P.S. Bu yaxınlarda söz yayılıb ki, Nazpəriynən İsfəndiyar təzədən barışmaq istəyirlər, özü də birincinin təşəbbüsü ilə...
İxtira
Bir aydan çox idi ki, idarədə hamı Yetim Abbasəlinin ixtirasından danışırdı.
Bir aydan çox idi ki, texniki şöbənin 42 yaşlı mühəndisi Yetim Abbasəli (Abbasəlinin atası da, anası da sappasağ dururdu. “Yetim” ləqəbini ona kişi fağır və mülayim adam olduğuna görə idarənin ağzı sözlü və dili qurcubalı arvadları vermişdilər) qoltuğunda dörd qatlanmış çertyoj kağızı və əlində beş-altı izahat vərəqəsi trestə, nazirliyə, Allah bilir daha haralara ayaq döyürdü.
Düzdü, ixtiranın məhz nədən ibarət olduğunu hələ heç kəs yerli-yataqlı bilməsə də, bu barədə söhbət səngimirdi. İş o yerə çatmışdı ki, yazıq Abbasəli idarədə bir otağın qapısını açıb içəri girməli deyildi, girdiyinə peşman olurdu. Abbasəli içəri ayaq basan kimi ağzıyanmış arvadlar (İdarədə arvadların sayi kişilərdən iki dəfə çox idi) bir-birinə macal vermədən sorğu-sualları yağdırırdılar:
Abbasəli, nooldu? Düzəldi?
Abbasəli, patent alanda yumalısan ha!
Axır ki, bizim idarədən də bir alim çıxdı, hə, Abbasəli?
Abbasəli, ixtiranın puluynan maşın alası olasan, biz özümüzünkünü satmaq istəyirik, deyərsən.
Abbasəli, nə çox gedib-gəlirsən? Oldura bilmirsən? Problemin varsa, de, zəng elətdirək.
Nəticədə Abbasəli onun qabağına qoyulmuş bir stəkan çayın yarısını içməmiş “sağ olun” deyərək ayağa qalxıb otaqdan çıxırdı və üz qoyurdu ya trestə, ya da nazirliyə.
Maraqlı burası idi ki, Abbasəlini tıncıxdıran arvadların heç biri ixtisasca mühəndis deyildi və bircə kərə də onun çertyojunu açıb baxmamışdılar. Bütün idarədə mühəndis savadı olan yalnız texniki şöbənin böyük mühəndisi Fəridə xanım idi ki, o da Abbasəliyə ,ümumiyyətlə, heç bir sual vermirdi. Ancaq bir dəfə dedi:
Abbasəli, ixtiranı çox adama göstərmə, ehtiyatlı ol, indi plagiyatlar çoxdu.
Abbasəlinin dərdi açıldı:
Rəhmətliyin qızı, elə çalışdığım odu ki, göstərim də..ə. Baxan var məgər?
Bəs neçə müddətdi hara gedib-gəlirsən?
Hər yerə. Trest deyir nazirlik baxsın, nazirlik təzədən göndərir trestə. Trest də qaytarır öz idarəmizə - baş mühəndisin üstünə.
Fəridə xanım təəccübləndi:
Baş mühəndisə indiyəcən göstərməmişdin?
Göstərmişəm. Baxdı, dedi ki, fikrin pis deyil, amma bir az qəliz şəkil çəkmisən. Darıxma, müzakirə eliyərik.
Fəridə xanım bir söz demədi, nəzərə çarpacaq dərəcədə başını buladı və bir qədər pauzadan sonra Abbasəliyə təskinlik verdi:
Darıxma, Abbasəli müəllim, axırı yaxşı olar.
Fəridə xanım bilirdi ki, baş mühəndis İsgəndər Xalq Təsərrüfatı İnstitutunu qiyabi bitirib və trest müdirinin qohumu olduğuna görə vəzifə tutub. Ona görə də çertyoja “şəkil” deyir. Abbasəli isə bunu bilmirdi.
Aprel ayının 6-da səhər saat 10-un yarısında idarə müdiri Qurban müəllim işçilərdən üç nəfərini, o cümlədən Abbasəlini də kabinetinə çağırıb göstəriş vedi:
İclas zalını səhmana salın, idarənin göstəriciləri yazılmış lövhələri, qrafikləri divar boyu içəridən düzün. Saat ikidə iclas var, müzakirə olacaq.
Sonra Abbasəliyə:
- Sən də o ixtiranın çertyojunu stendin birinin üstünə as, qoy içəri. Nazir gəlsə, göstərərik.
Abbasəlinin qəlbi fərəhlə doldu:
Qurban müəllim, bunu da (çertyoj qoltuğunda idi) müzakirə edəcəksiz?
Eliyərik, niyə eləmirik, bu da bizim nailiyyətimiz döyülmü?
Sevincindən Abbasəlinin uçmağa qanadı çatmırdı!
Bir göz qırpımında bütün akt zalını süpürtdürdü. Əslində özü silib-süpürdü. Çünki, axsaq Səlbi arvada qalsaydı, heç üç günə də zalı təmizləmək olmazdı. Oturacaqları düzdü, lövhələri yerləşdirdi. Öz çertyojunu da dəmir ayaqlar üzərində qoyulmuş lövhələrdən birinin ortasına sancaqlayıb görkəmli bir səmtdə qoydu. Özü də çıxıb tribunadan və sədarət stolu tərəfdən baxdı ki, çertyojun necə göründüyünü görsün.
Bir sözlə, Abbasəli bütün işi öz ürəyinə yatan şəkildə tamamlayıb başını qaldıranda gördü ki, tər dabanından gedir və ağzında dili buğda samanı kimi quruyub. Tez düşdü birinci mərtəbəyə, çayçı Səfərin yanına.
Çayçı Səfər onu görən kimi:
İxtiraçı, xoş gəlmisən! Bə niyə belə qan-tərə batmısan? Xəstələnmisən, nədi? – deyə, nəzərləri ilə onu başdan ayağa süzdü.
Yox, işləmişəm. Çay!
Səfər bir stəkan çay gətirib qoydu onun qabağına:
Xeyir ola, nə iş? Ay yetim, sənnən başqa iş görən yoxdu bəyəm?
Səfərlə Abbasəli bir məhəllədə yaşayırdılar, tay-tuş idilər. İdarə açılanda bundan əvvəlki müdir işçilərə demişdi ki, bir çayçı tapsınlar. Onda Abbasəli də Səfəri gətirib bura çayçı düzəltmişdi.
Abbasəli çaydan iki qurtum alıb stəkanı yerə qoydu. Deyəsən çay hələ çox isti idi:
Bu gün mənim ixtiramı müzakirə edəcəklər. Bəlkə nazir özü də gəldi.
Doğrudan? Malades Abbasəli!
Səfər əlini Abbasəlinin kürəyinə vurdu və əlavə etdi:
İmkan olsa mən də çıxıb oturacam, görüm nə qan eliyirsən.
Abbasəli çayın qalığını qəndsiz başına çəkib bufetdən çıxdı.
Saat 3-ə 10 dəqiqə qalmış idarənin həyətnə üç QAZ-31 və bir “Mersedes” maşını daxil oldu. Nazir və onu müşayiət edən vəzifəli şəxslər yuxarı qalxıb müdirin kabinetinə girdilər.
Katibə daxili telefonu əlindən yerə qoymadan bütün şöbələrə zəng vururdu:
Hamı yuxarı, iclas zalına, nazir gəlib. Cəld olun!
Beş dəqiqə keçməmiş iclas zalı ağzınacan doldu.
Abbasəli ikinci sırada, orta keçidin yanındakı yerdə oturmuşdu və ehtiyat üçün böyründəki yeri də saxlamışdı ki, bəlkə çayçı Səfər də gələr.
Səfər doğrudan da gəldi. Amma Abbasəlinin yanına getmədi. Arxa sırada lap küncdə yer tutub oturdu.
Nəhayət, təxminən 20 dəqiqədən sonra başda nazir olmaqla rəhbər işçilər də gəlib səhnədə qoyulmiş stolun arxasında öz yerlərini tutdular. Onlardan bir neçəsi də boş saxlanmış birinci sırada əyləşdi.
Əvvəlcə nazir özü sözə başladı. O, yarım saata qədər ölkə və hökumət rəhbərliyinin siyasətini tərifləyəndən sonra bəyan etdi ki, bu gün burada cari ilin birinci rübünün yekunları və ümumiyyətlə, illik plan tapşırıqlarının yerinə yetirilməsinin gedişi müzakirə olunacaq.
Sonra sözü trest müdirinə verdi. Trestin müdiri Salman Səlimov papkasını götürüb tribunaya çıxdı. Və yazıb hazırladığı (bəlkə də yazdırıb hazırlatdığı) çıxışını oxumağa başladı.
Öz çıxışını götür-qoy edən Abbasəli tribunaya demək olar ki, qulaq asmırdı. Hərdən əlində tutduğu qovluğun arasından bir kağızı çıxarıb baxır, sonra onu yerinə qoyub başqasını çıxarırdı.
Trest müdiri yazılı çıxşını oxuyub qurtardı. Nazir ona bir-iki sual verib cavab aldıqdan sonra dedi:
Otur. Sözü idarənin müdiri Qurban Kərimova verirəm, buyur!
Birinci sırada oturmuş Qurban müəllim qovluğu götürüb cəld tribunaya qalxdı. O, qovluğu açıb sözə başlamaq istəyirdi ki, nazir:
Sən bu idarəni nə vaxt təmir eləmisən?
Keçən il, cənab nazir.
- Keçən il… Bəs həyət-bacan niyə bu kökdədi? Zibil dizə çıxır. Bu stendlər də yəqin köhnə müdirin vaxtından qalıb, həə? Bəs hanı bizim keçən ilki, bu ilki göstəricilərimiz? Hanı sizin işə estetik münasibətiniz? Hanı öz idarənizin göstəriciləri, nailiyyətləri?
Qurban müəllim əvvəlcə tutuldu, sonra istədi ki, nəsə bir söz deyib hücumun qabağını alsın:
Cənab nazir, məsələn o sxem, daha doğrusu çertyoj, – əlini Abbasəlinin çertyoju asılmış lövhəyə tərəf uzatdı.
Nazir ona sözünün dalını gətirməyə macal vermədi:
O cızmaqaranı deyirsən? Harda görmüsən ki, iclas zalında çertyoj asılır? Kim asıb onu?
Qurban müəllim Abbasəliyə tərəf baxdı. Abbasəli buğanaq vurmuş yarpaq kimi yerindən atılıb durdu ayağa.
Abbasəli iftixarla:
Bəli. – dedi.
Nə işdiyirsən burda?
İnjiner, –Abbasəli hiss etdi ki, boğazı quruyur.
Sənnən olan injiner dəysin sənin müdirinin başına! Get o zibilini aç götür, özün də çıx bayıra! Bunun mühəndis qabiliyyətinə bax!
Abbasəli Qurban müəllimin üzünə baxdı. Qurban müəllimdə ta “müəllimlik” qalmamışdı. Bu vəziyyətdə çayçı Səfərin görkəmi onun yanında toya getməli idi. Qurban Abbasəliyə göz ağartdı ki: “ Tez ol, nə durmusan?”
Yetim Abbasəli suyu süzülə –süzülə lövhədən çertyojunu açıb bayıra çıxanda arxadan nazirin səsi gəlirdi:
Sizə, Kərimov, ixtisar planı verilib. Niyə yerinə yetirmirsiniz? İdarəni doldurmusunuz avara-avara adamlarla.
İclas qurtarandan sonra çayçı Səfər nə qədər axtardısa, Abbasəlini gördüm deyən olmadı…
Dostları ilə paylaş: |