Tədqiqatın məqsədi – Azərbaycanda sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsi yollarını müəyyənləşdirilmək və bu istiqamətdə nəzəri və praktiki əhəmiyyətə malik olan, habelə elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr hazırlamaqdan ibarətdir.
Tədqiqatın obyekti -Azərbaycanda sənayenin rəqabət qabiliyyətliliyi.
Tədqiqatın predmeti - Azərbaycanda sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsinə müxtəlif amillərin təsiri.
Tədqiqatın vəzifələri - qarşıya qoyulmuş məqsədlə müəyyən olunur. Bu vəzifələrə aşağıdakılar daxildir:
sənayenin rəqabət qabiliyyətinin mahiyyətinin açıq şəkildə öyrənilməsi və onu formalaşdıran amillərin müəyyən olunması;
sənayenin texniki-iqtisadi səviyyəsinin yüksəldilməsi yollarının müəyyən olunması;
sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsi üçün təklif və tövsiyələrin hazırlanıb işlənməsi.
Tədqiqatda informasiya mənbəyi kimi yerli və xarici alimlərin əsərləri, mövzuya aid məqalələr, dövlət orqanlarının və beynəlxalq iqtisadi təşkilatların rəsmi saytları, statistik bülletenlərdən istifadə olunmuşdur.
Fəsil 1.Sənayenin rəqabət qabiliyyətini təmin edən nəzəri və metodoloji əsasların təhlili Sənayenin rəqabət qabiliyyətinin mahiyyəti
İqtisadi inkişafın bazar mexanizmi bir sıra iqtisadi elementlərin qarşılıqlı əlaqədə fəaliyyəti ilə müəyyən olunur. Bu elementlərdən biri də rəqabətdir. Rəqabət bazar mexanizminin ən mühüm elementlərindən biri olub, bazar iqtisadiyyatının ən mühüm amillərindən biri kimi çıxış edir [1,s.221].
Dünyada rəqabət anlayışına vahid yanaşma olmasa da, iqtisadçı alimlər rəqabəti cəmiyyətin inkişafının, həyat səviyyəsinin və məhsulların keyfiyyətinin yüksəldilməsinin hərəkətverici qüvvəsi kimi qəbul edirlər. Rəqabət anlayışının bir sıra tərifləri mövcuddur.
M.Porter rəqabəti yeni mallar, yeni marketinq üsulları, yeni istehsal prosesləri və yeni bazar seqmentləri yaradan dinamik inkişaf prosesi kimi ifadə edir. Avstriya iqtisadçısı F.Hayek isə insanların bilik əldə etməsinə və ötürməsinə imkan verən prosesi rəqabət adlandırır.
Rəqabət ən ümumi mənada iqtisadi cəhətdən təcrid olunmuş subyektlərin şəxsi maraqları uğrunda bir-biriləri ilə olan qarşılıqlı əlaqəsi kimi basa düşülür. Fəlsəfi nöqteyi-nəzərdən rəqabət daha yaxşı şərtlər üçün olan mübarizə, iqtisadi kontekstdə isə rəqabət həm mübarizə, həm də əməkdaşlıq kimi qəbul edilir.
Rəqabətin iqtisadi mahiyyətini izah edərkən əsasən üç yanaşmadan istifadə edilir: