3.3. Frazeologizm, atalar sözləri və zərbi-məsəllərdə antonimliyin ifadə xüsusiyyətləri
Türk dillərinin frazeologiyasının dəfələrlə həm diaxron, həm də sinxron planda tədqiqat obyektinə çevrilməsi, bu sahədə yeni fikirlərin əmələ gəlməsi, sanballı monoqrafiyaların yaranması üçün səbəb olmasına baxmayaraq, hələ də bir çox məsələlər mübahisəli qalmış, bu günə kimi həllini tapa bilməmişdir [45, s.3]. Bu dillərin frazeoloji sistemində atalar sözləri xüsusi yer tutur.
“İngilis dilində də frazeoloji vahidlərin qədim dövrlərdən yaranması ədəbiyyatda dönə-dönə qeyd olunur. Atalar sözləri və zərbi-məsəllərin mənşəyi, yaranma qaynağı xalq yaradıcılığıdır. Bir çox atalar sözləri həqiqi dəyərini həyat təcrübəsi prosesində qazanmış, sonralar kəlama çevrilmişdir. Make hay while the sunn shines. Don’t put all your eggs in one basket kimi atalar sözləri illərin sınağından və süzgəcindən keçib bizim dövrə qədər gəlib çıxmışdır” [37, s.176-177].
Atalar sözləri tarixən dilin daha qədim dövrlərində yaranmışdır. Təsadüfi deyil ki, dünya, eləcə də türk dillərinin yazılı abidələrində müxtəlif çeşidli atalar sözləri və zərbi-məsəllər qeydə alınmışdır.
Mahmud Kaşğarinin lüğətində işlənmiş atalar sözü və zərbi-məsəllərin sayının 300-dən artıq olması göstərilmişdir [120]. “Kitabi-Dədə Qorqud” dastanlarında xeyli atalar sözləri, zərbi-məsəllər, alqış və qarğışlar, deyimlər işlənmişdir. Məsələn, Qarı düşmən dost olmaz, Qaravaşa don geydirsən qadın olmaz. Əski pambıq bez olmaz və s.
XV-XVI əsrlərdə üzü köçürülmüş “Oğuznamə əlyazmasında təxminən iki min atalar sözü verilmişdir. Əlyazmanın əhatə etdiyi paremioloji vahidlər içərisində az miqdarda qanadlı ifadələr, aforizmlər, ibarələr, yazılı ədəbiyyatdan alınmış nümunələr də vardır [48].
Atalar sözlərində antonim münasibət bildirən leksik vahidlər işlənir və bu sözlər atalar sözlərinin formalaşmasında aparıcı rol oynayır. Atalar sözlərində antonimlərin işlənməsi və onların müxtəlif dillərlə müqayisəli şəkildə öyrənilməsi maraqlı və aktual məsələlərdən biridir.
Dilin paremioloji fondunda müxtəlif tipli antonimlərin işləndiyi atalar sözləri və zərbi-məsəllər müəyyən çoxluq təşkil edir. Atalar sözlərinin antonim münasibətlər əsasında qurulması, müqayisələrə əsaslanması geniş yayılmış hallardan biridir. Müqaiyəs iki obyektin ya özünü, ya hal və hərəkətini qarşı-qarşıya qoyur. Bəzən qarşı-qarşıya qoyulan obyektlərin arasında birbaşa, müstəqim əlaqə olmur.
“Söyleyenden dinleyen arif gerek”, “Söz gümüşse süküt altındır”, “Ucuzdur vardır illeti, pahalıdır vardır hikmeti”, “Yigidi ar, deveyi zelber yıkar”, “Yol yürümekle, borc ödemekle” və s. [56]. Bu nümunələrdə məzmun müxtəlif tipli qarşılaşdırılmalarla ortaya qoyulur. “Söyleyenden dinleyen arif gerek” atalar sözündə “söyləyən” və “dinləyən” qarşılaşdırılması vardır. Feil əsaslı bü sözlər nitq prosesində iki əks fəaliyyəti yerinə yetirəni bildirir. Antonim münasibət bu iki söz arasındadır. Atalar sözü iki oppozitdən biri üçün vacib olan xüsusiyyəti bildirir. “Söz gümüşse süküt altındır” atalar sözündə oppozitlər iki cütdür. Burada “söz” və “sükut”, eləcə də “gümüş” və “altın” qarşılaşdırılır. Söz və sükut antonim cüt təşkil edir, bir-birinə əks olanı ifadə edir. Gümüş və altın sözləri isə mahiyyətcə antonim münasibətdə durmur. Bunlar qiymətli metal adlarıdır. Lakin qiymətli metal kimi altun və gümüş dəyərinə görə müqayisəyə gəlir. Beləliklə, iki oppozit (altun və gümüş) dəyərinə görə qaşılaşdırılır. Türk dilindəki - Söz gümüşse süküt altındır atalar sözündə istifadə edilmiş altun və gümüş oppozisiyası kontekst daxilində söz - sükut qarşılaşdırmasına səbəb olur və onları antonim cüt səviyyəsinə qaldırır. Nəticədə oppozit münasibət müəyyən mənada dəyərə görə də kontrastlıq göstəricisinə çevrilir. Türk dilində antonimlər “karşıt anlamlı” kimi təyin olunur [56].
Əslində isə söz və sükut antonim cüt deyil. Çünki “söz” və “sükut” vahidlərindən birincisi qismən maddi olandırsa, ikincisi maddi olmayandır. Azərbaycan dilində “səs” və “sükut” sözləri antonim münasibətdə olur. Lakin sözü səslə əvəz etsək, bu halda, qeyd edilən atalar sözü türk dilində nəzərdə tutulan məzmunu vermir. Azərbaycan dilində də “Səs gümüşdürsə, sükut qızıldır” ifadəsi mənasız səslənir. Azərbaycan dilində “danışmaq gümüş, danışmamaq qızıldır” işlədilir. Məsələ burasındadır ki, frazeologizm və paremioloji vahidlərdə ayrı-ayrı komponentlərin mənası deyil, ümumi məna əsasdır. Məsələyə bu baxımdan yanaşdıqda türk atalar sözündə “söz” vahidinin “söz demək”, “danışmaq” assosiativ mənası kontekst çərçivəsində üzə çıxır. Eyni şəkildə “sükut” – susmaq paraleli yaranır. Buradan aydın olur ki paremioloji tərkibdə zidd münasibətin yaranması birbaşa antonim cütləri hesabına deyil, həm də bu və ya digər cəhətdən qarşılaşdırıla bilən (məsələn, altun – gümüş – dəyərə görə qarşılaşdırma) komponentlər hesabına əmələ gəlir.
“Qəsəm olsun xudkeşlərin sərinə,
Dostları ilə paylaş: |