“Enerji Təhlükəsizliyi” anlayışı



Yüklə 75 Kb.
səhifə1/3
tarix10.10.2022
ölçüsü75 Kb.
#118217
  1   2   3
Movzu 2 - Enerji tahlukasizliyi anlayisi (aze)

DÜNYA ENERJİ SİYASƏTİ




МÖVZU 2.

Enerji təhlükəsizliyi anlayışı


Müasir dövr Beynəlxalq Münasibətlərində dövlətlərin xarici siyasətlərində prioritet verdiyi əsas istiqamət təhlükəsizlik probleminin həllidir. Milli təhlükəsizlik ümumi mənada bir çox sahəvi təhlükəsizilik konsepsiyalarını özündə birləşdirir. Bunların sırasına təhlükəsizliyin siyasi, iqtisadi, hərbi, mədəni, informasiya və s. növləri daxildir.


Son zamanlar isə təhlükəsizlik problemi daha geniş çərçivəni əhatə etməklə öz tərkibini də yeni anlayışlar hesabına genişləndirib. Bunlardan biri və tam əminliklə söyləmək olar ki, ən vacibi enerji təhlükəsizliyidir.
Enerji təhlükəsizliyini ümumi təhlükəszilik konsepsiyasının tərkibinə həm əlavə bir kateqoriya kimi, həm də iqtisadi və siyasi təhlükəsizliklərin sintezindən yaranan bir kateqoriya kimi qiymətləndirirlər. Belə ki, enerji təhlükəsizliyinin müasir dövrdə həm iqtisadi, həm də siyasi cəhətləri mövcuddur. Məsələn, enerji ehtiyyatlarına tələbatı olan və bu tələbatın böyük hissəsini idxal hesabına ödəyən istənilən bir dövlət üçün enerji təhlükəsizliyi məsələsi birinci dərəcədə iqtisadi əhəmiyyət daşıyır. Yəni bu tələbatın ödənilməsi üçün zəruri olan vəsait Ümumdaxili Məhsulun əhəmiyyətli dərəcədə böyük bir hissəsini tutur. Bu isə istər-istəməz həmin dövlət üçün maliyyə problemlərinə, dolayısı ilə də inflyasiyaya gətirib çıxarır.
Enerji təhlükəsizliyi anlayışının siyasi cəhətdən yozumu isə xüsusilə son zamanlar daha da aktuallıq kəsb etməyə başlayıb. Belə ki, artıq enerji ehtiyyatlarına malik olan və onu hasil və ixrac edən müəyyən qisim dövlətlər (xüsusilə Rusiya) enerji faktorundan yalnız iqtisadi deyil, həm də siyasi təsir vasitəsi kimi istifadə edir. Həmin dövlətlər enerji ehtiyyatlarını ixrac etdiyi dövlətlər tərəfindən öz milli maraqlarına cavab verilmədiyi bir məqama rast gəlsə və ya hansısa bir dövlətə öz gücünü göstərmək istəsə bu rıçaqı işə salır və tez bir zamanda öz istəyinin reallaşmasına nail olur. 1
Qeyd olunan ikinci amilin artıq yavaş-yavaş birincini sıradan çıxarması və enerji ehtiyyatlarına sahib olan dövlətlərin geosiyasi maraqları çərçivəsinə keçməsi dövlətləri öz milli təhlükəsizlik konsepsiyalarında enerji təhlükəsizliyini həlli ən vacib təhlükəsizlik problemi kimi prioritet qəbul etməsinə gətirib çıxarmışdır. Bunun üçün enerji təhlükəsizliyi sahəsində xüsusi konsepsiyalar hazırlanır, beynəlxalq sənədlər qəbul edilir və bu mövzunun araşdırılması üçün beynəlxalq səviyyədə təlimlər və kurslar keçilir.
Bəs ümumiyyətlə konseptual baxımdan “Enerji təhlükəsizliyi” nə deməkdir?
İngiltərənin Yaşıllar Partiyasının nümayəndəsi, “enerji təhlükəsizliyi” sahəsində tədqiqatçı olan Karolina Lukasa görə enerji təhlükəsizliyi bir çox faktorlarla izah oluna bilir. Bunlar aşağıdakılardır:



  • Çeşidli mənbələrdən təhlükəsiz yanacaq ehtiyyatlarının təmini. Yəni ehtiyacı ödəyəcək qədər enerji ehtiyyatları var, əgər bu ehtiyyatlar çatışmasa müraciət olunacaq alternativ mənbələr də təhlükə doğurmur.

  • Planlaşdırılmamış uğursuzluqlar halında çatışmazlıqları kompensasiya etmək üçün kifayət qədər ehtiyyat enerji ehtiyyatlarının mövcud olması.

  • Etibar oluna biləcək enerji infrastrukturunun və nəqliyyat xəttlərinin mövcudluğu. Yəni enerji ehtiyyatları istifadə olunacağı yerə effektiv şəkildə çatdırılmalıdır.

  • Enerji ehtiyyatlarında istifadədə elastiklik məsələsi. Yəni zərurət yarandıqda ehtiyyatlardan istifadənin azaldılması və məqsədəuyğun digər yanacaq növündən istifadə olunması qabiliyyətinin mövcud olması.

  • Enerji ehtiyyatlarının emal olunduğu və istifadə olunduğu məntəqələrdə lazımi avadanlıq və yer təchizatının olması.2

Birinci qeyd olunan amil əvvəldə də əksini tapan alternativ enerji mənbələrinin və marşrutların axtarılması və onlara müraciət olunmasını nəzərdə tutur. İkinci amil enerji ehtiyyatlarının emalı zamanı ortaya çıxa biləcək uğursuzluqların kompensasiya edilə bilmə imkanını nəzərdə tutur və bu imkana sahib olan dövlətləri enerji təhlükəsizliyini müəyyən qədər həll etmiş sayır.


1970-ci illərdə enerji təhlükəsizliyi qərb bazarlarına neftin sabit qiymətə satılması və daxili fossil yanacaq növlərindən sərbəst istifadəni ifadə edirdi. Həmin dövr enerji təhlükəsizliyinin başlıca məqsədi sənayenin tələbatı nəticəsində yaranan enerji ehtiyyatlarının çatışmazlığı və bunun da yaratdığı enerji daşıyan tankerlərin və yük maşınlarının uzun tıxacının qarşısını almaq idi. Bir müddət sonra hər kəsi bir sual maraqlandırmağa başladı: enerji təhlükəsizliyi daxili və ya xarici siyasətin , yoxsa qlobal geosiyasətin bir tərkib hissəsidir.
Enerji Təhlükəsizliyi sahəsində tədqiqatçı Daniel Yergin “Foreign Affairs” jurnalının 2006-cı il mart/aprel tarixli sayında qeyd edir ki, “ Enerji təhlükəsizliyi tarixin bütün dövrlərində ən önəmli məsələlərdən biri olub. İndi də elədir.Lakin hazırda enerji təhlükəsizliyinin paradiqması son 3 onillikdə mövcud olduğundan qat-qat artıq genişlənərək özündə daha yeni faktorları ehtiva edir. Bundan əlavə artıq enerji təhlükəsizliyi yalnız özü özünü ifadə etmir, o həm də dövlətlərarası münasibətləri müəyyən edən faktor kimi çıxış edir.”3
ABŞ-ın məşhur Oak Ridge National Laboratory (ORNL) adlı analiz mərkəzinin Enerji və mühəndislik məsələləri üzrə direktoru R.L.Gilliland-ın yozumu ilə enerji təhlükəsizliyi geniş mənada 3 əsas komponenti özündə birləşdirir:



  • Davamlı enerji təchizatı

  • Enerji infrastrukturunun zəmanəti

  • İnkişaf etməkdə olan ölkələri öz yaşam standartlarını inkişaf etdirmək məqsədilə enerji texnologiyaları ilə təmin etmək

ORNL laboratoriyası enerji təhlükəsizliyi məsələsinə bir qədər fərqli baxır və qeyd edir ki, enerji təhlükəsizliyinin təmin edilməsi yalnız o demək deyil ki, ölkə enerji resurslarını daha güvənə biləcəyi mənbələrdən-dövlətlərdən idxal etməlidir. O, həm də təbiətin ona verdiyi digər təbii resurslardan bir qədər fərqli şəkildə istifadə edərək də bu istəyinə nail ola bilər. Məsələn, Gilliland bunları həmin sıraya aid edir:



  • Kömürü daha təmiz şəkildə istifadə etməklə yandıraraq

  • Alternativ enerji ehtiyyatlarından, məsələn etanoldan istifadə etməklə

  • Okean hidratlarından metan əldə etməklə

  • Digər müasir növ enerji əldə etmək üsullarından istifadə etməklə (məsələn nüvə enerjisi)

  • Tükənməyən və yüksək texnologiyaya əsaslanan enerji ehtiyyatlarından, məsələn külək və günəş enerjisindən istifadə etməklə4

Enerji təhlükəsizliyinə digər bir maraqlı yanaşma isə “British Petroleum”-un internet səhifəsində yerləşən məqalədə 3 sual qoulur və bunlara cavab verilir:
Bunlardan birincisi Enerji təhlükəsizliyi nədir?
Enerji təhlükəsizliyi özünün fundamental anlamında milli iqtisadi artım və sosial inkişaf naminə enerji təchizatının vaxtında və qədərincə təmin edilməsidir. Bu enerji həm istehsalçıya yararlı olmalı, həm istehlakçıların ehtiyacını ödəməli, həm də qiymət baxımından alıcını razı salmalıdır.
Yaddan çıxarmaq lazım deyil ki, enerji təhlükəsizliyi yalnız neftə aid deyil. O, həm də digər enerji növlərini – elektrik enerjisini, təbii qazı və kömürü də ehtiva edir. Lakin neft dünya bazarlarında ən çox qalmaqal yaradan enerji növü olduğu üçün neftin təhlükəsizliyi daha önəmli xarakter daşıyır. Elektrik enerjisi isə əhali üçün birinci dərəcəli əhəmiyyətli enerji növü olduğu üçün onlar üçün enerji təhlükəsizliyində öncül yeri tutan enerji növüdür. Çünki əhali nefti deyil, ondan hazırlanan məhsulları istehlak edir və buna görə də onlara neftlə bağlı dünyada baş verənlər birbaşa təsir göstərmir. Təbii qaz təhlükəsizliyi isə perspektiv baxımdan yaxın gələcək üçün digər növ enerjiləri geridə qoymaq qabiliyyətinə sahibdir. Belə ki, hesablamalara görə dünyada enerji sahəsində baxmayaraq ki, hazırda neft üstünlük təşkil edir, yaxın gələcəkdə təbii qaz istehlak dərəcəsinə görə nefti ötüb keçəcək.5
Enerji təhlükəsizliyinin anlayışından danışarkən belə bir sual ortaya çıxır: dövlətlər üçün idxalatda asılılıqla yaranan enerji təhlükəsizliyinə hədə nə anlama gəlir?

Praktikada bu məsələyə iki aspektdən baxmaq olar:





  • Birinci aspekt beynəlxalq xarakter daşıyır. Bu daxili anbarlara etibarlı, səmərəli qiymətli və aşağı risk səviyyəli neft idxalatını və ya təchizatını təmin etmək deməkdir. Burada daxili neft anbarları mühüm rol oynayır.Çünki idxal olunan neft birbaşa anbarlara gəlir.

  • İkinci aspekt isə yerli xarakter daşıyır. Bu, ilk növbədə istehlakçıların, yəni əhalinin, eləcə də sənayedə çalışanların düzgün növ enerji ilə vaxtında, yetərli miqdarda, əlverişli qiymətdə və kəsintisiz təminatı deməkdir. Daxili aspektə aid olan digər mühüm bir nüansa əsasən isə əldə olunacaq enerji ətraf mühitə ziyan verməməlidir.

Bu gün etibarilə dünya neft bazarı ilə dünya maliyyə bazarı inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərir. Başqa sözlə əvvəllər belə bir hala rast gəlinmədiyi üçün analitiklər gələcəkdə dünya neft bazarı ilə dünya maliyyə bazarının vahid bazar əmələ gətirəcəyini proqnozlaşdırır. Bu baxımdan maliyyə menecmenti qabiliyyətinin də yüksək olması gələcəkdə dövlətin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm bir faktora çevrilə bilər.6


Hazırda dünyada enerji sektoruna aid olan və ya olmayan əksər insanlar az və ya çox dərəcədə enerji təhlükəsizliyindən danışır. Bu daha çox neftin qiymətlərinin artması ilə bağlıdır. Qiymətlər yuxarı olduqda və ya bahalaşdıqda insanlar yalnız həmin vaxt üçün öz ciblərini fikirləşmirlər, onlar həm də gələcəkdə artacaq enerji tələbatına uyğun olaraq öz maliyyə imkanlarını düşünürlər və bu qiymət artımının onların enerji təhlükəsizliyini pozduğunu düşünürlər. İnsanların belə düşünmələrinin bir çox səbəbləri var:



  • Əhali istehsal və istehlak regionları arasındakı natarazlığı nəzərə alır. Belə ki, baxmayaraq ki, dünyanın hazırda demək olar ki, bütün dövlətləri enerji ehtiyyatlarından istifadə edir və bu istifadə dərəcəsi ildən-ilə artır, həmin enerji ehtiyyatlarını hasil edən və həmin dövlətlərə ixrac edən regionlar çox məhduddur.

  • Əhali arasında bir çox qeyri-sabit enerji regionları ilə bağlı narahatlıqlar var. Belə ki, İran, İraq və Nigeriya kimi onlarla ölkəni neft və təbii qaz ehtiyyatları ilə təmin edən dövlətlərin daxillərindəki qeyri-sabit vəziyyətdən dolayı hər an onlardan nəql olunan enerji ehtiyyatlarında müəyyən kəsintilər yarana bilər ki, bu da təbii ki, insanlar tərəfindən arzuolunmazdır.

  • Əhali enerji təhlükəsizliyinə təsir göstərən əsas faktorlardan biri – neftin və ya təbii qazın dünyadakı siyasi hadisələrdən, təbii fəlakətlərdən və ya digər mühüm qlobal əhəmiyyətli məsələlərdən dolayı artmasıdır.

  • Sonuncu, lakin o qədər də kiçildilməyəcək bir problem - ətraf mühitə qayğı göstərilməsi məsələsidir ki, son zamanlar enerji sahəsində istənilən dialoqda, müqavilədə ətraf mühiti çirkləndirməyən enerji ehtiyyatlarından istifadə məsləhət görülür.7

Digər cavablandırılması zəruri olan mühüm məsələ ondan ibarətdir ki, dünya dövlətləri öz enerji təhlükəsizliklərini necə təmin edə bilərlər?


Enerji təminatı daha çox dərəcədə idxaldan asılı olan və maliyyə imkanları olan istənilən ölkə üçün bunun birinci yolu həmin enerji ehtiyyatlarını idxal etdiyi dövlətə investisiya qoyması və həmin ehtiyyatların çıxarıldığı yataqların səhmlərində pay sahibi olmasıdır. Məsələn, Çin nümunəsində bu faktoru nəzərdən keçirək:
Çin 1993-cü ildən bəri neftin aktiv idxalçısına çevrilib və həmin ildən etibarən də hər il artan idxal tempi ilə irəliləyir. Çinin nəhəng enerji şirkətləri dünyanın 30-dan çox enerji hasil edən dövlətlərində böyük layihələrdə çalışır və həmin layihələrdə müəyyən pay sahibidirlər. Bu şirkətlərin illik enerji istehsalı 30 milyon tondan çoxdur. Beynəlxalq agentliklərin hesablamalarına görə 2003-cü ildə xaricdə fəaliyyət göstərən Çin şirkətlərinin istehsal etdiyi enerji məhsullarının yalnız 10%-i Çinə ötürülüb, qalan 90%-i isə dünya bazarlarında satışa çıxarılıb. Bu isə o deməkdir ki, baxmayaraq ki, həmin şirkətlərin enerji istehsalı həddindən artıq çoxdur, onlar Çinin enerji təhlükəsizliyinin çox cüzi bir hissəsini ödəyirlər. Onlar əsasən qlobal enerji təhlükəsizliyinin təmin olunmasına çalışırlar.
Digər tərəfdən Çin öz enerji təhlükəsizliyinin təmin olunmasını öz daxili imkanları hesabına əldə etməyə çalışır. Bu sıraya enerji ehtiyyatlarına qənaət edilməsi, daxili enerji təchizatının genişləndirilməsi, enerji mənbələrinin diversifikasiyası, strateji neft və təbii qaz rezervlərinin yaradılması, tükənməyən enerji ehtiyyatlarından istifadənin genişləndirilməsi və enerji infrastrukturlarının yeni texnologiyaların cəlbi ilə daha da modernləşdirmək kimi vacin addımlar daxildir. Bütün bunlar müasir dövr üçün milli enerji təhlükəsizliyinin təmin olunmasının ayrılmaz daxili elementləridir.
Baxmayaraq ki, Çin məhdud miqdarda özünün xaricdəki neft şirkətlərindən gələn neftə əsaslanır, həmin şirkətlər onun enerji təhlükəsizliyinin çox mühüm vasitələridir. Buna görə də həmin şirkətlərin xaricdəki fəaliyyəti həm daxili normativ hüquqi fəaliyyətlə, həm də dövlət tərəfindən hərtərəfli dəstəyin göstərilməsi ilə nizama salınmalıdır.
Hazırda enerji təhlükəsizliyinin təmin olunmasında 3 açar rolunu oynayan söz var: müxtəliflik, əməkdaşlıq və açıqlıq.

Yüklə 75 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin