Təsadüfün hökmü
İsfəndiyarin neçə vaxt idi ki bir məsələ ürəyini üzürdü. Kişi içəridən qəlbini didib dağıdan bir vacib suala cavab almaq üçün ağıllı-başlı bir nəfər tapa bilmirdi. Çox adamlardan çox şeylər soruşmuşdu və çox cavablar da almışdı. Bunlardan inanılası olanı da vardı, olmayanı da.İsfəndiyarın beynində gəzdirdiyi bu sual isə elə bir sual idi ki,onu yalnız bircə dəfə bircə nəfərə demək olardı və həmin o bircə dəfədə də gərək dürüst cavab alına idi. Əks təqdirdə....nə isə... bunu açıqlamayaq. Çünki, sirr yiyəsi açıqlamadığı məsələni heç kimin açmağa haqqı yoxdur.
İsfəndiyarın son zamanlar fikirli gəzdiyini çoxları sezmişdi. Həm qohum-qonşular, həm də iş yoldaşları arasında söz-söhbət gəzirdi ki, İsfəndiyar nə isə gizli bir xəstəlik tapıb və bunu ciddi-cəhdlə ətrafdakılardan gizlədir. İş o yerə çatmışdı ki,onunla qarşılaşan tanışlar da İsfəndiyarı mənalı-mənalı başdan-ayağa, ayaqdan-başa süzür, yalnız bundan sonra salamlaşırdılar. Bəziləri öz maraqlarını gizlətməyib açıq-aşkar sual da verirdilər:
- İsfəndiyar, azar olmasın, birtəhər görünürsən. Bir hadisə-zad baş verməyib ki?
- Hələki salamatçılıqdı.– deyə, cavab verən İsfəndiyar tez də söhbətdən uzaqlaşardı.
Üç aydan artıq idi ki, İsfəndiyar adamlardan kənarkəsmə dolanır, heç kəslə yaxın ünsiyyətdə bulunmur, bir sözlə müəmmalı həyat sürürdü.
İsfəndiyar 45–46 yaşlarında subay kişi idi. Əslində, deyilənə görə, onun həqiqi yaşı bundan xeyli azdı. Kişini vəziyyət qocaltmışdı. Təxminən on beş il əvvəl ailə həyatı quran İsfəndiyar cəmi cümlətanı üç ildən sonra tək qalmışdı. Arvadı Nazpəri gözlənilmədən Yusif adlı bir oğlana qoşulub evdən getmişdi. Camaat arasında gəzən söz-söhbətə görə, Yusif əzəldən Nazpərini istəyirmiş, hətta aralarında klassiklər demişkən, əhd-peyman da varmış. Yusif əskərlikdən qayıdandan sonra beş-altı ay işsiz qalır və axırda da üz tutur şimala-Rusiyaya. Bundan inciyən Nazpəri fərqinə varmadan, kimə olursa-olsun təcili ərə getmək qərarına gəlir və nəticədə qismət olur İsfəndiyara. Ancaq onların ailə həyatı heç nə ilə əlamətdar olmur. Nə xasiyyətləri düz gəlir, nə də övladları olur. Bu ərəfədə Yusif də Rusiyanın Perm şəhərində bir rus qızı ilə evlənib il yarım yaşadıqdan sonra ayrılır. Qonum-qonşuların söylədiklərinə inansaq, onu da əlavə edə bilərik ki, sonsuzluq guya İsfəndiyarın özündən imiş, çünki Nazpərinin təzə ərindən iki uşağı-bir qızı, bir oğlu var və indi böyuk uşağı dördüncü sinifdə oxuyur. Camaatın söylədiyinə görə, Yusif dəfələrlə Azərbaycana-öz kəndlərinə qayıtmaq istəyib, ancaq Nazpəri razı olmayıb və onlar hələ də Rusiyada yaşayırlar.
İsfəndiyar Yusifi tanımırdı, onun ancaq adını eşitmişdi. Çünki, Yusif ucqar kənddən, o isə rayon mərkəzindən idi.
Arvadının özgəsinə qoşulub qaçmasından bərk sarsıntı və əsəb gərginliyi keçirən İsfəndiyar möhkəm xəstələndi, hətta üç aya kimi xəstəxanada da yatdı. Ancaq zaman hər şeyi yoluna qoyur. İsfəndiyar da yoluna düşdü. Amma bu yol daha əvvəlki yol deyildi. O, qaraqabaq və qapalı bir adama çevrilmişdi. Heç kimə və heç nəyə qəlbində inamı qalmamış İsfəndiyar adamlar arasında özünü tənha və qərib hiss edirdi. Hərdən ona elə gəlirdi ki, bədəninin cismani materialı da ətrafdakı adamlarınkından fərqlidir və buna görə yanından ötənlər ona istehza ilə baxır, hətta onu barmaqla göstərirlər. Bu cür düşüncələrin təsiri altında İsfəndiyar ifrat dərəcədə ehtiyatlı,hər şeydən çəkinəcəkli,özündən müştəbeh bir tipə çevrilmişdi.
Bəlkə də İsfəndiyarın ürək ağrısına çevrilmiş, içindən onu didib dağıdan bu gizli-müəmmalı sual da başqaları üçün heç bir maraq və əhəmiyyət kəsb etməyən, boş, mənasız bir şey idi. Ancaq İsfəndiyar bunu özü üçün elə bir formada quraşdırmışdı ki, guya birdən, Allah eləməsin, yersiz yerdə ağzından qaçırsa qiyamət qopar, dünya dağılar.
Bir iş də vardı ki, bu boyda dərdi aylarla, illərlə içində də daşıya bilməzdi, əvvəl-axır kiməsə açmaq lazım idi. Ancaq kimə? Dərdin ən böyüyü də elə bu idi. İndi bu qarmaqarışıq dünyada ağzımöhkəm, etibar ediləsi adam tapmaq mümkün idimi? Lap tutaq ki, sirr saxlamağına etibar ediləsi bir nəfər tapdın, həmin o bir nəfər yazıq İsfəndiyarın sualına doğru-düzgün cavab verə biləcəkdimi? İşin bu başını fikirləşəndə heç İsfəndiyarı qınamaq da olmazdı.
İsfəndiyarın bir çətinliyi də onda idi ki, o, ürəyindəkini boşaltmaq üçün kimi gəldi axtarmırdı, ona elə bir adam lazım idi ki, verəcəyi sualı cavablandırmaq iqtidarında olsun. Yəni həmin adamın ixtisası, ya da heç olmasa ümumi bilik səviyyəsi və dünyagörüşü məsələyə aydınlıq gətirə biləcək dərəcədə münasib olsun.
Hekayənin bu yerində bizim də çətinliyimiz yarandı. İndi biz İsfəndiyarın sirri barədə müəyyən qədər açıqlama vermək məcburiyyətindəyik, əks təqdirdə yazdığımızın heç bir mənası olmaz. Oxuculardan xahiş edirik ki, bu barədə heç yerdə heç kəsə heç nə deməsinlər. Əvvəla, biz sözgəzdirən, ağzıyırtıq adamlardan deyilik, ikincisi də, İsfəndiyarla həmkəndliyik və istəmərik ki, bu söhbət biz tərəfdən yayılsın.
Təxminən dörd ay bundan əvvəl İsfəndiyar nə üçünsə Bakıya getmişdi. Dodağı sözlü qonşuların bəziləri söz çıxartmışdı ki, İsfəndiyar evlənmək fikrinə düşüb, Bakıya da ona görə gedib ki, özünü həkimdə yoxlatdırıb görsün evlənsə züryəti ola bilər,yoxsa yox. Bəzi ağzıgöyçəklər isə (əsasən arvadlar) orda-burda pıçhapıç danışırdılar ki, İsfəndiyarın kişiliyi zəifdi, Bakıya da müalicə üçün gedib. Bütün bu söz-söhbətin, dedi-qoduların nə dərəcədə əsası olub-olmadığını deyə bilmərik. Bizim öyrənib bildiyimiz budur ki, Bakıda İsfəndiyarın başına elə bir iş gəldi ki, yazıq kişi az qala dünyanın harasında olduğunu da unutdu.
Şəhərə gəldiyinin ikinci günü axşam saat 8 radələrində dənizkənarı bulvara gəzməyə çıxan İsfəndiyar bir saata qədər gəzib dolaşdıqdan sonra ayaqlarının yorulduğunu hiss edərək bir qədər oturub dincəlmək istədi. Əvvəlcə göz gəzdirib boş skamya tapdı və sonra yaxınlıqdakı kafedən dondurma almaq məqsədilə bufetə yaxınlaşdı. Burada növbə vardı, İsfəndiyardan qabaqda bir neçə qadın, iki cavan oğlan dayanmışdı. Bizim qəhrəmanımız növbədə öz yerini tutub dondurma satışını seyr etməyə başladı. Və birdən dondurma alan qadınlardan birinin sifəti ona çox tanış gəldi. Ancaq nə qədər fikirləşdisə də, onun kim olduğunu və nədən bu qədər tanış gəldiyini kəsdirə bilmədi. Hiss etdi ki, qadın da gözaltı onu süzür və utanıb üzünü bir qədər yana çevirdi. Dondurma alan 35–36 yaşında olan bu qadının yanında 10–11 yaşlarında bir oğlan uşağı da vardı. Qadın iki ədəd dondurma götürüb kənara çəkilsə də, uzaqlaşıb getmədi və İsfəndiyar indi açıq-aşkar duydu ki, qadın ona xüsusi diqqət yetirir. Doğrudan da İsfəndiyar dondurmanı alıb bufetdən aralanan kimi qadın üzündə olduqca xoş bir təbəssümlə ona yaxınlaşıb soruşdu:
- İsfəndiyar deyilsənmi?
İsfəndiyar səsdən diksinən kimi oldusa da, özünü o yerə qoymadı, qadının gözlərinə baxan kimi onu tanıdı:
- Pakizə! Xoş gördük! Mən də bayaqdan fikirləşirəm ki, görəsən bu qadın hardan tanış gəlir.
- Ancaq mən səni görən kimi tanıdım, baxmayaraq ki, çox dəyişmisən.
İsfəndiyar Pakizənin yanında dayanıb ona baxan oğlan uşağına işarə ilə:
- Oğlundu? – deyə soruşub cavab gözləmədən uşağın üzündən öpdü.
- Hə, böyük oğlumdu, – Pakizə cavab verdi və sonra əlavə etdi:
- Bu dəfə bunu gətirmişəm, balaca qalıb Rusiyada.
- Rusiyada? – İsfəndiyar təəccübləndi – Rusiyanın harasındasınız?
- Permdəyik on ildən çoxdu.
- Demək o vaxtdan bəri oradasınız.
Pakizə:
- Neyniyək, buralarda iş-güc məsələsi çətindi, – deyib yaxındakı skamyanı göstərdi:
- Gəl beş dəqiqə burda oturub danışaq, bu gədə məni yaman yorub.
Onlar İsfəndiyarın əvvəlcədən nəzərdə tutduğu skamyada əyləşdilər.
Pakizə ilə İsfəndiyar əminəvəsi idilər. Orta məktəbdə Pakizə İsfəndiyardan iki sinif aşağı oxuyurdu. İsfəndiyar Gəncə Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsini bitirmiş, Pakizə isə orta məktəbi qurtardıqdan iki ay sonra ərə getmişdi. Pakizənin əri ali təhsilli mühəndis idi. Onlar bir müddət Bakıda yaşamış, sonra Rusiyaya getmişdilər. Bakıda yaşadıqları vaxt bir dəfə İsfəndiyar təsadüfən onların evində olmuşdu və o müddətdən bəri Pakizəni görməmişdi.
Onlar bir qədər ordan-burdan danışıb hal-əhval tutduqdan sonra Pakizə ayağa qalxıb:
- İsfəndiyar, məni bağışla, gedəcək yerim var. – dedi və sağollaşıb getmək istərkən qəflətən yadına nəsə düşdü:
- Hə, lap yadımdan çıxmışdı. Bilirsən qızın nə qız olub? Qız döyül ey, allah saxlamış ay parçasıdı.
İsfəndiyarı təəccüb götürdü:
- Nə qız, hansı qızım?
- Ədə, Gülyanı deyirəm də, Gülçöhrəni, Nazpəridən olan qızını. İndi deyəcək xəbərim yoxdu.
İsfəndiyar tutulub qalmışdı. Pakizə isə qız vaxtlarında olduğu kimi, dil boğaza qoymurdu:
- Ədə, yoxsa atkaz eləmisən? O cürə gül parçasından imtina eləməkmi olar?
Handan-hana İsfəndiyarın səsi çıxdı:
- Yəni deyirsən o mənim... qı..z... – sözünü tamamlaya bilmədi, boğazı qıfıllandı.
- Guya bilmirdin? Uşağın siri-sifəti, qaşlarının arasındakı xırda qara xalına qədər elə bil səninkidi, aparıb yapışdırmısan ona. Lap hind gözəllərinə oxşayır.
İsfəndiyar qeyri-ixtiyari əlini alnına apardı. İndi onun nə düşünməyə halı, nə söz deməyə dili vardı. Artıq Pakizənin dediklərinin birini də eşitmirdi. Birtəhər özünü toplayıb dillənə bildi:
- Axı bizim... uşağ...ımız olmurdu, olmadı. – Onu tər basmışdı.
- Eee...y, İsfəndiyar, sən lap Meksika kinolarındakı kimisən. Arvadın gedəndə uşağı qarnında aparıbmış. Bəs necə oldu ki, səkkiz aydan sonra doğdu? Nə isə...burası mənnik döyül. Bəlkə də bu söhbəti salmaqda səhv elədim. Hər halda mən olanı dedim.
- Bəs sənin onlarla nə əlaqən? – İsfəndiyar deyəsən şokdan ayılırdı.
- Nə əlaqən deyəndə, elə bir yaxınlığım yoxdu. Ancaq bir şəhərdə yaşadığımızdan hərdənbir görüşürük. Yaxşı, mən tələsirəm, sağ ol. Kənddəkilərə salam deyərsən.
Pakizə getdi, İsfəndiyar isə hələ də donub qalmışdı. Qayıdıb skamyada oturdu və əllərini çənəsinə diriyib fikrə getdi. Beləcə yarım saatdan artıq qaldı, ancaq fikrini heç cür cəmləyə bilmədi. İndi onun ayıq və ya yuxulu olduğunu təyin etmək çətin idi, çünki bunu özü də anlaya bilmirdi.
Bəli, üç aydan artıq idi ki, İsfəndiyar bu dərdlə yaşayırdı. Nə özü fikirləşib bir çarə tapa bilir, nə açıb özgəsinə deyə bilirdi. Onsuz da arvadı özgəsinə qoşulub qaçandan sonra İsfəndiyar özünü amansızcasına alçaldılmış və təhqir edilmiş bir insan hesab edirdi. Bu hisslər onda yalnız son bir ildə-il yarımda azalmağa, əriyib sönməyə başlamışdı. Əvvəllər İsfəndiyara elə gəlirdi ki, yaşadığı rayon mərkəzinin onun ailə həyatından xəbərdar olanlarının müəyyən hissəsi bəlkə də müasir həyat, mənəvi azadlıq, qarşılıqlı məhəbbət və s. anlamlara istinadən bu məsələdə o qədər də qeyri–adilik görmür. Üç illik ailə həyatında övladlarının olmadığını da nəzərə almaqla o, haradasa qəlbinin dərinliklərində sabiq arvadını o qədər də qınamırdı və bu humanizmi ictimai fikrə də calaşdırmaqla daxilən özünə təsəlli qazanırdı.
İndi isə vəziyyət bam-başqa idi. İndi onun əlində nə özünə,nə də Nazpəriyə azacıq da olsa, haqq qazandırmağa, el töhmətini, camaat təhnizini dəf etməyə, eləcə də özgəsini özünə doğma ata hesab edən qızın (Bunu fikirləşəndə az qalırdı ki, ürəyi partlasın) babalını yumağa heç bir mənəvi əsas yox idi. Bir sözlə, İsfəndiyar çıxılmaz vəziyyətdə qalmışdı. Kişi gündən-günə əriyib gedirdi, iştahadan kəsilmiş, yuxusu pozulmuş, gözləri çuxura düşmüşdü. Adamların gözünə görünmək belə istəmirdi. Əlində əlacı olsaydı, bir gün də ayağını işə basmazdı.
Çox götür-qoydan sonra İsfəndiyarın ağlına bir fikir gəldi: bütün bu məsələni tamamilə yad bir adama özgəsinin adıyla danışıb məsləhət almaq. Ancaq belə bir yad adamı haradan tapmaq olardı və hətta tapılsa belə, nədən bilmək olardı ki, bu adam ağıllı-başlı məsləhət vermək iqtidarındadı? Hər halda İsfəndiyarın başqa çıxış yolu qalmamışdı.
* * *
İsfəndiyar işlədiyi idarənin kadrlar şöbəsində məzuniyyət üçün ərizə yazırdı. Şöbə müdiri Nərgiz xanım:
- İsfəndiyar, istirahətini necə planlaşdırırsan? – deyə, soruşanda yadına düşdü ki, heç bu barədə fikirləşməyib. Fikirləşməyə halı vardımı?
- Nə bilim vallah,elə bir planım yoxdu.
- Gəl, putyovka verək, get Yessentukidə dincəl, həm də müalicə olun. Son vaxtlar yaman zəifləmisən.
- Sağ olun. Ancaq mənim sanatoriyaya getməli halım yoxdu-deyib, İsfəndiyar ərizəyə qol çəkib ayağa qalxdı.
- Mən sənin üçün deyirəm, ay İsfəndiyar. Havayı putyovkadı, mestkomun hesabına. Müalicəsi öz yerində, həm də havanı dəyişərdin, təzə yerlər, təzə adamlar görərdin.
Nərgiz xanımın “təzə adamlar” kəlməsi sanki İsfəndiyarı yuxudan oyatdı:
- Yaxşı, – dedi, – etirazım yoxdu, gedərəm.
* * *
Dörd gündən sonra İsfəndiyar artıq Yessentukidə idi. Sanatoriyada onun otaq yoldaşı da təxminən özü yaşda Yura adlı bir kişiydi. Yura özünün dediyinə görə, əslən azərbaycanlı idi, ancaq çoxdan Rusiyada yaşayırdı və oranın vətəndaşlığını da almışdı. Yura cox az-az hallarda-demək olar ki, yalnız İsfəndiyarla Azərbaycan dilində danışırdı, qalan bütün vaxtlarda rusdilli idi.
Bir otaq yoldaşı kimi İsfəndiyarın Yuradan narazılığı yoxdu. Hətta bəzi xasiyyətlərindən xoşu da gəlirdi. Yura gülərüz, əliaçıq, sadə və kifayət qədər dünyagörüşə malik bir adamdı. Bir cəhəti də bu idi ki, bir qədər emosional və qadınlara meyilli idi. İsfəndiyardan cəmi on gün əvvəl burada olmasına baxmayaraq demək olar ki, bütün qadınları tanıyırdı, hətta bəziləri ilə çox yaxın münasibəti vardı.
İsfəndiyarın sanatoriyaya gəlməsindən 8 gün keçmişdi.Bu müddət ərzində nə qədər fikir vermişdisə də, ürəyinə yatan bir adam tapa bilməmişdi ki, dərdini ona danışıb ürəyini boşaltsın. Otaq yoldaşı Yuradan başqa elə bir münasib həmsöhbət yox idi və onun da çıxıb getməyinə beş-altı gün qalırdı.
Nəhayət İsfəndiyar dörd ay yarımdan bəri içində saxladığı dərdini açıb Yuraya danışdı. Hekayətini özgələşdirsə də, çaşıb qəhrəmanların adını və ünvanını olduğu kimi dedi (yalan danışmağı bacarmırdı). İsfəndiyarın gözləmədiyi bir halda Yura bu söhbətdən çox bərk tutuldu, qanı qaraldı, rəngi dəyişdi, əvvəlki gülərüz adamdan əsər-əlamət qalmadı. İsfəndiyar isə əksinə, xeyli yüngülləşmişdi və hekayətini bitirib dərindən nəfəs aldıqdan sonra soruşdu:
- Belə yerdə neynəmək olar?
Yura deyəsən onun sualını eşitməmişdi, başını aşağı salıb susurdu. Handan-hana başını qaldırıb:
- Bağışla, eşitmədim, – deyə dilləndi.
- Deyirəm, görürsən də... dünyada nələr olur.
- Da...a, takix nada rasstrelyat!
- Necə?
- Deyirəm belə qadınları öldürmək hələ azdı-deyib, Yura otaqdan çıxdı.
İki gündən sonra Yura vaxtından üç gün də qabaq sanatoriyadan getdi. Onun yerinə ahıl bir gürcü kişisi yerləşdirdilər.
Yura gedənin üçüncü günü axşam otağın qapısı döyüldü. İsfəndiyar qapını açdı.
- Yusif gedib, yoxsa hələ burdadı? – soruşan ucaboy, orta yaşlı bir kişi idi.
- Burda Yusif qalmır.
- Necə yəni qalmır? Yura bu otaqda qalmırdı?
- Qalırdı. Üç gündü ki gedib.
Kişi güldü:
- Səni sağ olasan, mən elə onu soruşuram də..ə, Permdən gələn Yusif Hüseynov. Otaq yoldaşının adını bilmirsən?
Bundan sonra İsfəndiyarın nə hala düşdüyünü təsəvvür etmək çətin olduğundan burasını yazmırıq. Yazmalı bircə cümlə qalıb.
İsfəndiyar məzuniyyətdən qayıtdıqdan bir həftə sonra eşitdi ki, əri Nazpərini boşayıb və iki uşağı ilə bərabər göndərib rayona...
Dostları ilə paylaş: |