Həyata yenidən başlasaydım,saniyələrin nəbzini tutardım. (Fyodor Mixayloviç Dostoyevski)
İllər öncə dahi, xəyalpərəst rus yazıçısı tərəfindən deyilmiş bu sözlər müasir zamanımızın reallığıdır. Artıq saniyələrin nəbzini tutmaq üçün təəssüflənməyə ehtiyac yoxdur. Günlərlə, bəlkə də aylarla zamanımızı sərf etdiyimiz işləri, bir neçə saniyə ərzində həyata keçirmək mümükünləşib. Məncə əsl sivilizasiya budur.
Bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyub desək heç də yanılmarıq. “İnformasiya cəmiyyəti” adlanan bu yeni mərhələdə insanların öz həyati ehtiyaclarını ödəmələri üçün tələb edilən şərtlər də əhəmiyyətli dərəcədə dəyişir. Cəmiyyətdə insanların özlərinə layiqli yer tuta bilməsi üçün tələb edilən ən vacib şərtlərdən biri onların yüksək informasiya biliyinə, istifadə mədəniyyətinə malik olmalarıdır.
Rus alimi M.V.Makarovanın fikrincə, informasiya ilə məqsədyönlü şəkildə işləmək, onun əldə olunması, emalı və ötürülməsi üçün kompyuter informasiya texnologiyalarından, müasir texniki üsul və vasitələrdən istifadə etməyi bacarmaq lazımdır. Amerika standartlarına görə isə insan, informasiyaya olan tələbatını müəyyən edərək onu axtarmalı, qiymətləndirməyi bacarmalı və səmərəli şəkildə istifadə etmək qabiliyyətinə malik olmalıdır.
Elm, texnika inkişaf etdikcə insanların ondan istifadə ehtiyacları da artır. Belə ki, insanlar evlərində, iş yerlərində, hətta istirahət etdiyi zamanlarda belə onlara vacib lazım olan informasiyanı tez əldə etmək marağındadırlar. Və internet onların bu ehtiyaclarını sürətli, eyni zamanda keyfiyyətli şəkildə ödəyir. Belə bir zamanda getdikcə cəmiyyətdə hər xırda məsələyə görə müxtəlif nazirliklərə, idarə və müəssisələrə getməyə maraq azalır. İnsanlar daha sadə yolla lazım olan məlumatı əldə etmək istəyirlər. Zaman keçdikcə insanların ehtiyacını ödəmək, xidmətin keyfiyyətini artırmaq, eyni zamanda əhaliyə xidmət göstərən qurumların işini asanlaşdırmaq üçün elektron formada məlumat bazasının hazırlanması vacibata çevrildi. Belə bir zamanda Elektron Hökümət yaradıldı. Elektron hökumət - vətəndaşlara dövlət tərəfindən verilən xidmətlərin elektron mühitdə təqdim edilməsi deməkdir. Burada dövlət xidmətlərinin vətəndaşa ən asan və ən təsirli yolu ilə keyfiyyətli, sürətli, fasiləsiz və etibarlı bir şəkildə çatdırılması nəzərdə tutulur.(www.e-gov)
Vətəndaşları ən çox maraqlandıran suallar sırasında Elektron hökumət portalı nədir? sualı xüsusi göstərilir.
Elektron hökumət portalı - bütün dövlət qurumlarının xidmətlərinə tək bir nöqtədən giriş imkanını təmin edən bir portaldır. Portalın məqsədi ictimai xidmətlərini vətəndaşlara, müəssisələrə, ictimai təşkilatlara operativ şəkildə təqdim etməkdir. Portal vasitəsi ilə istifadəçilər ehtiyacları istiqamətindəki məlumat və xidmətlərdən asanlıqla istifadə edə bilərlər.
Fikrimcə, Elektron hökumətin yaranması işin daha tez, mükəmməl, səmərəli olmasına gətirib çıxardır. Bu da əmək kollektivlərində iş rahatlığı, insanlar üçün isə gördükləri işdə etibarlılıq yaradır. Müsabiqənin şərtləri çərçivəsində qeyd etmək istərdim ki, ən böyük problem ucqar bölgələrdə yaşayan insanların internet şəbəkəsinin zəifliyi, məlumatsızlıq səbəbi ilə elektron hökumətdən yararlana bilməmələridir. Onu da qeyd etmək istəyirəm ki, Elektron hökumət layihəsi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən hazırlanmış və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsinə, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır.
Sonda onu da qeyd edim ki, istifadəçilərin "Elektron hökumət" portalına maraqları artan dinamika üzrə inkişaf edir. Statistikaya gəlincə, iyul ayı üzrə aparılan monitorinqlər portala 25 094 nəfərin daxil olduğunu göstərir. Belə ki, ay ərzində bu istifadəçilər tərəfindən 37 478 dəfə daxilolma həyata keçirilib və 73964 dəfə elektron xidmətlərdən istifadə edilib. Səhifələrə baxışların ümumi sayı isə 142 917 ədəd olub. Hər bir istifadəçinin portalda orta işləmə müddəti 5 dəqiqə 9 saniyə təşkil edib. 2013-cü ilin 7 ayı ərzində isə portala daxil olanların sayı 176495 nəfər təşkil edib. Eyni zamanda daxilolmaların sayı 288 853, istifadə edilmiş xidmətlərin sayı isə 341 306 ədəd, səhifələrə baxış sayı 986 813 ədəd olub. Hər bir istifadəçinin portalda orta işləmə müddəti 4 dəqiqə 30 saniyə təşkil edib. Elektron xidmətlərdən istifadə coğrafiyası üzrə statistika da maraqlıdır. "Elektron hökumət" portalının fəaliyyəti yalnız ölkəmizdə, o cümlədən Xankəndində (iyul ayında 205 dəfə, 7 ay ərzində isə 1978 dəfə) deyil, həmçinin xaricdə də maraq doğurur. Avqust ayının 1-nə təqdim edilmiş elektron imza sertifikatlarının sayı 15 000 ədəddən çox, sadələşdirilmiş kod parol alanların sayı isə 17 000-i keçib. Statistika da təsdiqləyir ki, ümumilikdə portalın əhatəsi və populyarlığı artmaqdadır. Portalda artıq 236 xidmət təqdim edilir və bu gün "Elektron hökumət"inin "Facebook" səhifəsini bəyənənlərin sayı 63901-ə çatıb.
Çinarə Bəhərçinli,
“İsmayıllı xəbərləri” qəzetinin ictimai müxbiri Yazı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "İKT ili" çərçivəsində “Respublikada “Elektron Hökumət: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.