ƏLİ ŞAMİL Çildirli аşiq irfani


Çıldır əyalətinin yaradılması



Yüklə 0,78 Mb.
səhifə6/64
tarix01.01.2022
ölçüsü0,78 Mb.
#104116
1   2   3   4   5   6   7   8   9   ...   64
2.1. Çıldır əyalətinin yaradılması
Günümüzdə Çıldırlı Aşıq Şenlik, Çıldırlı Aşıq İrfani, Çıldırlı Aşıq Qaranı və s. onlarla ada rast gəlmək olur. Türkiyənin fərqli böl­gələrində rastlaşdığımız bəzi insanlar Azərbaycan türkcəsində danış­dığımızı gördükdə bizlərlə ünsiyyət qurmağa can atır, Çıl­dır­lı olduqlarını söyləyirlər. Danışığımızda o qədər fərq hiss edilmir. Onları Qazax-Borçalı ləhcəsində danışanlardan seçmək heç də asan olmur. Çıldır vaxtilə Borçalı, Göyçə, Zəngəzur kimi bir bölgənin, ərazi vahidinin adı olmuşdur.

Qıpçak Atabəyliyi müstəqil sayılsa da qonşu dövlətlərin tə­si­rin­dən tam çıxa bilmirdi. Hələ 1514-cü ildə Çaldıran savaşında Axısqa Atabəyləri Osmanlı ordusuna ərzaq göndərdiyinə görə Yavuz Sultan Səlim tərəfindən təqdir edilmişdilər. 1536-cı ildə Osmanlı-Səfəvi savaşında bölgə I Şah Təhmasibin tam təsiri al­tı­na düşsə də öldürülmüş məlikin oğlu İkinci Keyxosrov Os­man­lı­lardan yardım istəmişdir. Osmanlı dövləti ona yardım etsə də böl­gədə hakimiyyəti tam ələ ala bilmir. Sonradan İkinci Key­xos­rov mövqe dəyişərək I Şah Təhmasibin tərəfinə keçir. Beləcə 1578-ci ilədək Osmanlı və Səfəvi tərəfdarları arasında zaman-za­man savaşlar olmuş, Atabəyliyin sərhədləri tez-tez dəyişilmişdir. (İslam Ansiklopedisi, 1993:300, 8 cild).

M. Fahrettin Kırzıoğlu yazır ki, Osmanlı sultanı Üçüncü Mu­radın dönəmində, yəni 1578-ci ildə şeyxülislam Qədrizadə Əh­məd Şəmsəddin əfəndi Səfəvilər əleyhinə fitva verdikdən sonra Osmanlı sərkərdəsi Lala Mustafa paşanın yüz minlik or­dusu Çıldır gölü ətrafında Səfəvi sərkərdəsi Toxmaq xanın 15 minlik ordusunu ye­nir. Beləcə bölgə 32 qalasıyla birgə Osmanlı dövlətinin tərkibinə qatılmış olur. Döyüşün şərəfinə bura Çıldır əyaləti adlandırılır. (Kırzıoğlu M. Fahrettin,)

Ciddi mənbə sayılan Azərbaycan Sovet Ensiklopediyası isə yazır: “Çıldır vuruşması (1578) - Osmanlı qoşunları ilə qızılbaş dəstələri arasında Çıldır gölü (indiki Türkiyə ərazisində) yaxın­lı­ğında baş verən döyüşdür. Ərzurumda yüz minlik ordu toplayan Osmanlı sərkərdəsi Lala Mustafa paşa Amasya müqaviləsini (1555) pozaraq hər iki dövlət arasında bitərəf bölgə sayılan Kars qa­lasını tutur. Avqustun 9-da 15 minlik qızılbaş qoşunu os­man­lı­ların ön hissələrini məğlubiyyətə uğradıb düşməni 2-3 fərsəx tə­qib etdi. Lakin Lala Mustafa paşa ehtiyatda olan əsas qüvvələrini dö­yüş meydanına çıxartdı. Təqribən 10 min itki verən qızılbaş qo­şunu məğlubiyyətə uğradı. Çıldır vadisindəki qələbə Os­man­lı­la­rın Gürcüstan və Şirvanı işğal etmələrini sürətləndirdi. (ASE,1987:366,10-cu cild).

Ciddi bir nəşrə-ensiklopediyaya məqalə yazan müəllif sanki bu savaşın Osmanlı-Səfəvi döyüşü olduğunu bildirməyə ehtiyac duy­mur. Lala Mustafa paşanın ordusu ilə döyüşən Səfəvi döv­lə­ti­nin ordusu deyil hansı bir silahlı dəstə, yəni “qızılbaş qoşunu” tə­siri bağışlayır.

Səfəvi-Osmanlı orduları arasında savaş gedərkən Axısqa Ata­bəyi Mamuçahr bəy Lala Mustafa paşanın yanına gələrək qa­la­nın açarını verir və ona itaət edəcəyini bildirir. Beləcə Lala Mustafa paşanın qələbəsi qıpçaq Atabəyliyinin (1267-1578) 311 illik tarixinə son qoyur.



Lala Mustafa paşa işğal etdiyi bölgədə aşağıdakı san­caq­lıq­ları: Oltu, Ardanuç, Ardahan-i büzürg, Çıldır, Xırtız, Tavusgər, Çe­­çərək, Gölə, Macaxel (Mahcil), Axılkələk, Penək, Posof, Axıs­qa (Şavşat), Pərtəkrək, Livanə, Nisf-i Livanə özündə bir­ləş­di­rən Çıl­dır Əyalətini yaradır. (İslam Ansiklopedisi, 1993:300, 8-ci cild).

Prof. Dr Asif Hacılı isə yazır ki, bölgə, Osmanlı dövləti tər­ki­bində əyalətə çevrildikdən sonra Çıldır gölündən Borjoma qə­dər 21 sancaqdan ibarət, 15 şəhəri olan qüdrətli vilayətə çevrilir. Burada güclü qalalar tikilir, məscidlər ucaldılır, mədrəsələr, ki­tab­­xanalar açılır. (Hacılı Asif, 2014:5).

Osmanlı dönəmində də əyalətin sərhədləri və mərkəzi sabit qal­mır. Gah böyüyür, gah da kiçilir. Mərkəz bəzən Axısqaya da­şı­nır.

Müasir inzibati ərazi bölgələri haqqında coğrafiya ki­tab­la­rın­da, xəritələrdə Çıldır əyalətinin adına rast gəlinmir. Türkiyədə Kars ilinə (vilayətinə) bağlı kiçik bir ilçə (rayon) Çıldır adlanır. Gü­neydoğudakı Ağbaba dağı(yüksəkliyi 2040 metr) ilə Qu­zey­ba­tıdakı Kısır dağı (yüksəkliyi 3150 metir) arasındakı Çıldır ili­nin ərazisi 1416 kvadratkilometrə yaxın, əhalisi 40 mini keç­mə­yən bir bölgə Çıldır adlanır. (Yeni Türk Ansiklopedisi, 1985:566, 2-ci cild). Çıldır əyaləti isə daha böyük bir ərazini, yə­ni bugünkü Ermənistan Cümhuriyyətinin ərazisinə yaxın tor­paq­la­rı olan inzibati vahidi əhatə edirmiş.

Türkiyədə Ardahanla Kars arasında Çıldır gölü var ki, onun da sahəsi 123 kvadratkilometrdir. Çıldır Doğu Anadolunun ən bö­yük şirinsulu gölüdür. Dəniz səviyəsindən 1959 metr yük­sək­lik­dədir. Ən dərin yeri 30 metrdir. Göldən axan Telek çayı Ermə­nistandakı Arpaçaya tökülür. Naxçıvan ərazisində üzərində su an­barı ti­kil­miş Arpaçaydan onu ayırmaq üçün çox vaxt Nax­çı­vandan Araza tö­külən çaya Doğu Arpaçay, Ermənistandan Araza tökülən çaya Batı Arpaçay deyirlər.

Göldə Ağcaqala adlı bir ada var. Adını vaxtı ilə burada ti­ki­lən qalanın adından alıb. Bölgədə yaşayanların aynalı ad­lan­dır­dı­ğı sazan-çə­ki (Cyprinus carpio) balığı çox məşhurdur. Gölün üstünü qışda qa­lın buz örtdüyündən üzərində at qoşulmuş xizəklə gəzir, yük da­şıyır, buzda dəliklər açıb balıq ovlayırlar.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin