Qazax əlifba islahatçılarının bir qurupu. Oturanlardan ortada Ahmet Baytursunov.
Alaş Orda dövlətinin qurulduğu elan edilir. Ahmet Bay-tursunova və Mirjakıp Dulatova əhalini səfərbərliyə almaq, partiyanın gücünü artırmaq və özünümüdafiə məsələləri tapşırılır. Azsaylı qazax sosialistləri isə milli dövlətin qurulmasına etiraz edir.
Əli xan Bökeyxanovun rəhbərliyi altında Semey şəhərində qurulan Alaş Orda Hökumətində Əli xan Bökey-xanov Prezident, Xəlil Abbas vitse-prezident, Alim xan Ermək hərbi nazir, Ahmet Berimcan ədliyyə naziri, Muhammedtjan Tınışbayev daxili işlər naziri, Ahmet Baytursunov milli təhsil naziri, Mustafa Şokayev (Çokayev) xarici işlər naziri, Cihanşah Dostmuhammedov, Xəlil Dostmuhammedov və Ahmet Biy Sarsan isə Alaş Orda Hökumətinin batı bölgəsi üzrə məsul nazirlər təyin edilirlər.
Əslində bu ərazisi bir-birndən ayrı salınmış iki bölgəli bir ölkə idi. Alaş Orda Muxtariyyatının elan edilməsi bir birinə düşmən olan, ölüm-qalım savaşı aparan bolşeviklərlə ağqvardiyaçıların hər ikisini eyni dərəcədə narahat edir.
Alaş Ordaçılar Orenburqda əlində kazak hərbi birliklərini cəmləşdirmiş çar ordusunun polkovniki Aleksandr Dutovla və başqırdların lideri Zəki Validovla ittifaqa girmək istəsələr də, bu istəkləri baş tutmur.
Yeni yaradılan Kokand Milli Hökuməti ilə işbirliyinə nail olmaq üçün 1918-ci ilin yanvarında Türküstan şəhərində bir konfrans təşkil edilsə də, istənilən nəticəyə nail olunmur. Hökumət başcısı Əli xan Bökeyxanov Sibir, Tatarıstan və Başqırdıstanla ittifaqa getməyə hazır olduğu, Türküstandakı rus yönlü inqilabçı təşkilatlarla əlaqəyə tərəfdar çıxdığı halda, Türküstandakı milli qüvvələrlə hər hansı bir şəkildə işbirliyinə getmək istəmir. Ahmet Baytursunov isə Türküstandakı milli qüvvələrlə işbirliyinin tərəfdarı idi.
Qəribəsi budur ki, 1917-ci ilin aprelində Toquzov və Şakir Alicanovun rəhbərliyi ilə yaradılan, millətçi partiya kimi tanınan Üş Juz Partiyası da (sonralar bu partiya Qırğız Sasialist Partiyası adlandırılsa da, çox yaşaya bilməmişdir. – Ə.Ş.) Alaş Ordaya qarşı olmuşdur.
Böyük ərazisi olan Qazaxıstanı idarə etməyə Alaş Orda Hökumətinin nə kadrı çatır, nə də hərbi gücü. Bolşeviklər də Rusiyada qurulmaqda olan yeni hökumətin təhriki ilə Qazaxıstanın müxtəlif yerlərində baş qaldırır, silahlı toqquşmalar yaradır. Vəziyyətin getdikcə bolşeviklərin xeyrinə dəyişdiyini görən Alaş Orda Hökumətinin bəzi üzvləri bolşeviklərlə danışıqlara getməyi daha münasib sayırlar.
1919-cu ilin yanvarında Ahmet Baytursunovun rəhbərliyi ilə Moskvaya bir nümayəndə heyəti göndərilir. Nümayəndə heyəti Sovet rəhbərlərindən Lenin, Stalin, Trotski və b. ilə görüşür. Ahmet Baytursunovun Rusiya milli məsələlər üzrə xalq komissarı İosif Stalinin görüşü haqqında daha geniş yazırlar. Bu görüşlərdə razılığa gəlinir ki, bolşeviklər qazaxların muxtariyyatını tanıyacaqlar və Alaş Orda Hökumətinin bolşeviklərə qarşı vuruşmuş üzvləri əfv ediləcəklər. Alaş Ordaçılardan Ahmet Baytursunov, Mirjakıp Dulatov, Jusipbey Aymautov, Maqjan Jumabayev və başqa öncülləri də bolşeviklərin sırasına qoşulurlar.
Razılaşmadan sonra Alaş Ordaçıların bir qismi bölşeviklərin tərəfinə keçir, qazaxların Sovet ordusuna müqavimət göstərməsinin qarşısını alır.
Sovet hökuməti 1920-ci ilin fevralında Qoleşçekin başçılıq etdiyi əsgəri birliyi Semeyə, Alaş Ordanın üzərinə yeridir. Bu hərbi hissə Tunqaçinin suvari alayı ilə birləşib Alaş Orda Hökumətinin polislərini atəşə tutur və hökuməti dağıdır. Yerində Qırğız Sovet Sosialist Muxtar Respublikası qurduqlarını elan edirlər. Hökumət başına da peşəsi faytonçuluq olan Tunqaçin gətirilir. Alaş Ordaçıların bir qismi isə təslim olmayaraq qazax çöllərinə çəkilərək bolşeviklərə qarşı döyüşü davam etdirir.
Qaynaqlar Ahmet Baytursunovu Moskvada, M.S.Soltanqaliyev, Z.V.Togan, T.Rıskulov, V.İbrahimov, F.Hoca və N.Hocayev ilə birlikdə "İttihad və Tərəqqi" adlı gizli bir təşkilat da qurduqlarını yazırlar.
Rusiya Kommunist (bolşeviklər) Partiyasının üzvlüyünə namizəd qəbul edilən Ahmet Baytursunovu 1919-cu il aprelin 24-də qurulan RSFSR Xalq Hərbi Komissarlığı yanındakı Qırğız (Qazax) bölgəsini idarə edəcək Hərbi İnqilab Komitəsinə üzv təyin edirlər. Bölgədə bolşeviklər hakim olduqdan sonra Ahmet Baytursunovu Qazaxıstan MSSR Maarif Naziri təyin edirlər. Bolşeviklər əhalinin mal-mülkünü mənimsəməyə, kütləvi həbslər və sürgünlər təşkil etməyə, azacıq müqavimət göstərəni güllələməyə başlayırlar. Qazaxlar qonşu ölkələrə köçməklə ölümdən və alçaldılmadan qurtulmağa çalışırlar.
Ahmet Baytursunov Mərkəzi Komitədə, Qazaxıstan MSSR Mərkəzi İcraiyyə Komitəsində müxtəlif vəzifələrdə və Türküstan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı “Ak jol” qəzetində işləyə-işləyə elmi-pedaqoji fəaliyyətdən də uzaqlaşmır. 1926-ci ildə onu partiya üzvlüyündən və vəzifədən azad edirlər.
1910-cu illərdən ərəb əlifbasını türk dilləri üçün uyğunlaşdırılması üzərində çalışan Ahmet Baytursunov 1915-ci ildə Orenburqda “Til kuralı”, 1920-ci ildə Kazanda nəşr etdirdiyi “Kazaxca əlippege bayanşı” (Qazaxca əlifbaya başlama), 1925-ci ildə Orenburqda çap etdirdiyi “Til tanıtkış” (Dil nəzəriyyəsi), 1926-cı ildə Daşkənddə çap etdirdiyi “Ədəbiyet tanıtkış” (Ədəbiyyat nəzəriyyəsi), 1928-ci ildə Qızıl Ordada çap etdirdiyi “Til jumsar” (Dilin işlədilməsi) və b. kitabları onun çoxsahəli elmi fəaliyyətindən xəbər verir.
Muxtar Auezov isə məqalələrinin birində Ahmet Baytursunovun 1923-cü ildə “Mədəniyyət tarixi” adlı bir kitabını tamamladığını yazsa da, bu kitab haqqında bugünədək yeni bir bilgi əldə edilməmişdir. Aleksandr Nikolayeviç Kononov Baytursunovun yazdığı qrammatika kitablarını yüksək qiymətləndirmiş, onun məşhur türkoloqlardan biri olduğunu yazmışdır.
1924-cü ildə Orenburqda qazax-qırğız elm və mədəniyyət xadimlərinin qurultayında Ahmet Baytursunovun ərəb əlifbasının islahatı əsasında hazırladığı əlifba qazax-qırğızlar üçün rəsmi əlifaba kimi qəbul edilir və 1928-ci ilə, yəni latın hərfli əlifba qəbuluna qədər işlədilir.
Dostları ilə paylaş: |