samitin keyfiyyətindən asılı olaraq saitin formant strukturunda da dəyişiklik müşahidə olunmuşdur. Məsələn, qeyd olunmuş sözlərdə /a/ saitinin formant strukturundakı dəyişikliklər belə əks olunmuşdur.
FI FII
a1 822 1286
a2 822 1406
a3 862 1406
a4 902 1427 hs.
/a/1 və /a/2-nin FI qiymətləri, /a/2 və /a/3-ün FII qiymətləri eyni səviyyədə qeydə alınmışdır. /a/4 istər FI -in, istərsə də F2 -nin qiymətlərinə görə yüksək olmuşdur. (ət, əl, əs, ək; od, ot, ox, il, it, iş və s model sözlər üçün də oxşar prosodik struktur səciyyəvidir.
“Samit-sait” modelli sözlərdə isə prosodik vasitələrin aktivliyi əvvəlki model sözlərdən onunla fərqlənmişdir ki, bu sözlərdə saitin son fazası tədricən tam yekunlaşır və sözün tələffüzü ilə bağlı fonasiya sona çatmışdır. Ön fazası isə əvvəldə işlənən samitin son fazası ilə sərhədlənir, məsələn, “nə” sözündə baş verən bu fonetik hadisəni aşağıdakı sxem şəklində əks etdirmək olar:
Sonor /n/ samitindən sonra işlənən /ə/ saitinin əsas tonunun tezliyi və intensivliyi yüksək səviyyə ilə başlamışdır. Bu mövqedə sait uzun tələffüz edilmişdir. Bu təkhecalı sözün prosodik xüsusiyyətlərini “nənə” sözünün tərkib elementləri kimi çıxış edən 1-ci və 2-ci “nə” (nə+nə) ilə müqayisəsindən bəlli olmuşdur ki, bunların fonem strukturu eyni olsa da, prosodik xüsusiyyətləri fərqli olmuşdur.
/nə/ ayrıca söz kimi “1” rəqəmi ilə, /nənə/ sözündəki 1-ci “nə” “2”, ikinci “nə” isə “3” rəqəmi ilə işarələnməklə, onların prosodik struktur xüsusiyyətləri müqayisə olunmuşdur. Məsələn:
/nə/1 /nə2 + nə3/
T (san) 0,46 0,45 0,65
ƏTT (hs) 214 242 242
İ (db) 70 75 75
Həmin söz və hecalardakı /ə/-nin akustik parametrlərinin göstəricilərini müqayisə üçün veririk:
/ə/1 /ə/2 /ə/3
T (san) 0,3 0,15 0,2
ƏTT (hs) 222 251 233
İ (db) 72 78 76
FI (hs) 842 802 822
FII (hs) 1950 1709 1930
/nə/ sözü ayrıca işlənərkən onun tələffüzünə /nə+nə/ sözünün tərkib hissələri ilə müqayisədə maksimum vaxt sərf edilmişdir. ƏTT və İ-yə görə isə o, /ə/2 və /ə/3-ün akustik göstəricilərindən aşağı səviyyədə olmuşdur (Bax: Qr19).
FI və FII qiymətlərinə görə də /ə/1 digər /ə/2 və /ə/3-ün qiymətlərindən yüksək olmuşdur.
/nənə/ sözünün tərkibində çıxış edən /ə/2 və /ə/3-ün göstəricilərindən məlum olmuşdur ki, Azərbaycan dilinin aksent strukturuna görə 2-ci hecada çıxış edən /ə/3 vurğulu hecanın nüvəsini təşkil etsə də, akustik parametrlərin (ƏTT və İ) göstəricilərinin maksimum qiymətləri birinci hecada çıxış edən /ə/2 ilə əlaqəli olmuşdur. Bu modeldə sözün vurğulu hecası, əsasən, temporal göstəriciyə görə fərqlənmişdir. Birinci vurğusuz vəziyyətdə /ə/-nin qiyməti 0,15 saniyə olduğu halda, vurğulu vəziyyətdə 0,2 saniyə olmuşdur (Bax: Qr 32).
“samit+sait+samit” strukturlu birhecalı sözlərin prosodik strukturunun əsas dominantı sait olsa da, əvvəldə və sonda işlənən samitlər də sözün ümumi prosodik strukturunun formalaşmasında müəyyən rol oynamışlar. Məsələn, təhlil olunmuş /daş/, /şad/, /köz/, /göz/, /söz/, /baş/, /qaş/, /pas/, /tas/, /siz/, /diz/, /biz/, /kim/, /sir/, /dam/, /tam/, kəm/, /nəm/, /tək/, /lək/, /təb/, /çən/, /çəp/, /bel/, /tel/, /sel/, /yel/, /boz/, /qoz/, /toz/, /tum/, /tuş/, /şum/, /qum/, /mum/, /quş/, /bir/, /pir/, /fil/, /düz/, /sıx/, /mıx/, /bağ/, /boz/, /bel/, /kol/, /qaz/, /saz/, /sap/, /qar/, /nar/, /sim/, /mis/, /dən/, /tən/ və s. bu kimi sözlərin prosodik xüsusiyyətlərinin təhlilindən aydın olmuşdur ki, bu sözlər müxtəlif fonemlərin sadəcə düzülüşündən ibarət deyil. Bu sözləri əmələ gətirmək üçün lazım olan fonemlər dilin sistem qaydaları ilə düzülməklə yanaşı, prosodik vasitələrin təsiri sayəsində leksik vahidə çevrilmişdir. Bu modelin prosodik strukturunun invariantını tonun yüksələrək pik vəziyyətinə çatıb, hecanın , sözün sonuna doğru tədricən enməsi təşkil edir. Digər tərəfdən, sözü təmsil samitləri öz ətrafında birləşdirən saitin ön və son fazalarında samitlərin xarakterindən asılı olaraq, dəyişkənlik baş vermişdir. Nümunə üçün /köz/, /göz/, /söz/ sözlərinin ossilloqramlarını və onların təhlillərini nəzərdən keçirmişik (Bax: Qr 20,21). Hər üç sözdə /z/ samiti kodanı təşkil edir. Sözlərin onseti isə müxtəlif samitlərdən: /k/, /g/ və /s/ ibarətdir. Sözlərin nüvəsini isə eyni bir sait /ö/ təmsil edir. Həmin sözlərdə /ö/ saitini qeyd olunmuş ardıcıllıqla nömrələyərək, tələffüz zamanı onlarda baş vermiş dəyişiklikləri nəzərdən keçirək.
/ö/1 (köz) /ö/2 (göz) /ö/3 (söz)
I d. T 0,2 0,19 0,17
ƏTT 235 236 237
İ 76 76 74
II d. T 0,2 0,19 0,19
ƏTT 253 227 235
İ 76 75 75
Qeyd olunan saitlərin formant strukturlarındakı dəyişikliklər də aşağıda göstərilmişdir.
/ö/1 /ö/2 /ö/3
I d. FI 681 560 681
FII 1638 1709 1648
Cingiltili /g/ samitindən sonra /ö/2-nin FI qiyməti /ö/1-in və /ö/3-ün qiymətləri ilə müqayisədə aşağı olmuşdur. Kar samitlərdən /k/ və /s/ sonra işlənən saitlərdə bu parametr eyni səviyyədə müəyyənləşmişdir (681 hs). Bunun əksi olaraq, cingiltili /g/ samitindən sonra (göz) işlənən /ö/2 saitinin FII göstəricisi (1709 hs) kar samitlərdən sonra işlənən (köz, söz) /ö/1 və /ö/3-ün göstəricilərindən yüksək olmuşdur. Deməli, danışıq prosesində samitin xüsusiyyəti ondan sonra işlənən saitin formant strukturuna təsir göstərir. İşdə belə bir təhlil də aparılmışdır, yəni eyni fonem tərkibli /şad/ və /daş/ kimi sözlərdə samitlərin yerinin dəyişməsindən asılı olaraq prosodik xüsusiyyətlərdə baş vermiş dəyişikliklər yoxlanılmışdır. /şad/ sözü novlu kar samitlə başlayıb, kipləşən cingiltili /d/ samiti ilə bitmişdir. /daş/ sözündə isə bunun əksi olan fonetik əhatə forması işlənmişdir, yəni söz cingiltili /d/ samiti ilə başlayıb, novlu kar samitlə tamamlanmışdır. Bu sözlərdə hecanın mərkəzini eyni bir /a/ saiti təşkil etmişdir. Bu sözlərin akustik göstəricilərini veririk:
a) /şad/ sözünün akustik göstəriciləri:
I d. t=0,66 san; ƏTT=251 hs; i=73 db.
II d. t=0,5 san; ƏTT=257 hs; i=74 db.
b) /daş/ sözünün akustik göstəriciləri:
I d. t=0,45 san; ƏTT=239 hs; i=77 db.
II d. t=0,4 san; ƏTT=230 hs; i=75 db. (Bax Qr 22)
Hər iki diktor /şad/ sözünün tələffüzünə daha çox vaxt sərf etmişdir. ƏTT və İ parametrləri arasında kəskin fərq müşahidə olunmamışdır.
Həmin sözlərdə samit yerdəyişməsindən asılı olaraq, hecanın əsasını təşkil edən fonemin formant göstəricilərində yaranmış dəyişikliklər aşağıdakı kimi olmuşdur.
/şad/ sözü üzrə: I d. F1=963 hs; F2=1487 hs.
II d. F1=943 hs; F2=1568 hs.
/daş/ sözü üzrə: I d. F1=842 hs; F2=1507 hs.
II d. F1=862 hs; F2=1447 hs.
/daş/-ın müstəqil söz kimi akustik göstəricilərini, onun /sirdaş/ mürəkkəb sözündə ikinci komponent kimi çıxış edən variantının göstəriciləri ilə müqayisəsindən məlum olmuşdur ki, mürəkkəb sözün ikinci komponenti kimi çıxış edən variantın tələffüzünə diktorlar daha az vaxt sərf etmişlər (0,3 san). İntensivlik və ton göstəriciləri /a/ səsinin ön və əsas fazasında yüksək olsa da, son fazada həmin parametrlərdə enmə baş vermişdir. /daş/ sözünün /Uşaq daş atdı// cümləsinin tərkibində işlənməsindən alınan ossilloqram da təhlil olunmuşdur. Sintaktik vahidin elementi kimi çıxış etmiş /daş/ sözünün tələffüzünə əvvəlki iki variantla müqayisədə az vaxt sərf olunub (0,2 san). ƏTT və intensivlik parametrlərinin göstəricilərinin qiymətlərində fərq olmamışdır. Sintaktik vahidin elementi kimi çıxış etmiş /daş/ sözü informasiyanın ötürülməsində dominant olduğundan, akustik cəhətdən qabardılmışdır (Bax: Qr 23).
Belə bir prosodik dəyişiklik bu cür model digər sözlərdə də təhlil olunmuşdur. Məsələn, /zid/ və /diz/ sözlərində fonem tərkibi eyni olsa da, onların düzülüşü fərqlidir. Fərq birinci və üçüncü fonemlərlə bağlıdır. /zid/ birhecalı sözündə heca novlu, cingiltili /z/ samiti ilə başlamış və kipləşən-partlayışlı, cingiltili /d/ samiti ilə bitmişdir. Ossilloqramda cingiltili /z/ samitindən sonra ton yüksəlir, pik vəziyyətinə çatdıqdan sonra yenidən enmə baş verir. Saitin tələffüzü tamamlanmamış sonra işlənən /d/ samitinin tələffüzünə başlanması, saitin son fazasının samitin tələffüzü ilə kəsilməsinə səbəb olmuşdur. Söz daxilində samitlərin, yəni /d/ və /z/ samitlərinin yerinin dəyişməsi, həmin sözlərin nəinki fonem düzülüşünə, həm də prosodik vasitələrin təsir fəallığına görə fərqlənməsinə səbəb olmuşdur.
/diz/ və /zid/ sözlərinin ümumi ossilloqrafik təhlilindən aydın olmuşdur ki, bu sözlərin temporal göstəriciləri fərqlənir: 0,4 saniyə. ƏTT və intensivlik göstəriciləri isə dəyişilmişdir. Təhlil göstərir ki, bu dəyşiklik söz əvvəlində kipləşən-partlayışlı və ya novlu cingiltili samitin işlənməsinin nəticəsidir. Əlbəttə, fərqin yaranmasında sonda işlənən samitlərin də rolu az deyil.
/diz/ sözü üçün göstəricilər: ƏTT=280 hs; i=74 db.
/zid/ sözü üçün göstəricilər: ƏTT=239 hs; i=67 db.
Deməli, /diz/ sözünün tələffüzündə akustik göstəricilər yüksək olmuşdur. Bu sözlərin formalaşmasında həlledici rol oynayan /i/ saitinin də akustik parametrlər üzrə göstəriciləri fərqlənmişdir. Müqayisə üçün göstəriciləri veririk:
/i/ (diz): t=0,06 san; ƏTT=287 hs; i=78 db.
/i/ (zid): t=0,09 san; ƏTT=246 hs; i=78 71.
Təhlil sayəsində /zid/ sözündəki /i/ saitinin birinci sözdəki /i/ saiti ilə müqayisədə aşağı ton tezliyinə və zəif intensivliyə malik olduğu dəqiqləşmişdir. Oxşar təhlil /lək/ və /kəl/, /sim/ və /mis/ və s. sözlər üzərində də aparılmışdır.
Birhecalı sözlərdən fərqli olaraq, ikihecalı sözlərdə prosodik struktur fərqli olmuşdur. Məsələn, təhlil olunmuş /nənə/, /tələ/, /xala/, /baba/, /dədə/, /kükü/, /ütü/, /həvəs/, /səhər/, /tütün/, /bütün/, /bibi/, /sini/, /həkim/, /əkin/, /nanə/, /kəlçə/, /məktəb/, /badam/, /tozlu/, /uşaq/, /əlcək/, /otaq/, /dolu/, /atlı/, /aşpaz/, /bütün/, /xalça/, /taxta/ və s. kimi sözlərin əksəriyyətində hər iki hecada eyni sait çıxış etmişdir. Bu da ikihecalı sözlərdə hecaların tələffüzü ilə bağlı fərqli xüsusiyyətləri müqayisə ilə dəqiqləşdirməyə imkan vermişdir. Məsələn, /nənə/, /tələ/, /dədə/ sözlərində eyni /ə/ saiti hecadüzəldici kimi çıxış etmişdir. Sözlər və hecalar eyni sayda sait və samitdən ibarət olmalarına baxmayaraq, onların prosodik strukturları oxşar olmamışdır. Burada prosodik vasitə kimi çıxış edən vurğunun yeri və onun ifadə xüsusiyyətləri mübahisəli olmuşdur. Bunun üçün ilk öncə sözlərin prosodik xüsusiyyətlərini ümumilikdə nəzərdən keçirmiş, sonra isə bu model sözlərdə vurğunun yerindən asılı olaraq sözlərin fonetik strukturlarındakı daxili dəyişikliklər göstərilmişdir. Məsələn:
Bütöv sözlər üçün göstəricilər:
/nənə/ t=0,5 san; ƏTT=249 hs; i=75 db.
/tələ/ t=0,37 san; ƏTT=219 hs; i=74 db.
/dədə/ t=0,39 san; ƏTT=244 hs; i=78 db.
Bunu qrafiklərdən də müəyyən etmək mümkündür (Bax: qr 20, 23).
Müqayisə göstərmişdir ki, /nənə/ sözü temporal və ƏTT göstəricilərinə görə /tələ/ və /dədə/ sözlərindən fərqlənmişdir. Bu sözlərdə müvafiq göstəricilər aşağı səviyyədə olmuşdur. Həmin sözlərin daxilində hecalardan hansının prosodik cəhətdən və hansı prosodik vasitələrin iştirakı ilə nəzərə çarpdırıldığına aydınlıq gətirilmişdir. Məlum olmuşdur ki, Azərbaycan dilində bu model sözlərdə, əsasən, vurğu 2-ci heca ilə bağlı olsa da, 1-ci hecalar ƏTT-nə görə yüksək göstəricinin daşıyıcısıdır. Məsələn, /nənə/ sözünün 1-ci hecasındakı /ə/-nin ƏTT qiyməti 257 hs, 2-ci hecada isə bu göstərici 236 hs; /dədə/ sözündə bu fərq 256hs : 225hs, /tələ/ sözündə isə bu göstəricilər 238hs : 185 hs nisbətində olmuşdur. Temporal xüsusiyyətə görə isə 2-ci hecalarda işlənən /ə/ səsləri fərqlənmişdir, çünki bu mövqedə /ə/ səsləri söz sonunda açıq hecada işləndikləri üçün onların tələffüzü davamlı olmuş, tələffüzlərinə çox vaxt sərf olunmuşdur.
Verilmiş sözlərin 1-ci hecasındakı /ə/-ni /ə/1, ikinci hecadakını /ə/2, eləcə də /dədə/ və /tələ/ sözlərindəki saitləri belə nömrələsək, bu zaman həmin saitlərin temporal xüsusiyyətləri ilə bağlı əldə edilmış göstəriciləri asanlıqla poral xüsusiyyətləri ilə bağlı əldə edilmiş göstəriciləri müqayisə edib, fərqləri müəyyənləşdirmiş oluruq.
ə1 ə2 ə1 ə2 ə1 ə2
I d. 0,1 0,15 0,08 0,12 0,09 0,16
II d. 0,15 0,2 0,11 0,2 0,1 0,16
Əldə edilən göstəricilərdən aydın olur ki, [ə2] –lərin qiymətləri [ə1] – lərin qiymətlərindən üstün olmuşdur.
Həmin sait səslərin ƏTT və İ qiymətlərini müqayisə üçün təqdim edirik:
|
ə1
|
ə2
|
ə1
|
ə2
|
ə1
|
ə2
|
I d.
|
ƏTT
|
251
|
233
|
234
|
219
|
236
|
210
|
İ
|
78
|
76
|
78
|
75
|
76
|
75
|
II d.
|
ƏTT
|
257
|
236
|
256
|
225
|
238
|
185
|
İ
|
75
|
73
|
81,6
|
76
|
75
|
73
|
Əldə edilmiş rəqəmlər onu deməyə əsas vermişdir ki, bu model ikihecalı sözlərdə birinci hecalar ton və intensivlik parametrlərinə görə maksimum göstəricilərin daşıyıcılarıdır. İkinci hecaların göstəriciləri 1-ci ilə müqayisədə aşağıdır. Oxşar prosodik struktur /baba/, /səhər/, /kükü/, /ütü/, /xala/, /bibi/ və s. ikihecalı sözlərdə də reallığını tapmışdır. Deyilmiş fikri dəqiqləşdirmək məqsədi ilə həmin sözlərin ossiloqramalarının nəzərdən keçirilməsi məqsədə uyğundur (Bax: Qr 24,25,26).
Beləliklə, biz belə bir qənaətə gəlirik ki, bu fonem strukturlu ikihecalı sözlərdə prosodik mərkəz birinci heca ilə bağlıdır. Mövcud dilçilik ədəbiyyatında sözün prosodik strukturu ilə bağlı qeyd olunmuş fikir öz təsdiqini tapmışdır, çünki həmin fikrin tərəfdarları A.Axundov, Ş.Abdullayev qeyd edirlər ki, Azərbaycan dilində vurğulu heca tona və intensivliyə görə fərqlənir.
Bəzi hallarda bu vəziyyət dəyişir. Məsələn, /həvəs/ sözü də ikihecalıdır. Bu sözün akustik parametrlərinin göstəriciləri göstərir ki, 1-ci hecada çıxış edən /ə/1 ƏƏT-nə və intensivliyə görə ikinci hecadakı /ə/2-nin göstəricilərindən aşağıdır. Məsələn, /həvəs/ sözünün göstəriciləri:
I d. ə1 ə2
ƏTT 216 hs 224 hs
İ 75 db 75 db
II d.
ƏTT 223 hs 266 hs
İ 73 db 77 db.
Azərbaycan dilində ahəng qanununa görə sözün son saitinə əsasən əlavə olunan şəkilçilərdəki saitlər nizamlanır. Məsələn:
Dostları ilə paylaş: |