3.4. Kontekstual antonimlər
Praqmatika, adətən insanların konkret nitq situasiyasında kommunikativ və ya nitq aktını necə qavradıqlarını və yaratdıqlarını öyrənir. O, sifahi ünsiyyətin kommunikativ aktında mövcud olan mənaları bir-birindən fərqləndirir. Bunlardan biri informativ məna və ya cümlənin mənası, digəri isə kommunikativ məna və ya danışanın ifadə etdiyi mənadır. Kommunikativ aktın qavranılması və yaradılması bacarığı danışanlar arasında sosial status haqqında nəzakətlilik kimi mədəni, gizli və aydın linqvistik biliklərin daxil olduğu praqmatik bacarığa aid edilir.
Praqmatikanın mühüm aspektlərindən biri də nitq aktlarıdır. Nitq aktı ifadə ilə müşayət olunan hərəkətlərdir. Bir çox məktəblərdə linqvistik praqmatika məhz nitq aktları nəzəriyyəsi kimi başa düşülür.
Nitq aktı nəzəriyyəsi C.Ostinin аdı ilə bağlıdır. Dilin fəal aspekt olması fikri Amerika filosofu və linqvisti C.Syörl tərəfindən xüsusi qeyd edilmişdir. C.Syörlün fikirləri onun müəllimi, ingilis filosofu C.Ostinin təsiri altında formalaşmışdır. C.Ostinin 1955-ci ildə Harvard Universitetində oxuduğu mühazirlərin motivləri əsasında yazılmış “How to do things with words?” (1962) adlı kitabında belə bir məsələyə baxılır: reallığı sözlərlə vücuda gətirmək olarmı? Bu suala cavab C.Syörlün performativlər adlanan nitq aktlarının təsnifinlə özünə yer alır [201, s.170].
Nitq aktı müəyyən mühitdə və konkret məqsədlə danışan tərəfindən adresata yönəlmiş söyləmin deyimindən ibarətdir. Belə ki, nitq aktlarının yerinə yetirilməsi nəticəsində danışan dinləyənin öz fikrini, əqli və ya psixoloji vəziyyətini dəyişməsi üçün müəyyən təsirlər göstərir.
C.Syörl qeyd edir ki, hər hansı bir dildə danışan zaman nitq aktları yaranır. Bu nitq aktlarına fikir söyləmək, əmr etmək, sual vermək, vədlər vermək və s. daxildir. C.Syörlə görə, “nitq aktının reprezentativlik, direktivlik, kommissivlik, ekspressivlik, deklarativlik kimi funksiyaları vardır” [202, s.249-250].
Reprezentativ aktlarda şərh, təsnifat, təsdiq, rədd, etiraz, cavabvermə kimi məqamların aydınlaşdırılması üçün həm adi, həm də kontekstual antonimlərdən istifadə edilir. Məsələn,
O, hansı nurani qocaydı görən,
Ya elə qeybdən gələn səs idi.
Dedi: “- Tələsməyin ömrün yazında,
Sizə paxıllığım tutur, cavanlar,
Hara qaçırsınız-yaya çıxmağa?!
Yaşayın qış ilə yaz arasında” [40, s.77].
Bu nümunədə müəllif təsvir və şərhdən istifadə etmişdir. Hadisələri danışan nurani qocadır. Qocanın sözləri isə gənclərə ünvanlanmışdır. Bütövlükdə mətndə işlənən qoca və cavan sözləri adi antonimlərdir. Lakin onlar burada kontekstual antonimliklə paralel yaradır.
Siz təlaş eylərsiz iynə-biz ilə,
Bizimki də gəlib-gedər söz ilə.
Əyri ol əyriylə, düz ol düz ilə,
Hər yetəni sən aldatma hayıfsan [6, s.17].
Aşıq Ələsgərdən götürülmüş bu nümunədə kontekstual antonim iynə və biz sözləridir. Müəllif etiraz və rədd reprezantiv aktından istifadə edir. Əyri və düz sözləri həm kontekstual, həm də üslubi antonimlərdir. Adi söz kimi götürüldükdə əyri-düz antonim cütüdür. Lakin şeirdə həmin sözlərin məcazi mənası istifadə olunmuşdur: əyri ( yalançı, pis) adam – düz (doğru, yaxşı) adam.
C.Syörldən fərqli olaraq, C.Liç yuxarıda qeyd edilənləri nitq aktının kateqoriyaları adlandırmış və reprezentativ funksiyanı “assortiv”, direktivi isə “impozitiv” ilə əvəz etmişdir [86, s. 118; 186, s. 123].
Sonradan bəzi tədqiqatçılar nitq aktlarının özü-özlüyündə mövcud olmadığını qeyd edərək, onların mətn daxilində digər söyləmlərlə birləşməsini irəli sürmüşdülər. Hətta onlar mətnin ümumi strategiyası ilə əlaqəyə girən, dominant məqsədlə bağlı olan mətn aktlarının varlığı haqqında da qeydlər etmişlər. Bəzən mətnin bu cür ümumi və ya dominant məqsədlərini mətn aktının praqmatik mərkəzi adlandırırlar.
Məsələn, reklam mətni (onun verbal və ya qeyri-verbal komponentləri) müxtəlif funksiyalar, yəni reprezentativ (məhsul haqqında informasiya, eyni zamanda məhsulun təsviri), kommissiv (keyfiyyət və ya təhlükəsizlik haqqında zəmanət), ekspressiv (məhsulun özü və onun keyfiyyəti barədə razılıq ifadə etmək) və bu kimi digər nitq aktlarını icra edə bilər. Direktivlər hər zaman reklamın praqmatik mərkəzi kimi çıxış edir: Get və al!
Təzadı ifadə etmək antonimlərin yeganə üslubi funksiyası deyildir. Antonimlərin köməyi ilə hadisənin tamlığı, genişliyi, dərinliyi ifadəsini tapır, zaman-məkan sərhədləri genişləndirilir. Antonimlər bir-birinə əks hadisələrin əvəzlənməsini göstərmək üçün işlədilərək xüsusi üslubi effekt yaradır. Antonimlər çox zaman kalambur (mübaliğə) tərkibində qarşılaşdırılır.
Antonimlikdə yalnız dil antonimləri deyil, kontekstual antonimlər də vardır. Bu zaman antonim münasibətə girən sözlər özlərinin məna həcmində əkslik əlaməti daşımırlar. Məsələn, İt was the best of times, it was the worst of times; it was the age of wisdom; it was the age of foolishness; it was the spring of hope; it was the winter of despair [145].
Bu cümlələrdə antonim cütləri ilə yanaşı qarşılaşdırılan spring və winter sözləri də vardır. Qeyd edilən sözlər ayrılıqda götürüldükdə antonim cüt yaratmırlar. Lakin kontekst daxilində onlar qütbləşir və nəticədə nitq və ya kontekstual antonim funksiyasını yerinə yetirirlər.
Antonim münasibətin əsasında duran əlamət keyfiyyət, kəmiyyət, zaman, məkan, eyni kateqoriyaya mənsubluq münasibətlərindən irəli gəlir. Başqa mənalı sözlərin adətən antonimləri olmur. Hərəkət və hal ifadə edən sözlər də antonim cütləri yaradır.
Dostları ilə paylaş: |