F. H. Zeynalov



Yüklə 1,55 Mb.
səhifə7/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   2   3   4   5   6   7   8   9   10   ...   83
F.Y.Veysəlli

e-mail: fveysalov@hotmail.com

Bakı-London-Berlin-Zuq-Bakı, 2006-2010
I. ÜNSİYYƏTİN MODELİ

I.1. Ümumi qeydlər



Məntiq, dil və təfəkkür arasındakı əlaqələr nəinki fəlsəfəni, həm də dilçiliyi dərindən düşündürən məsələlərdir. Təsadüfi deyil ki, inikas nəzəriyyəsində semiotika mühüm yerlərdən birini tutur. Maraqlıdır ki, neopozitivist fəlsəfə semiotikanı öz kəşfi hesab edir.


Ancaq semiotikanın kökləri bizim eradan əvvəl V əsrə gedib çıxır. Artıq sofistlərdə və Əflatunda (Platon) semiotika ilə bağlı fikirlərə rast gəlmək olur. Əflatunun «Sofistlər» dialoqunda belə bir sual qoyulur: bütün adları bir-birilə əlaqələndirmək olarmı və ya adlardan heç birisi, ya da bir neçəsi əlaqələndirilə bilər?

«Kratil» dialoqunda isə bu böyük filosof danışmanın mahiy­yətini açır və bu gün dil fəlsəfəsində hökm sürən konvensionallıq (razılaşma) ideyasını inkişaf etdirirdi.

Ondan sonra Ərəstun (Aristotel) artıq semiotikanın tam sistemini yaratmışdı. Bu filosof ayrı-ayrı hissələri, məna daşıyan işarələrdən ibarət olan mürəkkəb işarələri, mənasız mürəkkəb işarələrdən fərqləndirirdi. O qeyd edirdi ki, tərkib hissələri heç bir məna daşımayan mürəkkəb dil simvolları da mövcuddur.

Stoiklər artıq işarənin maddi tərəfini məna tərəfindən aydın şəkildə ayırırdılar. Mənanı onlar ruh, şeyləri isə inikas olunan və bunu həyata keçirən simvol – cisim adlandırırdılar. Sxolastiklər də se­mi­otik problemlərlə məşğul olurdular, ancaq semiotikanın çiçək­lənmə vaxtı XVII və XVIII əsrlərdə rasional fəlsəfə dövründə olmuşdur. O dövrün ən böyük nümayəndəsi Q.V.Laybnits (1646-1716) olmuş­dur. Bir qədər sonra isə semiotikanın dilə tətbiqinin işartılarını biz Por Royal qrammatikasında (1660) aydın görürük.

Sonralar bu dartışmalar dilin təhlilinə yönəldi. Ancaq Y.G.Herderin və V.fon Humboldtun dil fəlsəfəsilə bağlı araşdırmalarında dilin mənşəyi, dil və təfəkkür əlaqələri, dilin insanın yaradıcı zəkasınn aləti və ifadəsi olması fikirləri üstünlük təşkil edirdi.

V.fon Humboldt çoxsaylı tədqiqatları ilə müasir nəzəri dilçiliyin əsasını qoydu və onu ümumi fəlsəfədən və inikas nəzəriyyəsi problemlərilə məşğul olan fəlsəfədən ayırmağa müyəssər oldu.

XIX əsrin sonlarında fəlsəfə dil nəzəriyyəsi və semiotika problemlərilə yenidən maraqlanmağa başladı. Buna da riyazi məntiqin inkişafı və riyazi tədqiqatlar səbəb oldu. Neopozitivistlər semiotikanı riyazi məntiqdən çıxış edərək şərh etmək istəyirdilər. Bu işdə Ç.Pirsin rolu əvəzsizdir. Onun həmyerlisi Ç.V. Morrisin «İşarələr, dil və davranış» kitabı semiotikanın inkişafında mühüm rol oynadı. Bu kitabı, neopizitivist və biheyviorist dil fəlsəfəsi haqqında kiçik ensiklopediya adlandırmaq olar. O yazır: «Semiotika insan fəaliyyətinin formalarını və onların əsas qarşılıqlı əlaqələrini başa düşmək üçün əsas verir, çünki həmin fəaliyyətlər və əlaqələr bu fəallığı həyata keçirən işarələrdə əks olunur... Ancaq qədim ənənə budur ki, fəlsəfə insan fəaliyyətinin səciyyəvi formalarına bir nəzər yetirməyə çalışır... Bu ənənə müasir formada fəlsəfə ilə işarə nəzəriyyəsinin eyniləşməsində ...görünür».

Semiotikanın qaçılmazlığını, cazibədar və yararlılığını sübut edən amillərdən biri də onun ünsiyyəti sadə fakt kimi qəbul etməsilə bağlıdır. Heyvanlardan və süni intellektlərdən tutmuş təbii dillə həyata keçirilən hər cür ünsiyyət semiotikanın maraq dairəsinə aiddir. Bizi əhatə edən bütün aləm ünsiyyətdə mövcuddur. Ünsiyyət və ya kommunikasiya məlumatı yaratmaq, informasiya saxlamaq, ötürmək və qəbul etmək, dünyanı dərk edib şərhini vermək, baş verən hadisələrə münasibət bildirmək və mövqe sərgiləmək və ya dinməzcə götür-qoy etməkdir. Bu da danışmaq üçün vacib olan tələffüz, eşitmə, anlam və məna ilə mümkündür. Məlumdur ki, dünyada bütün şeylərin anlamı və forması vardır. Dünya bizə mənalı gəlir. Bu o deməkdir ki, bizi əhatə edən hər şeyi, hər bir davranışı müəyyən kateqoriyalarda və etiketlərdə qavrayırıq. Onlar bizə qarmaqarışıq görünmür, mütəmadi olaraq hissetmə üzvlərimizə təsir edir. Göydən yağış yağacağını başa düşüb qurumaq üçün asdığımız paltarları ipdən yığışdırırıqsa, deməli, həyat təcrübəmizin bizə aşıladığı anlam öz işini görür. İşıqforda qırmızı işığın yandığını görüb maşını saxlayırıq, yaşiıl işıq görünən kimi hərəkət edirik. Artıq sarı işığı görəndə başa düşürük ki, hərəkətə hazırlaşmaq lazımdır. Cibimizdəki telefonla zəng edib hal-əhval tuturuq, bizə zəng edirlər, evdən və ya işdən müəyyən xəbərlər verirlər (gələndə su alarsan və ya bu gün saat 15-də birliyin iclası olacaq, dedilər ki, iştirakın vacibdir və s.). Əlində çətir tutmuş adam da və ya bizə baxıb gülümsəyən tələbə də müəyyən informasiya ötürücüləridir.

Hər şeyi zahiri formasına görə (səsinə, şəklinə, duyuma, dadına və iyinə) görə qavrayırıq, müvafiq nəticə çıxarırıq. Formaca müxtəlif informasiyalar insandan insana, cəmiyyətdən cəmiyyətə ötürülür. Onları öyrənmək dərəcəsindən asılı olaraq bitib-tükənməyən fəaliyyət prosesində onlardan yararlanırıq. Ətraf aləmi başa düşmək, ona adekvat münasibət bildirmək ünsiyyətin qaynağıdır. Bütün bu şərtləri semiotikada anlam və məna adlandırırlar.1


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin