Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 101,5 Kb.
tarix22.10.2017
ölçüsü101,5 Kb.
#9933

Bəxtiyar Tuncay
«Çənlibel» partiya və dövlət rəhbərlərini nədən narahat edirdi?

Azərbaycanda «Çənlibel»dən öncə də çox sayda dərnəklər qurulmuş və fəaliyyət göstərmişdilər və göstərməkdə idilər. Fəqət onların heç biri qarşısına siyasi məqsədlər qoymur və sırf ədəbiyyat və incəsənətlə məşğul olurdular. Yəni siyasi məsələlərə qarışmır və bu mövzuya qətiyyən yaxın düşmürdülər. «Çənlibel»in hədəfi isə tamam başqa idi və onu quranlar təşkilatı məhz bu məqsədlə qurmuşdular. Elm və ədəbiyyat isə siyasi fəaliyyəti ilk dövrdə pərdələməyə xidmət edirdi.

Mövzumuz baxımından Nemət Pənahlının mövcud ədəbi dərnəklər və onlardan köklü surətdə fərqlənən «Çənlibel» haqqında müşahidə və xatirələri çox maraqlıdır. O özünün hələ dərc edilməmiş «Əbədiyyət yolunun yolçusu» adlı kitabının «Çənlibelə aparan yol» başlıqlı IV fəslində yazır:

«…Səksən beşinci il idi. İşdən macal tapanda müxtəlif kitabxanalarda fəaliyyət göstərən ədəbiyyat dərnəklərinə gedirdim və… bu dərnəklərdə müşahidəçi kimi iştirak edirdim. Məni ən çox maraqlandıran müasir şairlərimizin, nasirlərimizin, ümumiyyətlə yaradacı gənclərimizin nədən yazmaları, nə barədə düşünmələri idi. Çalışırdım ki, hamısını yaxından tanıyım. Eyni zamanda, çalışırdım ki, iş yoldaşlarımı da (zavod fəhlələrini – B. T.) bu dərnəklərə cəlb edim. Çünki fəhlələrin həyatı mənə çox miskin görünürdü. Quruluş (siyasi rejim – B. T.) onları ictimai həyatdan ayırmışdı. Onların əksəriyyəti işdən sonra vaxtını, yeyib-içmək, keflənmək, nalayiq lətifələr danışmaqla keçirirdilər».

Nemət Pənahlı
Dərnəklərdə fəaliyyət göstərən şairlərimizlə yanaşı, yaradacı gənclərlə də yaxından tanış olmaq imkanı qazandığını, onların əksəriyyəti ilə yaxından tanış olduğunu, bəziləri ilə isə hətta tez-tez görüşürdüklərini qeyd edən Nemət bəy Həsən Merac, Əjdər Cəbiyev, Paşa Qəlbinur, Sabir Sarvan, Rəhman Babaxanlı, Akif Səməd, Aydın Uluxanlı, Səfər Alışarlı və başqalarını da bu dərnəklərdən tanıdığını bildirərək yazır ki, «Həsən Meracla, Ərşadla daha çox görüşürdük. Bu şairlərlə fikirlərimiz hər məsələdə üst-üstə düşməsə də, uzun müddət onlarla əlaqəni kəsmədim. Onların içgiyə və tükürpədici içgi məclislərinə meyli mənim gözümdə ictimai bəla idi və bu bəlaya mübtəla olanlarla müəyyən bir bir məfkurə ətrafımda birləşmək mümkün deyildi.

Zəlimxan Yaqublunun, Musa Ələkbərlinin başçılıq etdiyi dərnəklərə bir neçə ay getdim. Məmməd İsmayılın rəhbərlik etdiyi «Yaşıl budaqlar» dərnəyinə isə il yarımdan artıq. Bu dərnəyə daha səviyyəli gənclər toplanırdı və mən il ərzində bu dərnəkdə bircə dəfə də söz alıb danışmadım. Bircə dəfə söz istəyib danışdım, onda da Məmməd İsmayıl sözümü bitirməyə qoymadı. Çünki mən ədəbiyyatdan yox, «Cənlibel»dən danışdım, dərnək üzvlərini tənqid edərək dedim ki, bir ildən çoxdur ki, bu dərnəyə gəlirəm, oxunan şerlərə çox diqqətlə qulaq asıram. Mövzuların əksəriyyəti vətənpərvərlik, məhəbbət və sosial ədalətsizliklə bağlı olsa da, üzvlərin özləri bu mübarizədən kənarda qalıblar.



Məmməd İsmayıl
Bu sözləri deməyim səbəbsiz deyildi. Bakıda döymədiyim qapı qalmamışdı, amma axtardığımı heç cür tapa bilmirdim. Axtarışda olduğum həmin günlərdə qəzetlərin birində «Çənlibel» Elmi-Ədəbi Birliyinin elanına rast gəldim. Elanda bildirilirdi ki, birliyin ilk yığıncağı 1987-ci ilin 3 aprelində «Azərnəşr»in binasında keçiriləcək, giriş azaddır, maraqlananlar iştirak edə bilərlər. Bu dərnəyin iclaslarına qatılmağım üçün «Çənlibel» adı kifayət idi.

Beləcə, mən «Çənlibel»in ilk iclasından onun üzvü oldum və «yaşıl budaqlar»a gələn gəncləri dəfələrlə «Çənlibel»ə dəvət etdim. Amma onlardan ciddi reaksiya görmədim.

«Çənlibel» Bakıda adı ən çox hallandırılan təşkilat idi və mən bir müddət sonra onun büro üzvlərindən biri seçildim. Bu təşkilatdan danışanda Məmməd İsmayıl mənə demişdi ki, biz yalnız ədəbi proseslərə münasibət bildirə bilərik. İctimai-siyasi məsələlər bizim sahəmiz deyil. Mən isə ədəbiyyatımızı siyas-ictimai proseslərin aynası kimi görmək istəyirdim. İstəyirdim ki, ədəbiyyatımız və onun istedadlı nümayəndələri «sənət sənət üçündür» cəfəngiyyatından xilas olaraq, ədəbiyyatın, incəsənətin insanlar, millətlər və ən nəhayət, bəşəriyyət üçün zəruri və əvəzedilməz bir ehtiyac olduğunu anlasınlar, yaradıcılıqla məşğul olan istedadlı adamlar arzusunda olduğum ədalətli cəmiyyətin qurulmasında, sağlam mənəvi ab-havanın yaradılmasında fəal iştirak edərək, mənəvi kamilliyin yaranmasına xidmət etsinlər. Düşünürdüm ki, ədəbi prosesin əsas işi yalnız ictimai-siyasi həyat və mənəvi, ruhani kamillik ola bilər.

Əgər özümü bütünlüklə «Çənlibel»ə həsr etməsəydim və bu istiqamətdəki fəaliyyətim boş vaxtımın çoxunu əlimdən almasaydı, yəqin ki, «Yaşıl budaqlar»la əlaqəmi üzməzdim. Amma üzmək məcburiyyətində qaldım. Elə ilk görüşdən «Çənlibel»in mənəvi lideri Məhəmməd Hatəminin rəğbətini qazandım» (6, s. 95-97).

Bütün bu deyilənlərlə yanaşı qeyd etməliyik ki, ölkəmizdə fəaliyyət göstərən bu tip təşkilatın ilk dəfə yaradılmasına rəğmən, keçmişdə bəzi vətənpərvər insanlar da siyasi məqsədlərlə müəyyən ədəbi-bədii tədbirlər keçirməyə və altdan-altdan iş görməyə cəhd etmişdilər. Bu baxımdan Nəsir Ağayevin aşağıdakı xatirələri deyilənlərə misal ola bilər. Onun xatirələrini dilindən qələmə almış E. Cəfərli və T. Ağayev yazırlar:

«1982-ci ilə qədər davam edən, bəlkə də qeyri-rəsmi xarakter daşıyan dindirmələr onunla nəticələndi ki, tanışlar, qohumlar, qonşular Nəsirgilin ailəsi ilə kəlmə kəsməkdən belə qorxmağa, çəkinməyə başladılar. Daim DTK-nın nəzarəti altında olan Nəsir Ağayevin dostları, qonşuları, hətta qohumları ondan yan gəzir, onunla qorxa-qorxa, ətrafına diqqət yetirə-yetirə salamlaşır, tez də ötüb keçirdilər. Bütün bunları Nəsir görür, bilir, amma özünü o yerə qoymurdu. Həmin anlar öz əksini müəyyən qədər onun ilk dindirmədən sonra qələmə aldığı “Taleyimin sonu” adlı bədii - publisistik yazısında tapmışdı.

Artıq bütün gizli təşkilatların və onlarn üzvlərinin, demək olar ki, böyük əksəriyyəti nəzarət altında idi. Onların qrup şəklində yığışmaları təhlükəli idi. Odür ki, Nəsirin göstətişi ilə bütün əlaqə və görüşlərin fərdi qaydada gerçəkləşdirilməsi qərara alındı və bu qərar hər kəsə çatdırıldı. İnsanları bir araya gətirmək və təbliğati işi davam etdirmək üçün isi yeni forma tapıldı. 1983-cü ildən 1986-ci ilə qədər hər il Buzovna, Mərdəkan və digər yerlərdə “Şəhriyar poeziya günləri” adı altında toplantılar düzənləndi. Onları keçirməklə Azərbaycanın birliyi ideyasını geniş kütlələrə, xüsusən də gənc nəslə təlqin etməyə çalışırdılar və əldə etdikləri nəticə gözlədiklərindən də yaxşı oldu.

Bu tip tədbirlərin ilki 1983-cü il fevralın 13-də ilk dəfə 55 saylı texniki peşə məktəbinin foyesində keçirildi. Tədbirdə Söhrab Tahir, Xəlil Rza, Alı Mustafayev, Maştağalı Seyidağa, Nardaranlı Mail, Əhmədağa Muğanlı, Mürsəl Həkimov, qəzəlxan Sərraf, Yusif Bağırov, Sabir Əmiri, Qulamrza Cəmşidi və başqaları iştirak edirdilər. Bu tədbirin ssenarisi və təşkilati məsələləri Nəsir Ağayev tərəfindən hazırlanmışdı. 125 saylı orta və 55 saylı peşə məktəblərinin şagirdləri Şəhriyarın “Vətən həsrətli” və “Heydər babaya salam” poemalarından nümunələr söyləyərək görüş iştirakçılarını vəcdə gətirirlər.

Xəlil Rzanın təlatümlü, qarşısıalınmaz qasırğanı xatırladan çıxışı peşə məktəbinin hüdudlarını aşaraq bütün Bakı kəndlərində əks-səda yaradır. Çıxışın əks-sədası, təbii ki, müvafiq dövlət orqanlarına, o cümlədən təhlukəsizlik orqanlarına da çatır. Səhəri gün Nəsir işə gələrkən məktəbin direktoru Salman Əliyev ona yaxınlaşaraq deyir:

“Ay Nəsir müəllim, Xəlil Rza dünən elə danışdı, elə fırtına qopartdı ki, indi məni KQB-yə (DTK-ya) çağırıblar. Aləm bir-birinə dəyib. Əslinə baxanda, mən heç nədən qorxmuram. Bir də ki, sən nə istəsən, mən ikiəlli onu müdafiə edəcəyəm. Buna əmin ola bilərsən”.

Artıq sözə ehtiyac yox idi, hər şey onsuz da aydın idi, artıq “yuxarılar” 55 saylı texniki peşə məktəbində keçiriləcək bütün tədbirlərə güclü nəzarət edəcəklər. Əslində isə, nəzarət onsuz da vardı və güclü idi.
v
Nəsir Ağayev
Müxtəlif vaxtlarda keçirilən “Şəhriyar poeziya günləri”ndə Balaş Azəroğlu, Əbülfəz Hüseyni, akademik Mahmud İsmayılov, akademik Mirabbas Qasımov, elmlər doktorları Həmid Məmmədzadə, Şövkət Tağıyeva, Hüseyn Çəndirli, Bəhlul Abdullayev, Buzovna şairlərindən Əlabbas Zaki, Ağəmi İslam oğlu, Maştağalı Sərraf, Aslan Meyramlı, Nurəddin İsmayılov və başqalarının maraqlı çıxışları maraqla qarşılanır. Hər tədbirdən sonra gərginlik daha da artırdı. Odur ki, yeni bir üsula əl atmaq lazım idi ki, gərginlik nisbətən azalsın. Odur ki, Azərbaycan tarixinə dair xüsusi kurslar təşkil etmək, bu kurslarda Azərbaycanın müxtəlif rayonlarından zəkalı gənclərin iştirakını təmin etmək, sonradan onları öz rayonlarına göndərməklə, təbliğati işi bütün bölgələrə yaymaq qərara alınır. Bu yolla gizli təşkilat öz əsas hədəfinə daha asan yolla nail ola bilərdi ki, bu da olduqca vacib idi. Seçilən gəncləri ali məktəbə hazırlamaq adı ilə, həm də əslində elə bu mqsədlə Nəsir müəllimin yanına gətirərdilər. Gənclərlə Azərbaycanın tarixi, ermənilərin ərazilərimizə avantürist iddiaları, Azərbaycanın müstəqilliyi, müsavatçılıq ideologiyası haqqında söhbətlər edilir bu mövzular onlara ətraflı izah edilirdi. Bu gənclərin əksəriyyəti sonralar Şərur rayonunda, Ordubadda, Maştağada, Şüvəlanda, Neftçalada, Saatlıda, Qubada, Siyəzəndə, Şamaxıda və digər rayonlarda Azərbaycanın müstəqilliyi ilə bağlı ideyanı yaymaqlaa ciddi məşğul olmağa başladılar. Onlar bu ideyanı yerlərdə Mirzə Ələkbər Sabirə, Hüseyn Cavıdə, Məhəmməd Hadiyə, Cəlil Məmmədquluzadəyə və digər şəxsiyyətlərə istinadən yaymağa çalışırdılar.

Görülən işlər öz nəticəsini gözləniləndən də tez verdi. Günlərin birində, daha dəqiq desək, 1988-ci ilin fevral ayının 19-da Nəsir bəyin Şərurdan olan Nurəddin İsmayılov (hazırda ADP sədrinin müavinidir-müəll.) adlı bir tələbəsi zəng edərək sevinc və həyəcanla deyir:

“Ustad, Bakıda tələbələr ermənilərin Xankəndində olan pozuculuq əməllərinə etiraz olaraq nümayışə çıxıblar. Bu nümayış və mitinqlərdə ADU-nun tələbələri aparıcılıq edir. Bu haqda fikirinizi deyin”.

Bunu gözləməyən Nəsir bəy duruxur, qulaqlarna inanmır. Bəli, uzun illərin gərgin zəhməti öz bəhrəsini vermişdi. Tələbəsi ona müraciət edərək göstəriş almaq istəyirdi. O, Ermənistan-Azərbaycan münasibətlərinin əslində həmişə gərgin olduğunu bilirdi. Ermənilərin ərazı iddialarından da tələbələrinə gen-bol danışmışdı”» (3, s. 42-44).

Yuxarıda təqdim etdiyimiz sitatın önəmli tərəflərindən biri də budur ki, Bakıda 1988-ci ilin 19 fevralında həyata keçirilmiş ilk mitinqin tarixçəsinə müəyyən qədər işıq tutur. Bu, çox önəmlidir. Çünki keçmiş DTK-nın arxivində qorunan gizli materiallar dışında, həmin mitinqin təşkilatçıları barədə heç bir açıq mənbə yoxdur.

Bir də əldə olan mənbə M. H. Tantəkinin «Acı həqiqətlər» kitabında yazılanlardır ki, orada deyilənlərdən belə aydın olur ki, M. Hatəminin həmin mitinqin təşkilindən xəbəri olmayıb və sadəcə Ağası Hun və mitinqdə iştirak edən digər «Çənlibel»çilərin səyi nəticəsində o, tribunaya qalxa bilib, fəqət partiya funksionerlərinin ciddi maneəçiliyi nəticəsində ona söz demək imkanı verilməyib. Fəqət kütlə onu «Çənlibel»çilərə qoşularaq, coşğulu «Hatəmi! Hatəmi!...» sədaları ilə qarşılayıb (5, 2006, s. 16).

Sözügedən mitinqdən sonra M. H. Tantəkinin başına gələnlər çox maraqlıdır. O bu barədə yazır: «Bir neçə gündən sonra Azərbaycan KP MK-nın ideoloji işlər üzrə dövlət katibi Ramiz Mehdiyev məni yanına çağırtdırdı. Ə. Daşdəmirovun iştirakı ilə keçən görüşdə katib söhbətə belə başladı: "Sizin haqqınızda əlimizdə kifayət qədər məlumatımız vardır. Energiyalı, təşkilatçı adamsınız. «Çənlibel»dən də xəbərimiz vardır".

Bu kiçik müqəddimədən sonra o, işlərim və necə dolanmağım barədə suallar verməyə başladı. İntizarına qarşı heç nədən şikayətlənmədiyimi görüncə və buna təəccüb edincə, əlacsız qalıb əsil mətləbə keçdi. "Hatəmi müəllim», - dedi,- «bildi-yiniz kimi erməni yoldaşlar Dağlıq Qarabağı Ermənistana qarışdırmaq fikrinə düşmüşlər. Bununla əlaqədar olaraq bizdə də vəziyyət gərginləşmişdir. O gün Bakıda nümayiş olub, nümayişdə siz də iştirak etmisiniz. İki qonşu xalq arasında münasibətlər korlanmasın, kəskinləşməsin deyə, belə nümayişlərin qarşısını almaq, xalqı soyuqqanlılığa, sakitliyə dəvət etmək lazımdır. Ermənilər o tərəfdən, biz bu tərəfdən qızışa-qızışa getsək, bunun axırı pis qurtarar. Bizim hamımızı qıra bilərlər".

Ona cavab verdim:

"Mən ogünkü nümayişin sadəcə iştirakçısı olmuşam. Xalqı soyuqqanlılığa, sakitliyə dəvət etməyə gəlincə, prinsip etibarilə sizinlə razıyam. Məsələ burasındadır ki, Nəriman Nərimanovdan başlamış üzübəri Azərbycanın bütün dövlət başçıları kabinetlərdə oturub, nəyinsə xatirinə, torpaqlarımızı ona-buna dağıtmaqla məşğul olmuşlar. Odur ki, xalq daha heç kimə inanmır, vətənin müdafiəsinə özü qalxmışdır. Sizlərin vəziyyətiniz elədir ki, ermənilərin Dağlıq Qarabağ tələbinin qarşısında dura bilməyəcəksiniz, amma heç olmasa müqavimət göstərməkdə xalqa maneçilik törətməyin".

Sözlərimə bunu da əlavə etdim:

"Azərbaycan dövlətinə tövsiyyəm budur ki, Ermənistana verilmiş torpaqlarımızı geri istəyəsiniz. Bu, Dağlıq Qarabağı müdafiə etməyin ən yaxşı yoludur".

Bir xeyli söhbətdən sonra aramızda fikir birgəliyi alınmadan R. Mehdiyevdən ayrılıb, Ə. Daşdəmirovla onun kabinetinə gəldik. Cənabı Çənlibel maraqlandırırdı. Sorğularına verdiyim cavabda təşkilatı siyasi profildən, fəaliyyətdən uzaq tutaraq, onu sırf elmi-ədəbi birlik kimi qələmə verdim. İnanmıram ki, mənə inandı» (5, s. 16-17).

Bəli, «Çənlibel» artıq o dövrdə çox populyar idi və «yuxarılar»ı narahat etməyə başlamışdı. Bu «narahatçılıq» N. Pənahlının aşağıdaki xatirəsindən də açıq-aydın görünməkdədir:

«…Zavoddakı fəaliyyətimlə «Çənlibel»dəki fəaliyyətim mənim bütün vaxtımı aparırdı. «Çənlibel»də Xudu Məmmədovu gördüm, Məhəmməd Hatəminin, Xudu müəllimin çıxışlarına qulaq asdım. Orada Aydın Məmmədovla, İsmayıl Tariqpeymayla, Tağı Xalisbəyli ilə, Sabir Rüstəmxanlı ilə, Firudin Cəlilovla, Əbülfəz Əliyevlə, Bəhmən Sultanlı ilə, Fərman Kərimzadə ilə və başqalarıyla yaxından tanış oldum.

Xudu Məmmədov
Yuxarıda qeyd etdiyim «Çənlibel»i bir qurum kimi Məhəmməd Hatəmi başda olmaqla, Bəxtiyar Tuncay, Fuad Ağayev, Tofiq Rəsulov, İsfəndiyar Coşğun, Vurğun Əyyubov, Ənvər Börüsoy və s. yaratmışdılar. Adın müzakirəsində bir neçə təklif olmuşdu. Bəxtiyar «Qızıl qoç», Hatəmi «Koroğlu» adını təklif etmiş, xeyli müzakirədən sonra Məmməd Ellinin təklifi hamının ürəyincə olmuşdu. «Çənlibel» Elmi-Ədəbi Birliyi adı altında fəaliyyətə başlamışdılar. Bura toplaşan adamların amalları mənə bəlli deyildi, amma şübhə etmirdim ki, onları eyni məqsəd birləşdirir.

Aydın Məmmədov
«Çənlibel»in ilk iclasından sonra Məhəmməd Hatəmiyə yaxınlaşdım və təşkilata üzv olmaq istədiyimi bildirdim. O, istəyimi məmnuniyyətlə qəbul etdi və dedi ki, «Çənlibel»ə üzv olmaq üçün heç bir məhdudiyyət yoxdur, kim istəsə, üzv ola bilər. Dedim ki, sadəcə üzv olmaq istəmirəm. Mən çox qapılar döydükdən sonra bura gəlmişəm, «Çənlibel»in adı, sizin məruzəniz mənə çox şeylər deyir. Bütün vaxtımı məmnuniyyətlə bu təşkilata sərf etməyə hazıram. Buna görə də xahiş edirəm ki, «Çənlibel»də məndən fəal bir üzv kimi istifadə edəsiniz.

Elə həmin gün söhbət edə-edə, dəniz kənarındakı «Nu poqodi» çayxanasına gəldik. Təxminən gecə saat 11-12-yə qədər çayxanada söhbət etdik. Bu söhbətlərdən sonra mənə artıq hər şey aydın idi. Yanılmamışdım. Bu insanlarla fikirlərim çox şeydə tamamilə üst-üstə düşürdü: Azərbaycanın müstəqilliyi, şimallı-cənublu Azərbaycanın birləşməsi nəyin bahasına olursa-olsun, sovet imperiyasının caynağından qurtarılması…» (6, s. 107-108).

«…Ağambekyanın Fransada çıxan «Humanite» qəzetinə verdiyi müsahibə ilə qızışan hadisələr, Zori Balayan tərəfindən yandırılan «Ocağın» gözlərimizi acışdıran tüstüsü, Siva Kaputikyanın Mərkəzi televiziyada oxuduğu türkləri lənətləyən, erməniləri onlara qarşı intiqama səsləyən şerlərinin ardınca axıtdığı saxta göz yaşları «həyacan təbili» çalmaq üçün ciddi əsas yaratsa da, çoxları «Erməni bizə nə edə bilər ki?» deyirdi. Amma «Çənlibel» öz iclaslarında məsələyə dərhal reaksiya verərək, hürküb-çəkinmədən hadisələrin mahiyyətini açıqlayır və «həyacan təbili» çalırdı. Amma bu təbil respublika rəhbərliyini və ölkə «ziyalı»larını oyatmadı. Nəticədə Milli Azadlıq Hərəkatı başladı. Daha dəqiq desək, Dağlıq Qarabağdan türklərin qovulması Milli Azadlıq Hərəkatına təkan verdi. Hərəkatın liderlərini də tarixi zərurət meydanlara çıxardı. O zaman bu hərəkatı istənilən məcraya yönəldə biləcək yeganə qüvvə «Çənlibel» idi. Bunu düşmən də bilirdi…

Respublika rəhbərliyinin maymaqlığı sayəsində baş vermiş «Sumqayıt təxribatı»ndan sonra Kamran Bağırovun Əbdürrəhman Vəzirovla əvəzlənməsi Moskvanın yeni siyasi gedişi idi. Vəzirovun geydiyi «mələk libası» bunu gizlətmək imkanında deyildi. Mən onunla elə ilk görüşümdən sonra anladım ki, onun məqsədi Milli Azadlıq Hərəkatını pozmaq, onu öz məhvərindən çıxartmaq və düşmən dəyirmanına su tökməkdir.

Azərbaycanda hakimiyyətə gəlməsinin elə ikinci günü bizim zavoda, özü də düz mənim çalışdığım sexə gəldi. Niyə məhz bizim zavoda və niyə məhz bizim sexə? Sualın cavabı çox sadədir. Çünki Milli Azadlıq Hərəkatının ocağı «Çənlibel» təşkilatı, şölələnməyə başladığı yersə bizim zavod idi.

Həmin görüşdə fəhlələrin nümayəndəsi kimi mən də çıxış etdim. Çıxış edən fəhlələrin hamısı sosial-iqtisadi qayğılarından danışır və heç nədən çəkinmirdilər. Məndən daha kəskin danışanlar da oldu və bu məni çox sevindirdi. Fəhlə dostlarımın bu mətinliyi mənə ruh verdi və bir daha əmin oldum ki, illərdən bəri zavodda apardığım mübarizə nəticəsiz qalmayıb.

İşlədiyim 12-ci sexdə baş tutan görüş və fəhlələr tərəfindən edilən sərt çıxışlardan sonra Vəzirov bizə görüşü sabah, onun iqamətgahında davam etdirməyi təklif etdi və bizi qəbul edəcəyini söylədi. Ertəsi gün zavoda gələn Nərimanov rayon Partiya Komitəsinin katibi R. Allahverdiyev mənə yaxınlaşaraq dedi ki, «sən də görüşdə mütləq iştirak etməlisən və səndən başqa daha iki nəfər də gedə bilər. Beləliklə, mən, Qivami və Kamal R. Allahverdiyəvə qoşulub Mərkəzi Komitəyə yollandıq. Yolda Allahverdiyev Vəzirovu ağız dolusu təriflədi və məsləhət gördü ki, onun qəbulunda özümüzü mədəni aparaq» (6, s. 110-111).

Nemət Pənahhlının yazdığına görə, Vəzirov ağzını açan kimi onun sözünü kəsərək, rus dilini bilmədiyini və Azərbaycan dilində danışmasını xahiş edir: «Dedim, əgər məni görüşə çağırmısansa, danışmaq istəyirsənsə, ana dilimizdə danış. Mən rus dilini bilmirəm. O da məcbur olub yarı rus, yarı ana dilimizdə danışdı. Biz də sözümüzü dedik. Sonra yenə o danışdı və görüşün sonunda üzünü mənə tutub «Pənahov, sən qal, səninlə ayrıca söhbətim var» - dedi.



Əbdürrəhman Vəzirov
Təklikdə apardığımız söhbətdən o dəqiqə anladım ki, onu mənim Heydər Əliyevlə və ya onun adamları ilə hər hansı bir əlaqəmin olub-olmaması maraqlandırırmış. O öncə, Heydər Əliyevi təriflədi, dost olduqlarını söylədi və dediyim sualı verdi. Nə Heydər Əliyevlə, nə də onun hər hansı bir adamı ilə heç bir əlaqəmin olmadığını söylədim. Dedim ki, məni narahat edən şey millətimin taleyidir. Bu millət üçün qazılmış quyunu görürəm və məqsədim də milləti fəlakətdən xidmət etməkdir. Bildirdim ki, Ermənistan rəhbərliyi hər şeyi «xalqın iradəsi»nə bağlayır. Bizim rəhbərlik isə millətin başından basır, millətin görən gözünü çıxartmaq istəyir. Sizin yeganə yolunuz xalqla birləşməkdir.

Hiss etdim ki, səmimiyyətimə inanmır və məni Heydər Əliyevin adamı sayır, Heydər Əliyevin adamlarının ssenarisi ilə hərəkət etdiyimi düşünür. Şübhəsiz ki, mənim Heydər Əliyevlə bağlı olmağım düşmən şaiyəsi idi» (6, s. 111).

Daha sonra zavodda keçirdikləri Novruz bayramından söz açan N. Pənahlı R. Allahverdiyevin ondan «Çənlibel»ə getməməsini və fəhlələri də özü ilə aparmamasını xahiş etdiyini yazaraq bildirir: «…Rəfail müəllim məndən xahiş etdi ki, bir daha «Çənlibel»in iclaslarına getməyim. Mən güldüm… O dedi ki, özün getsən də, fəhlələri ora aparma. Razılaşmadım. «Çənlibel»in məqsəd və hədəflərindən söz açaraq dedim ki, «Çənlibel» elmin, tarixin, ədəbiyyatın müxtəlif sahələri üzrə qavramların genişləndirilməsinə xidmət edir. Və biz ora heç kəsi zorla aparmırıq. Fəhlələr də mənim kimi şüurlu insanlardır. Mən onlara deyə bilmərəm ki, «Çənlibel»ə gedin və ya getməyin…» (6, s. 111).

Beləliklə, «Çənlibel» artıq «yuxarı»ları əməlli-başlı narahat etməyə başlamışdı. Və bu narahatçılığın səbəbi məlum idi. Onlar da qarşıda bəzi hadisələrin gözlənildiyini hiss edir və ölkədə baş qaldıra biləcək etirazların önündə getmək potensialında olan tək qüvvənin «Çənlibel» olduğunu bilirdilər. Konkret olaraq, Nemət Pənahlıya gəlincə, onun fəhlə olması onları daha çox qorxudurdu. Çünki ortada Polşada baş vermiş Lex Valensa hərəkatının təcrübəsi vardı. Nemətin Azərbaycanın Lex Valensası ola biləcəyi ehtimalı onları narahat etməyə bilməzdi.

Söhbət həmin dövrdə Polşa siyasətinin ən parlaq simalarından biri olan və haqqında mübahisə və diskussiyalar dövrümüzədək səngimək bilməyən elə bir şəxsiyyətdən gedir ki, adını Polşanı kommunist zülmündən və Rusiyanın təsir dairəsindən xilas edən qəhrəman kimi əbədi olaraq tarixə həkk etmişdir (9; 2).

Məlumat üçün bildirək ki, 29 sentyabr 1943-cü il doğumlu olan Lex Valensan 1967-ci ildən Qdansk şəhərində yerləşən V. Lenin adına gəmi təmiri zavodunda fəhlə işləmiş və uzun müddət siyasətlə qətiyyən maraqlanmamışdı (7, s. 49). Bununla belə, dindar katolik idi, ruslara nifrəti ilə fərqlənir və sosializmə inamsızlıqla yanaşırdı (1, s. 64).

Maraqlıdır ki, Nemət Pənahlı da dindar müsəlman idi, rusları sevmir və mövcud rejimi bəyənmirdi. O da Valensa kimi fəhlə idi.

A. Makarkinin yazdığına görə, Lex Valensanın, çox güman ki, marksizm-leninizm klassiklərinin fəhlə sinfinin rolu barədə ehkamçı fikirlərindən heç xəbəri belə yox idi, bununla belə, günlərin birində gəldiyi fikir onların fikri ilə üst-üstə düşməyə başladı və o, fəhlə sinfinin hüquqları uğrunda mübarizə meydanına atıldı (8, 2009). Nəticədə Varşava Bloku ölkələrinin birində, bu ölkələrin tarixində «Solidarnost» («Həmrəylik») adlı ilk müstəqil Həmkarlar İttifaqı yarandı və Polşa xalqının rus imperializminə qarşı Milli Azadlıq Hərəkatının öndərinə çevrildi.

Eyni sözləri Nemət Pənahlı haqqında da söyləmək olar. Çünki «Çənlibel»ə gəlməmişdən öncə o da işlədiyi L. Şmidt adına zavodda fəhlələrin həyat şəraitinin yaxşılaşdırılması uğrunda mübarizə aparan şəxs kimi ad çıxarmışdı. Onun gələcəkdə «Azərbaycanın Lex Valensası» ola biləyi fikrini isə ilk dəfə «Çənlibel»çi rəssam dostumuz Əhməd Rza dilə gətirmişdi. Və o dövrdə çoxları bu fikrə normal yanaşırdılar.

Əhməd Rza
«Yuxarı»ları narahat edən ən başlıca məsələlərdən biri də fəhlələrin ziyalı və tələbələrlə birləşərək, ölkədə böyük bir milli hərəkata təkan verə biləcəkləri ehtimalı idi. Və bu ehtimal çox qısa zaman sonra özünü tamamilə doğruldacaqdı.

Burada «Çənlibel»in bətnindən doğan, «Çənlibel»dən sonra yaranmış ikinci milli təşkilat kimi tarixə düşən «Oğuz» Folklor Həvəskarları Birliyinin ölkədə yaxşı mənada təlatüm yaradan fəaliyyəti barədə də bir neçə söz demək lazımdır. Bəri başdan qeyd edək ki, onun yaradılması öncədən planlaşdırılmamışdı. Bu zərurət Fuad Ağayev, Tofiq Rəsulov və mənim bir araya gələrək Vurğun Əyyubu «Çənlibel» təşkilatının sədrliyindən uzaqlaşdırmaq istəməmizlə bağlı idi. Səbəb isə Hatəminin ondan şübhələnməsi, dəfələrlə onu öz aramızda gedən söhbətlərdə «Çənlibel»ə yerləşdirilmiş «KQB agenti» adlandırması idi. Hatəmi bu barədə fikrini «Acı həqiqətlər» kitabına da salmışdır: «DTK ilə əməkdaşlıq edən ziyalı bir həmyerlisilə gəzib-dolaşan Vurğun Əyyubovdan şübhəli idik (bu şübhəmiz sonralar özünü doğruldacaqdır). Belə bir gənci qabağa verib arxasında iş görmək pis məsləhət deyildi» (5, s. 23).



Əlbəttə ki, biz Vurğunun «agent» olduğuna qətiyyən inanmırdıq, fəqət bu mövzuda şaiyələrin genişlənməsi və onların da qaynağının Məhəmməd Hatəmi olması bizi çox narahat edirdi. İstəmirdik ki, bu şaiyələr gələcəkdə «Çənlibel»in DTK tərəfindən yaradıldığı barədə daha pis şaiyələrə səbəb olsun. Çox düşündükdən sonra yaranmış problemdən qurtulmanın tək çıxış yolunun Vurğunun sədirlikdən uzaqlaşdırılması ola biləcəyi qərarına gəldik. Və bu təkliflə Qurumun İdarə Heyətində (Bürosunda) məsələ qaldırdıq. Fəqət təklifimiz Hatəminin sərt təpkilərinə səbəb oldu. Tofiq Rəsulovun Məhəmməd bəyin təzyiqlərinə tab gətirməyərək geri çəkilməsi və Fuadla mənim təklikdə qalmamıza səbəb oldu. Belə olan halda, İH-dən çıxdığımızı, sıravi üzv kimi fəaliyyətimizi davam etdirəcəyimizi bəyan etdik. Boşalan iki yerə M. H. Tantəkin və N. Pənahlı seçildilər.

M. H. Tantəkin həmin olayı «Acı həqiqətlər»də belə təsvir etmişdir: «Bəxtiyar Tuncayla Fuad Ağayev, Tofiqi də tərəflərinə çəkərək, Çənlibelin idarə heyətində gözlənilmədən fitnə-fəsad çıxartdılar. Onlar, heç bir səbəb olmadan, idarə heyətinin iclasında Vurğunun sədrlikdən çıxarılması məsələsini qaldırdılar. Xatirini çox istədiyim Tuncay qırmızı-qırmızı mənə də elan etdi ki, heyətin üzvü olmadığım üçün burada heç kiməm. Çənlibelin əlimdən çıxması təhlükəsi yaranmışdı. Bu olay həmin gün baş verdi ki, Nemət Pənahovu idarə heyətinə daxil etməyə gətirmişdim. Gənc əleyhidarlarımın siyasi təcrübəsizliyindən faydalanaraq, Vurğunun sədrlikdən çıxarılması səsə qoyulmazdan qabaq özümü və Neməti idarə heyətinə seçdirib qüvvəmizi gücləndirdim. Bunu görən Tofiq, Bəxtiyarla Fuadın tərəfində durmaqdan çəkindi. Əleyhidarlarım beləliklə təklənərək yenildilər və Çənlibel Təşkilatından uzaqlaşdırıldılar. Buna baxmayaraq, Çənlibelin ümumi yığıncaqlarına yenə gəlib-gedirdilər. Mən də onların Çənlibelin etkisi ilə yaratdıqları "Oğuz Etnoqrafiya Həvəskarları Birliyi"nin məşğələlərində iştirak edirdim» (5, s. 24).

Həmin olay N. Pənahlının «Əbədiyyət yolunun yolçusu» kitabında öz əksini belə tapıb: «…Elə birinci gündən Hatəmiyə «quşum qonmuşdu». Həmin gün məlum oldu ki, «Çənlibel»in büro üzvləri növbəti iclası keçirmək üçün «Azərnəşr»in binasına toplaşırlar. «Çənlibel»in iclasları ayda bir dəfə keçirilirdi. İclasların keçirilməsini isə Məhəmməd Hatəminin rəhbərliyi ilə büro üzvləri təşkil edirdi. Məhəmməd Hatəmi məni büronun iclasına dəvət elədi. Elə büronun ilk yığıncağında mən çox acınacaqlı bir vəziyyətlə üzləşdim. Büronun iclasında Bəxtiyar Tuncayla Fuad Ağayev «Çənlibel»in formal sədri olan Vurğun Əyyubovun üstünə düşdülər və ondan şübhələndiklərini bildirərək, onun «Çənlibel»in sədrliyindən uzaqlaşdırılması təklifini irəli sürdülər. Məhəmməd Hatəmi isə Vurğun Əyyubovu müdafiə etdi. Mübahisələr çox kəskin forma aldı. Bəxtiyar Məhəmməd Hatəmiyə dedi ki, sən büro üzvü deyilsən və bu məsələyə qarışmağa haqqın yoxdur.

Məhəmməd Hatəmi həqiqətən də büronun üzvü deyildi. Çünki onun Azərbaycan (SSRİ – B. T.) vətəndaşlığı yox idi, əksər mühacir cənublu qardaşlarımız kimi «bez qrajdan» pasportu daşıyırdı. Elə buna görə də «Çənlibel»in bütün təşkilati məsələlərini öz çiyinlərində daşımasına baxmayaraq, Vurğun Əyyubovu önə çəkmişdi. Səsvermədən öncə Məhəmməd Hatəmi çeviklik göstərərək mənim namizədliyimi irəli sürdü. Beləliklə, mən yekdilliklə büroya üzv qəbul edildim. Çünki baş verən bu hadisə ilə çox emosional bir çıxış etmiş və çıxışım hamının xoşuna gəlmişdi…

Bəxtiyar və Fuad etiraz əlaməti olaraq bəyanat verib büro üzvülüyünü tərk elədilər… Sonralar Bəxtiyargil «Çənlibel»in ümumi yığıncaqlarında iştirak etməklə yanaşı, dəmiryolçular klubunda «Oğuz» Birliyi yaratdılar və məndən ona sədrlik etməyimi xahiş etdilər. Mən imtina etdim, amma söz verdim ki, onlara əlimdən gələn bütün köməkliyi edəcəyəm. «Oğuz» Birliyi «Çənlibel»dən sonra yaranmış ikinci bənzər təşkilat idi. Daha sonra Azərbaycan Dövlət Universitetində «Yurd», Tibb Universitetində «Karvan», Yevlaxda «Azərbaycan tarixini, mədəniyyətini öyrənən Birlik», Şəkidə «Ocaq» və s. yarandı…» (6, s. 108-109).

«Oğuz»un Nizamnamə və Məramnaməsini hazır etdikdən sonra vaxtilə «Çənlibel» üçün etdiyim kimi, bu dəfə də «Oğuz» üçün fəaliyyət göstərə biləcəyi bir klub tapmalıydım. Və yenə də tələbə yoldaşlarımdan hər hansı birinin hər hansı bir klubda işləyib-işləmədiyini araşdırmağa başladım. Öyrəndim ki, tələbə yoldaşlarımdan Oqtay Şeyxov adlı biri Dəmiryolçular Klubunda bədii rəhbərdir. Dərhal onun yanına yola düşdük. O da bizi klubun direktoru şair R. Muxtarla tanış etdi. Razılaşdıq və ilk tədbirimizin vaxtını müəyyənləşdirdik.



«Oğuz»un ilk və son tədbiri «Azərbaycan dilinə həsr edimişdi. Məruzə etmək üçün Firudin Cəlilovu dəvət etdik. Tədbir anşlaqla keçdi. Kontingent isə bütünlüklə «Çənlibel»çilərdən ibarət idi. «Çənlibel»in iclaslarından fərqli olaraq, tədbirdən sonra Azərbaycan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinə «Azərbaycan dilinin tətbiqinin və işlədilməsinin genişləndirilməsi barədə Müraciət» qəbul etdik. Mətnini Fuad Ağayevin yazdığı Müraciətin altında təşkilatın sədri kimi mənim adım yazılmış, iş və ev ünvanım göstərilmişdi. Tədbir iştirakçılarının, demək olar ki, hamısı sənədə imza atdı və onu ünvanına göndərdik. Bununla da yetinmədik, Müraciətin çox sayda surətini çıxarıb daha çox adamın imza atması üçün fəaliyyətə başladıq. Bu işdə Yaşar Türkazərin xüsusi xidməti oldu.

Yaşar Türkazər
Yaşar Türkazər «Çənlibel»in ən ilk iştirakçılarından biri idi. Və onun sözügedən təşkilata gəlişi çox məzəli və gülməli hadisə ilə hamının xatirinə həkk olunmuşdu. Bu barədə «Yeni Müsavat»a «Çənlibel»lə bağlı verdiyim müsahibəmdə də söyləmişəm: «Birinci tədbirimizdə çox gülməli bir hadisə də oldu. Toplantıya gələnlər birinci sırada oturmurdular. Sanki o yeri kiminçünsə saxlayırdılar. Sovet dönəmindən beyinlərdə qalmışdı ki, birinci sıra rəsmilər üçündür. Birdən zala bizim tanımadığımız hündür, qəribə görkəmli bir cavan adam daxil oldu və gəlib birinci sırada oturdu. Oturmağı ilə də stulun sınmağı və onun yerə dəyməyi bir oldu. Bu, bizim Yaşar Türkazər idi...» (4).

Yaşar elə sabahı gün Müraciətin surətlərini götürüb Bakının çayxanalarını gəzməyə və insanlardan imza toplamağa başladı. Və inana bilməyəcəyimiz hadisə baş verdi. İnsanlar nəinki toplu şəkildə imza atmaqdan çəkinmir, hətta bunu böyük məmnuniyyətlə edirdilər. Çox çəkmədi ki, müxtəlif müəssisə və rayonlardan bizdən imza toplamaq üçün həmin sənədin surətlərini istəməyə başladılar. Tələb o qədər çox idi ki, surət çıxarmağa macal belə tapmırdıq. Nəticədə Mərkəzi Komitəyə «imzalar yağışı» yaxmağa başladı.

Bir-iki gün sonra isə öncə Fuad Ağayevi, ardınca da məni DTK-ya dəvət etdilər.

Sonra isə fəaliyyətimizin qarşısının alınması məqsədi ilə klubu «təmirə» bağladılar. Amma artıq gec idi, ox yaydan çıxmışdı.
Qaynaqça


  1. Ash T. Polska rewolucja. Solidarnosc. / T. Ash. – W.: W.: Swiat Ksiazki, 1992. – 224 s.

  2. Cenckeiewicz S., Gontarczyk P. SB a Lech Wałęsa: przyczynek do biografii. / S. Cenckeiewicz, P. Gontarczyk. – Gdańsk:Instytut Pamięci Narodowej, 2008 (www.ksiazka.net.pl/rnews,1,13355.htm).

  3. Cəfərli E., Ağayev T. Nəsillərə örnək həyat yolu. “Qanun” nəşriyyatı, B., 2011. 384 s.

  4. “Çənlibel”in manifesti. “Yenu Müsavat” qəzeti,  2 dekabr 2014.

  5. Hatəmi M. T. Acı həqiqətlər. Bakı, Şirvannəşr, 2006.

  6. Pənahlı N. Əbədiyyət yolunun yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.

  7. Sebestyem, V. Rewolucja 1989. Jak doszlo do upadku komunizmu / Victor Sebestyem. – Wroclaw : Wydawnictwo Dolnoslaskie, 2009. – 453 s.

  8. Макаркин А. Реабилитация пана Леха. – 2009 (http://www.polska.ru/artykuly/reabilitacja_lecha.html).

  9. Филиппов, Б.А. Политический портрет Леха Валенсы / Б.А. Филиппов. – М.: Книга, 1992. – 50 с.

Yüklə 101,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin