II fraqment
Tez-tez ağrıyır aldığı zədələrdən, kənar təsirlərdən. Canı inciyir – yıxılanda, əlini yandıranda, tikan batanda, ac olanda, qarnı ağrıyanda... Saymaqla qurtaran deyil dərd bu naməlum və yad aləmdə. Onunsa heç nəyi yoxdu. Nə lazımi ağlı, nə gücü, nə bacarığı.
Bircə çıxış yolu var: ağlamaq, qışqırıb haray çəkmək.
Üə...ə! Üə...ə ! Üə..ə!
Gündə neçə dəfə istifadə edir bu imkandan. Ancaq bunu da məhdudlaşdırırlar. Yüyrüyə qoyub yellədirlər, beşikdə silkələyirlər, başı gicəlsin, hər şeyi unutsun deyə. Az-maz ağlı cəm olanda hesab edirdi ki, ətrafdakıların hamısı ona borcludur, onun istəklərini yerinə yetirməlidirlər. Adamlar da, əşyalar da. Baxmayaraq ki, adamla əşyanı fərqləndirmək hələ çətindi.
Bəli, o, ətrafdakıları özünə borclu sayırdı. Nə qədər ki, ağlı az idi, belə də saydı.
Doğulmaq, yoxsa doğulmamaq?
Sual gündəmdə idi. Ancaq buna cavab tapmağa ağıl gərəkdi. Ağıl isə hələ də yoxdu...
Dostları ilə paylaş: |