Sur tütəyi
Əlifağa hər maaş aldığı günün axşamı ailəsinin növbəti maaşa qədər dolanışıq xərclərini, özünün dediyi kimi, ailə büdcəsini yazıb hesablayar, sonra da dəftəri arvadı Əntiqəyə verib deyərdi:
- Al, bir özün də bax. Deyəsən bəzi şeyləri artıq yazmışam.
Əntiqə dəftərə baxmamışdan :
- Sən ha! Sən olasan, özün də artıq hesablayasan? – deyər və sonra da dəftəri qabağına qoyub öz əlavələrini edərdi. Bu dəfə də istisna olmadı:
- Başına xeyir, yaman da hesablamısan. Qonşunun toyu var, azı əlli manat bura gedəcək, böyük qızın sinif rəhbərinin ad günüdü ayın 22-sində, aşağısı beş manatdan yığacaqlar, JEK-dən zibil pulu yığmağa gələcəklər, heç olmasa ikicə manat da olsa verməliyik.
Əntiqə hesabatı dəqiqləşdirib 60–70 manat büdcə kəsiri ilə təsdiqlədikdən sonra qaytarıb atdı ərinin üstünə:
- Belə yaşamaq olmaz,- deyib, söylənə-söylənə keçdi mətbəxə.
Əlifağa arvadının haqlı narazılığını bilsə də, onun səsini qulaqardına verib özü səsini qaldırdı:
- Ay balam, ayda nə qədər pul yığmaq olar? Məktəb pul yığır, JEK pul yığır, evlənən, anadan olan, ad günü keçirən, hətta ölən də pul yığır.
Mətbəxdən Əntiqənin səsi gəldi:
- Heç dilənçiləri demirsən. Sən işdə olursan, xəbərin olmur. Gündə qapını döyən seyidlərin, qaraçıların, adi dilənçilərin sayı-hesabı yoxdu. Məcbur düşüb üçündən-dördündən birinə pul verməli olursan.
- Ağlın olsun, vermə.
- Verməmək olmur. Elə and verib yalvarırlar ki, dözmək olmur. Zəmanə elə korlanıb ki, deyəsən dünyanın axırı çatıb. Hə, yaxşı yadıma düşdü. Heç dəftərdə lift pulunu hesablamamışıq.
- Bu da təzə çıxdı? – Əlifağa az qala qışqırdı.
- Lift mexaniki deyib ki, üçüncü mərtəbədən yuxarı hər ev bir manatdan yığmasa liftə baxmayacaq.
- Niyə?
- Deyir maaşım azdı, dolana bilmirəm, məcburam əlavə bir iş tapıb işləyəm.
- İşləsin də-ə. Bundan bizə nə.
- A kişi, uşaq kimi danışma, lift işləməsə 9-cu mərtəbəyə qalxıb-düşməkdən kələyimiz kəsilər, özün də ürəkdən zəif adamsan. Bizdən aşağı mərtəbələr hamısı pul yığmağı qərara alıblar. Mən durub necə deyim ki, vermirəm?
Əlifağa susdu. Arvadı qınamaq olmazdı, lift vacib məsələ idi. Əntiqənin bayaq dediyi söz yadına düşdü və fikrindən keçirtdi ki, dünyanın axırı çatsaydı hamının canı biryolluq qurtulardı boş-boş şeylərə pul yığmaqdan.
Növbəti ayın başında Əlifağa maaşını alıb iş yoldaşı Vaqifə 40 manat borcunu qaytardıqdan sonra qalan pulu dəsmalına büküb qoltuq cibinə qoydu və qərara gəldi ki, bu dəfə büdcə-zad hesablamayacaq. Onsuz da hesabatın heç bir xeyri olmur. Qoy arvad necə bacarır, eləcə də evi yola versin.
Həmin gün Əlifağa çox yorğun idi. Özünü metroya çatdırıb orta vaqona mindi və boş yer tapıb oturdu da. Yolda metro vaqonları ağzınacan doldu və o qədər basabas düşdü ki, maşınist əyləci basanda ayaq üstə dayanan və əlləri tutacağa çatmayan cavanlrın bir neçəsi hətta iki dəfə onun üstünə yıxıldılar.
Əlifağa yuxulayırdı...
...Maaş günü idi. Onu kassaya çağırdılar. Əlifağa pilləkənləri özünəməxsus bir cəldliklə düşüb kassaya tərəf irəliləyərkən yolda yadına düşdü ki, axı o maaşı alıb, görəsən kassir onu neynir? Bəlkə pulu səhv verib? Yox, bu olan şey deyildi. Əvvəla, o özü də pulunu sayıb götürmüşdü. İkincisi də, kassir Şükür heç vaxt səhv edib adama artıq pul verməzdi. Bəlkə əlavə mükafat yazmışdılar ona?
Dördmərtəbəli binanın birinci mərtəbəsində yerləşən kassaya özünü çatdıran Əlifağa gördü ki, bura adamla doludur və... kassa tərsinə işləyir! Yəni, adamlar pul almaq əvəzinə, uzun bir cədvələ qol çəkib kassirə pul verirlər. O, təəccüb içində yan–yörəsindəkilərdən soruşub öyrənməyə çalışdı:
- Ə, nə baş verir burda? Pulları niyə qaytarıb yığırlar?
Çox qəribə bir səhnə idi. Heç kim onun sualına cavab vermir, yaxud da vermək istəmirdi.
Ancaq hamının kefi duru idi. Gülən kim, çırtıq vurub oynayan kim, bir sözlə, kassanın qabağında aləm qarışmışdı. Bir şadyanalıq, bir büsat vardı ki, gəl görəsən. Hətta 3-cü şöbənin baş mütəxəssisi Narıngül xanım (Əlifağa evlənməmişdən Narıngülü istəmişdi, Narıngül isə onu bəyənib gəlməmiş, üstəlik, “kənd hinduşkası yemək üçün çəyirtkəni kənddə axtarar, şəhərdə yox” –deyib, kobud cavab da yollamışdı) qaş-gözünü oynada-oynada ona yaxınlaşıb göz də vurdu.
Əlifağa mat qalmışdı. Ayrı vaxt ölü yeri üçün bir-iki manatdan pul yığanda belə, adamların qaş-qabağı yerlə bir olardı. İndi hamı topa-topa pulu sevinə-sevinə kassaya qaytarırdı.
Nəhayət, onun da növbəsi çatdı. Başını kassanın pəncərəsindən içəri soxanda nə görsə yaxşıdı? Kassir Şükürün yanında iki elə gözəl qız vardı ki, o, (yəni Əlifağa) 45 illik ömründə belə gözəlləri heç xarici kinolarda da görməmişdi. Qızlardan biri kassirin sağ, o biri isə sol tərəfində dayanıb yığılan pulları dəstələyirdilər. Əlifağa elə mütəəssir olmuşdu ki, səbəbini kassirdən soruşmadan kağıza büküb qoltuq cibində gizlətdiyi məvacibini (daha doğrusu, məvacibinin qalığını) nə vaxt çıxarıb stolun üstünə qoyduğunu özü də bilmədi. Başını pəncərədən geri çəkmək istəsə də, tərpənməyə halı yox idi, gözünü qızlardan ayıra bilmirdi. Onda intuitiv bir təsəvvür yarandı ki, bunlar məlakələrdir, yer üzündə bu gözəllikdə insan ola bilməz!
Arxadan onu dümsükləyirdilər:
- Əlifağa, qurtar də!
- Qol çək, çıx, biz də varıq axı!
Əlifağanın boğazı qurumuşdu. Qeyri-ixtiyari əlini uzadıb qələmi götürdü və cədvəldə öz adını axtarmaq istəyəndə yadına düşdü ki, axı heç pulun nədən ötrü yığıldığını soruşmadı. Kassir Şükür onun ürəyini oxuyurmuş kimi:
- Tütək almağa yığılır pullar- dedi, - Sur tütəyi.
- Nə..ə?
- Sur tütəyi, ay müsəlman! Müasir dildə desək zurna.
Əlifağa güc-bəla ilə özünü cəmləyib soruşdu:
- Dünyanın axırıdı bəyəm? Neynirik Sur tütəyini?
Birdən yadına gəldi ki, axı arvadı Əntiqə demişdi - dünyanın sonu catmaq üzrədi!
- Axı, mən bilən, dünyanın sonu.., yəni axır-məhşər gələndə Sur tütəyini İsrafil çalacaqdı.
- Bəli, çalacaqdı, ancaq çalmır. Daha doğrusu , bizdə çalmır.
- Elə niyə?
- A kişi, məni niyə sorğu-suala tutmusan? Mən nə bilim? Eşitdiyimə görə, Sur tütəyi Avropada çalınacaq və onun səsi buralara çatmaya da bilər. Ona görə də tapşırıq var ki, bir aylıq maaşdan keçib özümüzə zurna alaq və özümüz də çalaq.
Doğrusu, məsələnin bu cəhəti bir az onun xoşuna da gəldi. “Əşi, dünya binnət olannan onun-bunun çaldığına oynamışıq. Barı, heç olmasa axır-məhşər günü zurnanı özümüz çalaq”- deyə, ani olaraq fikrindən keçirdi. İstər-istəməz dilindən bir sual da qopdu:
- Bəs dünyanın axırınacan necə yaşayaq?
- Ə, qəribə adamsan, vallah! Camaat necə, sən də elə. Onsuz da həyat sabahlıqdı. Sabahlıq çörəyin yoxdusa, al bunu götür, - deyib, kassir Şükür iri bir təndir çörəyini ona uzatdı. Əlifağa təndir çörəyini əlindəki torbaya qoyub kassadan yenicə aralanmışdı ki, qəflətən arxadan qulağına elə bir zurna səsi gəldi ki, dik atıldı.
Metro vaqonunun fit səsi onu yuxudan ayıltmışdı. Reproduktordan səs gəlirdi:
- ... sonuncudur. Xahiş edirik vaqonları tərk edəsiz.
Cəld sıçrayıb vaqondan bayıra atıldı. Metronun girəcəyində aldığı təndir çörəyini sol əlinə keçirib, sağ əlini qoltuq cibinə apardı.
Pul yox idi...
Sur tütəyinin səsi isə hələ də qulaqlarında uğuldayırdı...
Dostları ilə paylaş: |