Gözəlim, surətinə mahu-münəvvər dedilər,
Mənə Məcnun, səni Leylaya bərabər dedilər...
Getdikcə zilə qalxan səs kimsəsiz dağların arasında əks-səda verdi.
Qəzəlin möhürbəndində “İskəndər” kəlməsini eşidən Ərdost təəccübləndi:
Bu sözlər özününküdür?
Bəli. Necə?
Sən əməlli-başlı şairsənmiş!
İskəndər təvazö ilə gülümsədi:
Yazırıq da bala-bala. Ancaq nə olsun ki! Çap eləyən yoxdur.
Niyə?
Eh... mənim qəzəllərimin qabağında həmişə svetoforun qırmızı işığı yanıb.
İskəndərin ürəyi dolu idi. Bu barədə Ərdosta deyəsi o qədər sözü, söhbəti vardı ki... hələlik onu yaxından tanımadığı üçün çəkinirdi. Bir də o öz şairliyi ilə əlaqədar şirin xatirələrini belə yolüstü, tələm-tələsik danışmağa heyfsilənirdi. Buna baxmayaraq yenə də dözə bilmədi. Üzünü müsahibinə tutub, fərəh dolu titrək bir səslə qəfildən dilləndi:
Mən qəzəllərimi Səməd Vurğunun hüzurunda oxumuşam! Bəli. İnanıırsız?
İnanıram... Bəs o nə deyib?
İskəndər qürrələndi. Dərindən köks ötürdü. Sinəsi körük kimi qalxıb-endi.
Deyib, sən Bala Vahidsən. İnanırsız?
Ərdost şadlıqla güldü:
Səndə maraqlı söhbətlər varmış!
Növbəti sərt yoxuşu sürətlə qalxan maşın dönüşü burulub geniş düzənə çıxdı. Sağ tərəfdə hündür, yalçın qayalar möhtəşəm qala kimi sədd çəkmişdi. Sol yan dibi görünməyən vahiməli uçurum idi. İskəndər maşını yolun kənarına verib saxladı:
Burda bir papiros tüstülətmək pis olmaz.
Motor sönüncə quşların səsi daha aydın eşidildi. Hər ikisi maşından endi. Papiros çəkmək bəhanə idi. İskəndərin dərdi təzələnmişdi. Danışmağa fürsət axtarırdı.
Ərdost uçurumun qırağında dikələn hind bütlərinə oxşar iri, yöndəmsiz daşa ehtiyatla yan aldı. Əlini ona dirəyib bir uşaq həvəsi ilə aşağıları seyr etdi. Sanki təyyarədən baxırdı. Qarşıda iri bir qartal asta-asta süzürdü. Arxada qoyduqları dağlar, qayalar, yarğanlar, meşələr – hamısı, hamısı ayaqlarının altında idi. Yaşıllıqlar içərisindən keçən boz dolaylar, buradan doğranmış ilan kimi ara-sıra görünürdü. Uzaqlarda çalın-çarpaz xətlərlə parça-parça kəsilən zəmilər, həndəvərində mal-qarası otlayan kəndlər, üstünə işıq düşmüş ayna qırığıtək göz qamaşdıran göllər o qədər balacalaşmışdı ki, onlar həqiqətdən çox yerə sərilmiş xırda rəsmləri xatırladırdı.
Necədir? Bizim tərəflər, xalaoğlu, xoşuna gəlir?
Ərdost arxaya çevrildi. İskəndər yerdə bardaş qurub oturmuşdu. “Avrora” qutuusu ilə kibritini böyründə otların üstünə atmışdı. Əzik çil-çil kepkasını peysərinə endirmişdi. Qara pırpız saçları alnına tökülmüşdü. Bir gözünü qıyaraq damağındakı siqareti tüstülədirdi.
Gözəldir. Adam baxmaqla doymur, - deyə Ərdost ona sarı addımladı.
İskəndərin yaşı otuz beşdən çox olardı. Yaraşıqlı boy-buxunu vardı. Enli qaşları yay kimi gərilmişdi. Qara, iti gözlərindən od yağırdı. Üzünü seyrək saqqal basdığından qalın, cod bığlarının xətti pozulmuşdu. Kobud ərəbi dodaqları və donqar burnu ona ciddi bir görkə verirdi. Düymələri qopmuş göy-qırmızı damalı ştapel köynəyinin açıq yaxasından tüklü sinəsi görünürdü. Dirsəyədək çirmələnmiş dəmir biləkləri gündə yanıb qaralmışdı.
Üzünü neçə gündən bir qırxdırırsan? – deyə Ərdost bu dəfə ona gözlənilmədən qəribə bir sualla müraciət etdi.
İskəndər diksinən kimi oldu. Əlinin dalını sifətinə sürtdü.
Hə... həftədə iki kərə. Niyə soruşursunuz, Ərdost xalaoğlu?
Olmazmı elə hər səhər işə gələndə saqqalını tər-təmiz qırxasan? Axı o harda yazılıb ki, şoferlər sükan arxasında həmişə üzü tüklü, üst-başı səliqəsiz oturmalıdır, hə?
Siqaretini sümürən İskəndər tüstünü kənara üfləyib cavab verdi:
Vallah doğru deyirsiz... Biz də bir cür məxluquq. Baş üstdə! Bu mənə dərs olsun!
Onun etirafı Ərdostun xoşuna gəldi.
Ancaq xahiş edirəm, mənim sözlərimdən inciməyəsən.
Siz hələ məni tanımırsız, Ərdost xalaoğlu. Nə isə. Hə, bayaq söhbətimimzi başa vurmadım, - deyə İskəndər danışmaq istəyirdi ki, onu öskürək tutdu. Ağzından siqareti çıxarıb hirslə yerə çırpdı. – Öhö... öhö...
Qarşıdan, təkərləri palçığa bulaşmış bir yük maşını gəldi. Sürücü həmkarını görçək tez saxladı. Kabinədən əlini çıxarıb havada yellədi:
İskəndər onu tanıdı:
Salam.
Burda dayanmaqda xeyir ola?
Heç, balaca dincəlirik.
Ha tərəfədir yolun?
Sərinbulağa qalxıram. Bizim bu Ərdost xalaoğlunu aparıram. Jurnalistdir. Ordan qəzetə material yazacaq.
Xeyrinə, zərərinə?
Bu dəfə İskəndərin əvəzinə Ərdost cavab verdi:
Əlbəttə, xeyrinə.
Onda xalaoğlu xoş gəlib, səfa gətirib. – Sürücünün qabaq dişləri eyzən qızıldan idi. Danışanda ağzının içi parıldayırdı. – Özün nə təhərsən?
İskəndər sağ əlini yumub baş barmağını dikəltdi:
Belə!
Arvad, uşaq, maşının, pakrışkaların...
Hələlik hamısı sazdır. Yəqin apardığın almadır, hə? – deyə İskəndər maşına yüklənmiş yeşikləri işarə ilə soruşdu.
Daha nə olacaq.
Yuxarı yollarda uçuntu-zad yoxdur?
Bəzi yerləri daş-torpaq basıb. “QAZ-69”a nə var ki! Bir təhər keçəcəksən.
Qızıldiş sürücü kabinadan iki iri alma götürüb İskəndərə tuşladı.
Atıram. Tut! Biri qonağın, biri sənin. Qoy jurnalist xalaoğlu dadına baxsın, bizim bağlardan yaxşı yazsın. Xydahafiz...
Yaxşı yol!
Yük maşını qəfildən irəli sıçrayaraq tozanaq qaldırıb yırğalana-yırğalana uzaqlaşdı.
İskəndər almanın yekəsini Ərdosta verdi. Özününkünü köynəyinin ətəyinə silərək şaqqıltı ilə dişlədi və dodaqlarını marçıldada- marçıldada dedi:
Bəh-bəh! Gör Sərinbulaqda nələr yetişir!
Doğrudan, alma Ərdosta da çox ləzzətli gəldi. Bəlkə ömründə heç belə ətirlisini, dadlısını yeməmişdi. Həm də zahirən gözəldi. Kəhrəba kimi sarı idi, safdı, yanağı al-qırmızı...
Nəhayət, söhbətini eləməyə İskəndərin istədiyi şərait yaranmışdı. ərdostla ayaq üstdə üz-üzə dayanmışdılar. O, hər şeyi unudaraq, əl-qolunu ölçə-ölçə xüsusi bir həvəslə danışırdı:
-... Bir gün eşitdim, gözünə döndüyüm Səməd Vurğun rayona camaatımızla görüşə gəlib. Mədəniyyət sarayının içi də, çölü də adamla dolu idi. Ağac atsaydın, yerə düşməzdi. Özümü nə vaxt. Nə təhər ora saldım, xəbərim yoxdur. Onda mənim on səkkiz yaşım ancaq olardı. Səməd Vurğunu əzbərdən bilirdim. Ancaq üzünü bir dəfə də görməmişdim. Məclis başlananda mən içəri keçib səhnənin lap qabağında dayanmışdım. Qəzəllərimin də hamısı ciblərimdə idi. Başını nə ağrıdım, danışan çox oldu. Mən onların bircəciyinə də qulaq asmadım. Gözlərimi elə hey Səməd Vurğuna dikmişdim. Kişinin sifətindən nur yağırdı. Qalın saçları, bığları pambıq kimi ağappaq... Çatılmış qaşları qapqara. Baxışları adamın üzünə gülürdü. Pah atonnan! Ə, elə bil adi insan deyildi, peyğəmbərdi gəlib oturmuşdu bu adamların arasında. Ürəyim çırpınırdı, əlim-ayağım əsirdi...
- Ərdost onun sözünü kəsdi:
Niyə axı? Nə olmuşdu ki?
Mən də çıxış eləmək, qəzəllərimdən oxumaq istəyirdim. – İskəndər bu arada səsini alçaltdı. – O vaxt təzəcə sevdiyim qız da zalda oturmuşdu. Yanında hörmətimi artırmalıydım ya yox... Ancaq kimdi mənə söz verən. Axır özümü toplayıb Səməd Vurğuna tez-tələsik şerlə bir kağız yazdım. İndi də yadımdadır... – İskəndər qaşlarını düyünləyib, alt dodağını gəmirərək fikrə getdi: - Hə, yazdım ki
Ustad! Təbim varmı, yoxmu – bilmirəm.
Əgər varsa, azmı, çoxmu – bilmirəm.
İcazə versəniz, bu məclisdə mən
Oxuyardım sizə qəzəllərimdən
Dostları ilə paylaş: |