Rəsmi dövlət qəzetləri: Bu tipli qəzetlərə “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Yeni Azərbaycan” misaldır. Bu tipologiyaya aid olan qəzetlər əsasən prezidentin sərəncam və fərmanlarını, prezidentin səfərlərini, dövlət tədbirlərini oxucuya çatdırırlar.
İdman qəzetləri:İdman qəzetləri adından da göründüyü kimi idman sahəsində olan məlumatları cəmiyyətə çatdırmaq məqsədilə yaradılır. Bu gün Azərbaycanda “Futbol+qol”, “Olimpiya dünyası”, “Çempion”, “Komanda” kimi idman qəzetləri var.
Uşaq mətbuatı: Müasir Azərbaycan mətbuatında uşaqlara aid qəzetlər çox azdır. Bu barədə Səməd Məlikzadə yazır: “.... Hazırda respublikamızda nəşr edilən uşaq qəzet və dərgilərini barmaqla saymaq olar – “Savalan”, “Tumurcuq”, “Mənim dostlarım”, “Paralel”, “Mücrü”, “Cik-cik”, ötən il nəşrini dayandırmış “Şəkər villası” və s. (Ona görə “və sair“ deyirik ki, ola bilər ki, elə qəzetlər var ki, bir neçə sayı işıq üzü gördükdən sonra hansı səbəbdənsə fəaliyyətini dayandırıb). Jurnallar isə “Göyərçin”, “Elli”, “Bal bala”, “Körpəm”. Səhv etmiriksə, mövcud uşaq nəşrlərinin sayı, ölkədəki qəzet və jurnalların təxminən heç iki faizi də deyil. Bu isə çox aşağı göstəricidir. Həmin nəşrlərdən bir neçəsi – “Savalan”, “Göyərçin” dövlətin yardımı ilə nəşr edilir. Bəs digərləri? Demək, uşaq mətbuatının da taleyi bazar qanunlarına etibar edilib...” [34]
Hüquq qəzeti:Hüquq qəzeti deyərkən ağıla gələn ilk mətbuat orqanı “Ədalət” qəzeti olur. Bu qəzet müasir mətbuatımızda ən tanınmış hüquq qəzetidir. Amma bu cür qəzetlər də dəyişərək ictimai-siyasi qəzetlərə çevilib. Məhz “Ədalət” qəzetinin nəzərdən keçirdiyimiz 25, 26, 27 oktyabr 2011-ci ildə çıxan və digər saylarında ictimai- siyasi xəbərlərə daha geniş yer ayrıldığını müşahidə etdik. Bu da onu göstərir ki, “Ədalət” qəzeti hüquq qəzeti olsa da, daha çox ictimai-siyasi qəzet kimi fəaliyyət göstərir.