Ahmet Baytursunovun Almatıdakı ve muzeyı və muzeyın qarşısında qoyulmuş büstü.
Ahmet Baytursunov 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayda türk xalqları üçün hazırladığı əlifba layihəsini müzakirəyə təqdim etsə də, onu qəbul etdirə bilmir. Qurultayda Fuad Köprülüzadə, Əli bəy Hüseynzadə və b. ilə görüşərək onlar vasitəsi ilə mühacirətdə olan keçmiş məsləkdaşları ilə əlaqə yaratmağa nail olur.
1921-1925-ci illərdə elm və ədəbiyyat komissiyasına rəhbərlik edən, Qazaxıstan Tədqiqlər Cəmiyyətinin fəxri sədri olan A.Baytursunovun üzərində Sovet xüsusi xidmət orqanlarının nəzarəti bir an da olsun azalmır.
Orenburqdakı Qazax Pedoqoji İnstitutunda müəllimlik edən, sonra Daşkənddəki Qazax Pedaqoji İnstitutunda qazax dili və ədəbiyyatından dərs deyən A.Baytursunovu 1928-ci ildə Almatı Qazax Universitetinə işə dəvət edirlər. O, burada qazax dili və ədəbiyyatı professoru seçilir. Lakin bu hal çox da uzun sürmür.
Ahmet Baytursunov maarif sahəsində çalışsa da, elmi araşdırmalarla məşğul olsa da siyasi fəaliyyətdən əl götürmür. Gizli millətçi təşkilatın qurulmasında, türk xalqlarının rus işğalçılarına qarşı birgə mübarizə aparmasının planlaşdırılmasında fəal iştirak edir.
Maarif və elm sahəsindəki böyük xidmətlərinə baxmayaraq, onu 1929-cu il iyunun 12-də həbs edirlər. Uzun və işgəncəli istintaqdan sonra məhkəmə millətçi təşkilatda iştirakına görə güllələnmə hökmünü oxuyur. Səkkiz ay güllələnəcəyi günü gözləyən Ahmet Baytursunovun güllələnmə hökmü 10 illik həbslə əvəzlənir.
Solevki adalarındakı həbsxanalara göndərilən Ahmet Baytursunov vaxtından əvvəl 1934-cü ildə həbsdən azad edilir. Buna səbəb məşhur rus yazıçısı Maksim Qorkinin xanımı E.P.Peşkovanın Dünya Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətlətinə, eləcə də RK(b)P Mərkəzi Komitəsinə yazdığı məktublar olur. O, məktublarında ziyalıların, yazıçı və şairlərin silahlı müqavimətdə iştirak etmədiklərini, azad düşüncəli sənətkarlar olduqlarına görə, fikirlərini sərbəst söylədiklərindən həbs edildiklərini və bunun da mədəniyyətin, elmin inkişafına ağır zərbə vurduğunu yazır və xahiş edir ki, onlar əfv edilsinlər.
Həbsdən azad olunduqdan sonra ailəsi də sürgündən buraxılır. Ahmet Baytursunov xanımı Badisəfaya (Aleksandra), övladları Aymata, Kazixana, Şolpana qovuşur. Ailə bir yerə toplanaraq Almatıya gəlir. Lakin burada Ahmet Baytursunovun sənədlərinin üzərinə “Heç bir peşə sahibi deyildir” yazıldığına görə ona iş verən tapılmır. Ailə maddi sıxıntı içərisində qalır.
Ahmet Baytursunov həbs və sürgündə elmi və bədii yaradıcılıqla məşğul ola bilmir. 1937-ci ildə onu yenidən həbs edirlər. Ahmet Baytursunov keçmiş alaşçılardan Qabbas Nurumovla, Almuxammad Kasımovla, Alimxan Yermakovla, eləcə də Qazax xalq maarif komissarı Teymurbek Jurqenevlə, RSFSR Xalq Komissarlar Soveti sədrinin müavini Turar Rıskulovla, Bakıda yaşayan professorlardan Bəkir Çobanzadə və Qaziz Qubaydullinlə və b. ilə birlikdə antisovet təbliğat apardığına, Sovet dövlətini devirməyə cəhd etdiyinə görə güllələnməyə məhkum edirlər. Ölüm hökmü 1937-ci il dekabrın 8-də yerinə yetirilir.
1956-cı ildə repressiya qurbanlarının çoxuna bəraət verilsə də, Ahmet Baytursunova bəraət verilmədi. Heç kimə gərək olmayan, əhəmiyyətini çoxdan itirmiş bəraət ona 1988-ci ildə SSRİ-nin dağılması ərəfəsində verilir. 1998-ci ildə isə anadan olmasının 125 illiyi qeyd edilərək əsərlərinin çapı, adının əbədiləşdirilməsi üçün bəzi işlər görülür.
Dostları ilə paylaş: |