3.2. Antonimlərin funksional-üslubi xüsusiyyətləri
Üslub dilin funksionallığından irəli gələn linqvistik hadisədir. Bizi əhatə edən maddi aləmin müxtəlif hadisələrindən bəhs edən mətnlərdə özünü göstərən fərqli cəhətlər onları bir-birindən ayırmaq üçün müəyyən əlamətləri, ünsür və elementləri ortaya qoyur. Mətndəki dil vasitələri, onların bir-biri ilə bağlılıq xüsusiyyətləri, kommunikativ niyyət, mətnin yaradılma məqsədi, adresata təsir, ötürülən informasiyanın qavranmasına, eləcə də şərhinə münasibət, bəzi sahələrdə tənzimləmə, ortaqlaşdırma standartlaşdırma tələbləri funksional üslubların yaranmasında əhəmiyyətli rol oynayır.
Üslubun təyin edilməsi üçün əsas vasitə mətndir. Üslub mətndə formalaşır. “Üslubi elementlər həm mətnin ayrı-ayrı hissələrinin əlaqələndirilməsi vasitəsi rolunda çıxış edir, həm də mətnin müəyyən üslubi əlamətlərini, xüsusiyyətlərini əmələ gətirir. Hər bir üslub özünəməxsus lüğət tərkibi, frazeologiyası, digər ifadə vasitələri olan bir yarımsistem təşkil edir” [151, s. 326].
Üslubiyyatı “yazı manerası” və “danışıq manerası” olaraq öyrənən sahə kimi ayırmağı yanlış yanaşma kimi qiymətləndirən S.A.Nikitina göstərir ki, üslub nitqin spesifik forması olmaqla bərabər, linqvistik işarələmənin, düşüncə tərzinin özünəməxsusluğunu üzə çıxaran, ifadə edənlə ifadə olunan arasındakı münasibəti aydınlaşdıran vasitədir [146, s. 14].
Ayrı-ayrı funksional üslublarda istifadə olunan leksik vasitələr - lüğət vahidləri diferensiasiyaya olunur. Bəzi üslublarda yüksək işləkliyi ilə seçilən söz qrupları müşahidə olunur. Məsələn, elmi üslubda ümumişlək sözlərlə müqayisədə terminlər çoxluq təşkil edirsə, bədii üslubda ədəbi dil sözləri, məişət üslubunda ümumişlək leksik qatın vahidləri çox istifadə olunur.
Mətn leksik vahidlərin məntiqi və qrammatik zəmində birləşmiş, təşkil olunmuş, əsas məqsədi informasiyanı ötürmək olan əlaqəli kompleksidir. Lakin bu kompleks hansı informasiyanın kimə ötürülməsi cəhətindən də fərqli xüsusiyyətlərə malikdir. Elmi üsluba aid mətnlər də biri-biri ilə müqayisədə qruplaşdırıla bilir. Elmi monoqrafiya, dərslik, elmi-populyar ədəbiyyat, məlumat kitabı, ümumi ensiklopediyaya daxil edilən elmi anlayış haqqındakı məqalələrin yazılışında da fərqlər vardır. Bu məsələlərə aydınlıq gətirmək üçün elmi üslubun səciyyəvi xüsusiyyətlərini aydınlaşdırmağa çalışaq.
Elmi üslubun əsas səciyyəvi əlamətləri bunlardır: 1) sahə terminologiyasının işləkliyi; 2) məntiqilik; 3) aydınlıq; 4) dəqiqlik; 5) tamlıq.
Sahə terminologiyasının işləkliyi. Hər bir elmi mətnin leksik korpusunda sahəyə aid anlayışlardan bəhs olunur. Sahənin anlayışları sistem təşkil edir. Hər hansı leksik vahidin termin olması üçün birinci şərt həmin sözün definitiv kontekstdə müəyyən anlayışla eyniləşdirilməsi, yəni anlayışın məqamında işlənə bilməsidir. İkinci şərt definitiv kontekstin müəyyən sahəyə aidliyidir. Bu iki şərt ödənilmədikdə söz termin ola bilməz. Buradan belə bir nəticə çıxır ki, söz kontekst daxilində terminoloji səciyyə alır.
Məlumdur ki, sözün lüğəvi mənası ilə yanaşı, onun bilavasitə kontekst daxilində aşkara çıxan mənaları da vardır. “Sözün leksik mənası onun süni şəkildə təcrid edilmiş kontekstual mənasıdır. Mütləq təcrid edilmiş heç bir işarə hansısa bir mənaya malik deyildir. İstənilən işarənin mənası kontekstdə yaranır. Belə kontekst situativ və ya eksplist ola bilər və situativ konteksti həmişə eksplisit kontekstə çevirmək mümkündür” [144, s. 4].
Müasir dövrdə dilçilik tədqiqatlarında maddiləşən dil materialının tərkibində ayrıla bilən və avtonom mövcudluq qazana bilən vahidlərin müəyyənləşdirilməsinə xüsusi diqqət verilir. Dil materialının əsas maddiləşmiş forması mətn hesab edilir. Mətn yazılı nitqin məhsuludur. Şifahi nitqin maddiləşməsi üçün onun yazılması və ya şifahi nitq kimi qeydə alınması (məsələn, səs formatında diskə yazılması) vacibdir. Linqvistik tədqiqatlar üçün aparıcı material rolunu mətnlər oynayır.
Üslubu makerlərdən danışarkən, ilk növbədə, bu anlayışın izah olunması lazım gəlir. “Marker” fransız mənşəli “marqueur” sözündəndir. Ilkin variantının “qeyd etmək” mənası verən “marquer” sözü olması qəbul edilmişdir. Bu vahid hazırda çoxmənalı və omonim termindir. Onun bütün mənaları əsas “qeyd etmək” mənası üzrə formalaşmışdır. Linqvistikada marker ingilis dilindən alınma termin kimi işlədilmişdir. Marker sözün, söz birləşməsinin və ya cümlənin qrammatik rolunu göstərən (qeyd edən) morfemdir. Hazırda “marker” termin-söz birləşmələri tərkibində də işlənilir. Dilçilikdə “üslubu marker”, “qrammatik marker”, “kommunikativ marker”, “linqvokulturoloji marker”, “onomakstik marker” kimi termin-söz birləşmələri istifadə olunur.
Üslubu markerlər bu və ya digər üslubu fərqləndirməyə imkan verən vahidlər, elementlər, ünsürləri özündə birləşdirir.
Üslubiyyat fərdi və janr üslublarını, ünsiyyət prosesində istifadə olunan müxtəlif dil vasitələrinin ekspressiv-emosional qiymətləndirmə xüsusiyyətlərini həm paradiqmatik, həm də sintaqmatik planda öyrənir. Üslub mətn kimi formalaşmış dil materialının fərqlənən növlərini əhatə edir. Mətnin fərqləndirilməsində iki vacib amil vardır. Bunlardan biri ekstralinqvistikdir və mətnin müəllifi ilə bağlıdır. Bu halda müəllif üslubu fərqləndirilir. Məsələn, Elçinin üslubu, Anarın üslubu, Kamal Abdullanın üslubu, Çingiz Aytmatovun üslubu, Nodar Dumbadzenin üslubu və s. Sadalamadan aydın görünür ki, hər bir yazıçı və şairin fərdi üslubu vardır. Fərdi üslub müəllifin yazı manerasını əsasən müəyyənləşdirilir. Burada hadisənin nəql edilməsinə başlamaq, hadisələrin ardıcıllığını vermək, surətləri açmaq və s. ön plana keçir. “Üslubiyyatı – “yazı manerası” və “danışıq manerası”nı öyrənən sahə adlandırırlar. Hər bir üslub özünəməxsus lüğət tərkibi, frazeologiyası, digər ifadə vasitələri olan bir yarımsistem təşkil edir” [66, s.455-456]. Şübhəsiz ki, bu yarımsistemdə istifadə olunan sözlərin, frazeoloji vahidlərin, xüsusən atalar sözlərinin istifadə olunmasında fərdi üslub özünəməxsus rol oynayır.
Üslubların başqa meyar üzrə təsnifi onların sahələrə aidliyini nəzərdə tutur. Məsələn, elmi üslub, rəsmi üslub, bədii üslub və s. Bu üslublarda fərqləndirici xüsusiyyətlər və ya üsluba ayırma meyarları başqadır. Deyək ki, elmi üslubda sahə terminologiyasının vahidləri işləkliyi ilə seçilir. Rəsmi üslubda qəbul edilmiş şablonlar, klişelər aparıcı rol oynayır. Bədii üslubda üslubi fiqurlar əsas yeri tutur. Bütün deyilənlərə baxmayaraq, müasir linqvistika hələ ki, üslublara ayırmanın elementləri dairəsini tam təyin edə bilməmişdir. Yəni mətnin hansı fərdi üsluba, hansı janra aidliyini müəyyənləşdirmək üçün müəyyən vahidlər, elementlər, ünsürlər üzrə araşdırmalar aparmağın ümumi prinsipləri təyin olunmamışdır.
Mətnin məqsədindən asılı olaraq onun dili və bu dili təşkil edən vahidlər, onların birləşmə, düzülmə, səslənmə xüsusiyyətləri dəyişir. Üslubi təhlil öz mahiyyətinə görə məlumatları, mətnləri bir-birindən fərqləndirən əlamətləri, kriteriyaları əhatə etməlidir. “Üslubla bağlı tədqiqat iki istiqamətdə aparıla bilər. Birinci halda məlum müəllifin yaradıcılığı üzrə ona xas olan mətn vahidləri, üslub elementləri və s. müəyyənləşdirilir. İkinci istiqamət kimə aidliyi məlum olmayan mətnin müəllifini müəyyənləşdirmək məsələsi qoyulur. Şübhəsiz, ikinci istiqamətdə araşdırmalar daha əhəmiyyətli və vacibdir” [168, s. 84].
Ənənəvi dilçilikdə ən böyük vahid cümlə hesab olunur. Lakin cümlə səviyyəsində araşdırma üslub üçün yetərli deyildir. Üslubun təyin olunması üçün mətnin təhlilindən istifadə olunur. Bədii əsərdə kompozisiya- ideyaların düzülüş ardıcıllığını əhatə edir. Bədi əsərdə üslubu fiqurlardan istifadə olunur.
Semantik tam, nisbi bitkin eyni bir konstruksiyanın istər yazılı mətn, istərsə də şifahi nitq nümunəsi olmasından asılı olmayaraq fərqli formalarda maddiləşməsi mümkündür. Eyni konstruksiyalar və ya yaxın konstruksiyalar üslubu marker rolunda çıxış edə bilir.
Dilin müxtəlif funksional üslublarında lüğət vahidlərinin diferensiasiyası mümkündür. Bəzi üslubların leksik sistemində çox işlənən sözlər qeydə alınır. Müəllif sözlərlə işləyir. Ümumişlək leksik qatın sözlərindən hər bir müəllif özünəməxsus şəkildə istifadə edir. Bir sözü bir müəllif çox işlədirsə, başqa bir müəllif az işlədir. Təsadüfi deyil ki, hazırda dilçilikdə ayrı-ayrı müəlliflərin dilinin tezlik lüğətləri tərtib olunur.
Funksional və fərdi üslublara ayırma bütövlükdə lüğət tərkibinin vahidlərini həmin üslublara görə müəyyən səviyyədə qruplaşdırmağa imkan yaradır. “Dilin lüğət tərkibinə daxil olan sözləri üslubla bağlı olaraq ümumi şəkildə iki yerə ayırmaq olar: 1) üslubu relevant leksika; 2) üslubu irrelevant leksika” [134, s.69]. Üslubun təyini üçün əhəmiyyətli sayıla biləcək leksika onların müəyyən leksik qatlara (termin, ümumişlək söz və s.) aid olmasını nəzərdə tutur. Fərdi üslub üçün bu qatlar irrelevantdır. Fərdi üsluba dair tədqiqatda markerləmə müəyyən sözlərin çox və ya az işlənmə ilə əlaqədar olacaqdır. Lakin çox və ya az işlənmənin özünün dəqiq sərhədi qeyri-müəyyəndir. Həm də müəllif bir əsərində bəzi sözləri çox, başqa əsərində isə az istifadə edə bilər.
Dildəki sözlər təkmənalı və çoxmənalı olur. Çoxmənalı sözün bütün mənaları ümumi semantik əsasa söykənir. Bu mənalar bir leksemin ətrafında cəmləşir, ona aid olur. Bədii dildə çoxmənalı sözlərin işlənməsində üslubdan irəli gələn cəhət vardır. Bu cəhət həm linqvistik, həm də ekstralinqvistik amillə bağlıdır. Deməli, çoxmənalı sözlər bədii dildə üslubi marker rolunu oynaya bilər. Bu fikir hələlik fərziyyə səviyyəsində irəli sürülür. Onun yoxlanması üçün üslubu markerin təyini kriteriyasını müəyyənləşdirmək və həmin kriteriya əsasında tədqiqat aparmaq tələb olunur. “Bəzi tədqiqatçılar bədii əsərdə qəhrəmanın müəyyən qiymətləndirmə sifətlərindən istifadə etməsini üslubi marker kimi fərqləndirirlər. Eyni zamanda antonimlərin işləkliyi də üslubi marker rolunu oynaya bilər” [131, s.18].
Mətn leksik, məntiqi və qrammatik əlaqələrlə birləşmiş, müəyyən şəkildə təşkil olunmuş və informasiyanı ötürməyə xidmət göstərən tamdır. Bu tam cümlələrin ardıcıl düzülüşündan yaranır. Üslubu fiqur olan təkrar dilin bütün səviyyələrində - fonetik, leksik və qrammatik səviyyələrdə işlənir. Təkrarlar müxtəlif meyarlar əsasında təsnif olunur. Belə meyarlardan biri cümlə daxilində və ya cümlədən böyük vahid daxilində təkrarı əhatə edir. Fərdi üslub üçün eyni cümlənin təkrarı əhəmiyyətli amildir. Müəllifin çox işlətdiyi sözlər olduğu kimi, çox işlətdiyi ifadələr, söz birləşmələri və cümlələr də mümkündür. Əgər sözün bir mətndə müəyyən sayda təkrarlanması az informativliyə malikdirsə, söz birləşməsi, cümlə və hazır qəlibin çox işlənməsi informativliyi artırır. Səviyyə mürəkkəbləşdikcə informativlik də artır, yəni eyni cümlənin təkrarı üslubu marker kimi daha diqqəti cəlb edəndir.
Yazıçı Elçinin əsərlərində təkrarları təhlilə cəlb edərək üslubu marker funksiyasını yerinə yetirən müəyyən əlamətləri aşkara çıxarmaq olur. Bunlardan biri də antonim cütləri birləşdirməkdir. “Və elə bil ki, uçub bu tərəflərə gəlmiş bu cüllüt də boş sahildə tək-tənha qalıb bir ins-cins üçün darıxmışdı və sahil boyu qaçan Dolça gəlib ona çathaçatda cüllüt qanad açıb dənizə tərəf uçurdu, bu göylukdə, bu mavilikdə, yarımdairə vurub yenə sahilə qonurdu, nəm qumun üstündə hərəkətsiz dayanıb elə bil ki, Dolçanın qaça-qaça gəlib çatmasını gözləyirdi və elə ki, Dolça yaxınlaşırdı, təzədən havaya qalxıb yarımdairə vurub iyirmi-otuz addım qabaqda sahilə qonurdu və bu minval ilə Dolça çimərliyin boş çətirlərini, bütün görkəmləri ilə adam, uşaq həsrətində olan alıcısız-satıcısız, səssiz-səmirsiz, iysiz-ətirsiz qutab köşklərini ötüb keçdi, yelləncəklər tərəfdə cüllütlə siçan-pişik oyununu qurtarıb dövrə vurdu, bu dəfə də yuxarı tərəflə qaça-qaça qayalığa tərəf gəldi” [17, s.52].
Kontekstin tərkibində bir sıra cümlələr vardır. Birinci cümlə “Və elə bil ki, uçub bu tərəflərə gəlmiş bu cüllüt də boş sahildə tək-tənha qalıb bir ins-cins üçün darıxmışdı” cümləsidir.
Eyni bir əsərdən götürülmüş bu nümunələr eyni yazı manerasını təsdiqləmə vasitəsi olaraq diqqəti cəlb edir və üslubu marker kimi təsdiqini tapır. Elçinin əsərlərində üslubu marker rolunda çıxış edə biləcək başqa bir element əsərdə cümlələrin antroponimlərlə başlanmasının daha çox istifadə olunmasıdır.
Nəqledən referenti adlandırmaq üçün müəyyən dil vasitəsindən və ya bu vasitələrin toplusundan istifadə edir. Informasiyanı ötürən hər dəfə referenti qeyd edərkən referensial seçmə aparır. Referensial seçmə zamanı adresatın referenti qavraması əsas götürülür. Poetik mətnlərdə eyni mövqelərdə işlədilən eyni formaların çox təsadüf olunduğu məlumdur.
Ümumiyyətlə, üslubu markerlər distributiv təhlil yolu ilə də müəyyənləşdirilə bilər. Bu metodla təhlil müəyyən leksik vahidlərin və ya xüsusi adların hansı ətrafda işlədilməsində müəyyən qanunauyğunluqları açmağa kömək edir. Bu da mətndə yeni üslubu markerlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayır.
Beləliklə, aydın olur ki, mətnin müxtəlif vahidlər əsasında təhlili, seçilmiş vahidlərin, konstruksiyaların işlənmə tezlikləri üslubu markerlərin təyin olunmasının bir vasitəsidir. Üslubu relevant elementlərin tam dairəsini, təbii ki, müəyyənləşdirmək çətindir. Lakin üslubu marker kimi təhlilə cəlb edilə biləcək vasitələri aşkara çıxarmaq müxtəlif müəlliflərin əsərləri əsasında aparılan təhlillər üzrə mümkündür. Mətndə istifadə olunan müxtəlif səviyyəyə aid dil vahidləri mətnin üslubu keyfiyyətlərini formalaşdırır. Onlar həm mətnin ayrı-ayrı hissəsinin əlaqələndirilməsi vasitəsi rolunda çıxış edir, həm də mətnin müəyyən üslubu markerlərini təşkil edir. Aydındır ki, mətndə fərqli üslubu markerlər ola bilər. Bu cəhət üslubu markerləri yalnız leksik səviyyə elementləri arasında deyil, sintaktik konstruksiyalar, habelə mətnin cümlədən böyük vahidi daxilində axtarmağı aktuallaşdırır.
Antonimlər son dövrlərə qədər yalnız leksik və leksik-qrammatik vahidlərin qarşılaşdırılması zəminində öyrənilmişdir. Ümumiyyətlə, sinonimlik, omonimlik və antonimlik semantik kateqoriya kimi, leksikologiyada sözlərin semantik qruplara bölünməsi zamanı antonimlərldə mənaya, omonimlərdə isə məna və formaya görə müqayisə əsas götürülmüşdür. Omonimlərin təyini zamanı formanın (eyni səs cildinin) nəzərə alınmasının vacibliyi üç semantik kateqoriyaya eyni aspektdən yanaşma planına qismən ehtiyac yaratmışdır. Eyni səs tərkibinə malik olmayıb yaxın məna və ya məna çalarları ilə fərqlənən sözlər sinonim adlandırılmışdır. “Əslində tərifdə “müxtəlif səs cildi”nə maliklik əlaməti izafi sayıla bilər. Yəni sinonimlər məna çaları ilə fərqlənən sözlərdir. Doğrudur, əlavə əlamət, yəni fərqli səs cildi həm də polisemiya ilə sinonimliyi fərqləndirməyə xidmət göstərir. Antonimlərdə əlavə əlamətin (eyniköklülük və fərqliköklülük) daxil edilməsi anlayışları bir-birindən ayırmada heç bir əsaslı rol oynamır. Əvəzində antonimlərin təyini ilə bağlı mübahisə doğurur. Bu məsələ antonim, omonim və sinonimlərin mətndə funksionallığı, yəni mətndə işlənməsi cəhətlərinə də təsir göstərir” [32, s.73].
Dedim: könül, içmə eşqin camını,
Dostları ilə paylaş: |