Deputatların ÇƏtin günlƏri
Naxçıvan üzrə zona müxbirimizin
qeydləri
Küçə yürüşləri, piketlər Naxçıvanı şıdırğı yağış kimi qəflətən yaxalayıb. Ötən ilin sentyabrından — Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçildiyi vaxtdan piketlər, küçə yürüşləri olmamışdı. Cəbhəçilərdə də demokratik blokdan olan deputatların əksəriyyətində də Naxçıvanda demokratiyanın qələbə çalması haqqında bir illüziya yaranmışdı. Bu da səbəbsiz deyildi. Ali Məclisin sessiyalarında kommunist deputatlar susur, demokratik blokdan olan deputatlar isə H.Əliyevə arxalanaraq təşəbbüsü ələ alıb bir sıra mütərəqqi qərarlar qəbul edirdilər. Həmin qərarlar nəinki Naxçıvanda, bütövlükdə Azərbaycanda eyforiya ilə qarşılanırdı. Televiziya və radiodan nəzarət götürülmüşdü. Siyasi partiyaların, Xalq Cəbhəsinin fəalları öz fikirlərini xalqa sərbəst çatdıra bilirdilər.
Lakin qəbul olunmuş qərar və bəyanatlar Muxtar Respublikanı ictimai-siyasi böhrandan çıxara bilməzdi. İşləməyən köhnəlmiş sovet aparatını yeni strukturlarla əvəz etmək, xalqın uzun illər boyu həsrət və arzusunda olduğu qanunlar qəbul edib həyata keçirmək lazım idi. Buna isə deputat korpusunun gücü çatmadığı aydın hiss olunurdu. Cəbhə nümayəndələri isə alovlu çıxışlara daha çox adət etdiklərindən stol arxasında əyləşib qanun yazmağa maraq göstərmirdilər.
Uzun müddət seçkilərdəki saxtakarlıqları ifşa edən, məhz buna görə də Ali Məclisin buraxılmasını tələb edən demokratik blok deputatlarının əksəriyyəti son beş ayda həmin məsələyə bir də qayıtmayıblar. Hətta aylarla sessiyanın iclaslarında iştirak etməyən “tutduğu vəzifəyə görə seçilmişlər”in, nazir vəzifəsinə irəli çəkilənlərin xalq deputatlığından geri çağırılması məsələsini də sükutla qarşılayıblar. Odur ki, dünənədək hakimiyyətə qarşı birgə mübarizə aparanların bu gün yolları ayrılıb. Müxalifətdə olanlar rəhbər vəzifəyə getmiş cəbhəçi yoldaşları haqqında belə bir fikir formalaşdırırlar ki, onlar həqiqət, haqq-ədalət uğrunda deyil, vəzifə uğrunda mübarizə aparırmışlar. Vəzifədə olan cəbhəçilər və demokratlar haqqında şayiələr də həndəsi silsiləylə yayılır.
Muxtar Respublikada radikal dəyişikliklərin aparılmaması, Ali Məclisin, Nazirlər Kabinetinin strukturlarının dəyişdirilməməsi, bir sözlə, idarəetmə aparatında mütərəqqidəyişikliklərə təşəbbüs göstərilməməsi müxalifətin özünə daha çox tərəfdar toplamasına şərait yaradır.
İqtisadi böhran, ermənilərin tez-tez dəmir yolunu kəsməsi əhalinin gün-güzəranını pisləşdirir. Bir tərəfdən də alverin, möhtəkirliyin, cinayətin sürətlə artması, hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyi adamları hövsələdən çıxarır.
Demokratik blokun deputatları isə çətin vəziyyətdə qalıblar. Onlar bir tərəfdən torpaq islahatı, müəssisələrin özəlləşdirilməsi, yeni vergi sistemi, Muxtar Respublikanın sərbəst iqtisadi zonaya çevrilməsi, hüquq-mühafizə orqanlarının yeni strukturda qurulması və s. Barədə qanunların hazırlanmasında çətinlik çəkirlər, o biri tərəfdən qovluqlarındakı hazır layihələrin qəbul etdirilməsinə tələsmirlər. Belə ki, bu qanunlar qəbul edilərsə Azərbaycan-Naxçıvan qarşıdurması dərinləşər, Naxçıvanın müstəqil dövlətə çevrilməsi haqqında illüziya yaranar.
Alverlə məşğul olanlara vergi tətbiq edilsə həmin şəxslər müxtəlif yollarla muxtar respublikadan malı çıxarıb Azərbaycanın başqa yerlərində vergi vermədən fəaliyyətlərini sərbəst davam etdirəcəklər. Vergi, gömrük, əsgəri mükəlləfiyyət kimi bir çox qanunlar var ki, bunları mütləq Azərbaycanın Ali Məclisi qəbul etməlidir.
Qarşıya çıxan çətinliklər Naxçıvan MR Ali Məclisinin fəaliyyətini ləngitdikcə Ali Məclisin Rəyasət Heyəti keçmiş partiya aparatının bürosu kimi formalaşmağa başlayıb. Çevik və sözəbaxan bu aparat icra hakimiyyətinin bir çox funksiyalarını da yerinə yetirməklə, kosmetik yamaqlarla məşğuldur.
Tarixi təcrübə göstərir ki, bu üsulla böhrandan çıxmaq olmaz. Əsaslı qanunlar qəbul edilməlidir. Demokratik blokun deputatları da, Xalq Cəbhəsinin və siyasi partiyaların fəalları da qarşıdan gələn tufanı hiss edirlər. Lakin bunun qarşısını almağa qadir deyillər. Uzun müddət susan demokratik blokun deputatları son bir ayda iki dəfə yığıncaq keçiriblər. Xalq CəbhəsininMəclisi də formalaşmağa və tez-tez öz yığıncaqlarını keçirməyə başlayıb.
Bir sözlə, dinclik və sakitlik dövründən səmərəli, bacarıqla istifadə edilməyib. Odur ki, xalqın yeni hakimiyyətə də inamı qırılmaqdadır. Bu inamı bərpa etmək üçün ən’ənəvi sovet variantından — “Günahkar ayrı-ayrı rəhbər şəxslərdir!” devizindən bacarıqla istifadə olunur. Məqsədi həyata keçirmək üçün televiziya və radio verilişləri üzərində nəzarət gücləndirilir.
Elə bu yolla da Naxçıvan MR Baş naziri Becan Fərzəliyev bütün nöqsanların səbəbkarı kimi xalqa təqdim edildi. Rəhbərliyə inamı bərpa etmək üçün dünənki silahdaş qurban verildi. Yəqin ki, sabah da bir başqası çatışmazlığın günahkarı kimi xalqa təqdim olunacaq. Sonra üçüncüsü, dördüncüsü…
Bəs sonra?! Məgər sovet imperiyasının təcrübəsi bizə dərs olmayıb? Elə aparat, elə qanunlar yaratmaq lazımdır ki, hamı o qanun qarşısında bərabər olsun. Rəhbər vəzifəli şəxsin sahv addımını ilk andaca görmək və onu dayandırmaq mümkün olsun. Yoxsa ki, iş-işdən keçəndən sonra xalqa car çəkməyin, nöqsanları göstərməyin nə mənası var?!
“Azadlıq” qəzeti, 1992, 25 fevral, № 16 (116), s.3.
Dostları ilə paylaş: |